"Şair şəhərdədir..." - Məmməd Orucdan yubiley təbriki

ZAMANIN SINAQLARINDAN ŞAİR VƏ ŞƏXSİYYƏT KİMİ ÜZÜAĞ ÇIXMIŞ DOSTUM BƏHRAM FƏRMANZADƏNİN 70 YAŞINA

 

Məmməd ORUC

 

1957-ci ilin payızı idi. Kəndimizdəki Lenin adına kolxozun yenicə istifadəyə verilmiş klubunda "Böyük Oktyabr inqilabı"nın növbəti ildönümü münasibətilə, yerli özfəaliyyət qruplarının bayram tədbiri keçirilirdi.

 

Bu sırada səhnəyə dəvət olunanların biri Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov adına məktəbin birinci sinif şagirdi Bəhram Fərmanzadə oldu o, Səməd Vurğunun "Muğan" poemasını başdan-ayağa sinədən söyləməklə bütün salonu heyrətə gətirdi. Doğmaları, yaxınları, müəllimləri alqışlar altında onu qucaqlayıb öpürdülər. Təbii ki, Bəhrama həsəd aparanlardan biri bu sətirlərin müəllifi idi.

 

O zaman kəndimizin tamam başqa səmtində yaşayan Bəhramı həm ona görə tanıyırdım ki, o, əfsanəvi qəhrəman Gəray Əsədovun bacısı oğlu idi. Məktəbimizin bağçasında qəhrəmana heykəl qoyulması münasibətilə təntənəli yığıncaq keçiriləndə Bəhrama da söz vermişdilər o, dayısı haqqında yazılmış şeiri söyləmişdi. Bəhramla yaxın tanışlığımız dostluğumuz, günlərin bir günü mən onun da, bir çox həmyaşıdlarımız kimi, şeir qoşduğunu biləndən sonra başladı çox şükür ki, bugünəcən davam edir.

 

Tələbəçiliyi, Bakı şəhərində 1965-70-ci illərə təsadüf edən ədəbiyyat havalı, şeir- sənət sevdalı cavanların əksəriyyəti bir-birini tanıyır, mümkün qədər əlaqə saxlayırdılar. Onların arasında mən özümə az-çox yer eləmişdim. Bəhram isə artıq Beyləqanda, o illərin Jdanov rayonunda idi.

 

Yadımdadır, ilk zəng Aydın Məmmədovdan gəlmişdi:

 

- Şair şəhərdədir...

 

Bir qədər sonra Vidadi Məmmədov zəng vurmuşdu:

 

- Şair şəhərdədir...

 

Növbəti zəngdə, dəstəkdən, unudulmaz müəllimim Fərman Kərimzadənin həlim səsini eşitdim:

 

- Məmməd, xəbərin varmı, şair şəhərdədir...

 

o gün bu xəbərlə başlayan daha bir neçə telefon zənginə cavab verdim.

 

Bu cür zənglər, artıq bir parola çevrilmişdi. Bu, görüşmək üçün bir səbəb, bəhanə idi. sonra Bəhram özü zəng vurub görüş yeri təyin edirdi.

 

Sayını, hesabını, təbii ki, unutduğum o görüşlərdə Bəhram bizə yeni şeirlərini oxuyurdu:

 

Yüz ildi, min ildi oxunan valdı,

Sirdi, möcüzədi, sorğu-sualdı,

Süleyman mülküdü, kimlərə qaldı,

Görəsən, hayana gedir bu dünya?

 

Bu, Bəhramın yaddaşımda qalan seçmə misralarındandır. O, daha çox qulağımızın dibindən axan Araz çayı, çayın o tayının həsrəti ilə bağlı şeirlərini oxuyurdu artıq hamı bilirdi ki, cümlə Şahsevən camaatı kimi, Bəhramın da Arazın o tayındakı Şahsevən kəndində doğmaları var.

 

***

 

Doğulduğu kənddən söz düşmüşkən, Bəhramın bioqrafiyası haqqında, Vəsimə İsmayılqızının hazırladığı "Beyləqan" ensiklopedik toplusundan (Bakı, 2010) götürdüyüm bu yığcam qeydləri diqqətə çatdırmağı lazım bilirəm:

 

Bəhram Fərmanzadə 1951-ci il mart ayının 6-da Beyləqan rayonunun (o vaxt Jdanov) Birinci Şahsevən kəndində anadan olub. BDU-nun tarix fakültəsini (1972), Bakı Ali Partiya Məktəbini bitirib (1981). Beyləqan rayonunda qəsəbə səkkizillik məktəbində tarix müəllimi (1972-1973), Azərbaycan komsomolu Beyləqan rayon komitəsində şöbə müdiri katib (1973-1975), ikinci katib (1975-1977), birinci katib (1977-1979) işləyib. Beyləqan rayon partiya komitəsində təlimatçı (1981), təbliğat təşviqat şöbəsinin müdiri (1981-1982) olub. Sovxoz fəhlə kooperativi idarə heyətinin sədri (1982-1983) rayon maarif işçiləri evinin baş məsləhətçisi (1984-1988), "Dostluq" qoyunçuluq sovxozunun partiya təşkilatı katibi (1988-1991), "Beyləqan Broyler" quşçuluq fabrikinin direktor müavini (1991-1993), İcra Hakimiyyəti aparatında baş məsləhətçi (1993-1995) kimi fəaliyyət göstərib. Bədii yaradıcılıqla məşğuldur. Şeirləri respublika mətbuatında dərc olunub. "Heydər Ata" Ümumrespublika Poeziya Müsabiqəsinin laureatıdır (2004). "Müqəddəs gün" (2002), "Dünya dolu, dünya boş" (2007) kimi şeirlər kitabları çap olunub...

 

***

 

Məncə, o zamanlar ədəbiyyat sevdalı insanların əksəriyyətini çeşidli anlamlarda ehtiyac birləşdirirdi o görüşlərdə Bəhram, demək olar, hamının ehtiyacı ilə maraqlanırdı. Həmin vaxtlar Bəhram Fərmanzadə Beyləqanın ticarət şəbəkəsinə başçılıq eləyirdi. Könüllü ictimai işi isə, təbii ki, Beyləqana gəlib-gedən sənət adamları ilə bağlı idi. Bir qəzet məqaləsində bu qəbildən insanların bir qismi hörmətlə sadalanıb: Fərman Kərimzadə, Xəlil Rza Ulutürk, Aydın Məmmədov, Çingiz Əlioğlu, Aqil Abbas, Zəlimxan Yaqub, Ağa Laçınlı, Məmməd Oruc, Tofiq Bayram, İsa İsmayılzadə, Davud Nəsib, Eldar Baxış, Əbdül Mahmudbəyov, Mikayıl Mirzə, Yaşar Nuri daha kimlər..."

 

Dünya şahmat taxtası

Topu, şahı, vəziri.

Taxta döyüş meydanı

Məğlubiyyət, qələbə -

Hər saatı, hər anı.

Filə hücum at edir,

Dünyanın işinə bax.

Piyada şahı mat edir.

 

Bunlar da Bəhramın zamanın aşırımlarını yaddaşımda keçib gələn misralarıdır.

 

Vaxtilə Beyləqan kimi varlı bir rayonun ticarət şəbəkəsinə başçılıq etmiş, uzun illər sanballı vəzifələrdə çalışmış Bəhramın Bakıda evi var, Beyləqanda imarəti. Sovet dönəmində dövlətin ona gənc mütəxəssis kimi verdiyi ikiotaqlı mənzildə yaşayır. Necə yaşayır? Bu sualın da cavabını onun misralarından tapmaq olar.

 

Çax-çax baş ağrıdır

Daş işin görür.

Gün keçir, il ötür

Yaş işin görür

Günümü keçirib,

Vermədim yelə.

Bu da bir ömürdü-

Yaşadım belə...

 

Bəhram Fərmanzadə bu gün qələmi əlindən qoymayıb. İndi o, daha çox, şanlı Ordumuzun Qarabağ zəfərindən yazır yazdıqlarını hər deyəndə nəşr etdirməsə , telefonda mənə oxuyur. mən hiss eləyirəm ki, bu telefon görüşlərindən o, xeyli rahatlıq tapır.

 

Bəhramın neçə kitab bağladığını bilmirəm, amma o kitablardan biri - daha doğrusu, o kitaba yazılmış ön söz yadımdan çıxmır. Ön sözü, bir qədər qəribə səslənsə , şairin qızı Sahilə xanım yazıb: "İnanmıram ki, bu kitab şeirsevənlərin oxuyacağı yaddaşında saxlayacağı bir kitab olacaq".

 

Bunca etiraf, bunca cəsarət?! Bu nədir? Bu günlər yetmişini aşıran Bəhram Fərmanzadənin insanlara qarşı səmimiyyətinin, sadəcə qarşılığı... Vəssalam... Tək-tək insanlar hər şeyi öz adı ilə çağırmağı bacarır. Məncə, şəxsən tanımadığım Sahilə xanım da o insanların sırasındadır.

 

Məmməd ORUC

 525-ci qəzet.- 2021.- 11 mart.- S.11.