Yalquzaq olmalısan

 

V məqalə

 

Öləndə yıxılar

 

Mayın sonlarıdır. Gözəl hava var. Tənəffüsdür. Hamı məktəbin həyətində. Qarşıda, ətəyi lap başda kəndin qurtaracağına dirənən meşənin böyük talasında bir neçə qoyun-quzu otlayır. Budur, meşədən açıq-sarımtıl-bozumtul rəngdə iri bir yalquzaq çıxır. Hiss olunur ki, ovun yaxşısını müəyyən etdikdən sonra hücuma keçib. Şığıyaraq qoyunların ən kök və irisinin boğzından tutub qaldırır, başı üstə fırlayıb tappıltı ilə yerə çırpır. Sonra möhkəm çənəsi ilə yapışıb arxasına ataraq meşəyə doğru yoxuşu sürətlə qalxmağa başlayır. Kənddən camaat, məktəbdən müəllimlər, uşaqlar fitə basırlar, qışqırır, səsləyirlər. Yalquzağın isə vecinə deyil, yemindən əl çəkmək fikri yoxdur. Üzüyuxarı qalın kolluqların arasından sürətlə keçərək meşəyə girir. Vəssalam. Daha bundan sonra ona kim çatar? Kim cürət edib onun yemini əlindən ala bilər?!

 

Adi canavar görmüşdüm, yalquzaq isə görməmişdim. Canavarlar itə bənzər, rəngləri yalquzaqdan fərqli və bir neçə fərddən ibarət dəstə halında yaşayırlar. Bu isə əsl yalquzaq, qurd oğlu qurd idi. O, cüssəli və güclüdür, ayaq üstə tək dayanmağı bacarır. Bir sürünün görə biləcəyi işi təkbaşına edir. Zəhmli və azaddır, əyilməzdir. Cəsarətli, sərt və qorxmazdır! Onu yaşadan budur- çox böyük cəsarət, azadlıq yanğısı, mənəvi və fizioloji güc! Olar ki, büdrəyər, amma yıxılmaz. Bir dəfə yıxılar: öləndə!..

 

Biz toplu halında yaşamağı, tünlüyü sevirik. Elə zaman gəlir ki, yalquzaq olmaq istəyirsən. Üzünü dağlara, ya da çöllüyə tutub qaçmaq, dünyadan getmək istəyirsən. Səni yoran, sənə aid olmayan, uyğun gəlməyən, fiziki və mənəvi yükünü sənə yükləyən, iyrənclikləri ilə gözündən düşənlərdən, bir zamanlar bütün qəlbinlə sevdiklərinin kürəyinə sapladığı xəncər yarasından qurtulmaq istəyirsən. İçindəki canavarı oyadırlar və yalquzaq həyatın başlayır. Bir vaxtlar çox qorxduğun bu həyatın əslində, elə son ilmələri vurulan xalı kimi sənə toxunduğu ilə barışırsan. Zaman keçdikcə alışırsan. Gözlərin iyrənc dünyaya açılır, təcrübən artdıqca gücün də artır.

 

...Bir an sonranı biləmməzsən. Olacaqları bilsən belə, qarşı dura bilməzsən. Ziyarat dağındakı qalanı tikdirən zavallı ata kimi. Yeganə oğlunu böyüyəndə ilan vurub öldürəcəyini öncəgörənlərdən öyrənən ata naəlac qalır, gedib Ziyaratın zirvəsinə yaxın soyuq, buzlaq bir yerdə qalaça tikdirir. Oğlunu orada saxlayır. Düşünür ki, soyuq yerdə ilan olmaz, övladı sağ qalar. Arandan atla gənc oğlana ərzaq daşıyıb gətirirlər. Bağdan üzüm yığarkən səbəti yerə qoyurlar. Zəhərli ilan səbətin içinə girir, qalaçaya gətirilən səbətdən çıxıb sürünərək oğlanın otağında yan-yana salınmış iki xalçanın arasına girir. Xalının üstündə mütəkkələrə söykənib üzüm yeyən bəy oğlu əlindən düşən gilələri xəncərin ucu ilə batırıb ağzına qoyur. Bir iri giləni xəncərlə götürmək istəyəndə gilə hər cəhddə sürüşüb o tərəf-bu tərəfə diyirlənir. Bəy oğlu hirslənir. Xəncəri var gücü ilə giləyə sancır. Xəncər xalçanın altında ilanı yaralayır qəzəblənmiş gürzə çıxıb oğlanı çalır. Ziyaratdakı o qalaça haqda rəvayətin nə dərəcədə doğru, əsaslı olduğunu bilmirəm, amma rəvayət tale yazısı haqda yaxşı misaldır.

 

Qarabağın alınmağı da sanki bizim faciəli milli-tarixi taleyimiz, qanla yazılmış, ağrılı alın yazımız idi. 80-ci illərin sonundan dədə-baba torpaqlarından zülmlə çıxarılan Qərbi azərbaycanlılar sərhəd zonaya yaxın bölgələrdən Laçına pənah gətirdilər. Onların nə işgəncə və qətllərə məruz qaldıqları, bir çox faktlar üstü açılmadan eləcə gizli qaldı. Yollarda donub qalanlar da həmçinin. Laçın Dağlıq Qarabağla Gorus arasında iki tərəfdən ermənilərlə qonşu idi. Neçə il düşmən vertolyotları başımız üzərindən keçib Xankəndiyə getdi. Ermənilər qonşu Qaladərəsi kəndindən yuxarıda yala çıxıb bizim kəndə avtomatla atəş açır, camaatı qorxu içində saxlayırdılar. Meşəyə gedənlər oralarda "saqqallıların" dolaşdığını deyir, ehtiyatlı olmağa çağırırdılar. Bu ağrılar, körpə övladlarımın həlak olma qorxusu neçə il ürəyimi yedi. Həmin illərdə camaatda silah da qoymadılar. Çox adamdan yığdılar. Bizi düşmənlə üz-üzə əliyalın qoydular. Tüfənglər (gizlində avtomatı olanlar da vardı) yalnız ucqarlarda, gizlədib saxlamağı bacaranlarda qaldı. Silah ağlı başında olan əsl igidin yarağı, dostudur.

 

"Asabyaxın" (osoaviaxim) deyilən tüfəngimizi sevirdim. Kəndə yenicə getdiyim vaxtlar idi. Yoldaşım çarpayının altından iki ədəd döşəmə taxtasını qaldırıb altından yağlı keçəyə bükülmüş xeyli silah-sursat çıxardı. Asabyaxın tüfəngi, üç patron götürdü. Patronun ikisini mənə verdi, birini özünə saxladı. İkinci mərtəbənin dəhlizinə çıxıb qarşı tərəfdə ucalan tut ağacının nazik barmağını göstərərək:

 

- Nişan alanda birinci prisseli düzəlt, sonra tətiyi çək. İlk mən atacam. Gör necə olur, - deyib nişan alaraq atdı. Tutun budağı tərpənməz qaldı. Özümdə olan patronun birini verdim, istəmədi.

 

- Növbə sənindir, - deyib silahı mənə uzatdı.

 

Heç vaxt silahdan atəş açmamışdım. Orta məktəbdə hərbi dərslərdə "Kalaşnikov"u açıb yığmaqda mahir idim. Amma tüfənglə ilk dəfə idi, nişan alırdım. Gözümü qıyıb tətiyi çəkdim. Nazik budaq titrədi, bir an sonra yavaş-yavaş aşağı əyildi. İlk atəş və uğur.

 

Payıza yaxın aşağılarda hamının tutu sovulanda bizim tut yetişərdi. Hər səhər meşənin quşları tut yemək üçün yolağanın ağzındakı ağaca doluşar, hay-küy qaldırardılar. Payıza döndüyü zaman quşların yeməli vaxtı olur. Çünki artıq balalarını böyüdüb uçurmuş kökəlmiş olurlar. Tüfənglə onları nişan almaq mənə çətin olmurdu. Tut sovulana qədər hər günorta quş ətimiz vardı. Mən nə vaxtsa əlimə tüfəng alıb hansısa canlını həyatdan məhrum edəcəyimi ağlıma da gətirməmişdim. O insan ayağı dəyməyən meşələrdə yol gedərkən Gülxarın, Habilin qəfildən hardansa, uzaqdan ucalan, meşələrdə əks-səda verən segahını, muğamını dinləyəndə gözündən yaş süzülən birinin əlinə tüfəng verən, dünya!

 

Belə ilkin payız günlərinin birində bulağa gedərkən yolağaya bir "Villis"in yaxınlaşdığını gördüm. Maşından dörd oğlan və bir qız düşdü. Görünüşündən çox gözəl olan qız düşən kimi diz üstə çöküb mədəsini qucaqladı. Gələnlər qaynımı soruşdular. Məlum oldu ki, qaynımın aran rayonlarının birində yaşayan tanışının oğlu bu qızı sevirmiş. Qız razılıq vermədiyi üçün dostları ilə birləşib, zorla qaçırıblar. Axşam hamı gələndən sonra evdə söhbət əsnasında qız hamımıza yalvardı, ağladı ki, məni evimizə aparın, başqası ilə deyikliyəm. Bu uşaqlardan şikayət etməyəcəm. Səhəri gün evin adamları işə getdilər və dedilər ki, qayıdanda baxarıq. Bir az keçmiş heç xoşum gəlməyən, qızın əlinə su tökməyə də yaramayan oğlan dostları ilə həyətdə pıçıldaşmağa başladı və qız bizdə qaldığından evə yaxınlaşıb altdan yuxarı ikinci mərtəbəyə:

 

- Qızı verin, biz gedirik. Daha burda qalmırıq, - dedi.

 

Qorxudan titrəyən qız ağlayıb yalvardı ki, qoymayın, məni aparsınlar. Cinayətkarların baxışları, hərəkətləri xoşuma gəlmədi. Tüfəngi götürüb pilləkənin ağzını kəsdirdim: "Yaxınlaşanı vuracam", - dedim. Gözləmirdilər bunu. Günorta yoldaşım maşınla gəldi və qızı öz rayonlarına apardı.

 

Laçında hər il yazda aran rayonlarından gələn köçün ağzı açılır, maşınla yolu keçmək olmurdu. Bütün dağ, dərə-təpə - hər yer yorğun ayaqlarını sürüyən, başıaşağı yol yortan qoyun-quzu sürüləri ilə örtülərdi. Bu sürüləri həməyir tərəkəmə itləri müşayiət edər, ancaq onların gözündən yayınıb sürüyə "əl gəzdirən"lər də çox olurdu. Qapılarda zincirsiz saxlanan ağıldan zay itlər bəzən bu sürülərdəki həmcinslərinə qoşulub evi tərk edərdi. Açıq saxlanan itimiz bir ili yazda yox oldu. "Qapı itsiz olmaz", - deyib Qışlaq kəndindən birini gətirdilər. Çox çətinliklə zincirə vurdular. Yoldaşım yalnız bazar günləri evə gələrdi. Səhəri gün o, çıxıb getdi. İt boynundakı qayışı bir tərəfdə ucu yuxarı yerə basdırılan dəmirə ilişdirib başından çıxardı. Çıxan kimi də cumub həyətdəki toyuqların ikisini parçaladı. Hamı qorxudan qaçıb evə doluşdu. Çünki həyət adamını tanımayan pələng kimi it təhlükəli idi. Qaldıq məəttəl ki, neyləyək? Ayrı əlac yox idi. Tüfəngi götürüb qalın ətindən nişan aldım ki, sümüyü zədələnməsin. Zingildəyib meşəyə qaçdı. Dedik, daha qapıya gəlməz. Sonra baxarıq neyləyərik. Səhəri günü gördüm, gəlib düz qapının ağzında yatıb. Qonşu, bir həyətdə yaşayan qaynım arvadı və uşaqları, qaynanam - hərəsi bir tərəfdən deyinməyə, hay-küy salmağa başladılar ki, evdə dustaq qalmalı deyilik ki. Daha düşünməyə, çıxış yolu axtarmağa yer qalmamışdı. Tüfənglə alnından nişan alıb atdım. Əlimi qaldırıb Allaha:

 

- Məni çıxılmaz vəziyyətdə qoyursan, günah yazma barı, - dedim. Bunu xatırlayanda içimi qarışıq hisslər bürüyür. Bilirdim, it sadiq heyvandır. Mənə isə beləsi rast gəlmişdi.

 

Bir ilisə yazda həyətə dadanan qızılquş imriklənmiş çolpalarımı bir-bir aparmağa başladı. Bilirdim nə vaxt gəlir. Tüfəngi götürüb güdməyə başladım. Məni görəndə şığıyıb zoğal ağacının sıx yarpaqları arasında gizləndi. Astaca yaxınlaşdım. Onunla üz-üzə gəldim. Düz gözümün içinə baxır və sərvaxt bir görkəm almışdı. Qızılquşu lap yaxından görmək hər adama nəsib olmur. İlk dəfə idi, bu cür yaxınlıqdan belə qəzəbli, iti və yırtıcı baxışlarla rastlaşırdım. Onu vurmağa fürsət tapmazdım. Fürsət tapsam da, belə cəsarətli birini vurmağa əlim qalxmazdı. Bu quş haqda eşitdiyim bir rəvayətdən sonra ona xüsusi rəğbətim vardı:

 

"Qarğa ilə qızılquş rastlaşır. Qızılquş soruşur:

 

- Neçə il yaşayırsan?

 

Qarğa fəxrlə: "Üç yüz il yaşayıram", - deyir. Sonra qızılquşdan: "Sən neçə il yaşayırsan?" - deyə soruşur. Qızılquş:

 

- Otuz il yaşayırıq, - deyir.

 

Bu vaxt kolun dibindən bir sərçə uçur. Onu ovlamaq üçün şığıyan şahin qaratikan kolunun altına girən sərçənin ardınca tikanlara pərçim olub qalır. Qarğa yaxınlaşıb:

 

- Qardaş, səndə ki bu hirs-hikkə var ha, sənə otuz il də çoxdur, - deyir.

 

Parçalanmış bədənindən qanı tikanların arsı ilə süzən, can üstə olan qızılquş:

 

- Qürrələnmə. Sənin kimi leş yeyib üç yüz il yaşamaqdansa, mənim kimi otuz il isti qan içib yaşamaq daha şərəflidir, - cavabını verir..."

 

... Şahinin gözünün içinə baxıb astaca pıçıldadım:

 

- Çıx get, bu həyətə yaxın gəlmə. Ziyan vermə. Burdan get.

 

Qışacan möhlət verdi. Qışda qarı süpürüb açılmış yerdə toyuqlara dən səpmişdim. Dumanlı bir gün idi. Düz yanımda dənlənən çolpaların birini çalan quşu havaya qalxanda gördüm. Cücələrinin sayı yazda da, payızda da eyni olan, yəni birini də zavala verməyən iri bir qara toyuğum vardı. Atılıb havadaca quşu qamarladı. Tüklərini yolub didişdirdi. Qızılquş çolpanı buraxıb qaçdı.

 

Qışlaqlı Təvəkkül dayı bir dəfə quşlarla bağlı maraqlı bir xatirə danışmışdı. Yaylaqda imişlər. Toyuqlarının yanında on-on beş cücəsi hərlənirmiş. Anası bərk-bərk tapşırır ki, heç yana getmə, bunlara göz ol. Yoldaşları ilə oynamaq istəyən uşaq düşünür ki, quş ancaq cücəni aparır, toyuğa dəyməz. Ona görə bütün cücələri iplə bir-birinə, ipin də bir ucunu toyuğun ayağına bağlayır. Arxayın olub qaçır oynamağa. Bir vaxt baxır ki, iri bir quş toyuğu caynağına alıb başı üzərindən keçir. Cücələr də bir-birinə bağlı toyuğun ayağından asılı civildəşirlər.

 

Tüfənglə bağlı xatirələrim gör bir haralara calandı. Bir yumorlu xatirəni də deyim ki, xoruzlar bir toyuğu incitməyə, başqa adamın onlara "kiş" deməsinə razı olmaz, sinəsini qabağa verib qoqquldaya-qoqquldaya iti caynaqlarını işə salardılar. Qonşu gəlin buna həsəd aparar: "Kaş bəzi kişilər də elə bu xoruzlar kimi ailə qədri bilən, təəssübkeş olaydılar", - deyirdi.

 

Həyatın müxtəlif dönəmlərində qarşıya çıxan çətinlikləri dəf etməkdə qazandığın təcrübələr və şəxsi keyfiyyətlərin karına gəlir. Hər ikisinin üzərinə cəsarət və istedadı gəldikdə nəticə yaxşı alına bilər. Məktəblərin açılmasına az qalıb. Geyinməyə isə fərli bir paltarın yoxdur. Şəhərə gedə bilmirsənsə, pulun var, amma istədiyini ala bilmirsənsə, o zaman sadaladıqlarım köməyə gəlir. Bu dəfəki kimi. Axşam "Küləklə sovrulanlar" filminə baxdıqdan sonra:

 

- Ah, Skarlet, yamanca qızsan. İdeya verdin, - dedim. Səhəri gün döşəküzü üçün aldığım atlaz parçanı qarşıma qoyub kostyum biçdim. Bir neçə günə artıq hazır idi. Əla alınmışdı. Paltarın döşək üzü üçün alınan parçadan tikildiyini bilənlər çox təəccüblənir, həsədlə baxırdılar.

 

Silaha və at çapmağa maraq və həvəsim uşaq vaxtlarımdan vardı. Yadıma gəlir, ikinci, ya üçüncü sinifdə oxuyardım. Məhləmizə metal qırıntısı yığan yaşlı bir kişi gələrdi. Atını elektrik şalbanına bağlayıb ev-ev gəzər, aldıqlarını xurcuna yığardı. Kişinin başı qarışan kimi yüyəni açıb ayağımı şalbana söykədim və yəhərə qalxdım. Fağır və sakit görünən at elə bil buna bəndmiş. Fınxırıb meydançada dingildəməyə, o tərəf-bu tərəfə qaçmağa başladı. Mən də bərk qışqırıram. Yiyəsi gəlib atı sakitləşdirdi, məni yerə düşürdü. Zəhrim yarıldı ki, anam bilsə, vayımı verəcək.

 

Biz tərəfdə mənzilin bütün otaqlarının qapısının açıldığı otağa "qəfxana" deyirdilər. Yəni hamının birlikdə əyləşdiyi, çay içdiyi otaq. Bu, "qəhvəxana" sözünün təhrif olunmuş variantı idi. Naxçıvanda qəhvə içilmirdi. Bizimlə həmsərhəd olan Türkiyədə qəhvə içilib. Sərhədlər bağlanandan sonra söz bizdə qalıb, qəhvə isə Türkiyədə. Çayxanaya da o vaxtı "qəfə" deyirdilər. Ailənin başçısını soruşanda evin xanımı:

 

- Kişi qəfəyə gedib, - deyirdi. Yəni çayxanaya.

 

Qəfxana otağımızın tünd-göy rənglənmiş qapısı yumşaq şam ağacından idi. O qapıya hər gün qardaşlarımla bıçaq atır, bıçaq batıb qalanda şanslı, qalib hesab olunurduq. Qapıda dəlik-deşik olmamış bir qarış yer qalmamışdı. Anam acıqlanar, atam dinməzdi. Anam evdən çıxan kimi yenə hər şey təkrarlanardı. Biz böyüyəndən sonra atam o qapını dəyişdi. Ən çox oynadığımız oyunlardan biri də qılınclaşmaq idi. Qazan qapağı qalxanımız, kabab şişi isə qılıncımız olurdu. Bir dəfə balaca qardaşımla "qılınclaşan" zaman "xəncərin" ucunu taqqıltı ilə arıq sinəmə batırdığı yadımda. Qorxumdan anamdan gizlədim yaralanmağımı. Bir müddət sonra isə o oyundan əl çəkdim.

 

Bəzilərinə adi görünən xatirələr başqalarının yaddaşında çox dərin izlər açan unudulmaz nostaljiyə çevrilir. Bunları yazmadan ötüşə bilmirsən. Uzaq yolda ayaqqabının içinə düşmüş xırda daş qırıntısı ayağı necə incidir və ondan qurtarmaq istəyirsənsə, bu xatirələrdən də yazmaqla canını qurtarmaq istəyirsən. Yalnız Laçınla bağlı olanları yazmaq məqsədilə çıxdığım yol min yerə haçalanır. Bunlar bir tablonun müxtəlif rəngləri, bir romanın fəsilləri kimidir .

 

"Yalquzaq olmalısan"ı yazmağa başlayanda necə və harada bitirəcəyimi düşünməmişdim. Yazdıqca çözələnir. Yaddaş üçün yazdığım qeydlər azalmaq əvəzinə, daha da çoxalır, üzərinə yeniləri gəlir. Biz yaşadıqlarımızın adamıyıq. Yaşatdıranlara bəzən lənət oxuyur, bəzən minnətdarlıqla yad edirik. Hamınıza xatirələrinə görə minnətdarlıq edəcəyiniz insanlarla qarşılaşmağı arzulayıram, əziz oxucular.

 

 

 

HƏCƏR

 

525-ci qəzet.- 2021.- 17 mart.- S.18;24