Vətən müharibəsinin folklor yaşantıları  

 

 

Azərbaycan Vətən müharibəsinə başlayandan şəraitə uyğun yeni folklor örnəkləri meydana çıxır və yayılır. Bu folklor örnəkləri təkcə məzmununa görə deyil, janr özəlliyinə görə də diqqət çəkir.

 

Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi yeni və orijinal folklor örnəklərinin yaranmasına səbəb oldu, desəm, yanılmaram. Belə folklor örnəklərinin bir qismi diləklər adlanır. Tədqiqiatçı İbrahim Quliyev müharibə dövründə el arasında dolaşan diləkləri yazıya alıb. Duanın bir növü olan diləklər məzmununa görə seçilir:

 

İlahi, düşməni ələ keçirib məhv etməyimiz üçün bizə yardım et!

 

İlahi, düşməni yurd-yuvamızdan qovmağımız üçün bizə kömək et!

 

İlahi, düşmənlə əlbir olanları və onlara yardım edənləri yerlə-yeksan et!

 

İlahi, bizi düşmən üzərində mütləq qalib et!

 

İlahi, şanlı bayrağımızı bütün işğal altında olan torpaqlarımızda dalğalandırmağımız üçün bizə fürsət ver!

 

İlahi, şəhidlərimizə rəhmət et, onları Cənnətin ən uca yerlərində sakin et!

 

İlahi, sərkərdələrimizə və əsgərlərimizə güc-qüvvət ver, onları öz pənahında saxla!

 

İlahi, Vətən müharibəsində mütləq qalib olmağımız üçün etdiyimiz duaları, nəzir və qurbanları qəbul et!

 

Tanınmış pedaqoq Zülfünaz Qurbanova Ağdam rayonda doğulub, amma orada böyüyüb-başa çatmaq ona qismət olmayıb. Qarabağ torpaqları azad edilməyə başlayanda Tanrıya yalvarırdı ki, payızı yaya döndər, qoy səngərdə düşmənlə üzbəüz qalan və elə səngərdə də gecələyən əsgərlərimiz üşüməsinlər. Zülfünaz xanım poetik xalq deyimlərini də dilə gətirir:

 

Adına, özünə Vətən deyirəm,

Çölünə, düzünə Vətən deyirəm.

Varsa ordum, var yurdum,

Var ol ordum, var ol yurdum!

 

Zülfünaz xanımın bayatı zümzümələri də ürəkdən gəlir və Vətən sevgisini ifadə edir:

 

Əzizinəm, Ağdamdı,

Qara damdı, damdı.

Yolunu gözləməkdən

Gözlərimə damdı.

 

Əziziyəm, damı,

Yaşıl damı, damı.

Bir neçə gün içində

Azad görək damı.

 

Mədhnamə klassik ədəbiyyatdan gələn termindir. El arasında da layiq olanların şərəfinə mədhnamələr deyilir ki, bunlar da əsasən xalqın sevimlisi olan və öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələn insanlar olurlar. Vətəni, əsgəri, ordunu, Ali Baş Komandanı, şəhidləri, qaziləri, Azərbaycanın haqq savaşını dəstəkləyənləri mədh edən bu nümunələr epik və lirik şəkildə olur.  Mədhnamələr bəzi hallarda vəsfnamə kimi də təqdim olunur. Folklorşünas Reyhan Dadaşın qələmə aldığı mədhnamə/vəsfnamə bunun ən gözəl nümunəsidir: "Sən mənim görən gözüm, aldığım nəfəsim, döyünən qəlbimsən, Sən mənim bu günüm, gələcəyimsən, şanlı tariximi sətir-sətir yazan Azərbaycan əsgəri!"

 

Folklorun dua janrı sosial şəbəkələri başına alıb, az qala, bütün səhifələri bəzəyir. Orduya, xalqımıza edilən dualar mükəmməldir. İşğal altında olan Azərbaycan torpaqlarını azad etmək uğrunda vuruşan, soyuq havalarda da səngərdə yatan igid, mərd oğulları qorumaq istəyi Tanrıya edilən dualarla ifadə olunur. Şəhid olanlara başsağlığı verilir. Hərbi xidmətə gedənə uğur dilənir. Dualar məzmun rəngarəngliyi ilə seçilir. Müharibə dövrünün dua tematikasını nəzərdən keçirdikdə belə bir mənzərə yaranır. Əsgərlər və Ordu haqqında:

 

Qoluna qüvvət, Azərbaycan əsgəri!

Allah Orumuzun bütün zabit və əsgərlərini qorusun!

Tanrı Azərbaycan türk əsgərlərinə qüvvət versin!

Əsgərlərimiz zəfərlə geri dönsünlər!

 

Yaralı əsgərlər haqqında:

 

Allah şəfa versin!

Allah pənahında saxlasın!

Allah amanında saxlasın!

Tanrı köməyi olsun!

Yastığı yüngül olsun!

Allah balalarına bağışlasın!

Allah saxlasın!

 

Şəhidlər haqqında:

 

Yeri cənnət olsun!

Ruhu şad olsun!

Tanrı balalarını yerində bərqərar etsin!

 

Qazilər haqqında:

 

Allah gözəl günlər qismət etsin qazilərimizə!

Qazilərimizin arzuları çin olsun!

Zəhmətləri itməsin!

Qazilərimizin çəkdikləri zəhmət yerdə qalmasın!

 

Bu dualar təskinliklər və uğurnamələr də adlanır. Təskinliklər və uğurnamələr artıq bir janr kimi formalaşır, inkişaf edir. Boyunalmalar da janr keyfiyyəti qazanmaqdadır. Azad edilən torpaqlarda qurban kəsmə, nəzir paylama, kasıb sevindirmə kimi boyunalmalarda dua elementləri üstünlük təşkil edir. Duaların bir qismi alqış xarakterlidir:

 

Var ol! Sağ ol!

Tanrı əsgərlərimizi qorusun!

İlahi, bu savaşda yağılarla vuruşan bütün əsgərlərimizə kömək ol!

 

Duaların bir neçəsi qısa məzmunludur, hətta bir sözdən ibarətdir. Bu dualar səsvermələr də adlanır, hər hansı bir duaya qarşılıq kimi səslənir. Belə duaların tematikası özündən əvvəl söylənmiş dualarla bağlı olur:

 

Amin!

İnşallah!

Allah qoysa!

Uğurlar!

 

Şüarlar da tematik baxımdan alqışın bir növü olsa da, fərqli strukturdadır. Belə ki, şüarları alqışdan fərqləndirən onların çağırış xarakterli olmasıdır. Folklor örnəklərində "Yaşasın!" və "Eşq olsun!" sözləri ilə alqışlanan şüarlar üstünlük təşkil edir:

 

Yaşasın xalqımız!

Yaşasın ordumuz!

Yaşasın Qarabağ!

Eşq olsun əsgərlərimizə!

Xanım zabitlərimizə eşq olsun!

 

Məzmununa görə digər dualardan fərqlənən folklor örnəklərindən biri təbriknamələr adlanır:

 

Təbrik edirəm!

Uğurların bol olsun!

Yolun açıq olsun!

Axarıncı olsun, axırıncı olmasın!

Həmişə xoş xəbərin gəlsin!

 

Təbriknamələr kimi şükranlıqlar da duanın bir növüdür. Şükranlıq duanın məzmununda ifadə olunur:

 

Tanrıya şükür!

Şükür İlahinin kərəminə!

Şükür edirik ki, Haqq bizimlədir!

Bu günə də şükür!

 

Minnətdarlıq da şükranlıqdan doğur. Təsadüfi deyil ki, minnətdarlıqların bir qismi təşəkkürnamələr adlanır. Bu folklor örnəklərini bir-birindən məzmununda işlənən "Minnətdarıq"" və "Təşəkkür edirik" ifadələri fərqləndirir:

 

Ali Baş Komandana minnətdarıq!

Cəsur Ordumuza minnətdarıq!

Haqq işimizi dəstəkləyən dövlətlərə minnətdarıq!

Qarabaq torpaqlarını azad edən

əsgərlərimizə təşəkkür edirik!

 

Əsgərlərimizlə birlikdə ön cəbhədə olan həkimlərimizə təşəkkür edirik!

 

Vətənpərvər oğullar tərbiyə etdiklərinə görə analarımıza təşəkkür edirik!

 

Bəddualar qarğışın bir növüdür, bunu folklor örnəyinin məzmunundan da görmək mümkündür:

 

Erməni işğalçılarına ölüm olsun!

Kökünüz kəsilsin!

Daşınız öz başınıza düşsün!

 

İddialar da folklor janrı kimi maraq doğurur. Əslində, iddialar ata sözlərinin janrdaxili dəyişimidir. Bunu nümunələr də təsdiq edir:

 

Başkəsənin başını vaxtında kəs, kəsməsən, o sənin başını kəsər.

 

Əlini öpən əsir hərbçinin yalvarışlarına aldanma, azad edilən kimi kürəyindən vuracaq.

 

Müharibə folklor örnəkləri içərisində lirik parçalar üstünlük təşkil edir. Daha çox bayatı və ağılar söylənilir. Ağılar əsasən şəhidlərin yas mərasimində onların yaxınları tərəfindən deyilir. Ağının növü kimi hayqırtı, qıyha, bozlama, sızlama diqqət çəkir. Şəhid qəbirlərinin başdaşı və sinədanlarına yazılan ağılar da maraqlıdır. Ağı-epitafiyalar adlanan bu nümunələrin ayrıca araşdırılmasına ehtiyac var. Amma Azərbaycan xalqının folklor örnəklərində janrından asılı olmayaraq pozitivlik açıq-aşkar hiss olunur. Hətta ağılarda belə bədbinlikdən çox nikbinlik vardır. Şəhidin arzularının həyata keçməsini ifadə edən işıqlı fikirlər deyilənləri təsdiq edir. Sosial şəbəkələrdə bayatı şəklində olan arzulamalar diqqətimi çəkdi. Arzulamalar niyyətlə, istəklə bağlı lirik folklor nümunələridir:

 

Qır düşmənin qıçını,

Əsgər, sındır xaçını,

Qoyma gözümü yolda,

Azad eylə Laçını.

 

Şuşanı gəzib qayıt,

Düşməni əzib qayıt.

Dağlardan erməninin

Ayağını üzüb qayıt.

 

Duman gəlir, çən gəlir,

Hər tərəfə tən gəlir.

Şuşa, Xankəndi dedik,

Bütöv bir Vətən gəlir!

 

Lirik folklor örnəkləri içərisində həcvnamələr deyilən nümunələr də vardır. Həcvnamələr daha çox düşmənə olan nifrəti, qəzəbi ifadə edir:

 

Dığa, dığa, ay dığa,

Erməniyə tay dığa.

Dinc otura bilməsən,

Başuy soxum palçığa.

 

Adın nədi, Paşinyan,

İt də yeməz aşınnan.

Cəmdəyin dəyərsizdi,

Güllə dəysin başınnan.

 

Gülməcə ölməyən bir janrdır, ən çətin məqamlarda lətifə yaratmaqdan qalmayan Azərbaycan xalqı tanınmış simalara da şəbədələr qoşur. Xalq ən kritik anlarda da öz folklorunu yaratmaqdan qalmır. Həm də yeni folklor janrları meydana çıxır, yaxud janrdaxili dəyişmələrə məruz qalan, bölgələrdəki adları ilə qeydə alınan örnəklər yaranır, yayılır. Bu folklor örnəklərini elə bu gün, isti-isti toplamasaq, unudulub gedəcək.

 

Bombanın üstündə erməni arvadı

 

Ermənilər uzun yalvarışdan sonra Moskvada Azərbaycanla atəşkəsə nail olurlar, amma bu atəşkəs qaydalarına elə özləri riayət etmirlər, müharibə zolağından kənarda olan bölgələrə bombalar atırlar. Belə bombalardan biri Gəncəyə düşür və burada yaşayan erməni qadını yaralanır. Adamlar bu məsələni müzakirə edirlər, müzakirələrə Azərbaycanda qardaşlıq mühitində yaşayan digər xalqların qadınları da qoşulurlar. Söhbət bazarda alverçi qadınların arasında baş tutur. Avar soruşur:

- Erməni arvad Gəncədə nə gəzirmiş ki, ona bomba da dəysin?

 

Talış deyir:

 

- Qıza, ermənilər çox bilirlər, yəqin bu erməni arvadı bombanın üstünə qoyub atıblar. Ermənistanda kişi qalıb ki?

 

İki urus televiziyada Qarabağ savaşından göstərilən səhnələrə baxır. Son məlumatları verən aparıcı deyir ki, ermənilər böyük itkilərə məruz qalıblar, vəziyyət gərgindir, ərləri ölən erməni qadınları yüklərini çatıb Qarabağdan çıxırlar. Sonra aparıcı əlindəki mikrofonu Qarabağdan qaçmaq üçün cəməklərini toplayan erməni qadınına tuşlayıb soruşur:

 

- Siz niyə Qarabağı tərk edirsiniz?

 

Erməni qadın deyir:

 

- Öldürdülər, ərimi öldürdülər, qaynatamı öldürdülər, qaynımı öldürdülər, baldızımın ərini öldürdülər, hamımız dul qaldıq, yığışıb gedirik Ermənistana.

 

Televiziyaya baxan uruslardan biri o birindən soruşur:

 

- Bunlar ərlərini itirdiklərinə görə Ermənistana gedirlər? Bəyəm orada təzədən ərə gedəcəklər?

 

O biri urus barmaqlarının arasına keçirdiyi ucuz siqaretə qullab vurub deyir:

 

- Brat, Ermənistanda kişi qalıb ki, dul arvadlar da ərə gedələr?..

 

Qabağa arvadları buraxın

 

Cəbhədə vəziyyət gərginləşir, Ermənistan ordusu hər gün neçə kəndi qoyub qaçır, əsgərlərin arasında fərarilik baş alıb gedir. Bu məsələ Ermənistan prezident aparatında müzakirə olunur. Çaş-baş qalmış ermənilər bilmirlər, hansı təklifi versinlər ki, məğlubiyyətdən yaxa qurtarsınlar. Bu zaman Paşinyan şəhadət barmağını qaldırıb deyir:

 

- Çıxış yolunu tapdım, gəlin, qabağa arvadları verək, türklərin başları qarışar erməni arvadlarına, biz qəfil hücuma keçərik.

 

Çoxbilmiş erməni məmurlarından biri deyir:

 

- Cənab baş nazir, türklər əvvəlki türklər deyillər, Azərbaycan müstəqil olandan sonra bizim arvadlara vız atmırlar.

 

Paşinyan hirslənir:

 

- Necə yəni vız atmırlar? Mən Annanı göndərərəm, gör türkləri nə təhər hayıl-mayıl edir!

 

Məmur deyir:

 

- Cənab baş nazir, elə əsas ona vız atmırlar, keçən dəfə nə qədər poza verdi, türklərin heç tükü də tərpənmədi.

Öldürücü və sarsıdıcı güllədən betər bilməcələr tarixə dərs verir, dərs verir ki, sabah o tarixi saxtalaşdırmaq mümkün olmasın. Elə tarixi həqiqətlər var ki, folklorda yaşayır.

 

Təqdim etdiyim folklor örnəklərini hər yerdə, ictimai nəqliyyatda, dost-tanış məclisində, yas yerlərində ayrı-ayrı adamlardan qələmə almışam. Əsas qaynağım isə sosial şəbəkələrdir. Adətən, sosial şəbəkələr elmi istinad mənbəyi sayılmır, çünki buradakı səhifələr fərdlərə məxsusdur, onların şəxsi fikirlərini ifadə edir, həm də "dondurulduğu" anda, yaxud bir səhifə olaraq qapadıldığı məqamda qaynaq kimi əhəmiyyətini itirir. Lakin Vətən müharibəsi bütün Azərbaycan xalqını eyni məqsədə səfərbər edə bildi və adamlar şəxsi maraqlarını arxa plana keçirdilər, hamı Vətən üçün, xalq üçün, Qarabağ üçün mübarizə meydanına atıldı. Kimi sözüylə, kimi canıyla, kimi də maddi dəstəyi ilə Qarabağı işğaldan azad edən əsgərlərimizin yanında oldu. Bu birlik folklor örnəklərimizə də sirayət elədi. Hər bir fərd həm də folklor yaradıcısı və daşıyıcısı kimi diqqət çəkdi. Mən bu fikirdəyəm ki, sosial şəbəkələrdə fərdlər tərəfindən qeydə alınan folklor örnəkləri xalqımızın milli söz sərvəti kimi dəyərlidir və vaxtında toplanılmalıdır.

 

Tarixi fakt belədir ki, müharibələrdən sonra dinc quruculuq işlərinə rəvac verilir, insanlar ağrı-acılarını arxada qoyur, yeni həyata başlayırlar. Amma tarixin bu məqamında xalq öz yaşantılarına rəğmən yaratdığı folklor örnəklərini unutmayacaq, çünki bu, tarixlə yazılmış folklor olduğu kimi, folklorla da yazılmış tarixdir. Ona görə bu folklor örnəklərini məhz indi, həmin folklor örnəklərində haqqında söhbət gedən hadisələri yaşadığımız anda toplamalı, qələmə almalı, nəşr etməliyik ki, gələcək nəsillərə ibrət dərsi olsun.

 

 

Bilal ALARLI

 

525-ci qəzet.- 2021.- 19 mart.- S.13.;16.