Tənhalıq və intihara qlobal çarə axtarışları

 

Tənhalıq və intihara qlobal çarə axtarışları

Son vaxtlar ölkəmizdə baş verən intihar halları ilə bağlı əsaslı müzakirələrlə yanaşı, əsassız, süni ajiotaj yaratmaq səyləri də aşkar görünür.

Hadisələrə rasional elmi deyil, emosional, ən çox da qərəzli yanaşma üstünlük təşkil edir. Üstəlik, XXI əsrin informasiya və virtual ünsiyyət sivilizasiyasında aparıcı tendensiya olan, cinsindən asılı olmayaraq, bütün insanlara təsir edən intihar, tənhalıq kimi sosial-psixoloji problemlər sırf gender, ifrat feminist yozum müstəvisinə gətirilir.

 

Xüsusilə də, adlarını feminist qoyan, əslində, qatı anarxist və Qərb "LGBT+" ideologiyasının icraçı və lobbiçiləri olan bir kəsim mövzunun ciddi-cəhdlə siyasiləşdirilməsi üçün canfəşanlıq edir, ictimai rəyi tamamilə çaşdırmağa səy göstərir. Bu, yolverilməz haldır. İntiharın elmi tədqiqində əldə edilən ən geniş yayılmış qənaətlərdən biri belədir ki, bu fenomen haqda birmənalı mütləq hökmlər vermək olmaz.

 

İlk növbədə, dünyada statistikaya baxmaq ən vacib məsələdir. Hazırda ən öndə olan 25 ölkə arasında 1-ci yerdə Rusiyadır. Azərbaycan ümumən bu "25-lik"də yoxdur.

 

TƏNHALIQLA MÜBARİZƏ APARICI QLOBAL TENDENSİYA KİMİ

 

Koronavirus pandemiyasının başlaması ilə sosial özünütəcrid, karantin məhdudiyyətləri dünyada tənha insanların sayını artırıb ki, bu da, psixoloji sağlamlıq problemlərini daha da kəskinləşdirib.

 

Bir neçə həftə əvvəl, yanvar ayında rəsmi elmi araşdırmalar əsasında, tənhalığa qarşı mübarizə 2021-ci ilin əsas tendensiyası elan edildi. Nəticələrə görə, "2020-ci il göstərib ki, cəmiyyətin sağlamlığı baxımından tənhalıq 2021-ci ilin görünməmiş texnoloji cavab tələb edən əsas problemi olacaq. Hesab edilir ki, tezliklə 5G texnologiyalarının tətbiq olunduğu ölkələrdə, tənhalıq və buradan irəli gələn problemlərin aradan qaldırılmasında holoqrafik rabitədə genişlənmiş və virtual reallıq texnologiyalarından istifadənin ilk tətbiq nümunələri ortaya çıxacaq. Xüsusilə, elektron səhiyyə bazarında tənha insanlara kömək etmək üçün yeni - süni intellektlə işləyən çat-botlar meydana çıxacaq".

 

Yalnızlıq probleminin texnoloji həllinə meyil onsuz da görünür. Məsələn, pandemiya dövründə ABŞ-da tanışlıq xidmətləri və danışıq botlarına maraq çox artıb. Bu tətbiqlərdən "Replika" adlanan, zahiri görünüşünü, səsini və xarakter xüsusiyyətlərini hər kəsin istədiyi kimi seçərək ünsiyyət üçün virtual dost yaratmağa imkan verir. Hazırda ABŞ-da çat-botdan hər ay demək olar ki, bir milyon insan istifadə edir.

 

BÖYÜK BRİTANİYADA VƏ YAPONİYADA TƏNHALIQ NAZİRLİYİ...

 

İngiltərə dünyada tənhalığa qarşı mübarizə aparmaq üçün nazirlik yaradan ilk ölkədir. Böyük Britaniyada dünyada ilk dəfə olaraq, rəsmilər tənhalığın hökumətin diqqət mərkəzində dayandığını sübut etdilər və Tənhalıq Nazirliyi yaratdılar. Nazir vəzifəsini Vətəndaş Cəmiyyəti və İdman Nazirinin müavini Treysi Krauça (Tracy Crouch) həvalə etdilər.

 

Qeyd edək ki, Tənhalıq Nazirliyi ideyasını 2016-cı ildə İngiltərənin Avropa Birliyindən çıxması ilə bağlı referendum ərəfəsində bir millətçi tərəfindən öldürülən leyborist deputat Joe Koks irəli sürmüşdü.

 

Nazir, 42 yaşlı T.Crouç, təyinatı zamanı "nəsillərə çağırış" olan, İngiltərədəki doqquz milyona yaxın gənc və yaşlı insana təsir göstərə bilən bu təhdidi qəbul etməkdən məmnun olduğunu bildirib. Bu təyinata ölkədə aparılan araşdırmaların mühüm təsiri olub. 2018-ci ildə yayımlanan araşdırmaya görə, İngiltərədə doqquz milyon nəfər və ya sakinlərin yüzdə 14 faizi özünü tənha hiss edir. Yaşlı ingilislər arasında hər 5 nəfərdən 1-i tənhalıqdan şikayətlənir. Onların 200 mindən çoxu bir aydan çoxdur qohumları və dostları ilə əlaqə qurmur.

 

Yaradılan qurum hazırda "Tənhalıq problemləri ilə mübarizə" Nazirliyi adlanır. Bununla yanaşı, Nazirlik ayrıca binası olan qurum deyil. Belə ki, tənhalıq problemləri çoxsaylı nazirliklərin funksiyaları ilə kəsişdiyinə görə, Tənhalıq naziri bütün bu məsələləri koordinasiya edir və əlaqələndirir.

 

Ölkədə artıq "Tənhaların cəlb edilmə strategiyası" adlı Dövlət Proqramı hazırlanıb və həyata keçirilir.

 

Tənhalar üçün sosial kafe, sənət meydançaları kimi yeni ictimai məkanların yaradılması üçün 2 milyon, insanları maraq qrupları üzrə birləşdirən xeyriyyə təşkilatları və yerli icmaların proqramlarına dəstək üçün 20 milyon funt-sterlinq vəsait ayrılır.

 

Ayrıca, Britaniyada, yalnız qocalara kömək edən bir çox xeyriyyə və könüllü proqramları da var. Bunların arasında yaşlı insanların avtomobil sürərkən və ya qışda çölə çıxarkən nələrə diqqət etmələri lazım olduğunu izah edən onlayn resurslar mövcuddur. Eləcə də, "Dostunuzun ziyarətini" sifariş etməyə imkan yaradan Sosial xidmətlər var. Burada "dost" dedikdə - sosial xidmət işçisi nəzərdə tutulur.

 

Maraqlı təcrübələrdən biri yaşlı sosial könüllülər qismində çalışan şəxslərin telefon zəngləridir. Bu halda tənha insanlar müntəzəm telefon danışıqlarına abunə ola bilərlər. Telefon xidməti tənha yaşlılara zəng edərək, mehribanlıqla: "Salam, necəsən?" - deyərək onu səbirlə dinləyir, əhvalını yüksəltməyə çalışır.

 

Bu il Yaponiyanın Baş naziri regional inkişaf naziri Tetsushi Sakamotonu eyni zamanda, Tənhalıq naziri təyin etdi. Beləliklə, Yaponiya hökumətində ilk dəfə tənha sakinlərin problemlərindən məsul nazir postu meydana çıxdı: "Bu təyinatın məqsədi, doğum nisbəti aşağı olan bir cəmiyyətin qocalması səbəbindən ortaya çıxan sosial problemlərin həllidir. Bu nazirlik ilk növbədə qadınlar və gənclər arasında intihar problemini əhatə edir". Qeyd edək ki, Yaponiyada intihar edənlər arasında qadınların sayı daha çoxdur.

 

Baş nazir bildirib ki, "tənha sakinlərin problemləri pandemiya dövründə ölkədə daha da pisləşib. 2020-ci ildə Yaponiyada intiharların sayı son 11 ildə ilk dəfə pik nöqtəyə qədər artaraq 20.919-a çatıb. Mütəxəssislərin fikrincə, epidemiya zamanı məşğulluğun olmaması, uşaqlara və evə qulluq yükünün artması psixoloji stress səviyyəsini artırıb".

 

RUSİYADA "XOŞBƏXTLİK NAZİRLİYİ" QURMAQ CƏHDLƏRİ

 

Son illər, İngiltərə və Yaponiyadakı Tənhalıq Nazirlikləri, ondan əvvəl isə, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Xoşbəxtlik Nazirliyi" kimi, analoji qurumlar yaratmaq üçün Rusiyada bəzi təşəbbüs və cəhdlər göstərilib. Federasiya Şurasının sədri V.Matvienko 2016-cı ildə "Xoşbəxtlik Nazirliyi" yaradılmasını Dumada irəli sürərək bildirib: "Yaşlı nəsildən olan insanların özlərini tənha hiss etməməsi üçün mümkün olan bütün formatlardan istifadə etməliyik. İngiltərədə Tənhalıq Nazirliyi yaradılıb. Çünki cəmiyyətdə müasir inkişafı fonunda tənhalıq insanlar üçün ən böyük problemlərdən psixoloji-mənəvi problemlərdən biridir. İnsanlara maddi dəstəkdən çox mənəvi dəstək bəzən daha çox lazım olur. Bizdə də belə nazirlik yaradılması yaxşı olar".

 

Bundan daha əvvəl V.Matviyenko BƏƏ-nin təcrübəsinə əsaslanaraq Rusiyada "Xoşbəxtlik Nazirliyi" yaratmağı təklif etdiyini, bu təklifi Rusiyanın xoşbəxtlik indeksində ilk "onluğ"a düşməsi üçün dəstəklədiyini bildirib. "Xoşbəxtlik Nazirliyi yaradılması təklifinin mediada gündəm olmasından təəssüflənən Matviyenko deyib ki, Ərəb Əmirliklərində hökumətin qəbul edəcəyi istənilən qərarlar bu nazirliyin ekspertizasından keçir. Ümumiyyətlə, səlahiyyətlilərin verdiyi bütün qərarlar insanların yeni qərarlardan nə qədər xoşbəxt olacağını müəyyən etmək üçün hökmən bu nazirliyin ekspertizasından keçir. O, vaxt keçdikcə təklifinə kreativ yanaşılacağına da ümidini bildirib.

 

Bunu da vurğulayaq ki, ümumən Rusiya miqyasında olmasa da, Kamçatka regionunda yaradılan "Sosial Rifah və Ailə Siyasəti Nazirliyinə" yeni rəhbər təyin edilib. Burada xoşbəxtlik, tənhalıq və başqa sahələrdə funksiyalar müəyyən edilib.

 

Kamçatka qubernatoru V.Solodov qurumu "Xoşbəxtlik Nazirliyi" adlandırıb. O, yeni qurumun icra hakimiyyəti orqanlarının islahatı çərçivəsində yaradıldığını bildirib. "Demoqrafiya və sosial rifah məsələləri indi müxtəlif nazirliklərə səpələnir, onları bir yerə toplayacağıq və bunu işimizin əsas istiqamətinə çevirəcəyik. Sosial nazirliklər sanki "incidilmişlərin və imkansızların nazirliyi" kimi təsəvvür yaradır. Biz bu şöbəni yaratmaqla əsas məsələnin yalnız çətin vəziyyətdə olanlara maddi kömək deyil, həm də, onları "firavan, xoşbəxt" edən mənəvi dəstəyin göstərilməsi məqsədilə təsis etmişik.

 

Əlavə edək ki, Rusiya psixoloji problemlərə çözüm kimi texnoloji tətbiqlər və həllər sahəsində müəyyən işlər görüb. Tənhalığın terapiyası kimi psixoloji tətbiq qismində - Rusiyada yalnızlıqla mübarizə aparmaq üçün bir tətbiq mövcuddur - "Realy Platforma"sı var. Tətbiq özünə dost axtaranlar üçün görüş yeri kimi yaradılıb.

 

AZƏRBAYCAN ÜÇÜN "XOŞBƏXTLİK", "TƏNHALIQ", YOXSA "GƏLƏCƏK" NAZİRLİYİ?

 

Ölkəmiz Vətən müharibəsində zəfər qazanmaqla yanaşı, minlərlə şəhid ailələrinin və yaralıların "PTSS-Post Travmatik Stress Sindromu" yaşaması ilə yanaşı, dünya ölkələrinin "gizli müharibə" adlandırdığı pandemiya cəbhəsində də vuruşur.

 

Yəqin ki, hər bir vətəndaşımızın bu problemlərin cəmi məcmusunun yaratdığı sosial-psixoloji mühit və ab-havanı təsəvvür etməyə məntiqi və dərrakəsi çatar. Bununla belə, aidiyyətli qurumların, yaxud da, vətəndaş cəmiyyətinin dünyada yayılan yeni praktikalara yetərli reaksiyası hiss edilmir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda 2020-ci il üçün rəsmi statistik göstəricilərdə 597 intihar halı qeydə alınıb. Bunların 440-ı kişi, 157-si qadındır. Komitənin bütün rayonlar üzrə təşkilatları təmsil olunub ki, bu da böyük resurs deməkdir. İntiharlarla bağlı rezonanslı hadisələrə Komitənin də ÜST səhifəsindən götürüb yerləşdirdiyi təhlillər təbii ki, cavab sayıla bilməz. Dövlət Komitəsi ölkədə "anarxo-feminist" fərdlərin şəbəkələr üzərindən ailə institutunu hədəfə alan yanlış ideologiya yaymasına qarşı öz maarifçilik fəaliyyətini gücləndirməlidir. Çünki ailə institutumuz əvəzsiz milli-mənəvi sərvətimizdir.

 

İntihara aparan səbəblər çoxdur, onların arasında, deyə bilərik ki, ən fundamental hesab ediləni tənhalıq, yaxud ən azı intihar qərarı verilən məqamda insanın yalnızlığıdır.

 

Bu baxımdan, xalq olaraq, problemin Süni İntellekt hesabına virtual çat-bot, yaxud dostlar hesabına çözüləcəyinə ümid etməyimiz qeyri-düzgün və qeyri-məqbuldur. Həm də canlı ünsiyyəti əvəz edəcək başqa fenomen yoxdur.

 

İndi gender mövzulu ilk hakatonlar-filanlar yeni tətbiq edilir, müsabiqələr keçirilir. Bunlar da qoy olsun. Hətta bir anlığa internetdə "TIQ-TIQ xanım" çat botunun olmasını da təsəvvür etdik. Yeri gəlmişkən, nağıllarımızdan gələn "Özümə dost axtarıram!" məramı milli zehniyyətimizdən qaynaqlanan süni intellekt həlli də ola bilər. Bu dost o biri DOST-dan olsa da, daha səmərəli həll ola bilər.

 

Bununla yanaşı, Britaniyanın canlı sosial ünsiyyət əsaslı sosial xidmətləri və qurumları, milyonlarla funt maliyyə ayrılan sosial dialoq platformalarının ölkəmizdə tətbiqi - hesab edirik ki, daha məqsədəuyğun olardı. Xüsusilə də, hazırkı PTSS risk qrupuna daxil olan əhali arasında bu təcrübə təcili tətbiqi yaxşı nəticə verə bilər.

 

Hələ BƏƏ-də olduğu kimi, hökumətin qəbul etdiyi bütün qərarların xoşbəxtlik baxımından ekspertizadan keçirən "Xoşbəxtlik Nazirliyi" də yaradılsa, lap yaxşı olar.

 

Sözü gedən ölkədə yaradılan, dünyada yeganə olan "Gələcək Nazirliyini" heç demirik. Süni intellekt texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə yaradılan bu nazirliyin bənzərinin yaradılması faydalı olardı.

 

Kamçatka qubernatorunun sözü ilə desək, "incidilmişlərin və maddi imkansızların nazirliyi" kimi anlaşılan sosial profilli nazirlik adlarının yenilənməsinə ehtiyac var. Heç olmasa, səslənişi qulağa xoş gələr.

 

 

Tahirə Allahyarova Professor

 525-ci qəzet.- 2021.- 10 mart.- S.17,20.