Arazdan Turanaadlı konfrans keçirilib

 

Abdulla Şaiqin 140 illik yubileyi ilə əlaqədar olaraqArazdan Turanaadlı virtual konfrans keçirilib.

525.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə baş tutub.

 

Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva açıb. O, çıxışından sonra konfransı idarə etməyi Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı  Əkbər Qoşalıya həvalə edib.

 

İlk olaraq Mədəniyyət Naziri Anar Kərimov şairin həyat yaradıcılığına aid əhatəli məruzə ilə çıxış edib. Ardınca AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli şairin yaradıcılığı haqqında hərtərəfli söz açıb.

 

O bildirib ki, “Abdulla Şaiqin ilk qələm təcrübələri klassik qəzəl janrında yazılmış qəzəllərdir. O, XX əsrin əvvəllərində yeni ədəbiyyatın iki istiqamətdə yaranması inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Şair nəsr əsərlərində realist, şeirlərində romantikdir. Şeirləri ideal insanlığa həsr olunub. Abdulla Şaiq romantizm ağırlıqlı realist yazıçıdır. Sovet dövründə maarifçi-realist kimi diqqəti çəkib. Onun tərcümə üçün seçdiyi əsərlər maarifçi ədəbiyyatın prinsiplərinə uyğun gələn əsərlər idi. O, maarifçi ədəbiyyatın yeni bir mərhələsini yaradıb. Yazıçılar arasında nüfuzu yüksək idi. Deputat şeçilməyi ona verilən siyasi qiymətin göstəricisi idi. Onu yazıçı kimi , şəxsiyyət kimi nümunə olaraq qəbul edirdilər. Hüseyn Cavidlə birlikdə ilk ədəbiyyat nəzəriyyəsi dərsliyi hazırlayıblar. Azərbaycanda tənqid tənqid tarixi məktəbi onun oğlu Kamal Talıbzadənin adı ilə bağlıdır. Kamal müəllimin Abdulla Şaiqin çox cildliyini hazırlayıb nəşr etdirməsi oğul borcu ilə yanaşı, ədəbiyyatşünaslıq qarşında böyük xidmətdir”.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar əlavə edib ki, “Abdulla Şaiq xoşbəxt sənətkardır. Biz hələ oxumağı bacarmayanda bizə ilk öyrədilən əsərlər onun şeirləri olub. Onu Şekspir, Krılov, Nizami GəncəvininŞərəfnaməpoemasının tərcüməçisi kimi tanıyırıq. Müstəqilik dövründə isə şairin yaradıcılığının yeni cəhətləri bəlli oldu. Kamal Talıbzadə onun sovet rejiminə etiraz ruhlu şeirlərini üzə çıxardı. Məlum oldu ki, onun  cümhuriyyət dövründə yazdığı türkçülük ruhunda şeirləri var. O, sovet dövründə bitərəfliyə ən böyük nümunə idi. Şaiqin obrazı ilk dəfə kinomuza mənim senarim əsasında çəkilmiş filmlə gəlib”.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycan ədəbiyyatını türk müsəlman ədəbiyyatında bir çox ilkləri ilə seçilən ədəbiyyat adlandırıb. “Abdulla Şaiq uşaq ədəbiyyatındakı boşluğu doldurmağa çalışıb öhtəsindən ustalıqla gəlib. Həmçinin marş ruhunda şeirlər yazıb” - deyə qazaxıstanlı ziyalı çıxışında vurğulayıb.

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva şairin türkçülük istiqamətində xidmətlərindən danışıb:

 

“Abdulla Şaiq ümumtük ruhunda məktəblərin açılmasının tərəfdarı idi. Onun həmin məktəblərdə yetişdirdiyi şagirdlər sonralar bütün türk dünyasının görkəmli şəxsiyyətlərinə çevrildilər. Türk ocaqlarının yaradılmasına təşəbbüs göstərən şairin şeirlərində türkçülük xətti üstünlük təşkil edirdi”.

 

TÜRKSOYun baş katibinin müavini Bilal Çakıcı şairin “Fitnə” və “Qaraca qız” əsərlərinin TÜRKSOY tərəfindən nəşr edildiyini xatırladıb.

 

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə bütün təşkilatçılara şairin ocağı-ailəsi adından təşəkkür edib. Xatırladıb ki, “onun yubiley tədbirləri 27 yaşından başlayıb. Özünün yaratdığı ilk anadilli məktəb onun ad gününü təşkil edib. 42 yaşı olanda ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi keçirilib. Sağlığında 75 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd olunub. 100 illik yubileyində adının əbədiləşdirilməsi ilə bağlı dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib. 110 illiyində akademik Kamal Talıbzadənin təşəbbüsü ilə Mənzil-Muzeyi yaradılıb. Abdulla Şaiq 40 ilə yaxın bu mənzildə yaşayıb”.

 

Konfransda Regional Hüquqiİqtisadi Marifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, İstanbul Türk Ocağının başqanı Cezmi Bayram, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADUP-unun Quba filialının rəhbəri Yusif Alıyev (Avşar) çıxış ediblər. Cavanşir Yusifli, Təranə Turan, Arzu Hacıyeva, Minəxanım Əsədli, Aygün Bağırlı və Fərrux Rüstəmov ədibin yaradıcılığının müxtəlif sahələrini əhatə edən məruzələrlə çıxış edilər. Azad Şükürov şairinArazdan Turanaşeirini səsləndirib.

 

Sonda millət vəkili Qənirə Paşayeva  Ülkər Talıbzadə iştirakçılara və dəstək olan hər kəsə təşəkkürlərini bildirib. Qənirə xanım bir sıra təkliflər irəli sürərək deyib:

 

“Gənc nəslin Abdulla Şaiq irsini daha geniş bilməsi üçün Mənzil-Muzeyini ziyarət etməsi əsasdır. Onun türkçülük ideyasının təbliğatı istiqamətdə Türk Ocaqları tərəfindən 140 illiyinin qeyd edilməsi təqdirə layiq olar. Şairin türkçülük ruhlu şeirlərini Türkiyə türkcəsinə uyğunlaşdırıb çap edərək Türkiyədə yaymaq lazımdır. Türkçülük ruhunun daşıyıcısı olan bir ədəbin yubileyinin Çanaqqala zəfərinin il dönümü gününə salınması təsadüfü deyil”.

Tədbirin keçirilməsinə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar BirliyiTürk Ədəbiyyatı Vəqfi də dəstək olub

 

 

  Gülnar Səma

 

525-ci qəzet.- 2021.- 19 mart.- S.9.