Səyyad Aran məktəbi

Ədəbiyyatın ilk cümləsini biz Səyyad Arandan öyrənmişik. Yəni mən, Sərvaz, Murad, Dayandur başqaları. Səyyad müəllim kimi şeiri, hekayəni təhlil etmək istəmişik, yenə mən, Sərvaz, Murad, Dayandur başqaları.

 

Bu o zaman idi ki, Səyyad müəllim İmişli şəhər 1 saylı orta məktəbində ədəbiyyat müəllimi işləyirdi, bizi məktəbə ədəbiyyat gecələrinə dəvət edirdi. Uzun müddət belə tədbirlərin təsirindən ayrıla bilmirdik.

 

İmişli şəhər 1 saylı orta məktəb Səyyad müəllimin sayəsində universitet idi, hər sinfində, həyətində, bacasında ədəbiyyat, şeir qoxusu hiss olunurdu. Məktəbin divarları Səyyad müəllimin keçirdiyi tədbirlərin şəkilləri ilə bəzədilmişdi, barmaq basmağa yer yox idi. Hələ söküb qurtara bilmirlər. Məncə, gərək sökməyələr, qoruyalar, bunun üçün gərək ədəbiyyat ürəyin ola, o da yox.

 

Rayonumuzda "Qızıl ulduz" qəzetinin nəzdində "Ümid" ədəbiyyat dərnəyi vardı. Biz onun fəal üzvləri idik, yəni mən, Sərvaz, Murad, Dayandur başqaları. Qəzetin şöbə müdiri Siyab Məmmədov dərnəyin rəhbəri idi, Səyyad Aran da həm yazıçı, həm tənqidçi idi.

 

Səyyad müəllim oxuduğumuz şeirlər haqqında fikir bildirəndə düşüncələrimizdə yeni ədəbi üfüqlər açılırdı. İndi şeirlər haqqında belə fikir deyənlər yoxdur. Ancaq baş yelləmək qalıb, bir "yaxşıdır", ya da "pisdir" deməklə kifayətlənmək.

Ən gözəl ədəbiyyat əsasən ya qəzet, jurnal ətrafında, ya da ədəbi dərnəklərdə formalaşır; bunu bilməmiş deyilsiniz. 19- cu əsr rus ədəbiyyatı jurnal dərnəklərdən çıxmışdı, Dostoyevski, Nekrasov, Turgenev, Belinski düşüncəsi dərnəklərdə formalaşmışdı. Belinski bu düşüncəni təhlil edib yayırdı, yazıçıları məşhurlaşdırırdı.

 

"Ümid" bizi rayonda tanıtmışdı, əlbəttə, Səyyad Aranın təhlilləri hesabına. Biz o vaxt Səyyad müəllimlə dost olmağımızla fəxr edirdik, elə indi ...

 

Sonra Səyyad müəllim İmişli rayon təhsil şöbəsinin müdiri oldu, mən 1 saylı orta məktəbdə ədəbiyyat müəllimi işlədim. Hər addımda Səyyad müəllimin ədəbiyyat nəfəsini hiss elədim, indinin özündə həmin məktəbdə "Səyyad Aran ənənəsi" yaşayır.

 

80-ci illərdə Səyyad Aran Bakıya hər dəfə gedəndə bizə yeni ədəbiyyat xəbərləri gətirərdi; kimin kitabı çıxıb, kim kimin tərəfindədir, kim kimin əleyhinə yazıb. Səyyad müəllim danışardı, biz maraqla qulaq asıb gələcək həyat yolumuzu müəyyənləşdirərdik.

 

Səyyad müəllim İmişlinin mədəni həyatında həmişə mühüm rol oynayıb. Gənclərdə ədəbiyyata, jurnalistikaya böyük maraq oyadıb. Onun aydın, təsiredici nitqi, rabitəli danışıq tərzi, qarşısındakını inandırmaq ustalığı hamıya məlum idi təhsil, mədəniyyətlə bağlı yığıncaqlarda heç kəs Səyyad müəllimdən sonra çıxış etmək istəməzdi, çünki bu çox çətin idi. İndinin özündə belədir mən indi bu yazını da yazarkən onun səs tempi ilə yazıram.

 

Səyyad müəllimin mühakiməsi, müşahidə qabiliyyəti çox iti özü çox dəqiqdir. Təhlilləri qarşısındakını valeh edirdi, ən başlıcası, o, bizi özümüzə inandırdı.

 

80-cı illərdə Səyyad müəllimin hekayələri dövri mətbuatda, xüsusən "Azərbaycan", "Ulduz" junallarında, "Ədəbiyyat incəsənət" (indiki "Ədəbiyyat qəzeti") qəzetində çap olunurdu, kitabları çap edilirdi. Tanıdığımız adamın kitabını oxumaq ədəbi taleyimizə daha çox müsbət təsir göstərirdi. Səyyad müəllimin nəzəri şəkildə dediklərini əyani sürətdə kitabında tapırdıq çevrə qapanırdı bizim təsəvvürümüzdə tamlıq, bütövlük yaranırdı.

 

File:Seyyad Aran 2.jpg - Wikimedia Commons

 

Sonra Səyyad müəllim Bakıya köçdü. Biz darıxmağa başladıq. Günlərin bir günü Bakıya, onun yaşadığı, daha doğrusu, kirayə qaldığı evə getdim. Gərək ki, ev Sovetskidə idi. Tək qalırdı. Yoldaşı Zalikə müəllim hələ ki, rayonda idi.

 

Yenə evi kitablar bəzəmişdi, balaca rəf, səliqə ilə yığılmış qab -qacaq, evin bir küncündə kartof- soğan... Biz həmişə Səyyad müəllimin danışıqlarını eşitmişdik, amma birdən -birə kartof - soğanı görəndə "həyat bir daş kimi alnıma dəydi." Uşaq vaxtı bildiyimiz "müəllim çörək yemir" mifi birdən- birə gözümdə dağıldı. Hətta Səyyad müəllim, nəinki yeyə bilmək, hətta gözəl yemək bişirirmiş.

 

Səyyad müəllimin istedadı, saflığı, qabiliyyəti, dosta sadiqliyi onu yarı yolda qoymadı. Ölkə əhəmiyyətli məsələlərdə öz məntiqi ilə seçildi. Tale, zaman onu Naxçıvana - Heydər Əliyevin yanına gətirdi. Ulu Öndərimiz onun istedad fəaliyyətini yüksək qiymətləndirdi. Səyyad Aran Yeni Azərbaycan Partiyasının ideologiyasının formalaşmasında mühüm rol oynadı. Heç bir müxalifət lideri o vaxt Səyyad Aranla debata çıxa bilməzdi, şübhəsiz ki, həmin müxalifətçi lider uduzacaqdı.

 

O, əvvəllər Akademiyanın "Elm" qəzetində şöbə müdiri, sonralar Milli Məclisin üzvü, İstanbulda konsul işlədi. Hazırda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində sədrin birinci müavini vəzifəsində çalışmasına baxmayaraq, qələmi yerə qoymadı, roman, povest, hekayələr yazdı, kitabları çap olundu, ədəbi müzakirələrə qatıldı, Mövlud Süleymanlı yaradıcılığından elmi müdafiə etdi bu günlərdə "Azərbaycan" jurnalında "Baş daşı" romanı çap olundu. Roman ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı.

 

Səyyad Aran İmişli şəhərində mənimlə qonşu idi. O, 1992- ci ildə Bakı şəhərinə köçdü. Hər dəfə yanılırdım, onun qapısını döyürdüm, qapının kilidli olmağı ağlıma bəzən gəlmirdi. Bu şeiri o vaxt yazdım.

 

Bir axşam götürüb çamadanını,

Gedərsən, İmişli torpağı bilməz.

Hər dəfə gələrəm sizin qapıya,

Şəhərə köçməyin ağlıma gəlməz.

 

Mən bu şəhərdə tənhayam, təkəm,

Qırmanc kipriklərim gözümü döyər.

Döyə bilmədikcə sizin qapını,

Əllərim hər dəfə dizimi döyər.

 

Gör necə nəm çəkib sözlərin sənin,

Gedirsən, deməli, mən lalam, karam.

Tökülüb küçəyə izlərin sənin,

Ölərəm, izini ayaqlamaram.

 

Plaşın yaxası evdən isti,

Öpərsən, üzünü qoyarsan, öyrəş.

Əlini verməyə dost əli yoxsa,

Darıxsan, bax, özün özünlə görüş.

 

Gedirsən, atılıb birinci addım,

Dalınca özünü atar o biri.

Bax elə bilərsən, elə bilərsən,

Arxanca gələn var, di toxta, yeri.

 

Qonşusu köçənin ağırdı dərdi,

Təkliyim şəhərə hay- haray salıb.

Deyəsən o evdə yarımçıq vərəq,

Ya da gözü dolmuş qələmin qalıb.

 

 

Qəşəm NƏCƏFZADƏ

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 20 mart.- S.16.