Azərbaycanda peşə təhsili: yeni
dövrün tələbləri və perspektivlər
Pandemiya
şəraiti təhsil üçün böyük
çağırışlar ortaya qoydu. Peşə təhsili
üçün bu çağırışlara cavab vermək,
bir qədər çətin oldu. Çünki peşə
təhsili mahiyyət etibarilə praktiki təlimlər və
istehsalat təcrübəsinə əsaslanan bir öyrənmə
prosesidir. Vəziyyətdən
çıxış yolu kimi məzmunun ötürülməsinin
yeni kanalını müəyyənləşdirib 300-ə
yaxın teledərs çəkildi və çəkilişlər
hələ də davam edir.
Peşə
Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini
Ceyhun Kərəmov
deyir ki, hazırlanan videodərslər indi də
"ARB Günəş" kanalında yayımlanır:
"2020-ci il həm də Vətən müharibəsində
Böyük Qələbəmiz və torpaqlarımızın
azad edilməsi ilə əlamətdar oldu. Köçkün
həyatı yaşayan 12 təhsil müəssisəmiz
vardı. Onlardan altısı fəaliyyətini
tam dayandırmışdı, digər yarısı isə
ayrı-ayrı rayonlarda fəaliyyətini davam etdirirdi. Artıq işğaldan azad olunan ərazilərimizdə
təhsil müəssisələrimizin fəaliyyətinin bərpa
olunması istiqamətində işlərə
başlayacağıq. Yeni quruculuq işləri
iqtisadi planlaşdırmadan asılı olacaq. Peşə infrastrukturunu və təhsil
proqramlarını torpaqlarımızın uzunmüddətli
iqtisadi inkişaf prioritetlərinə
uyğunlaşdırması əsas vəzifələrimizdən
biridir. Bu istiqamətdə əlaqədar
dövlət qurumları ilə yaxından əməkdaşlıq
edirik".
Onun
sözlərinə görə, 20 il sonra əmək bazarında
hansı peşələrin qalacağını, hansı
ixtisaslara ehtiyac yaranacağını təxmin etmək elə
də asan deyil. Ona görə də elə
dinamik sistem qurulmalıdır ki, tələblərə
uyğun daim dəyişə bilsin; yəni dəyişməyə
daim hazır olan bir peşə təhsil sistemi olsun.
Ümumən, ölkəmizdə peşə təhsili
müəssisələrinin sayı nə qədər
olmalıdır və onların hamısında ən
müasir emalatxanalara ehtiyac varmı? Məlum məsələdir
ki, sənaye çox sürətlə inkişaf edir və
peşə təhsil müəssisələri prosesə
uyğun dəyişməlidir. Onda başqa bir sual ortaya
çıxır: bu dəyişikliyə onların
hamısının imkanı olacaqmı? Ümumiyyətlə,
bazarda mütəmadi olaraq yenilənən texnologiyanı
peşə təhsil müəssisəsinin öz
emalatxanasında təmin etməyinə ehtiyac varmı? Düşünəndə görürük ki,
heç də həmişə bunu əsaslandırmaq olmur.
Çünki işəgötürən onsuz
da yeni texnologiyalar tətbiq edir. Peşə təhsil
müəssisələri lazımi səviyyədə sosial tərəfdaşlıq
əlaqələri qurarsa, bütün məktəblərdə
eyni emalatxanalar qurulmasına ehtiyac olmaya bilər;
çünki istehsalat təcrübəsi və ya usta yanında
şagird modellərindən istifadə etməklə təhsilin
praktiki komponentini iş yerlərində əldə etmək
olar.
C.Kərəmov bildirib ki, rasionallaşdırma və
optimallaşdırma prosesinin nəticəsidir ki, peşə təhsili
müəssisələri publik hüquqi şəxs statusu əldə
edir. Artıq 7 belə müəssisə
var. Bu il ərzində onların
sayının 12 olacağı gözlənilir. Çünki
daha 5 təhsil müəssisəsinin sənədləri
müvafiq qurumlara təqdim olunub. Proses davam edir. Peşə təhsili müəssisələri bu
statusla bərabər üzərinə böyük məsuliyyət
götürür. Yeni fəaliyyətlər
müəyyənləşdirib, həmin fəaliyyətlər
üzrə xidmət göstərib, yeni vəsait gətirməli,
həmin vəsaiti isə peşə təhsilinin əsas
inkişaf istiqamətlərinə yönləndirməlidirlər.
Ona görə də publik hüquqi şəxsə
çevrilərkən peşə təhsil müəssisəsinin
işəgötürənlərlə qurduğu əməkdaşlıq,
tələbə qəbulu, maliyyələşməsi,
tanıtımı, fəaliyyət göstərdiyi ərazidə
oynadığı rolu xüsusilə əhəmiyyət kəsb
edən məqamlardandır. Publik hüquqi şəxs
olmaq, ilk növbədə imkan verəcək ki, müəssisə
öz ətrafında olan şirkətlərlə əməkdaşlığını
genişləndirsin: "Müəssisələrimiz ixtisas
vermək, ixtisas artırmaq, əlavə bacarıqlar əldə
etmək kimi başqa bir çox xidmətləri boynuna
götürə bilər. Bu məqsədlə
kurslar təşkil edər, qısamüddətli təlimlər
keçirər, yeri gələndə sifariş qəbul edib hər
hansı sahə üzrə müxtəlif səviyyəli
layihələri gerçəkləşdirə bilər.
Bütün bunlar zamanın tələbindən
irəli gələn vəzifələrdir. Məsələn, texnologiyanın sürətli
inkişaf etdiyi bir zamanda hər hansı şəxs
ixtisasını bir neçə dəfə dəyişə,
yeni bacarıqlara ehtiyac hiss edə bilər. Bu ehtiyacı məhz peşə təhsil müəssisələri
ödəyəcək. Həm məzmun, həm
tədris baxımından peşə məktəblərində
bu imkan olmalıdır. Publik hüquqi
şəxs statusu verilən müəssisələr bu tələbatı
ödəmək üçün çox güclü alət
sayılır. Həmin təhsil müəssisələrimizin
maliyyə azadlığı təmin etmələri
üçün uzunmüddətli strateji yanaşmaları
olmalıdır. Fəaliyyəti elə
qurmalıdır ki, işəgötürənlər onlarla
işləməkdə maraqlı olsun".
C.Kərəmov bildirir ki, işəgötürənlərlə
əməkdaşlıq əsas fəaliyyət istiqamətlərindən
biridir.
İşəgötürənlərin peşə təhsilinin
təşkili və tədrisində, həm də müəssisələrin idarəetməsində
iştirakı mümkündür: "Hesab edirik ki,
onların tələblərinə nə qədər
düzgün cavab versək, məhsulumuzun, yəni verdiyimiz təhsil
və tədrisin keyfiyyəti
bir o qədər artacaq. Bir çox müəssisələrimizdə
idarəetmə və ya himayədarlar şuralarının
yaradılması istiqamətində
çalışırıq. Təhsil Nazirliyi və
başqa əlaqədar qurumların da təmsil olunacağı həmin
şuraların təhsil müəssisələrimizdə istər
hesabatlılıq baxımından olsun, istərsə də
uzunmüddətli strateji hədəflərin müəyyənləşməsində,
həmçinin idarəetmənin təkmilləşməsində
mühüm rol oynayacağına inanırıq. Publik hüquqi şəxs statusu əldə edən
təhsil müəssisələrimizdən başlayaraq
mümkün olan müəssisələrimizin hamısında
belə bir fəaliyyətin olmağını
arzulayırıq. Ancaq təbii ki, bu, həm
də işəgötürənlərin təhsil müəssisələrinin
işində iştirakda maraqlı olmağından da
asılıdır. Model olmadığından hələlik
bu fikrin üzərində işləyirik: "Burada nə istədiyimizdən
çox, reallıqlar əhəmiyyətlidir. Çünki
bilmirik ki, əmək bazarı bütün peşə təhsil
müəssisələrinin idarəetməsində iştirak
etmək istəyirmi? Yəni, fikrin reallaşması
üçün bir araya gəlməli olan tərəflər
və uzun bir proses var. Ancaq bu yol qısalmalıdır. Çünki əmək bazarı ilə sıx əlaqə
olmadan peşə təhsilinin uzun müddətdə uğuru
qeyri-mümkündür.
İşəgötürənlərin tədrisə də
cəlb olunması çox vacibdir. Sənayedə
çalışan mütəxəssislər, sahə ekspertləri
də tədrisə cəlb olunmalıdırlar, çünki
bir çox hallarda onlar yeni texnologiyalar və tendensiyalardan
peşə məktəblərdə olan müəllimlərdən
daha çox məlumatlıdırlar. İşəgötürənlər
həm də keyfiyyətə nəzarətdə yerini
almalıdır.
Proqramların qiymətləndirilməsi Peşə Təhsili
üzrə Dövlət Agentliyinin funksiyalarından biridir. Qiymətləndirmə
prosesində də işəgötürənlərin
iştirakı bizim üçün arzuolunandır. Sənaye və İnnovasiyalar üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzində bu təcrübə
tətbiq edilir. Növbəti illərdə
bu istiqamətdə də işəgötürənlərlə
əməkdaşlığı genişləndirmək istəyirik.
Onlara çağırış da edirik ki,
peşə təhsili müəssisələrindən tələbləri
varsa, biz onları eşitməyə hazırıq".
Bu tədris
ilinin ən böyük yeniliklərindən biri də peşədən
ali təhsilə keçid
imkanıdır. Ölkəmizdə yüksək
texniki peşə təhsili verən ixtisaslar üzrə ilk qrupların
təhsili başlayıb.
Direktor müavini vurğulayıb ki, dünyanın bir
çox ölkələrində, o cümlədən də
ölkəmizdə, peşə karyera baxımından
arzuolunan seçim deyil. Bu, həm cəmiyyətdə
formalaşan dəyərlər, həm də bir çox digər
səbəblərdən irəli gəlir. Yüksək texniki
peşə ali təhsil almağı hədəfləyən
gənclər üçün müəyyən imkanlar vəd
edir. Çünki yüksək texniki peşə subbakalavr dərəcəsi,
ali təhsilə müsabiqədənkənar
keçid imkanı verir. Ötən il Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsili Mərkəzində yüksək texniki peşə
təhsili verən iki ixtisas üzrə tələbə qəbulu
elan edildi. Bu il təqribən 20 ixtisas
üzrə yüksək texniki peşə təhsilinə tələbə
qəbulu planlaşdırırıq. Üstəlik, bu il Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə
yanaşı, digər müəssisələrimizdə də
qəbul nəzərdə tutulub. Tezliklə
ayrı-ayrı regionlardakı peşə təhsili müəssisələrimizdə
də hazırlıqların təşkil edilməsi gözlənilir.
Bunun üçün müəllimlər təlimlərə
cəlb edilərək hazırlanır və müəssisələrdə
müvafiq maddi-texniki baza qurulur.
Onun
sözlərinə əsasən, bu il sənaye və innovasiya
yönümlü 10, biznes, turizm və otelçilik, İKT,
tikinti və sənaye, kənd təsərrüfatı,
logistika və nəqliyyat sahələrini əhatə edən
10 ixtisas olmaqla, cəmi 20 yeni ixtisas üzrə qəbul
planlaşdırılır. Qəbul fərqli
peşə təhsili müəssisələrində həyata
keçiriləcək. Müəssisələr
seçilərkən, əsasən maddi-texniki bazası və
mühəndis-pedaqoji heyətinin imkanları nəzərə
alınacaq. Ümumi təhsil
bazasından gələnlər 4, tam orta təhsil bazasından
qəbul olunanlar isə 3 il təhsil
alacaqlar. Bu da o deməkdir ki, 3-4 il müddətində
bir tələbə ixtisasa yiyələnib əmək
bazarına daxil olmaqla yanaşı, bakalavr pilləsində təhsilini
davam etdirə biləcək: "Auditoriyamız, əsasən
məktəbi bitirənlər olsa da, ixtisasını dəyişmək,
əlavə bacarıqlar əldə etmək istəyənlərin
da tələbini ən qısa müddətdə ödəməyə
çalışacağıq. Ənənəvi
proqramlarla yanaşı, yeni qısamüddətli təlimlərin
icrasını planlaşdırırıq. Təlimlərə qəbul əmək
bazarının kriteriyalarına uyğun aparılır. Müəyyən təhsili olan birini şirkət
işə qəbul edərkən hansı tələblər
qoyursa, kadrları məhz həmin tələblər səviyyəsində
hazırlayacaq, kursun sonunda onlara dövlət sertifikatı verəcəyik. Hesab edirik ki,
qısamüddətli təlimlər ixtisaslarını dəyişmək
və ya təkmilləşdirmək istəyənlərə
məqsədlərinə çatmaqda yardımçı
olacaq".
Direktor
müavini qeyd edib ki, qarşıda duran əsas məsələlərdən
biri də odur ki, hansı ixtisaslarla bağlı qəbul
aparacağına düzgün qərar verilsin: "Bunun da yolu
əmək bazarından məlumatlar əldə edib,
onların təhlili əsasında qəbulu
planlaşdırmaqdır. Məlumatları həm
makro, həm də mikro səviyyədə alıb təhlillər
aparmağa çalışırıq. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
yanaşı, təhsil müəssisələrimizin ətrafında
olan işəgötürənlərdən də tələb
olunan ixtisaslarla bağlı məlumat toplayırıq".
Direktor
müavini əlavə edib ki, mərkəzləşdirilmiş
qaydada aparılan müsabiqənin nəticələrinə əsasən
uğur qazanan 171 nəfər peşə təhsili müəssisələrinə
işə qəbul olundu: "Nəticələri qaneedici saya
bilərik. Bundan sonra da belə davam edəcək.
Çünki istəyirik ki, işəgötürmə
prosesi şəffaflaşsın, iştirak imkanları
artsın. Gələcəkdə
direktorların və idarəedici bütün şəxslərin
də məhz bu yolla seçilməsini
planlaşdırırıq.
Peşə təhsili müəssisəsinin işinin nəticəsi
haqqında fikir yürütmək üçün lazım
olan məlumatlar daha əlçatandır. Hər müəssisə
hazırladığı kadrlara olan tələbatı müəyyənləşdirməklə
işinin nəticəsini qismən ölçə bilər.
Bu müəssisə təhsil müəssisəsidirsə,
hazırladığı kadrlar işə
götürülürmü, bax, bu suala cavab verməlidir.
Keyfiyyətli peşə təhsili
alıcının tələblərinə uyğun
olandır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 5 mart.- S.7.