Ruhumuzu çağıranlar

 

 

PUBLİSİSTİK DÜŞÜNCƏLƏR

 

..."Qafqaz Neoliti: Tovuz" sənədli telefilmini çəkib tamamladıq, AMEA-da geniş təqdimat mərasimi oldu. Lakin ruhumu çağıran o qədim yollar bitib tükənmədi, zaman-zaman səslədi, gözlədi məni. Və bu yazını yazmağa məcbur oldum...

 

Qədim salnamələr soraq verir ki, oğuzlar yazın arxasınca gəzər, bahar çöllərinin, çəmən çiçəklərinin tilsimində yaşardı. Ulu tarix kitabı kimi oxunan Tovuz torpağını gəzdikcə qəlbimizin çöllərində bahar çiçəklərinin dumduru gülüşünü, at ayaqlarının səsini eşitdim. Atlı elə çapırdı ki, sanki yaz çiçəklərinin sirli, sevdalı səslərinə, günəşli gülüşlərinə tələsirdi. Tovuzun dağlarında, ruhumuzun çəmən-çöllərində çapan o atlının izinə düşdüm, qədimlərdən qədim yurdun baharına üz tutdum...

 

Sirli bir səs, qəfil bir qıyya idi; min illərin, yüz illərin yorğun, yaralı yaddaş yollarından keçib gəlirdi.   Baharın şövqü, yaz çiçəklərinin işığı düşmüşdü yolun üzünə. Atlı gözləri qamaşa-qamaşa yaz çiçəklərinin tilsimlədiyi, baharın güldürdüyü qayaların sinəsindən, ürəyinin üstündən keçib gedir, sirli səslərin çağırışıyla daha da yuxarılara, zirvələrə qalxırdı. Və zirvələrdən qədim yurdun bərəkətli bahar boyaları, yazın yaşıl yazıları ruhumuzun çölləri kimi gen-geniş dünya boyda görünürdü.  Gündoğandan Günbatana, Məşriqdən Məğribəcən uzanan tarix-tale yollarının yuxusu yorulmuşdu, səbri sınmışdı, qaranlığın duyğu yamaclarında sübhün ağca ayaq izləri görünürdü.   Ürəyin nagahan döyüntülərindən, duyğuların didərgin dərdi-sərindən, hisslərin hisi-pası qopub tökülən gün işığından, yaz havasından, damarların dəli dağ çayları kimi sevdalı axışından keçib gedirdi atlı. Və düz-əməlli ayırd edə bilmirdi ki, atı vurduğu dəlisov axınlar qəlbində qabaran, damarlarında şahə qalxan axınlardı, yoxsa Tovuzçayın əzəli-əbədi coşğun suları... Axınlar igidin atını girdablar kimi udmağa can atırdı;  atlı girdablara təslim olmur, sahilə can atır, öz içindəki qaranlıq boşluqlardan qurtulmağa, işığa tələsirdi. At sahilə çıxaraq, şahə qalxıb bir anın əbədiyyət qədər uzun xoşbəxtlik zirvəsinə yüksəlirdi və müvazinətini saxlaya bilməyib yıxılırdı... Min illərin, yüz illərin yaddaş yaralarından qan sızırdı, dərd damcılayırdı. Və lalələr qanlı köynəklərini bayrağa döndərib yol göstərirdi:

 

- Yıxılma, ayağa qalx, baharın ardınca get; mənzil başına qovuşarsan, muradına çatarsan...

 

Dünyaya bahar gələndə, torpağa alın yazıları kimi yaz yaşıl yazılarını yazanda ruhunuzun göy üzünə boylanın, qəlbinizin qıfıllı qapılarını açın təbiətə. Laləsi bayrağa dönən dağlardan, xatirə pıçıltılı yovşanlı yamaclardan, qayım-qədim qalalı qayalardan, çiçək-çiçək çəpik çalan çəmən-çöllərdən gələn sirli-sehrli səsləri dinləyin.

 

Bu, ahıl vaxtı ömrün uşaqlıq sahillərini xatırlamağa, ana laylasını dinləməyə bənzəyir.  Beləcə, bahar gələndə dünyanın qədim yolları yenidən başlanır, köhnəlməyən köhnə duyğular təzə paltar geyir...

 

Qədimlərdən qədim yurdun yeni yollarından keçdim, zaman-zaman baş qaldıran azadlıq ümidlərinin, istiqlal arzularının əbədi gerçəkliyini, əbədiyyət baharını gördüm Tovuzda. Və ruhumu çağıran o əbədi həqiqətlərə üz tutdum.

 

***

 

Tarix yolu eramızdan əvvəl altıncı minilliyin ilk əsrlərinə gəlib çatmışdı. Dünyada səkkiz min il əvvəlin küləkləri əsir, suları axırdı...

 

Qafqaz dağlarının cənubunda, Xəzər və Qara dəniz arasında - Cənubi Qafqaz bölgəsində sivilizasiya yeni addımlar atırdı;  həyatın əsas qaynağı, yaşam tərzi olan ovçuluq yerini tədricən əkinçiliyə, maldarlığa verir, Yaxın Şərq mədəniyyəti ilə əlaqəli yerli mədəni təkamül nəticəsində insanlıq tarix salnaməsinə təzə, uğurlu səhifələr yazırdı... Və səkkiz min il sonra alimlər o tarix səhifələrini oxuyacaq, Azərbaycanın orta Kür hövzəsində, Tovuzda yerləşən Erkən Neolit kəndlərinin memarlıq möcüzələrinə şahid olub heyrətlənəcəkdilər...

 

Əsrlər, min illər karvan-karvan ötüb keçir, Cənubi Qafqazda, xüsusilə, Azərbaycan ərazisində sivilizasiya ocaqları getdikcə daha gur yanırdı. Xeyli əvvəllər Azıx, Tağlar, Aveydağ kimi əzəli mağara divarlarına, daha sonra insanlığı dünya daşqınından xilas edən Nuhçıxanda - Naxçıvanda Gəmiqaya daşlarına, Xəzər sahilində Qobustan qayalarına həkk olunan ilkin sivilizasiya xatirələri, möhtəşəm tarix yolları davam edir, Tovuzda bütöv bir Neolit kəndinin etno-mədəni yaddaşı kimi boy göstərir, əbədiləşirdi. Təsadüfi deyil ki, zaman-zaman dünyanın nüfuzlu tarixçiləri, arxeoloq və etnoqrafları qədim sivilizasiya məskəninin bütöv yaddaş modeli olaraq Hacı Ələmxanlıtəpə, Göytəpə, Məntəş kimi unikal arxeoloji abidələrə üz tutub, Tovuzun bu Neolit dövrü abidələrinin planetar tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Gəncə-Qazax bölgəsinin ən böyük Göytəpə arxeoloji abidəsi Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 kilometr şərq tərəfdə yerləşir. Şomutəpə, Qarğalartəpə, Töyrətəpə kimi Heolit abidələrinin əhatəsində olan, iki hektara yaxın ərazini əhatə edən, Qafqaz Neolitinin bütöv obrazını özündə cəmləşdirən Göytəpə arxeoloji kompleksi unikal maddi-mədəniyyət yadigarları ilə zəngindir...

 

 

 

Obsidian vulkanik daşından hazırlanmış müxtəlif növlü kəsici alətlər, sümükdən düzəldilmiş bizlər, iynələr, qaşovlar, əkinçilikdə işlədilən oraqlar, kürəklər, maral buynuzundan toxalar, baltalar, çəkiclər, çeşidli saxsı məmulatlar... Bütün bunlar Göytəpə Neolit kəndi arxeoloji kompleksinin, xüsusilə, əkinçilik və maldarlıqda özünəməxsus uğurlarından, bütöv həyat tərzindəki mədəni səviyyənin yüksəkliyindən soraq verir.  Göytəpə arxeoloji abidəsi Azərbaycanda, ümumən Qafqazda eramızdan əvvəl altıncı minilliyə aid son Neolit dövrünün parlaq inkişaf mərhələsini, bu bölgədə ilkin sivilizasiyanın geniş miqyaslarını əks etdirir.

 

***

 

Səkkiz min il əvvəl əkinçilik və maldarlığın misilsiz uğurları ilə sivilizasiyanın böyük tarix yoluna çıxan Tovuz bölgəsi eramızı daha möhtəşəm mədəniyyət uğurları ilə qarşıladı. Bir vaxtlar mağaralara sığınan qədim insanlar artıq oturaq həyat tərzinə keçir, çiy kərpicdən evlər, memarlıq abidələri tikir, xeyli vaxt keçəndən sonra qayaları çaparaq, qalalar ucaldaraq daha etibarlı sığınacaqlar inşa edirdilər.  Tovuzun uca dağlar, qayalar qoynunda bu gün də həmin sığınacaqlara, qədim türk tayfaları sakların, hunların, sabirlərin, oğuzların, qıpçaqların eramızın ilk əsrlərində ucaltdığı əzəmətli tikililərə, möhtəşəm memarlıq abidələrinə rast gəlmək olar...

 

Tovuz sözünün etimologiyası ilə bağlı çoxsaylı izahlar arasında biri, məncə, daha elmi, daha inandırıcıdır. Tovuz sözünün etno-linqvistik kökündə Dağ Oğuzları dayanır. Bir sıra tarixçi və dilçi alimlərin irəli sürdüyü, ciddi elmi dəlillərlə əsaslandırdığı bu etimoloji izahı Tovuz bölgəsinin bütöv etnoqrafiyası, arxeoloji, etno-mədəni mənzərəsi də təsdiq edir.  Tarixi qaynaqlarda adı davamlı şəkildə çəkilən Tovuz toponimi həm dil, linqvistika, həm tarix, arxeologiya, həm də etno-kulturoloji sistem baxımından ümumtürk tarixnin doğma övladı, qədim Azərbaycan sivilizasiyasının danılmaz faktıdır.

 

Cənubunda Kiçik Qafqaz dağları ucalan, mərkəzində Gəncə-Qazax, Hunan düzənliyi at oynadan, Kür çayından şimalda Ceyrançölə qucaq açan, qədim tarix kitablarında adı ehtiramla çəkilən Tovuz təəssüf ki, hələ layiq olduğu səviyyədə öyrənilməyib, fundamental elmi tədqiqata cəlb olunmayıb.

 

Kür boyunca uzanan sirli-sehrli Tuqay meşələri, Eldar şamı, vələs, palıd ormanları, subalp, alp çəmənləri cənnətməkan gözəlliyi ilə göz oxşayır bu yurdun... Lakin tarix yolları təbiət gözəlliklərindən daha möhtəşəmdir. 828-ci əsrdə ərəb xilafətinə qarşı mübarizə aparan böyük Azərbaycan sərkərdəsi Babəkin qılıncıyla qardaşlıq edib, bir qədər sonra, 835-ci ildə ərəb sərkərdəsi Buğa əl Kəbirin hikkəsi ilə mərdanə üz-üzə dayanıb, 1144-cü ildə Səlcuq əmiri Cavlıya əl uzadıb bu dağlar...

 

Tovuzun tarix yollarında qədim türk tayfaları kimmerlər, qovlar, saklar, hunlar, peçeneqlər, qıpçaqlar, oğuzlar... at oynadıb, qılınc çalıb, qalxan tutub, yurdu bədən, torpağı vətən edib. Min illər boyu ruhumuza bədən, sevgimizə vətən olan bu doğma yorpaqları, bu ana yurdu işğalçı düşmənlərdən qeyrətlə qoruyub ulu əcdadlarımız...

 

Bəli, bu bölgənin etnotoponimik yaddaşı dönə-dönə təkrar edirəm ki, qədim türk tayfalarının silinməz izlərindən, şərəfli tarix yollarından soraq verir. Tovuzun hər qarışında qədim türk nişanələri, xüsusilə, hunlarla bağlı toponimlər, yer-yurd adları göz güldürür, könül sevindirir.  Hunanyurd, Hunan qalası, Hunanyol, Hunanarx, Hunan təpəsi, Hunan düzü...

 

 

 

Tarixi mənbələr şahidlik edir ki, amansız monqol istilasına qarşı hunlar rəşadətlə döyüşürdü, insanlığa nümunə olacaq həqiqi qəhrəmanlıq, vətənpərvərlik nümunəsi göstərirdilər...

 

Bu, başqa bir yazının çağıran, yol gözləyən yollarıdır, məni isə indi Tovuzun etno-mədəni yaddaş dünyası səsləyir, ruhumu möhtəşəm həqiqət mənzərələri ovsunlayır.

 

Tovuz bölgəsi həm təbii gözəlliklər, təbiət möcüzələri, həm də insan əliylə yaradılan qeyri-adi tarix, mədəniyyət abidələriylə zəngindir. "Qüdrətdən səngərli, qalalı dağların, göylərə güzgü tutan möcüzəli göllərin, ərşə sütun olan möhtəşəm qayaların, yanğılı bir sevgi görüşünə tələsirmiş kimi coşub-daşan dəlisov çayların, şahanə şəlalələrin, ruhumuza əzəliyyət və əbədiyyət nəğməsi oxuyan buz bulaqlı zümrüd meşələrin yurdudur Tovuz.

 

Tovuzun təbiət möcüzələrini min illər boyu insan əliylə yaradılan unikal mədəniyyət abidələri, sənət yadigarları daha da gözəlləşdirib, bütöv harmoniya, zəngin etno-mədəni mühit yaradıb. Bu baxımdan Tovuz qalaları Azərbaycan, bütünlüklə Qafqaz və dünya qala memarlığında özünəməxsus yer tutur.

 

Göytəpə yaşayış məskəni tipli Neolit dövrü arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsindən, proto-şəhər mərhələsindən xəbər verir. Yəni belə abidələr insanların sosial-iqtisadi yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

 

Tovuz Neoliti arxeoloji ekspedisiyasının rəhbəri, istedadlı tarixçi-arxeoloq, fədakar ziyalı Fərhad Quliyev və "Tovuz" Xeyriyyə Cəmiyyətinin sədr müavini, vətənpərvər el ağsaqqalı Çingiz Abbasov deyirlər ki, son illər Azərbaycan Neolit dövrü abidələri dünyanın bir çox nüfuzlu elm adamlarının və əlaqədar mütəxəssislərin davamlı marağına səbəb olub, əhatəli elmi-tədqiqat obyektinə çevrilib. 2008-ci ildən başlayaraq Fransa Milli Araşdırmalar Mərkəzinin, Yaponiyanın Tokio Universiteti mütəxəssislərinin iştirakı ilə burada arxeoloji qazıntılar aparılır.  Göytəpə qədim yaşayış məskəninin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kolec de Frans" təhsil müəssisəsində, Türkiyənin İstanbul, Trakiya universitetlərində, Polşanın Varşava universitetində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimat mərasimləri olub. Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərdən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilib.

 

2016-cı ilin mayında Azərbaycan-Yaponiya tədqiqatçılarının Qafqaz Neoliti mövzusunda birgə sərgisi təşkil olunmuşdu.

 

Neolit dövrü insanlarının həyat tərzi, həmin dövrə aid tətbiqi sənət, etnoqrafiya və zəngin memarlıq abidələrinin öyrənilməsi baxımından bu qədim yaşayış məskəni uzun müddətdir ki, dünya arxeologiyasının diqqət mərkəzindədir. Zaman keçdikcə torpaq altından, minillərin gizlinindən yeni-yeni unikal arxeoloji abidələr üzə çıxarılır, Tovuzun Neolit dövrü abidələri onun tədqiqatçılarını hər dəfə yenidən sevindirir.

 

***

 

2012-ci il aprel ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı, Tovuz rayonu ərazisindəki Göytəpə Neolit dövrü abidəsi və burada aparılan arxeoloji tədqiqat işlərinin ilkin nəticələri ilə tanış olmuş və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işləri yeni dövrün reallıqları prizmasından daha effektli təşkil etmək məqsədilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel tarixli sərəncam imzalamışdır.  Respublika Prezidentinin Sərəncamına əsasən tədqiqat obyektinin müəllifi tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur.  Birinci, abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə Neolit dövrünün ilkin kəndinin interyerinin yaradılması, qazıntı sahələrində torpaqdan təmizlənərək üzə çıxarılan bina tikililərinin konservasiyası və elmi bərpası, ikincisi, abidədən aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması və nəhayət, erxeoloji parka gələn ziyarətçilər üçün istirahət guşələrinin təşkil edilməsi.

 

Müəyyən işlər görüldü, lakin nəzərdə tutulan genişmiqyaslı layihənin tam reallaşdırılmasından danışmaq hələ tezdir. Ölkə prezidentinin qarşıya qoyduğu fundamental vəzifələr, bütöv yol xəritəsi tam miqyasda həyata keçirilməli, Azərbaycan sivilizasiyasına misilsiz tarixi töhfələr verən Tovuz həqiqətləri layiqincə qiymətləndirilməli, davamlı olaraq gündəmə gətirilməli, strateji etno-mədəni dövriyyəyə cəlb olunmalıdır.  Unutmayaq ki, Tovuz Azərbaycanın Qafqazda ən azı 8 min illik tarix-tale möhürüdür, pozulmaz avtoqrafıdır.

 

Bu, Azərbaycanın ən qədim sivilizasiya ocaqlarından, əzəli yaşayış məskənlərindən olan, bəşər tarixini Göytəpə - Neolit arxeoloji abidələriylə zənginləşdirən, ulu əcdadlarımız Dağ Oğuzlarından ad alan, tarix yollarında əbədi mədəniyyət çırağı yandıran Tovuzun halal haqqıdır. Səkkiz min il əvvəl Xəzər və Qara dəniz arasında, Cənubi Qafqazda yandırılan o çırağın sivilizasiya işığı bu gün də dünyanın nüfuzlu tarixçilərini, arxeoloqlarını, etnoqraf-mədəniyyətşünaslarını düşündürür, heyrətləndirir. Davamlı arxeoloji ekspedisiyalar yeni-yeni mədəni təbəqələr açdıqca o marağın miqyası daha da genişlənir, bütün planeti əhatə edir. Tovuz Azərbaycanın bu gün də uğurlu səhifələrlə yazılan, davam edən möhtəşəm tarix salnaməsi, özünəməxsus maddi-mədəniyyət irsidir, bizi biz edən bizimkidir, ruhumuzu çağıran həqiqətdir...

 

Sadıq ELCANLI

 

525-ci qəzet.- 2021.- 13 mart.- S10.