Faizə ananın gül
toxumu
və ya AĞDAM
SƏFƏRİNƏ SÖZARDI
Qapının zəngi çalındı. Açdım ki, Faizə anadır. Qızı qonşumuzdur. Özü ilə də tanışlığımız var, necə deyərlər, qaynayıb-qarışmışıq.
Hər dəfə qızıgilə
gələndə söhbətləşirik.
Ağdamdandır. Biləndə ki, Ağdama
gedəcəm, tez özünü çatdırmışdı.
Söhbətə başlayar-başlamaz əlindəki
kəlağayı parçasını
mənə uzatdı. Təəccübləndiyimi görcək bildirdi
ki, arasındakı gül toxumudur. Dərhal da Ağdamdakı evinin yerini başa salmağa keçdi - məscidin yanındakı
küçə ilə
get, üçüncü döngədən
sağa burulanda ikinci darvaza. Faizə xala gülü darvazadan içəri girən kimi su krantının yanında əkməyimi istədi.
Bir anlıq
Ağdamın indiki halını təsəvvürümə
gətirdim. Gözümün önünə şəhərin
işğaldan sonra yayılmış görüntüləri
gəldi. Duruxub qaldım.
Düşündüm ki, qarşımda
dayanan nur üzlü ağbirçəyin
xahişini necə yerinə yetirəcəm?
Görünür, vəziyyətimi oxudu
və qəfildən sanki məni çətinlikdən çıxarırmış
kimi dilləndi - bilirəm, mən də televizorda görmüşəm, dığalar
Ağdamı viran qoyublar, amma deyirəm bəlkə evimdən, həyət-bacamdan
nə isə qalıb, ona görə bu gül toxumunu sənə verirəm. Bunu da götür,
birdən demək olmaz, - deyən Faizə xala qəhvəyi rəngini hələ də itirməyən kəndirə
bağlı açarı
da ovucuma qoydu. 28 il
əvvəl qapısını
bağladığı evinin
açarını.
Beləcə Ağdam yolçuluğum
müddətində bir
neçə dəfə
məni yaxalayan qəhər ilk dəfə
yola heç düşməzdən əvvəl
yaxaladı, kövrəldim. Elə Faizə
xalanın da gözləri doldu. Bunu göstərməmək üçün
dərhal uğurlu yol arzulayıb qapıdan içəri girmədən sağollaşdı.
Faizə oğlunun ikisini də şəhid vermiş anadır. Görün, müharibənin övladlarına
qıydığı nə
qədər analar var.
Ağdamda lap çoxdur.
Birinci Qarabağ müharibəsi
dönəmində altı
minə yaxın şəhid vermiş müqəddəs diyarımızdır
Ağdam. Görünür, həm də buna görədir ki, Ulu öndər
Heydər Əliyev çıxışlarının birində ağdamlıların
qarşısında baş
əydiyini böyük
yanğı hissi ilə dilə gətirmişdi. Ağdama
Baş Qərvənd yolu ilə girər-girməz
bütün bunları
düşündüm və
rayonun işğalını
doğuran proseslər
gözümün önündə
sanki kino lenti kimi canlandı...
Azərbaycan Prezidentinin köməkçisi,
hörmətli Hikmət
Hacıyevin rəhbərliyi
ilə media və qeyri-hökumət təşkilatları
nümayəndələrinin Ağdama səfəri onun iştirakçısı
olan hər kəsdə geniş təəssürat zənginliyi
yaratdı. Hamı ermənilərin Faizə xalanın təbirincə desəm, viran qoyduğu Ağdamı gördü.
Düşmənlər 30 ilə yaxın
müddətdə burada
ancaq torpağı qazmaqla, kələklər
qurmaqla məşğul
olublar. Vətənizimin
20 faizini işğal etmələri bir yana sanki
torpağın özündən
qisas alırlarmış
kimi davranıblar. Dəhşətdir həqiqətən. Dəhşəti xarakterizə edən
nə qədər desəniz fakt var. İstehkamlardan, səngərlərdən
tutmuş hələ də yerin altında
qalan partlamamış
minalaradək, daha nələr-nələr. Yalnız onu
deyə bilərəm
ki, Ağdamın indiki durumu işğal
tariximizin ən böyük dərsidir.
Bu dərsi tam şəkildə mənimsəməli,
qüsursuz öyrənməliyik.
Bu dərsdən ciddi nəticə çıxarmalıyıq ki,
bir daha torpaq itirmək acısını dadmayaq.
Torpaqdan söz düşmüşkən, oyanmaqda olan, münbit, bir qarış da çatı olmayan, əbədi sakinlərinin ilıq nəfəsinə, sevgi ilə basılan ayaq səslərinə həsrət Ağdam torpağına baxıram. Görəsən, bizi bağışlayırmı, - deyə düşünürəm. Axı Ağdam sıradan bir yer deyildi. Hər daşı, hər qayası, hər abidəsi soyqırıma məruz qalmış şəhər bir vaxtlar qaynayırdı, sabaha bəslənilən böyük ümidlərlə coşub-daşırdı. Ağdam sənət dünyasından tutmuş sıravi sakininədək kolorit idi. Bu rəngarəngliyə buradan yazda ta Ağdərə yüksəklərinə qədər yol boyu göz oxşayan lalələr xüsusi ovqat gətirirdi. Elə bu an Faizə xalanı xatırlayıram. Cümə məscidinin kənarlarına baxıram. Gözüm onun dediyi ünvandan heç olmasa, bir nişanə axtarır, amma tapmır. Nəhayət, həmkarım Şakir Ağayevlə qərara alırıq ki, Faizə ananın gül toxumunu Cümə məscidinin düz yanındaca əkək. Elə də edirik.
Artıq əkdiyim bu toxum mənim üçün
Ağdama
qayıdışımızın rəmzidir. Heç
şübhəsiz, hər bir
ağdamlı üçün belə rəmzlər
var və bu rəmzlər
bizi Ağdamımızın əvvəlki
əzəmətinə, əvvəlki həyat
qaynarlığına qovuşduracaqdır. İnşallah
o günlər də uzaqda
deyil. Və çox arzu edirəm ki, o günlərin birində mən əlimdə
gül Faizə ananın Ağdamdakı
qapısının zəngini çalım.
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2021.- 17 mart.- S.13.