İstanbulda Azərbaycan mədəniyyətinə
həsr olunan sərgi açılıb
Azərbaycan
Respublikasının mədəniyyət naziri Anar Kərimovun
rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri
zamanı bir neçə tədbirdə iştirak edib.
AZƏRTAC
xəbər verir ki, səfər proqramı çərçivəsində
nümayəndə heyətimiz Maltepe Bələdiyyəsinin
Türkan Saylan Mədəniyyət Mərkəzində təşkil
olunan Xalq rəssamı Mikayıl Abdullayevin andan
olmasının 100-cü ildönümü münasibətilə
rəssamın Türkiyədəki əsərlərindən
ibarət sərgi və dünya şöhrətli dahi
şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm,
kitab sərgilərində iştirak edib.
Sərginin
açılış mərasimində çıxış
edən Azərbaycanın Əməkdar rəssamı Teymur
Rzayev müəllimi Mikayıl Abdullayevin
yaradıcılığı haqqında danışıb, sərginin
təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən
hər kəsə minnətdarlığını bildirib.
TÜRKSOY
adına tədbir iştirakçılarını salamlayan təşkilatın
Baş katibi Düsen Kaseinov sənət adamlarının bizlərə
qoyduğu mədəni mirasın yaşadılmasının
vacibliyini vurğulayıb. Bu sənətçilərin
yaratdığı əsərlərin zaman keçdikcə dəyərinin
daha da artdığını bildirən baş katib sərginin
Türkiyədə yaşayan rəssamların şəxsi
kolleksiyalarından olan əsərlər əsasında
hazırlandığını deyib.
Mikayıl
Abdullayev yaradıcılığını zamana səyahət
kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki
səfiri Xəzər İbrahim Bakı Dövlət
Universitetində oxuduğu illər ərzində kirayə
qaldığı evdən bu ali təhsil müəssisəsinə
məhz yalnız Bakının deyil, dünyanın ən
gözəl metrostansiyalarından olan “Nizami” stansiyasından
keçdiyini və demək olar ki, hər gün bu stansiyada
Xalq rəssamının Nizami
yaradıcılığını əks etdirən əsərlərlə
rastlaşdığını xatırlayıb. Səfir bu
cür sərginin məhz qardaş Türkiyədə təşkil
edilməsinin qürurverici olduğunu deyib.
Tədbir
iştirakçılarını salamlayan nazir Anar Kərimov
Azərbaycan rəssamlıq məktəbinə böyük
töhfə verən Mikayıl Abdullayevə həsr olunan sərginin
məhz qardaş Türkiyədə
açılmasının qürurverici olduğunu deyib.
Bildirilib ki, Bakının “Nizami” metrostansiyasındakı
miniatürlər Azərbaycan mədəniyyətinin ən
görkəmli sənət əsərlərindən biridir və
hər bir azərbaycanlı üçün çox dəyərlidir.
Azərbaycan xalqı və dövləti tərəfindən
hər bir sənətçiyə olduğu kimi, Mikayıl
Abdullayev yaradıcılığına verilən yüksək
qiyməti vurğulayan A.Kərimov bu əsərlərin Azərbaycanın
milli mədəni irsinin ən qiymətli inciləri
olduğunu deyib.
Nazir
tədbirin təşkili və sənətçilərimizin
dünyada tanıdılmasında göstərdiyi səylərə
görə TÜRKSOY-a təşəkkürünü
bildirib.
Sərginin
açılışı zamanı Teymur Rzayev şəxsi
kolleksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən
çəkilən orijinal əsəri Şuşada
açılacaq muzeylərə hədiyyə edib.
Sonra
sərgiyə baxış olub.
Tədbirin
bədii hissəsi Azərbaycanın görkəmli dramaturqu Əbdürrəhim
bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr
olunan “Mask-Kara” teatrı tərəfindən hazırlanan
“Kimdir müqəssir” tamaşasının premyerası və
V Teatr Almanaxının təqdimatı ilə davam etdirilib.
525-ci qəzet.- 2021.-
5 mart.- S.9.