Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir

Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta qəbiristanlıqları belə dağıdıblar. Bu da bizi çox məyus edir. Biz hesab edirik ki, bu, bəşəriyyətə qarşı cinayətdir. Təbii ki, biz bunu bütün dünyaya göstərməliyik. Bildiyiniz kimi, bu il Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Ona görə də bizim bugünkü ən əsas vəzifəmiz Şuşamızı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, Şuşanın mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir. Bu səbəbdən də işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinə məhz Şuşadan başlayacağıq. Lakin bu, uzun sürən bir prosesdir. Burada hər bir detal hərtərəfli ölçülməlidir. Prezidentimizin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Bu işdə isə tələsmək olmaz. Şuşanın bərpası müəyyən bir strategiya üzrə aparılacaq və bu kimi tədbirlərimizi məhz Şuşada keçirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərginin açılış mərasimində bildirib.

Bakıda inşa ediləcək Zəfər muzeyi haqqında danışan nazir artıq muzey binası ilə bağlı işlərin başlanıldığını deyib: “Muzeyin yerləşəcəyi yer artıq demək olar ki, məlumdur. Lakin hələ də müzakirələr aparılır. Zəfər muzeyi adından da göründüyü kimi bizim Zəfərimizin simvoluna çevrilməlidir. Biz bununla gənc nəsillərimizə əldə edilən bu qələbəmizin nə qədər ağır, eyni zamanda, şərəfli və qürurlu olduğunu çatdırmalıyıq. Bununla bağlı mədəniyyət naziri olaraq mənim bu sahə üzrə çalışan bir çox ekspertlə, eləcə də beynəlxalq şirkətlərlə işlərimiz davam edir. Məqsədimiz Zəfər muzeyimizi təkcə Azərbaycanda deyil, dünyada unikal bir tikiliyə çevirmək və Ali Baş Komandanın rəhbərliyi, onun siyasi iradəsi və qətiyyətli mövqeyi ilə əldə edilən bu şanlı qələbəmizi dünyaya tanıtmaqdır. Bu Zəfər tək Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir”.

Sərgi və Türkiyə səfəri haqqında danışan nazir proqramın təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən hər kəsə minnətdarlığını bildirib: “Türkiyənin mədəniyyət paytaxtı olan İstanbulda Azərbaycanın və ümumiyyətlə türk dünyasının görkəmli rəssamı və dahi sənətkarı Mikayıl Abdullayevin 100 illiyi münasibətilə belə bir möhtəşəm sərginin keçirilməsi qürurvericidir. Ümumiyyətlə Türkiyəyə səfərim barədə onu deyə bilərəm ki, burada bir çox görüşlərimiz oldu, Ankarada da, İstanbulda da. Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, yeni bir mərhələyə qaldırmaq və bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino və kino industriyası sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin Azərbaycanla yanaşı, həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliği istiqamətində keyfiyyətli, eləcə də hərtərəfli bir film və serial layihələrimizi türkiyəli qardaşlarımızla müzakirə etdik. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır. Bundan sonra da birgə layihələrimiz türk dünyasının Zəfəri hesab etdiyimiz qələbəmizin geniş auditoriyada və gələcək nəsillər arasında təbliğ olunmasında geniş imkan yaradacaq. Buna görə çox sevincliyik və bu məsələdə çox maraqlıyıq”.

 

 

 

525-ci qəzet.- 2021.-5 mart.- S.9.