"Qadın fotoqraflar həmişə çox az olub"

 

FOTOQRAF İQLİMƏ MƏMMƏDLİ: "BU SƏNƏTİN ƏSAS CƏHƏTİ GÖRDÜKLƏRİNİ ÖLÜMSÜZLƏŞDİRMƏ İSTƏYİDİR"

Sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan, diqqət çəkən maraqlı fotoların müəllifləri bu fotolara bəzən günlərlə vaxt sərf edir, baxdıqları hər mənzərədən bir gözəllik tapıb bizə təqdim etmək üçün min bir əziyyətə qatlaşırlar. Bu mənzərələri bir xanımın obyektivindən, həm daha zərif rakursdan izləmək mümkündür.

 

Budəfəki həmsöhbətimiz xanımdır - hər şeyə öz zərif prizmasından baxan İqlimə Məmmədlidir.

 

***

 

- Sosial şəbəkələrin imkanları kifayət qədər genişdir. Bəziləri bu imkanlardan öz biznesini inkişaf etdirmək üçün, bəziləri sosiallaşmaq üçün, bəziləri kamuflyaj kimi istifadə edir. Düşünürəm ki, sosial şəbəkələr hər kəsin ehtiyacını qarşılayacaq səviyyədədir.

 

- Gənclərimizin sosial mediadan istifadə tərzini necə qəbul edirsiniz?

 

- Sosial media ölkəmizdə öz gücünü tam göstərə bilmir. İstedadlı, savadlı, zövqlü gənclərimiz olduqca çoxdur. Ancaq bu platformaların gücündən düzgün istifadə edə bilməyən gənclərimiz daha çoxdur.

 

- Necə oldu ki, bu sahədə çalışmağa qərar verdiniz?

 

- Evimizdə qədimdən qalma bir fotoaparat var idi. O fotoaparatla fotolar çəkməyə başladım getdikcə marağımın artdığını hiss etdim. Sonralar özümə bir kamera aldım. Qısacası, həvəslə başlamış fəaliyyət bu gün mənim üçün bir həyat tərzinə çevrilib. Ali təhsilim yaradıcılıq sahəsindədir, musiqi təhsili almışam.

 

- Dünya bir fotoqrafın obyektivindən necə görünür, bizim adi gözlə görə bilmədiyimiz nələri görürsünüz?

 

- Elə insanlar var ki, baxır, lakin görmür. Bəziləri baxır da, görür , ancaq gördüklərini təsdiq etmir. Bəziləri isə sadəcə təsdiqlə kifayətlənir. Fotoqraf sənətini sadaladıqlarımdan fərqləndirən əsas cəhət bütün bunlardan sonra gördüklərini ölümsüzləşdirmə istəyidir.

 

- Bu günə qədər kadra aldığınız fotolardan hansı sizin üçün daha təsirli olub?

 

- Bu cür hallar çox olub. 2018-ci ildə çəkdiyim bir fotonun hekayəsini danışmaq istərdim. Küçədə oturmuş, qarşısında qəpik-quruşla dolu qutu olan bir adam diqqətimi çəkmişdi. Yaxınlaşıb portretini çəkmək üçün icazə istəmişdim. Ona pul verib-verməyəcəyimi soruşdu. Pul verib şəklini çəkdikdən sonra mənə, "Mənim pasportum da var, mən dilənçi deyiləm, bu pulları evsiz adamlar üçün yığıram" deyərək öz vəziyyətini izah etmək ehtiyacı duymuşdu. O vaxt bu dialoq məni çox düşündürdü.

 

 

- Bu gün bir çox fotoqraflar müxtəlif yarışlarda iştirak edirlər. Siz necə, fotolarınızla müsabiqələrdə iştirak edirsinizmi?

 

- İştirak etdiyim yarışlar olub, amma hələ ki beynəlxalq səviyyəli yarışlarda iştirak etməmişəm.

 

- Yəqin ki, maraqlı yerlərdə çəkilişləriniz çox olub. Bu zaman başınıza gələn ən yaddaqalan hadisələrdən birini danışardınız.

 

- İndi yadıma düşən bir hadisəni paylaşmaq istərdim. Bir xanım məndən fotosunu çəkməyimi istəmişdi. Çəkilişə özündən yaşca xeyli kiçik başqa bir xanımla gəldi. Aralarındakı istimehriban münasibət fotolardan çölə daşırdı. Çəkilişə başlamazdan öncə qızı kimi təqdim etdiyi xanımın əslində gəlini olduğunu anlayanda çox təəccüblənmişdim. Bu məşhur qayınana-gəlin münasibətlərinin əks nümunəsi olduğu üçün mənə çox xoş təsir bağışlamışdı.

 

- Sənətə gender məsələsini aid etmək düzgün deyil, ancaq fotoqrafiya sahəsində qadınlar azdır. Sizcə, bunun əsas səbəbi nədir?

 

- Əksər sahələrdə gender məsələsi aktual olduğu kimi, bu sahədə də aktualdır. Keçmişdən bu günə - həmişə qadın fotoqraflara çox az rast gəlinib. Digər tərəfdən, fotoqrafiyaya gəlir və ya tanınma məqsədi ilə baxılırsa, təbii ki, kişilərin bu sahədə daha öncül olması anlaşılandır. Ancaq neytral yanaşsaq, qadın və ya kişi olmasından asılı olmayaraq hər bir insanın iki gözü var.

 

- İqlimə xanım, siz əsasən küçədə bəyəndiyiniz fərqli görkəmli insanların fotolarını çəkirsiniz. İnsanın sizə fərqli gəlməsi üçün hansı keyfiyyətləri olmalıdır?

 

- Cizgiləri, həqiqi mimikaları, soyuqya mehriban baxışları ola bilər. Çox vaxt bu kimi nüanslar onları mənim gözümdə fərqləndirir. Amma bu o demək deyil ki, hər fərqli görünən adamı çəkmək istəyirəm. Bu, həm də enerji ilə bağlıdır.

 

- Ən böyük arzunuz nədir?

 

- Ən böyük arzum film çəkməkdir.

 

- Gələcəklə bağlı hansı planlarınız var?

 

- Görmək istədiyim çox yer, tanımadığım çox insan var. Sənətimlə bağlı çox şey öyrənib yaddaqalan işlər görmək istəyirəm, gələcəkdə işlərimdən ibarət kitab nəşr etdirməyi planlaşdırıram.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2021.- 17 mart.- S.21.