Qərbi Azərbaycanda və Zəngəzur qəzasında Azərbaycan məktəbləri

 

Tarixən dərin təfəkkürə, mənəvi aləmə, nəcib əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan xalqı bütün tarixi dövrlərdə gənc nəslin tərbiyəsinə böyük diqqət yetirib.

 

Azərbaycanın mənəvi əxlaqi irsini, qədim məktəb təcrübəsini öyrənmək və tədqiq etmək gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir. Zəngin təhsil tarixinə malik olan Qərbi Azərbaycanın məktəb, təhsil, təlim-tərbiyə mühiti bu günə qədər də tam araşdırılmayıb.

 

Mollaxana və ibtidai mədrəsələr uzun zaman azərbaycanlılar üçün yeganə təhsil ocaqları olmuşdu. Qərbi Azərbaycan kəndlərinin hər üç və ya dördündə bir mollaxana mövcud imiş. Həmin məktəblərdə oxuyanların sayı 8-10 nəfərdən çox olmurdu. O dövrdə xalqın maddı vəziyyətinin aşağı olması və uşaqların kiçik yaşlarında işləmək məcburiyyətində olduqlarına görə, 1899-cu ilin məlumatına əsasən, Yelizavetpol quberniyasınında mövcud olan 50 məscid məktəbində 940 şagird təhsil alırdı ki, onlara da 55 müəllim dərs deyirdi. İrəvan Quberniyasında isə 26 məktəbdə 27 müəllim fəaliyyət göstərir və cəmi 350 şagird təhsil alırdı.

 

Mollaxanalarda rəsmi müəyyən edilmiş təhsil müddəti yox idi. Çox vaxt 6-7 il, bəzən isə 9-10 ilə qədər davam edirdi. Belə məktəblər ibtidai mədrəsələr hesab olunurdu. Qarakilsə (Sisiyan) rayonunun Şəki və Urud, Qafan rayonunun Kurud kəndindəki məktəblər ibtidai mədrəsə hesab edilirdi. Kurud kəndindəki mollaxanada Tehran ali mədrəsəsini bitirmiş Axund Əbdürrəhman Hacı oğlu dərs demişdi.

 

Urud kəndindəki doqquzillik mədrəsə tipli mollaxana daha mütərəqqi olub, dini təhsil verməklə bərabər, dünyəvi elmləri də öyrədirdi. Qərbi Azərbaycanda bu tip məktəblər daha çox yerli xeyriyyəçilər tərəfindən təşkil edildiyindən pulsuz idi.

 

Qərbi Azərbaycanda mədrəsə tipli mollaxanalara nisbətən ibtidai təhsli verən mollaxanalar bir qədər çox idi. 1891-ci ilin məlumatına görə, Yelizavetpol quberniyasında fəaliyyət göstərən 433 ruhani məktəbində 3311 şagird oxuyurdu.

 

1813-cü il "Gülüstan" və 1828-ci il "Türkmənçay" sazişləri nəticəsində Azərbaycan iki hissəyə bölündü. Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Həmin sazişə əsasən, Yaxın Şərqdən, Türkiyə və Şimali Afrikadan ermənilər Qərbi Azərbaycana və Qarabağa köçürüldülər. XIX əsrin 40-cı illərindən başlayaraq ruslaşdırma siyasətini aparmaq üçün yenicə yaradılan quberniyalarda ibtidai rus məktəbləri açılmağa başladı.

 

İrəvan qəzasında azərbaycanlıların da oxuması üçün ilk dəfə dünyəvi məktəblər XIX əsrin 80-ci illərində açılmağa başlamışdı. 1881-ci ildə Uluxanlıda, 1882-ci ildə İrəvanda, 1883-cü ildə İmanşahlıda, 1884-cü ildə Basarkeçər rayonunun Zod kəndində ibtidai rus məktəbləri açılmışdı. 1898-ci ildə İrəvanda və Böyük Vedidə, 1905-ci ildə isə Qəmərlidə rus-tatar məktəbləri açıldı. Belə ibtidai rus-tatar məktəblərindən biri də 22 sentyabr 1885-ci ildə Dərələyəz mahalında açılmışdı və orada 50 şagird təhsil alırdı. XIX əsrin 80-90-cı illərində kənd məktəblərinin sayı artmağa başladı. Təkcə 1882-ci ildə Yelizavetpol quberniyasında yeni 5 ibtidai rus məktəbi açıldı. Bunlardan üçü Zəngəzur qəzasının Qubadlı, Arsvanik (Qafanın kəndi) və Qarakilsə (Sisyan) kəndlərində təşkil edilmişdi. Məktəblər açılandan (1882) 1893-cü ilə kimi bu məktəblərə 765 şagird qəbul olsa da, cəmi 81 nəfər məktəbi bitirmişdi. 1882-ci ildən 1893-cü ilə kimi bu məktəblərə 35 nəfər qız qəbul edilmişdi. Onlardan ancaq üçü məktəbi bitirmişdi. 1890-cı ildə Minkəndə rus-tatar məktəbi fəaliyyətə başladı ki, burada da 42 şagird təhsil alırdı. 1901-ci ilədək Yelizavetpol quberniyasında 28 ibtidai xalq məktəbi açılmışdır ki, bunun da 12-si Zəngəzur qəzasında idi.

 

Qubadlı kəndindəki birsinifli (üçillik) məktəb 1911-ci ildə ikisinifli (beşillik) məktəbə çevrildi. Qubadlı ikisinifli beşillik məktəbdə oxumuş Azərbaycanın Xalq Yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimov öz xatirələrində yazırdı: "Mən bu kənddə bir neçə evdə qalmaqla, onların ev işlərini görməklə yaşayır və oxuyurdum. Ancaq ruhdan düşmürdüm, məktəbdən qaçmırdım. Bu məktəb həmin vaxtlar Zəngəzur qəzasında yaxşı ad çıxarmışdı. Məktəbin müdiri Qori seminariyasını Üzeyir Hacıbəyovla birlikdə bitirmiş Həsən bəy Soltanov idi".

 

Zəngəzurdakı ibtidai rus-tatar məktəbləri içərisində 1876-cı ildə Gorus kəndində açılmış 1 sinifli üçillik məktəb 1883-cü ildə ikişöbəli beşillik məktəb oldu. Məktəbdə təhsil alanların əksəriyyəti azərbaycanlılar idi. Lakin Rusiyada baş verən 1905-1907-ci il inqilabından və 1905-ci il azərbaycanlıların soyqırımı və deportasiyasından sonra vəziyyət dəyişdi.

 

XX əsrin əvvəllərində rus-tatar məktəbləri müxtəlif bəhanələrlə bağlanırdı. 1918-ci ildə ermənilərin törətdiyi mart qırğını zamanı minlərlə azərbaycanlı qətlə yetirildi və on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan deportasiya edildi. Erməni həmlələrinə tab gətirməyən məktəblər də tamamilə dağıdıldı və artıq 1920-ci ildə Qərbi Azərbaycanda 2-3 rus-tatar məktəbi qalmışdı.

 

 

 

Daşnak zülmündən xilas olub Azərbaycana gələn qaçqınlar imkan olan yerlərdə məktəblərə getsələr də, əksər uşaqlar təhsildən kənarda qalırdılar. Azərbaycana gələn qaçqınların çoxu İcevan, Zəngəzur və Dərələyəzdən idilər. Zəngəzurda daşnak hökuməti 1921-ci ildə süqut etdi. Yalnız bundan sonra azərbaycanlıların bir qismi ordu ilə birlikdə öz vətənlərinə qayıtdılar.

 

Azərbaycan və Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra Qərbi Azərbaycanın, Zəngəzurun böyük bir hissəsi Ermənistana verildi.

 

1922-ci ildə Ermənistan XMK-nin nəzdində "Azlıqda qalan millətlər bürosu" təşkil edildi. Azərbaycanlılar bu torpağın yerli sakinləri və heç də azsaylı xalq olmasalar da, azərbaycanlılarla bağlı məsələlər də bu büroda həll olunurdu. 1923-cü ildə büro şuraya çevrildi. Şuranın sədri Qərbi Azərbaycanda tanınmış maarifçi Mehdi Kazımov oldu. Erməni millətçilərinin ciddi maneələrinə baxmayaraq, şura Qərbi Azərbaycanda maarifin genişlənməsi və azərbaycanlılar arasında təhsilin inkişafında böyük rol oynamışdır. 1922-1923-cü illərdə Qərbi Azərbaycanda 36 Azərbaycan məktəbi fəaliyyət göstərmiş və 1521 şagird təhsil almışdı. Bu məktəblərdə 40 nəfər azərbaycanlı müəllim dərs deyirdı. Həmin müddətdə təkcə Zəngəzurun Azərbaycan kəndlərində - Qafanın Gığı, Şəhərcik, Qarakilsənin (Sisyan) Qızıl Şəfəq, Vağüdü, Ərəfsə və Mehrinin Vartanazor və Aldərə kəndlərində yeni tipli ibtidai məktəblər açılmışdı. Azərbaycanlıların elm və təhsilə marağı və tələbləri qarşısında aciz qalan Ermənistan hökuməti 1923-1924-cü dərs ilində 54 Azərbaycan məktəbinin fəaliyyət göstərməsinə icazə verdi. Azərbaycan məktəblərini müəllim kadrı ilə təmin etmək olduqca çətin idi. Azərbaycanlı maarifpərvərlərin təkidi ilə 1923-cü ilin sonunda İrəvanda pedaqoji kurslar təşkil edildi. Azərbaycan hökumətinin təşkili və təkidi ilə 1924-cü ildə 16 nəfər azərbaycanlı gənc təhsil almaq üçün Azərbaycan Respublikasına göndərildi. Lakin bütün bunlar müəllimə olan ehtiyacı ödəmirdi. Azərbaycanlıların Moskvaya dəfələrlə müraciətinin nəticəsi olaraq 1925-ci ildə İrəvanda Azərbaycan dilində pedaqoji texnikum açıldı. Texnikum 1948-ci ilə kimi (1948-1953-cü il departasiyasına kimi) fəaliyyət göstərdi.

 

Respublikada yeni açılan Azərbaycan məktəblərinin normal işləməsini təmin və təşkil etmək üçün 1925-ci il 25 avqustda Gümrüdə azərbaycanlı müəllimlərin qurultayı çağırıldı. Qurultayın əsas məqsədi ziyalıları səfərbər etməkdən ibarət idi. Qurultayda yeni məktəblərdə təlim üsulu, tərbiyə məsələləri müzakirə edildi. Mollaxana və mədrəsələrin təlim üsulundan istifadə etmək qəti qadağan edildi. Tövsiyə olundu ki, inqilabdan əvvəl mövcud olan və dünyəvi elmlər öyrədən İrəvan Müəllimlər Seminariyası, Gorus, Qarakilsə, Minkənd, Arsvanik, Dərələyəz və başqa ibtidai rus məktəblərinin təlim üsullarından istifadə edilsin. Bu dövrdə məktəblər iki dərəcədən ibarət idi:

 

I dərəcəli - beşillik ibtidai məktəblər (8-13 yaş)

 

II dərəcəli - dördillik orta məktəb (13-17 yaş)

 

I dərəcəli məktəbi bitirən II dərəcəli məktəbə, oranı bitirən isə ali məktəbə daxil ola bilərdi.

 

Yeni təşkil edilən məktəblərdə müəllim işləməyə cəlb edilən müəllimlərin əksəriyyəti Uluxanlı, İrəvan, Böyük Vedi, Baş Noraşen, Dərələyəz, Gorus, Arsvanik, Qarakilsə və digər rus məktəblərinin müəllimləri və məzunları idi. Onlardan 1902-ci ildən 1905-ci ilə kimi Gorus ikisinifli beşillik rus məktəbində müəllim işləmiş görkəmli maarif işçisi Fərhad Ağazadə və həmin məktəbin məzunları Balaca Abdullayev, Kərim İsgəndərov, Əli Vəliyev və başqaları olmuşdu.

 

Onu da qeyd etməliyik ki, yeni məktəblər mürəkkəb bir şəraitdə fəaliyyətə başlayırdılar. Belə ki bu məktəblər bir neçə il əvvəl daşnakların təşkil etdiyi milli ədavətin və azərbaycanlılara qarşı törədilmiş soyqırımın həyata keçrildiyi Zəngəzur, Dərələyəz, Lori-Pəmbək, İrəvan, Zəngibasar, Göyçə, Basarkeçər, Vedibasar, Ağbaba və başqa ərazilərdə təşkil edilirdi.

 

Şübhəsiz ki, köhnə məktəbdə oxumuş və işləmiş, pedaqoji təcrübəsi və biliyi olanlardan istifadə edilmədən yeni məktəbləri təşkil etmək və onları yeni müəllim kadrları ilə əvəz etmək olmazdı. Zəngəzur qəzasının ilk müəllimlərindən Qarakilsə bölgəsinin Sofulu kəndində yeni təşkil edilmiş məktəbdə Məhərrəm Quliyev, Dəstəkerd kəndində Əliş Məmmədov, Murxuz kəndində Mehrac Məmmədov, Urud kəndində Məmmədəli Gəncəliyev Gorusdakı ikisinifli beşillik rus məktəbinin məzunları idilər. Qızıl Şəfəq kəndində ilk müəllim Həşim Hacıyev Naxçıvandakı şəhər məktəbini bitirmişdir. Ancaq Qafan bölgəsinini kəndlərində işləyən ilk müəllimlər əsasən mollaxana təhsili olanlar idi. Onlardan Şəhərcikdə yeni açılan məktəbdə dərs deyən Cəlal Zeynalov mollaxana təhsili almışdı. Sonradan təhsilini davam etdirmiş və "Əməkdar müəllim" adına layiq görülmüşdü. Gorus qəzasının Şurnuxu kəndində yeni məktəbin ikl müəllimləri - Əliyev Murtuza Rüstəm oğlu, Quliyev İmran Rza oğlu ilk təhsilini mollaxanada almış, sonra İrəvanda təşkil edilmiş birillik kursu bitirmişdilər. Tədricən yeddiillik məktəb şəbəkələri də genişləndirilirdi.

 

(Ardı var)

 

Şəlalə ADIGÖZƏLOVA

Pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin baş müəllimi

 

525-ci qəzet.- 2021.- 19 mart.- S.8.