Cənnətdəki ilk Qadınlar Günün mübarək, Arəstə!

 

 

VƏTƏN MÜHARİBƏMİZİN İLK VƏ TƏK XANIM ŞƏHİDİ ÖZ ŞÜCAƏTİLƏ YADDAŞLARDA VƏ KÖNÜLLƏRDƏ ƏBƏDİLƏŞDİ

 

Mart ayı ölkəmizdə bayramlar ayıdır. Bu bayramlardan biri də qadınlara nəzakət, sevgi və qayğı tərənnüm edən, onların kişilərlə bərabərhüquqlu olduğunu aşılayan, qadınların cəmiyyətdəki dəyərinə diqqət çəkən 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bir filosofun sözüdür: "Qadını sevmək üçün xüsusi formula ehtiyac yoxdur, qadın özü sevgidir". Qadın olan yerdə həyat var, nəfəs var, yaşam var, insanlığın gələcəyinə ümid var!

 

Tarix boyu Azərbaycan qadını istər məişətdə, istərsə də, ictimai işlərdə kişilərlə çiyin-çiyinə çalışıb, onların ən böyük dəstəkçisi olub. Bizim oğlunun qanını düşməndən alan ilk qadın hökmdar Tomrisimiz, sözüylə, söhbətiylə, yaratdığı ədəbi nümunələrlə hələ XII əsrdə dövrünün ən tanınmış şairinə çevrilmiş Məhsətimiz, əriylə birgə at belində yağıya qan udduran Həcərimiz, böyük bir xanlığın sonuncu vərəsəsi, eyni zamanda, incə ruhuyla şeirlər yazıb adını həm ictimai xadim, həm böyük xeyriyyəçi, həm də gözəl ədəbi nümunələr müəllifi kimi tarixə yazdıran Xan qızı Natəvanımız, İkinci Dünya müharibəsində böyük igidliklər göstərən Zibamız (snayper), Aliyəmiz (tibb bacısı), 20 Yanvar faciəsində sevgisinin sorağıyla canını qurban verən Fərizəmiz, Birinci Qarabağ müharibəsində jurnalistlik vəzifəsini icra edərkən ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən ilk şəhid qadın jurnalist Salatınımız və daha minlərlə qəhrəman xanımlarımız var. Hələ 1918-ci ildə Şərqdə qadına kişilərlə bərabər şəkildə seçmək və seçilmək hüququ verən ilk ölkə olaraq Azərbaycan da öz qadın vətəndaşlarına yüksək dəyər, hörmət və qayğısını bütün dövrlərdə göstərib.

 

***   

 

2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. 30 ilə yaxın torpaq həsrəti, Vətən həsrəti cəmi 44 günün içərisində sona yetdi. Vətən, millət yolunda hər daim döyüşə hazır olan, Qarabağın azadlığı üçün hücum əmrini illərlə gözləyən, hətta zaman-zaman bunu tələb edən xalqımız müharibə coşğusuyla birləşməyi, tək yumruq olmağı və bütün varlığıyla qələbəyə köklənməyi bacardı. Oğlanlı, qızlı, cavanlı, qocalı, uşaqlı, böyüklü - hər kəs 44 gündə bir amal uğrunda birləşdi. Hərbçilərimiz, əsgərlərimiz ön cəbhədə, o taylı, bu taylı böyük bir xalq isə arxa cəbhədə var qüvvəsiylə düşmənə qarşı vuruşdu.

 

Bu müharibədə də Azərbaycan qadını hər zamanki kimi öz qorxmazlığı, cəsarətiylə fərqləndi, tarixindən, keçmişindən, əcdadından qaynaqlanan vüqarını bir daha nümayiş etdirdi. İstər ön cəbhədə hərbçilərimizin qulluğunda bir ana, bacı qayğısıyla duran həkimlərimiz, tibb bacılarımız, istərsə də arxa cəbhədə ordumuz üçün yemək, ərzaq, isti paltar, yorğan-döşək tədarükü görən xanımlarımız bu böyük qələbədə önəmli pay sahibi oldular.

 

Ancaq onlar arasında biri var ki, Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşında adını tarixinə elə həkk etdi, ötüb keçən zaman, dəyişən tarix, baş verən heç bir yenilik o adı ordan silə bilməz. Bu, hər birimizin yaxşı tanıdığı, artıq aylardır adını fəxrlə, vüqarla, eyni zamanda, nisgillə andığımız Arəstə Baxışovadır. Arəstə - Vətən müharibəmizin ilk və tək qadın şəhidi...

 

***   

 

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi tibb qulluqçusu olan Arəstə Baxışova 1989-cu il mayın 4-də - Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Baxışovlar ailəsində 3 uşaq olub - 2 qardaş və 1 bacı.

 

Arəstənin bu qoçaqlığı, vətən sevgisi və qorxmazlığı öz-özünə yaranmamışdı, atasından qızına miras qalmışdı. Onun atası baş leytenant Kərim Baxışov "Çernobil qəzası"nda xilasetmə işlərində ağır yaralanaraq, sağlamlığını itirmişdi. Balaca qızı Arəstənin 4 yaşı olanda fədakar hərbçi atası gözlərini həyata əbədi yumur. 4 yaşından etibarən Arəstə atasız böyüyür.

 

 

 

İngilis dilini çox sevən Arəstə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Lakin onun vətən sevgisi və genindən gələn cəsurluq aldığı təhsili bir kənara qoyub hərbiyə yönlənməsinə səbəb olur. O, bu sahədə müxtəlif kurslar keçərək Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışır.

 

Gənc yaşında ailə quran Arəstə Baxışovanın iki övladı var: Mərdan adlı 12 yaşı oğlu, Zəhra adlı 10 yaşlı qızı. Anası və övladlarıyla birgə Bakıda şəraitsiz bir evdə yaşayan Arəstə üçün Vətəni və xidməti borcu hər şeydən önəmli idi. Buna görə də bu cəsur Azərbaycan qadını öz yolunu da, öz sonunu da əvvəldən seçmişdi və inamla o sona doğru addımlayırdı...

 

Onun xidmət zamanına nəzər salanda qürur duymamaq mümkün deyil. Belə ki, qəhrəman tibb bacımız sağlığında III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu. Gənc yaşında sevib-seçdiyi, özü də hərb kimi ağır sənətdə bu qədər uğurlar qazanmaq hər insana, xüsusən hər xanıma nəsib olan ucalıq deyil. Arəstə bunu qəlbindəki vətən sevgisi, xarakterindəki məsuliyyəti, nizam-intizamı ilə qazanmışdı. Axı o, "Arəstə" idi. Yəni "bəzənmiş, bəzəkli, yaxud nizam və qaydası yerində olan"...

 

Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə də könüllü qoşulmuşdu. Vətənin dar məqamında köməyinə tələsən Arəstə xanım iki körpəsini anasına əmanət edib cəbhəyə yola düşür.

 

Döyüşlərin ən qaynar nöqtələrində yaralı hərbçilərimizin imdadına yetişən Arəstə xanım neçə-neçə igidimizin həyatını öz həyatı hesabına xilas edib, şəhid və yaralılarımızı bir an belə tərəddüd etmədən, gözünü qırpmadan güllə və mərmi altından çıxarıb.

 

Onun ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Nə yazıq ki, özü də iştirak etdiyi və canını qurban etdiyi bu qələbənin nəticəsini - böyük Zəfər gününü görə bilmədi. Hərbi tibb qulluqçusu Arəstə Baxışova oktyabrın 23-də Qubadlı istiqamətində qızğın döyüşlər getdiyi bir vaxtda, öz fədakar missiyasını yerinə yetirən zaman mənfur düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

 

Vətən müharibəmizdə şəhid olan hərbi qulluqçularımızın bu zamana olan son sayı 2881 nəfərdir. 2880 qardaşın tək bacısı olan Arəstə Baxışova bu ünvanıyla ədəbiyyət yolçusuna çevrildi. O, öz adını öz qanıyla tariximizə, qəlbimizə və yaddaşımıza əbədi yazdı.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

***

 

Cəmi 31 il həyat yaşayan xanım şəhidimiz öz şücaətilə ömür-ömür xatırlanacaq. Bir insan həyatını xilas etmək Allahın bəndəsinə sunduğu ən ülvi missiyadır. Bir də var dövlətin, millətin, Vətənin üçün ən mühüm tarixi hadisədə-müqəddəs haqq savaşında vuruşan hərbçilərinin həyatını xilas etmək, yaralı döyüşçüləri odun-alovun içərisindən zərif çiyinlərində çıxarmaq, onların yaralarına məlhəm olmaq... Bir vəzifə ancaq bu qədər müqəddəs ola bilərdi. Bir ömür ancaq bu qədər şərəflə sonlana bilərdi. Bir qadın ancaq bu qədər gözəl şəhadətə yüksələrdi...

 

Şəhidimizin anası Məktubə Baxışova qızının könüllü cəbhəyə gedəcəyindən xəbəri olmadığını, son gündə öyrəndiyini deyir. Uca könüllü Arəstə anasına müharibəyə getmək istədiyini deyib və övladlarını ona əmanət edib. Balasının həyatına görə təlaşlanan anasını isə elə gözəl təmkinlə ovudub ki, sanki şəhadətinə hazırlayıb: "Hərənin bir qisməti var, əgər Vətən uğrunda şəhid olacağamsa, bu, mənim başımın ucalığı olacaq..."

 

Körpə yaşlarında anasız qalan Mərdan və Zəhra isə acılarının böyüklüyünə rəğmən Arəstə kimi qəhrəman ananın övladı olduqlarını öz məğrur davranışlarıyla sərgiləyirlər. Ölümlə bəlkə də indi tanış olan və o sözün mənasına dərindən varmadan, yeni bir söz: "şəhid" sözünü də öyrənən balaca Zəhra anasıyla fəxr etdiyini hər fürsətdə deyir: "Anam mənimlə fəxr edirdi, mən də indi anamla fəxr edirəm; fəxr edirəm ki, Vətən uğrunda şəhid olub"...

 

Arəstəylə son danışan isə oğlu Mərdan olub. Anasını itirəndən onun əsgər papağını başından çıxarmayan Mərdan o son danışığı belə xatırlayır: "Hər dəfə zəng edərdi, soruşardı. Bir gün ard-arda zəng etdim, cavab vermədi. Xeyli sonra telefonu açdı, səsi bir təhər gəlirdi. Düşündüm ki bəlkə xəstələnmiş olar - dedi, yox, yaxşıyam, problem yoxdur. Sonra dedi, bacına yaxşı bax; nənənin sözündən çıxmayın, dərslərinizi vaxtlı-vaxtında oxuyun".

 

Şəhid Arəstənin iki övladı bu gün böyük bir xalqa, dövlətə əmanətdir. Bəli, onların anasızlıq acısı heç zaman dinməyəcək, heç kim, heç nə onlar üçün ananı əvəz etməyəcək, amma şəhid ananın övladı olmaq qüruruna da başqa heç bir qürur bənzəməyəcək. Bir gün hər kəs bu dünyadan köçünü çəkib gedəcək, şəhidlər isə əbədi yaşayacaq. Onların qəhrəmanlıq salnamələri gələcək nəsillərin nağılına, rəvayətinə, fəxr mənbəyi tarixinə çevriləcək.

 

Müharibənin ilk günü ailəsiylə yaşadığı evdən çıxıb cəbhəyə yollanan Arəstə böyük bir xalqın qəlbinə döndü, o qəlblərdə özünə əbədi taxt qurdu. Bu il 8 Mart Beynəlxalq Qadınlar Gününü ilk dəfədir ki, o uca məqamda qeyd edəcək Arəstə... Qadın dəyanətinin, gücünün, vüqarının simvolu olan bu bayramı qeyd eləmək də məhz ona və onun kimi qəhrəman xanımlarımıza yaraşır. 2880 qardaşın tək bacısı olan şəhid Arəstəmizin ən böyük bayram hədiyyəsi isə bu gün onların qanı, canı bahasına azadlığa qovuşmuş Qarabağ və orda cücərən həyatdır! Cənnətdəki ilk "Qadınlar Bayramı"n mübarək, Qəhrəman şəhidimiz Arəstə!

 

 

525-ci qəzet.- 2021.- 6 mart.- S.20.

 

Şahanə MÜŞFİQ