"Amalım elmimizin, səhiyyəmizin
inkişafına xidmətdir" –
İSTANBUL
UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN
CƏMİLƏ BAYRAMOVA BUNUN ÜÇÜN İMKAN YARADAN
DÖVLƏT PROQRAMININ ÖNƏMİNİ YÜKSƏK
QİYMƏTLƏNDİRİR
"
Müasir
dövrdə hər bir ölkənin davamlı
inkişafında ali təhsilin müstəsna rolu
danılmazdır. Sürətli
dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz
ali təhsil hər ölkənin davamlı
inkişafının başlıca hərəkətverici qüvvəsi hesab
olunur. Buna görə də son illər dövlət
başçısı tərəfindən ali
təhsilin əlçatanlığının
artırılması, ölkədə yüksək
ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə
rəqabət mühitinin formalaşdırılması sahəsində
mühüm qərarlar qəbul olunub.
Prezident
İlham Əliyev tərəfindən 2018-ci ilin noyabrında
imzalanmış "2019-2023-cü illər üçün
Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı"nı ali təhsil sahəsində
qəbul olunan ən mühüm qərarlardan biri kimi göstərmək
olar. Dövlət Proqramının həyata
keçirilməsində əsas məqsəd elm sahəsindəki
qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil
mütəxəssislərin yetişdirilməsidir.
"2019-2023-cü illər üçün Azərbaycanda ali
təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın davamı hesab etmək
mümkündür. Bu proqram strateji əhəmiyyət
kəsb edən sahələr üzrə milli kadrların
yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət
kəsb edir.
Dövlət
Proqramı çərçivəsində xaricdə
doktorantura təhsili
alanlardan biri də Cəmilə Bayramovadır. O,
1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olub. 1999-cu ildə Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd orta məktəbində ibtidai təhsilinə
başlayıb. 2010-cu ildə Bakıdakı Vüqar Əvəzov adına
300 nömrəli tam orta məktəbi bitirib. 2010-2014-cü
illərdə Bakı Dövlət Universitetinin biologiya
fakültəsində təhsil alıb. 2015-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar
Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura təhsilinə
başlayıb və 2017-ci ildə təhsilini fərqlənmə
diplomu ilə başa vurub. Hazırda "2019-2023-cü
illər üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"
çərçivəsində "Xərçəngin
genetikası" ixtisası üzrə İstanbul Universitetində
doktorantura təhsilini davam etdirir.
C.Bayramova deyir ki, Dövlət Proqramı bu sahədə
bir çox imkanlar təqdim edir. Bunlardan birincisi yerli ali
təhsil müəssisələri (ATM) ilə sıx əməkdaşlığın
təmin edilməsidir: "Düşünürəm ki, biz
dünyanın bir sıra ölkələrindəki tədqiqat
mərkəzlərində əldə etdiyimiz bilik və
bacarıqları ölkəmizə gətirdiyimiz, Azərbaycanda
elm, təhsil, texnologiyanın inkişafına təkan
verdiyimiz halda məqsədimizə çatacağıq.
Bu
baxımdan yerli ali təhsil müəssisələri
ilə əməkdaşlığın bizim təhsil müddətimizdən
etibarən qurulması olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu, Azərbaycan elminin dünyaya
inteqrasiyası üçün də körpü rolu
oynayacaqdır. Bundan başqa, Dövlət
Proqramı müxtəlif ixtisas sahələrində fəaliyyət
göstərən tələbələri əhatə edir,
eyni və ya oxşar ixtisasa sahib, lakin fərqli tədqiqat mərkəzlərində
çalışan tələbələrin bir-biri ilə əlaqə
qurmasına, öz təcrübələrini bölüşməsinə
imkan yaradır".
C.Bayramova qeyd edib ki, dünya təcrübəsində də,
təhsil, səhiyyə, texnologiya, hərbi və sair, istənilən
peşə sahəsində bu, çox rast gəlinən və
təbii bir haldır. Xüsusilə elm sahəsində dünyada elə bir mərkəz
yoxdur ki, orada bütün mövcud elmi yeniliklərin
hamısı ilə tanış olmaq,
onları mənimsəmək mümkün olsun. Nəticədə, təbii olaraq, elmi yenilikləri
yaxından izləmək üçün müxtəlif
ölkələrdə, tədqiqat mərkəzlərində
mütəmadi olaraq ezamiyyələrdə,
"workshop"larda, kurslarda olmaq ehtiyacı yaranır. Amma xaricdə təhsil almaq bir qədər daha fərqli
təcrübədir. Bizlər bu haqda qərar
verərkən, Azərbaycanda hazırda olmayan və ya zəif
inkişaf etmiş elmi istiqamətləri seçmişik.
Bu isə bizlərə, həmin ixtisas sahəsi üzrə
möhkəm elmi baza yaratmağa və inkişaf etdirməyə
imkan verir: "Dövlətin bu sahədə dəstəyi,
heç şübhəsiz, olduqca əhəmiyyətlidir.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə
etsək: "Təhsil hər bir dövlətin, ölkənin,
cəmiyyətin həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz
inkişaf edə bilməz". Bu gün
Azərbaycanın güclü iqtisadiyyatının, hərbi
texnikasının, neft və qeyri-neft sahəsinin
inkişafı bu sahələrdə çalışan
yüksək ixtisaslı, savadlı kadrların sayəsindədir.
Belə yüksək ixtisaslı kadrların
yetişdirilməsi isə ibtidai sinifdən başlayaraq gənc
nəslin maariflənməsinə, elmi
bilik-bacarıqlarının artırılmasına,
inkişafına şərait yaratmaqla mümkün olur. Dövlətin bu sahədə diqqətini,
qayğısını və bunun müsbət nəticəsini
görmüşük və görməkdə davam edəcəyik.
Dövlət Proqramının təsis edilməsi dövlətin
elmin inkişafında maraqlı olduğunun, gənclərə
qarşı olan maddi və mənəvi dəstəyin növbəti göstəricisidir".
C.Bayramovanın dediyinə görə, istənilən
peşə sahibi öz işini sevməli, onu böyük məsuliyyətlə
yerinə yetirməlidir. Eyni zamanda, işində ən
yaxşı olmağa çalışmalıdır. Biz bəzən "rəqabət"
sözünü yanlış şərh edirik. Rəqabət
yalnız özünü təkmilləşdirmək, bilik və
bacarıqlarını artırmaq, vəzifəsini ən
yaxşı şəkildə və vicdanla yerinə yetirməyə
çalışmaqla olmalıdır: "Biz yüksək
ixtisaslı mütəxəssislər ola
bilərik, amma şəxsən mən, əsas amal kimi,
ölkəmizin inkişafına çalışmağı,
dövlətimizə, xalqımıza layiqli xidməti
görürəm. Fikrimcə, bütün
peşə sahiblərinin əsas amalı ailəsinə, vətəninə
və millətinə xidmət etmək olmalıdır. Bunu etdiyimiz halda öz borcumuzu yerinə yetirmiş
olarıq".
C.Bayramova vurğulayıb ki, təhsilini davam etdirdiyi
"Xərçəngin genetikası" ixtisası olduqca əhəmiyyətlidir. Belə ki, bu
istiqamətdəki tədqiqatlar sadəcə xərçəngin
effektiv müalicəsinə yönəlməyib, eyni zamanda, xərçəng
xəstəliyinin erkən dövrdə
aşkarlanmasını hədəfləyir. Xərçəngin genetik xəstəlik olduğunu
nəzərə alsaq, ailədə bir və ya bir neçə
xərçəng xəstəliyindən əziyyət
çəkən şəxslərin olması digər
sağlam ailə fərdlərində və dünyaya gələcək
yeni nəsildə xərçəngin müşahidə
olunma ehtimalını artırır. Xərçəng
xəstəliyinin genetikasının öyrənilməsi, məhz
bu şəxslərdə, xərçəng xəstəliyini
meydana gəlmədən öncə aşkarlamağa və
profilaktik tədbirlər almağa imkan verir. Bu proses
genetik testlər və konsultasiyalar ilə həyata
keçirilir: "Tədqiqat mövzusunu seçmək mənim
üçün bir qədər çətin oldu. Çünki tədqiqat mövzumun həm xərçəng
xəstəliyi üzrə tədqiqatlara töhfə verməsini,
həm də əldə etdiyim elmi-praktik bilik və
bacarıqların Azərbaycana qayıtdıqda onkoloji tədqiqatların
inkişafına təkan verməsini istəyirdim. Nəticədə tədqiqat mövzumun Dünya Xərçəng
Statistikasının (GLOBOCAN -The Global Cancer Observatory) 2019-cu və
2020-ci illərin nəticələrinə əsasən xərçəngə
bağlı ölüm sayına görə birinci yeri tutan
ağciyər xərçəngi haqqında olmasına qərar
verdim. Qeyd etmək istərdim ki, cari ildə dünya
üzrə xərçəngə bağlı 10 milyon
ölüm müşahidə edilmişdir ki, bunun 18 faizi
ağciyər xərçənginin payına
düşür. Bu baxımdan, həmin istiqamətdə
tədqiqatların aparılması olduqca böyük əhəmiyyət
kəsb edir. Tədqiqat işində əsas
məqsəd xərçəng xəstəliyinin
formalaşmasına və inkişafına səbəb olan genlərin
susdurulması, bununla da xərçəng xəstəliyinin
inkişafının qarşısını almaq, eyni zamanda, xərçəng
hüceyrələrini öldürərkən sağlam
hüceyrə və toxumaların qorunmasına nail olmaqdır.
Düşünürəm ki, bu istiqamətdə görüləcək
işlər, eyni zamanda, DP-nin digər
iştirakçılarının nailiyyətləri və Azərbaycana
gətirəcəkləri yeni elmi yeniliklər Azərbaycanda
elm, səhiyyə, texnologiya və başqa sahələrdə
böyük inkişafa səbəb olacaqdır".
Onun sözlərinə əsasən,
çalışdığı "Xərçəngin
genetikası" laboratoriyası İstanbul Universiteti Onkologiya
İnstitutunun binasında yerləşir. Hansı ki,
onkoloji xəstələrin qəbulu, onların müalicəsi
bu mərkəzdə aparılır. Tədqiqat
İnstitutları əsasən xəstə nümunələrini
xəstəxanalardan qəbul edir və üzərində
işləyir. Onkologiya İnstitutunda isə
həm xəstələrin qəbulu və müalicəsinin,
həm də genetik tədqiqatarın eyni struktur daxilində
olması bizim xəstələrlə birbaşa əlaqədə
olmağımıza və onları müalicənin müxtəlif
mərhələlərində müayinə etməyimizə
imkan verir. Deyək ki, əgər biz
müxtəlif genetik göstəricilərin xəstənin
aldığı müalicələrdən (kimya terapiya,
şüa terapiyası, cərrahiyə, hormon terapiyası və
s.) əvvəlki və sonrakı dinamikasını
ölçmək istəyiriksə, bunu dərhal etmək
mümkündür. Xəstələrin
aldığı müalicənin effektivliyini, sonrakı
müalicənin seçilməsini məhz bu nəticələr
müəyyənləşdirir. Bundan başqa,
laboratoriya müasir genetik tədqiqatların aparılması
üçün lazım olan bütün növ maddi-texniki
baza ilə təchiz edilmişdir: "Türkiyədə
virusun ortaya çıxması mart ayında oldu və
artıq 1 ildir ki, bütün dünyada olduğu kimi,
Türkiyədə də bir çox sahələr kimi təhsil
və səhiyyə sahəsinə də pandemiya öz təsirini
göstərdi. Dərslər onlayn formada
keçirilməyə başladı. Pandemiyanın
geniş vüsət aldığı ilk dövrdə və
ikinci dalğa müddətində tədqiqatlara və xəstə
qəbuluna müəyyən məhdudiyyətlər gətirildi.
Profilaktik tədbirlər alınaraq, daha az
işçi sayı ilə gündəlik iş yükü
yerinə yetirilməyə çalışıldı.
Hal-hazırda normal iş rejimi bərpa olunmuş haldadır. Təbii ki, lazımi tədbirlər daxilində".
O bildirib
ki, doktorantura təhsilinin artıq 2 il
yarım müddəti geridə qalmaqdadır: "Bu müddəti
müvəffəqiyyətlə başa vurmuşam. Bundan sonrakı müddətdə də, tədqiqat
işimin ən yaxşı şəkildə icrasına və
xərçəng xəstəliyinin müalicəsində rol
oynaya biləcək nəticələr əldə etməyə
çalışacağam. Doktorantura təhsilini
başa vurmuş şəxslərə ixtisası üzrə
"fəlsəfə doktoru" elmi dərəcəsi verilir
və "alim" olaraq qiymətləndirilir. Bu ad mənim üçün çox dəyərli
və hazırda doktorantura təhsilimi davam etdirməyimə
baxmayaraq, olduqca yüksək, əlçatmazdır. Mənim arzum bu ada layiq bir tədqiqatçı
olmaqdır. Başlıca amalım Azərbaycanda
elmin, təhsilin, səhiyyənin inkişafına xidmət etməkdir.
Gələcək planlarım və arzum "Azərbaycan
vətəndaşı" və "Azərbaycan alimi"
kimi faydalı işlər görməkdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 11 mart.- S.7.