"Ermənilərin Qərbi Azərbaycanda
aldıqları mülklərin "kupça"sı bizdədir"
Milli Məclisin
deputatı, AMEA Folklor İnstitutunun Dədə Qorqud
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan
Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan
İcmasının sədri Əziz Ələkbərlinin
indiki Ermənistan ərazisində qalan əzəli
torpaqlarımızın tarixi və oradakı Azərbaycan-türk
abidələrinin taleyi barədə çox maraqlı
açıqlamalarla zəngin müsahibəsini
oxucularımıza təqdim edirik.
- Əziz müəllim, ərazilərimiz işğaldan
azad edildikdən sonra məlum oldu ki, Qarabağdakı tarixi-mədəni
abidələrimizin böyük əksəriyyəti ermənilər
tərəfindən məhv edilib. Qərbi Azərbaycanda - indiki Ermənistan
ərazisindəki tarixi-mədəni abidələrimizin
mövcud vəziyyəti haqqında əlimizdə hansı məlumatlar
var? Onların durumu nə yerdədir?
- Əvvəl ondan başlayaq ki, Qərbi Azərbaycan
dediyimiz indiki Ermənistan ərazisi son qarışına qədər
tarixi Azərbaycan torpaqlarıdır və bu ərazidəki
maddi-mənəvi mədəniyyət nümunələrinin
hamısı xalqımıza məxsusdur. Təəssüf
ki, ermənilər bu ərazilərə
köçürüldükcə zaman-zaman tarixi abidələrimizin
bir hissəsini erməniləşdirib, erməniləşdirə
bilmədiklərini isə yer üzündən siliblər.
Onların erməniləşdirdikləri abidələrin
daha çoxu türk-xristian abidələridir.
Qərbi
Azərbaycan ərazisindəki abidələri bir neçə
qrupa bölmək olar: xristianlığa qədərki abidələr,
xristianlıq dövrü abidələri və müsəlman
abidələri. Qərbi Azərbaycan ərazisi
təkcə Oğuz türklərinin yox, Qıpçaq
türklərinin də ərazisi olduğu üçün o ərazidəki
Qıpçaq türklərinə məxsus abidələrin
böyük əksəriyyəti xristian abidələridir.
Ermənilərin bu ərazilərə missioner
kimi ilk gəlişi XV əsrin ortalarına, kütləvi
şəkildə köçürülmələri isə
XIX əsrin birinci yarısına, yəni Türkmənçay
müqaviləsindən sonrakı dövrə aiddir. Erməni
dini kafedrası 1443-cü ildə Üçkilsəyə,
indiki Eçmiədzin dediyimiz yerə
köçürüldükdən sonra Eçmiədzinin əlilə
bizim "müsəlman təəssübkeşliyi" ilə
imtina elədiyimiz həmin xristian abidələrinin erməniləşdirilməsinə
başlanılıb. Bu proses təkcə İrəvanda deyil,
eyni zamanda, mahallarımızda - Zəngəzurda, Dərələyəzdə,
Göyçədə və başqa mahallarda həyata
keçirilib. Qərbi Azərbaycandakı
xristian abidələrinin böyük əksəriyyəti
Qıpçaq abidələri idi ki, onlar da erməniləşdirilib
və bu gün dünya ictimaiyyətinə erməni-qriqoryan
kilsəsi kimi təqdim olunmaqdadır.
- Siz Qıpçaq kilsələri dedikdə alban məbədlərini
nəzərdə tutursunuz?
- Xeyr. Cənubi
Qafqaz, ümumiyyətlə, iki böyük türk
qövmünün vətəni olub. Bunlardan biri
Oğuz, ikincisi Qıpçaq türkləridir. Qıpçaq türkləri tariximizə daha
çox ərmənlər kimi daxil olublar. Dinləri xristianlıq olduğu üçün
onlardan qalan məbədlər xristian məbədləridir.
Albanlar isə daha çox oğuz türkləridir, hər iki
türk tayfasının böyük hissəsi İslamı qəbul
edərək Azərbaycan xalqının etnogenezində
iştirak edib, xristianlıqlarını saxlayanlar isə tədricən
erməniləşiblər və bu proses 19-cu əsrin
ortalarında başa çatıb. "Kitabı-Dədə
Qorqud" dastanı həmin dövrü özündə əks
etdirən möhtəşəm mənbədir. Həmin dastanda Qərbi Azərbaycan ərazisinin
oğuzlaşdırılması - müsəlmanlaşdırılması
prosesindən bəhs edilir. Fikir versəniz,
"Kitabi-Dədə Qorqud"da oğuz türkləri ilə
Qıpçaq türkləri arasındakı mübarizə təsvir
edilir. Hardasa XII-XIII əsrlərdə
İslamı qəbul eləmiş oğuzlar tərəfindən
kafir kimi bilinən Qıpçaq türkləri
sıxışdırılaraq çıxarıldı.
Onların bir hissəsi İslam dinini qəbul edərək Azərbaycan
xalqının etnogenezində iştirak etsə də, digər
hissəsi Şimalı Qafqaza daşınaraq bu gün erməni
əlifbası adlanan əlifbanı da özləri ilə
apardılar və Oğuz türkləri olan Xəzər
xaqanlığını devirib, yerində Qıpçaq
xaqanlığını yaratdılar.
- Sizin
sözünüzdən belə çıxır ki, Eçmiədzin
monastırı da qıpçaqlarla bağlıdır?
-
Ümumiyyətlə, XV əsrdən əvvəl Cənubi
Qafqazda erməni faktoru deyilən şey olmayıb. İndiki Eçmiədzin ərazisinin 1/3-ini və
bir neçə ətraf kəndi 1431-ci ildə İranın
Maku şəhərindən olan erməni Qriqor Makulu 540 min
dinar Təbriz gümüş puluna alıb.
- Kimlərdən
alıb?
-
Qaraqoyunlu hakimi Cahanşahın vaxtında Əmir Rüstəmdən
alıb. 1441-ci ildə isə qalan hissə
alınıb və 1443-cü ildə erməni dini kafedrası
indiki Türkiyənin Aralıq dənizi sahillərindəki
Sis şəhərindən bura köçürülüb.
Bundan sonra bütün Cənubi Qafqazın erməniləşdirilməsi
də Eçmiədzin kilsəsi tərəfindən
aparılıb. Əgər Eçmiədzinin
ermənilər tərəfindən alınmasının dəqiq
tarixi məlumdursa və onun "kupça"ları bizim əlimizdədirsə,
onda bu tarixdən əvvəl hansı erməni faktorundan
danışmaq olar?
- Amma həmin
vaxta qədər orada kilsə olub və fəaliyyət
göstərib, elədir?
- Elədir,
olub, amma türk-qıpçaq kilsəsi olub. Eçmiədzinlə
bağlı bir faktı deyim. Əslinə
qalanda qriqoryanlığın banisi Maarifçi Qriqori
özü türkmən mənşəlidir, türkmən
Anakın oğludur. Söhbət ondan gedir
ki, Cənubi Qafqazdakı xristianlıq türk
xristianlığıdır. Sonradan ermənilər
bunu erməniləşdiriblər.
- Ermənistan
ərazisində olan abidələrimiz, onların nə qədərinin
dağıdılması, nə qədərinin qalması, nə
qədərinin saxtalaşdırılması ilə
bağlı əlimizdə dəqiq statistika varmı?
-
Bilirsiniz, Sovet dövründə həmin ərazini tədqiq
eləmək mümkün deyildi. Başqa
respublikanın ərazisi olduğuna görə bizim alimlərim
tədqiqat aparmaq üçün o qədər də
geniş imkanı yox idi. Ermənilər isə
həmin ərazidəki abidələri həqiqətə
uyğun şəkildə öyrənməyə meyilli
deyildilər. Bu gün Qərbi Azərbaycan
haqqında əlimizdə olan faktların çoxu vaxtilə
orada yaşayan azərbaycanlıların
qoruyub-saxladıqları məlumatlardır. Ondan başqa o ərazilərin əhalisi tamamilə
islamlaşandan sonra biz orada daha çox İslam mədəniyyətini
qorumağa çalışmışıq. Ermənilər də bundan çox ustalıqla
istifadə ediblər. Yəni biz əcdadlarımıza
məxsus xristian abidələrindən imtina etdikcə ermənilər
çox asanlıqla onlara sahib durublar.
- Deməli,
əlimizdə dəqiq statistika yoxdur?
- Dəqiq
statistikanı yalnız müsəlman abidələri ilə
bağlı demək olar. Təkcə 1988-ci ildə
Qərbi Azərbaycanda 300-ə yaxın kəndimiz deportasiyaya
məruz qaldı. Bu kəndlərdə
400-ə yaxın məscidimiz və 600-ə yaxın qəbiristanlığımız
vardı. Bu, dəqiq statistikadır. Amma oradakı xristian abidələri ilə
bağlı, təbii ki, dəqiq statistika aparılmayıb.
Amma aparılması mümkündür. Çünki 1988-ci ildə o ərazidən
qovulmuş insanlarımızın bir hissəsi
dünyasını dəyişsə də, orta nəsil hələ
həyatdadır və orta nəslin əlilə bu işləri
görmək mümkündür. Elə
buna görə də biz Azərbaycan Qaçqınlar Cəmiyyətinin
nəzdində Qərbi Azərbaycan İcması
yaratmışıq. Əsas məqsədimiz
qoyub gəldiyimiz maddi-mənəvi mədəniyyət abidələrinin
statistikasını aparmaqdır. Artıq Qərbi Azərbaycandakı
yüzə yaxın kəndin ailə və nəfər
sayı ilə statistikasını
yekunlaşdırmışıq və bu proses davam edir. Eyni zamanda, həmin kəndlərin ərazisindəki
toponimlərin, abidələrin statistikasını
çıxarmağa çalışırıq. Bu gün bizim nəsil bunu eləməsə, 10-20 ildən
sonra yeni nəsil edə bilməyəcək. Çünki tarix təkcə yazılı mənbələrdə
deyil, həm də şifahi yaddaşdadır.
- Əgər dövrlərə bölsək, ermənilərin
bu mənimsəmə, dağıtma, saxtalaşdırma siyasəti
hansı mərhələlərdə həyata keçirilib?
- Mən
sizə faktla deyim. Erməni kilsəsi Eçmiədzinə
köçürüləndən sonra 1443-cü ildən
1900-cü ilə qədər ermənilərin Eçmiədzin
vasitəsilə Qərbi Azərbaycan ərazisində
aldıqları bütün mülklərin rəsmi
"kupça"si bizim əlimizdədir.
- Bizim deyəndə
kimin?
- Şəxsən məndə var. Bu sənədlər birmənalı şəkildə sübut edir ki, ermənilər tərəfindən Azərbaycan torpaqlarının mənimsənilməsi onların Eçmiədzinə gəlişindən sonraya aiddir. Onların Qərbi Azərbaycan ərazisindəki türk-xristian abidələrini mənimsəməsi isə daha çox XVI-XVII əsrlərdən başlayıb. Zəngəzurdakı Tatev monastırının mənimsənilməsi də o dövrdən başlayıb, amma monastırın adına baxın - "Tat-ev". "Dədə Qorqud"da da bir "Tat əri banladı" ifadəsi var. Başqa bir faktı da deyim. Göyçə gölünün ortasında bir Sevan kilsəsi var, əslində, onun adı bütün mənbələrdə Sivəng məbədi kimi gedir. XVI əsrdə Eçmiədzin kilsəsi tərəfindən bu məbəddə "bərpa" işləri aparılıb. Təmirdən sonra erməni katolikosunun açılışa gəlişi münasibətilə kilsədə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan bütün arxiv, kitabxana və materiallar, o cümlədən, Mesrop Maştotsun arxivi gölə tökülərək məhv edilib. Bu barədə erməni mənbələri özü yazır. Sual olunur, XVI əsrdə qriqoryanlaşdırılan Sivəng məbədində hansı arxiv materialları vardı ki, onlar "erməni xalqına və erməni kilsəsinə" ziyanlı idi, həm də o qədər "ziyanlı" idi ki, ermənilər onları Göyçə gölünə töküb məhv ediblər? Görünür, orada erməni əlifbasının yaradıcısı hesab olunan Mesrop Maştotsla bağlı çox tutarlı faktlar olub, həm də o kilsənin türk kilsəsi olması ilə bağlı kifayət qədər material varmış. Bu cür çox fakt göstərmək olar. Eyni zamanda, Zəngəzurda, Dərələyəz ərazilərindəki xristian abidələri barədə də çoxlu fakt gətirmək olar. Birini də xatırladım. Dərələyəz mahalının Ərgəz kəndində eyni adlı məbəd var. Bütün mənbələrdə o məbədin adı Arkazan, yəni Ərqazan kimi yazılır. Mənim üçün çox maraqlı idi ki, bu günə qədər hətta erməni mənbələrində adını Ərqazan kimi qoruyan bu məbəddəki kitabələr nədən danışır? Araşdırma nəticəsində məlum oldu ki, burda Qazanın yox, Vasakın, arvadı Qutlu Xatunun, oğlu Uroşun və nəvəsi Canbuğanın qəbri var. Yadınıza salım ki, "Dədə Qorqud"da da Qazanın oğlunun adı Uruzdur, yəni Uros//Uroş. Məni çox düşündürürdü ki, niyə monastır Qazanın adınadır, amma oradakı qəbirlər Vasakın və onun ailəsinindir. Erməni mənbələrini araşdıran zaman məlum oldu ki, Vasakın əsl adı Qazan olub. Deməli, xristianlıqda belə bir ənənə var ki, hökmdarlar həm dünyəvi, həm də dini hakim sayıldıqları üçün onlara dini adlar verilirdi. Məlum oldu ki, Vasak Qazanın qəbul elədiyi dini ad olub, yəni alban-xristian ənənəsinə uyğun olaraq Qazan özünə Vasak, yəni Vağsak - Böyük Sak titulu götürüb.
- Əziz müəllim, İrəvanda hansı məscidlər olub, onlardan nə qədəri dövrümüzə qədər gəlib çıxıb?
- 1827-ci il oktyabrın 1-də İrəvan qalası Rusiya qoşunları tərəfindən işğal ediləndən sonra İrəvan şəhərində qeydiyyata alınmış 12 məscid olub. Onların dördü dağıdılmış, səkkizi isə fəaliyyətdə olan məscid idi. Həmin səkkiz məsciddən Rəcəp Paşa məscidi 1828-ci ildə dərhal rus-pravoslav kilsəsinə çevrildi. 1988-ci ilə qədər İrəvandakı bu məscidlərdən ikisi dururdu: Göy məscid və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidini ermənilər 1988-ci ildə yandırdılar. Bu gün İrəvanda cəmi bir məscid qalır - Göy məscid. Hüseynəli xan tərəfindən XVIII əsrin ikinci yarısında tikilmiş bu məscid İran mütəxəssisləri tərəfindən bərpa edilib, hazırda dünya ictimaiyyətinə fars məscidi kimi təqdim olunur.
- Ermənistanda indi Göy məsciddən başqa hansı məscidlər qalır?
- Göy məsciddən başqa heç biri. Onların hamısını ermənilər yer üzündən siliblər. Dediyim kimi, Qərbi Azərbaycanda 400-ə yaxın məscid vardı. Mənim özümün yaşadığım Vedi rayonunun Qaralar kəndində 2 məscid vardı. Biri köhnə, digəri fəaliyyətdə olan yeni məscid idi. 1988-ci ilə qədər Qərbi Azərbaycanın hansı kəndlərində azərbaycanlılar yaşayıbsa, o kəndlərin hamısının məscidi olub, hətta Sovet dövründə fəaliyyət göstərib. Hər kəndin özünün mollası olub, vaxtlı-vaxtında dini ayinlər icra olunurdu - İstər Məhərrəmlik, istərsə də Qurban bayramı olsun. Xüsusən yaşlı əhali məscidlərə toplaşır, ehsanlar verilirdi. Biz 1988-ci ildə kəndimizi tərk edəndə məscidin bütün ləvazimatını maşına yükləyib Naxçıvanın Şahbuz rayonuna göndərdik, oradakı bir məscidə təhvil verildi. Deməyim odur ki, 1988-ci ilə qədər azərbaycanlılar yaşayan bütün kəndlərdəki məscidlər fəaliyyət göstərirdi, amma bu gün onların heç biri yoxdur. Bu gün peyk vasitəsilə görüntülərə baxmaq imkanımız var. Baxıb görürük ki, bizim 600-ə yaxın qəbiristanlığımızın mütləq əksəriyyəti şumlanıb, əkin sahələrinə çevrilib.
- Onlardan
biri də tarixi Urud qəbiristanlığıdır.
- Siz
bilirsiniz ki, Urud qəbiristanlığında XIII-XIV əsrlərə
aid nə qədər sənduqə, sinə daşı,
qoç fiqurlu qəbirüstü daş vardı?! Yaxşı ki, Sovet dövründə görkəmli
tarixçimiz Məşədixanım Nemət Urud qəbiristanlığındakı
o abidələrin üzərindəki bütün epiqrafik
yazıların surətini çıxarmışdı.
1988-ci il hadisələrindən sonra ermənilər
o qəbiristanlığı da məhv etdilər, qismən
çökəkdə yerləşən Urud qəbiristanlığın
ərazisini torpaqla doldurub, izini itirdilər. Bax,
bu üsullarla o torpaqlardakı izimizi silməyə
çalışırlar. Heç şübhə eləmirəm
ki, 20-30 il sonra ermənilər bütün
dünya ictimaiyyətinə car çəkəcəklər
ki, ümumiyyətlə, 1988-ci ilə qədər orada bir nəfər
də olsun azərbaycanlı yaşamayıb.
- Belə
başa düşdüm ki, Ermənistan ərazisində
Göy məsciddən başqa məscid qalmayıb.
- Təbii
ki, qalmayıb. 30 illik işğal müddətində
Qarabağ və ətraf rayonlarda vandalizm törədən bir
millət Qərbi Azərbaycan ərazisində türk, müsəlman,
azərbaycanlı abidələrinin qalmasına imkan verərdimi?
Erməni öz vəhşiliyini,
vandallığını hər yerdə göstərib.
- O zaman Səlim
karvansarası və Pir Hüseyn məqbərəsini niyə
saxlayıblar?
- Səlim
karvansarası Dərələyəz mahalı ilə
Göyçə mahalı arasındakı Səlim
aşırımında yerləşir. Bir
adı da Şah Abbas karvansarasıdır. Əbu-Səid
Bahadır xan tərəfindən tikilib. Kitabəsi
də var. Nə yaxşı ki, Məşədixanım Nemət
vaxtında həmin kitabənin də surətini
çıxarıb. Amma bu gün o kitabə
artıq yoxdur. Ermənilər də
karvansaranı dünya ictimaiyyətinə erməni abidəsi
kimi təqdim edirlər. Pir Hüseyn məqbərəsinə
gəldikdə, İrəvan yaxınlığındakı Cəfərabad
kəndində bu abidə Qaraqoyunlu Əmir Səədin qəbri
üstündə tikilib. Əmir Səəd 1411-ci ildə
dünyasını dəyişib, 2 il sonra
oğlu Pir Hüseyn tərəfindən həmin məqbərə
ucaldılıb. Çox maraqlıdır ki, abidənin
22 metr uzunluğundakı dairəvi kitabəsinin də
üzünü Məşədixanım Nemət
köçürüb və oxuyub. Həmin
kitabədən biz onun Pir Budaq xanın dövründə Noyon
Qara Yusifin zamanında Pir Hüseyn tərəfindən
ucaldıldığını öyrənirik.
- Bəs
ermənilər onu niyə dağıtmayıb?
- Məsələ
ondadır ki, XII-XIII əsrlərdə oğuzlar İslamı
qəbul edəndən sonra türkman adı
daşımağa başladılar. Tarixə də
fikir versəniz, XIV-XV əsrlərdə Azərbaycan ərazisindəki
dövlətlər türkman dövlətləri
sayılıblar. Bura Qaraqoyunluları, Ağqoyunluları
və başqalarını aid etmək olar. Əmir Səəd
də, oğlu Pir Hüseyn də Qaraqoyunlu əmirləri
idi, türkman idilər, ermənilər
də bundan istifadə edərək bu abidəni türkmən
xalqına aid ediblər və onu Türkmənistan hökumətinə
təmir etdirərək dünyaya türkmən abidəsi kimi
təqdim ediblər. Yəni necə ki, Göy məscidi fars məscidi kimi təqdim edirlər, Pir
Hüseyn türbəsini də türkmənləşdiriblər.
- Göy
məscid əvvəlki görkəmini saxlayır, yoxsa tamam dəyişiblər?
- Göy
məscidin 4 minarəsi olub. Onlardan yalnız biri
XX əsrə gəlib çatıb. Qalan
üç minarə isə məhv edilib. Məscidin
bərpası zamanı, əlbəttə, xarici görkəminə
xeyli müdaxilələr olub. Ümumiyyətlə,
bu gün İrəvan şəhəri ərazisində
Göy məscidi çıxmaq şərti ilə 200-250 ildən
artıq yaşı olan hər hansı tikili qalmayıb.
Zaman-zaman İrəvan qalası da, Sərdar
sarayı da, Sarayın Güzgülü salonu da, hətta
pravoslav kilsəsinə çevrilmiş Rəcəb Paşa məscidi
də yer üzündən silinib.
- Dövlət başçısı Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Bu, həm də Aşıq Ələsgərin doğulduğu torpaqların tarixi Azərbaycan torpaqları olmasını dünyaya bir daha tanıtmaq baxımından əhəmiyyətlidir. Maraqlıdır, Aşıq Ələsgərin Ermənistandakı məzarı və qəbirüstü abidəsinin vəziyyəti nə yerdədir? Ermənilər onu da dağıdıblarmı?
- 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyinin dövlət səviyyəsində keçirilməsində Ulu öndər Heydər Əliyevin böyük xidməti oldu. Ulu öndərin sayəsində yubiley tədbirləri Aşıq Ələsgərin anadan olduğu Göyçə mahalının Ağkilsə kəndində, Bakı və Moskva şəhərlərində dövlət səviyyəsində keçirildi. Dahi sənətkarın yubileyinin keçirilməsi ilə yanaşı, qəbirüstü abidəsi də ucaldıldı. Çox təəssüf ki, 1988-ci il hadisələrindən sonra ermənilər Natəvanın, Sarı Aşığın, digərlərinin məzarlarını dağıtdıqları kimi, Göyçədə də Aşıq Ələsgərin məzarını məhv ediblər.
- Əziz müəllim, istər Eçmiədzin, istərsə də digər mədəni-tarixi abidələrlə bağlı dediklərinizin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı işlər görülür? Özümüz deyib, özümüz eşitməkdənsə bu sahədə işlərin görülməsi daha səmərəli addım sayılmazdımı?
- Xüsusilə müstəqillik dövründə Qərbi Azərbaycan tarixi ilə bağlı tədqiqatçılarımızın xeyli sayda tədqiqat işi var. Lakin bu işlərin çoxu sistemsiz şəkildə görülüb. Məsələn, mən 200-dən artıq Qərbi Azərbaycan abidəsini araşdırıb, kitab şəklində ortaya qoymuşam. Amma Qərbi Azərbaycan ərazisində tədqiq oluna biləcək abidələrin sayı bundan bir neçə dəfə çoxdur. Zəngəzur, Göyçə, Dərələyəz və başqa mahallarımız qədim türk tayfalarının sıx məskunlaşdıqları ərazilərdir. Ona görə də bu ərazilər daha əhatəli və sistemli şəkildə öyrənilməlidir. Əlimizdə də, arxivlərdə də kifayət qədər mənbə var. Təəssüf ki, bugünkü Azərbaycan tarixşünaslığı bu mənbələrin çoxundan yetərincə bəhrələnə bilmir. O mənbələr tərcümə olunaraq elmi dövriyyəyə daxil edilməlidir. Düzdür, o mənbələrdə xeyli dərəcədə erməni saxtalaşdırmaları da var, həmin mənbələrin heç birinin orijinalı qalmayıb, hamısı XVI-XIX əsrlər ərzində erməni kilsələrinin hücrələrində qrabara çevrilib, saxtalaşdırılıb. Amma onların içində 30-40 faiz də olsa, tarixi özündə gizlədən material varsa, biz o materialı da tapıb ortaya qoymalıyıq. Bir də ki türkün öz tarixini dastanlar şəklində yazmaq ənənəsi olub, ona görə də biz bu gün tariximizi öyrənərkən yazılı mənbələrlə yanaşı, şifahi mənbələri də öyrənməliyik. Bu bizə tariximizin saxtalaşdırılmış səhifələrini bərpa etməyə çox böyük imkanlar yaradardı.
Mirmehdi AĞAOĞLU
APA
525-ci qəzet.- 2021.- 17 mart.- S.14-15.