Şuşada bələdçim "Budağın xatirələri" olacaq

.

Söz vaxtına çəkər, - deyiblər. Keçən ilin elə bu vədələri idi. Koronavirus Azərbaycanın da qapısını döyməyə başlamışdı. Ölkə karantin rejiminə keçmişdi.

 

Həmin ərəfələrdə işdən illik məzuniyyətimi də götürüb doğulub boya-başa çatdığım Yurdçu kəndinə üz tutdum. Novruz ərəfəsi, bayram qabağı nə qədər virus insanlara hədə-qorxu gəlsə də, kənddə yaşamağın, kənd insanı ilə iç-içə olmağın yeri başqadır.

 

Yazı-pozu adamı olasan, kəndin güllənən, çiçəklənən, yaşıllaşan vədəsi ola, eyni zamanda da bolluca vaxtın! Özüm üçün oxumağa 10-15 kitab da seçib ayırmışdım. Onlardan biri də uzun illər haqqında eşitdiyim, heç cür qabağıma çıxmayan "Budağın xatirələri" romanı idi.

 

Burda bir haşiyə çıxmaq istəyirəm. 2003-cü ildə hərbi xidmətdən qayıdandan sonra "Şərq qapısı" qəzetində əmək fəaliyyətinə başlamışdım. Qəzetin o vaxtkı baş redaktoru, Əməkdar jurnalist, mərhum Məmməd Məmmədov özündən əvvəlki sələflərinə sayğı nümunəsi kimi redaksiyanın foyesində yarandığı dövrdən etibarən qəzetə baş redaktorluq etmiş insanların fotoşəkillərini və onlar haqqında məlumatların yer aldığı stend hazırlatmışdı və həmin stend redaksiyaya girən hər kəsin ilk qarşılaşdığı mənzərə olurdu. Xalq yazıçısı Əli Vəliyevin şəkli ilə də beləcə hər gün qarşılaşırdıq. İndi həmin stend Naxçıvan Dövlət Universitetinin media mərkəzində divardan asılıb və jurnalistika ixtisasında təhsil alan tələbələrin ən azından Naxçıvan mətbuat tarixinin xronologiyası barədə məlumatlanmasında böyük rol oynayır.

 

Sözümün canı var. Həm filologiya ixtisasından məzun olan biri kimi Əli Vəliyevin Xalq yazıçısı şəxsiyyətini yaxşı tanıyır, həm də ilk əmək fəaliyyətinə jurnalistikayla başlayan biri olaraq Əli Vəliyev haqqında daha ətraflı məlumatları öyrənməyə çalışırdım. Müəllimlərimdən öyrənmişdim ki, "Budağın xatirələri" əslində, elə Əli Vəliyevin xatirələri kimi də qəbul edilə bilər. Bu mənada həmin romanı şəxsi kitabxanam üçün heç cür əldə edə bilmirdim.

 

Yenə bir haşiyə çıxmalı olacağam. Başqalarını deyə bilmərəm, mənim belə bir xasiyyətim var ki, hansı kitabı oxuyuramsa, o, mütləq mənim öz kitabım olmalıdır. Bəlkə də bir çox kitabın oxunmasının qarşısını kəsən cəhətdir, amma "Budağın xatirələri"ni oxumaq üçün o mənim kitabım olmalıydı. Bunun üçün istər Naxçıvanda, istərsə də Bakıdakı kitab mağazalarından dəfələrlə maraqlansam da, satışdan tapa bilməmişdim. Ümidim Xalq yazıçısı babanın Xalq yazıçı nəvəsi Afaq Məsuda idi (o vaxt, Afaq xanım hələ bu yüksək fəxri ada layiq görülməmişdi). Təxminən 10 il əvvəl "525-ci qəzet"in Ağa Nemətulla küçəsində yerləşən redaksiyasında baş redaktorun müavini Yusif müəllimlə söhbət əsnasında öyrədim ki, Afaq xanım elə həmin binanın ikinci mərtəbəsində yerləşən Tərcümə Mərkəzinə rəhbərlik edir. Həmin gün Afaq xanımla görüşmək mümkün olmadı. "Xeyirlisi!" - deyib, Naxçıvana qayıtdım.

 

 

Bu, o dövrlər idi ki, kitabxanalarda kiril əlifbası ilə olan kitablardan 1-2 nüsxə saxlayıb digərlərini ixtisar edirdilər. Mən də kəndimizin kitabxanasından Afaq xanımın "Şənbə gecəsi" povest və hekayələr kitabından 10 ədəd götürüb səliqəli şəkildə yığıb hazırladım. Bakıya növbəti gedişimdə üz tutdum Tərcümə Mərkəzinə. İş vaxtının sonları idi və Afaq xanımla ofisində görüşdük. İmzamla tanış olsa da, şəxsən tanımadığı deyən, ilk baxışdan sərt görünüşlü (niyəsə, Afaq Məsud adı məndə Həmidə Məmmədquluzadə adı ilə bərabər assosiasiya olunur) Afaq xanıma Naxçıvandan sovqat gətirdiyimi deyəndə tərəddüd etsə də, çantamdan onun öz kitabından 10 ədəd çıxarıb özünə hədiyyə etdim. Bir qadının, xüsusən də yazıçı olan bir qadının sevincini həmin an müşahidə eləmək çox maraqlı idi. "Şənbə gecəsi"ndən özündə heç qalmadığını deyib xeyli sevindi. Həmin görüş zamanı gətirdiyim kitablardan birini, eləcə də "Yazı" və "Roman, esse və hekayə" adlı irihəcmli kitablarını imzalayıb mənə hədiyyə etdi. Mən isə daha çox "Budağın xatirələri" romanı üçün gəlsəm də, ordan da əliboş qayıtmalı oldum.

 

...2019-cu ilin sonlarında bir kitabxanadakı kiril əlifbalı nəşrlərin ixtisar edildiyini eşidib gedəndə qarşıma çıxan əsərlərdən biri də məhz "Budağın xatirələri" oldu. 1974-cü ildə "Gənclik" nəşriyyatında çap olunan 640 səhifəlik romanı məhz keçən ilin mart ayında 2-3 günə oxuyub bitirdim. İşə bax ki, roman boyu insan taleləri məni nə qədər ovqatdan-ovqata kökləsə də, Şuşayla bağlı hissələrdə, etiraf edim ki, daha çox həyəcan keçirirdim. Mən mistikaya inanan biriyəm. Şuşanı mütləq görməliyəm düşüncəsi bu romanı oxuyandan bəri - bir ildir ki, beynimdə var-gəl edirdi. Çox şükür ki, elə ötən ilin payızında Azərbaycan əsgəri bu arzumun çox yaxın zamanda gerçəyə çevriləcəyi reallığını yaratdı.

 

Yazımın bu yerinə kimi qeyd etdiyim ayrı-ayrı epizodları dəfələrlə yazmaq istəsəm də alınmırdı, amma Əli Vəliyevlə bağlı "525-ci qəzet"in 2 mart 2021-ci il tarixli nömrəsinin 13-cü səhifəsində Hacı Nərimanoğlunun "Ustad yazıçı və müdrik şəxsiyyət" adlı yazısındakı aşağıdakı abzas mənim kompüterin qarşısına keçməyimə stimul verdi.

 

"Əli Vəliyev həyatında görüb yaşadıqlarını avtobioqrafik səciyyəli "Budağın xatirələri"ndə o qədər bədii ustalıqla, həssas duyğularla qələmə alıb ki, təkcə bu əsərlə də Azərbaycan ədəbiyyatında əbədilik qala bilərdi; bu kitab zəngəzurluların timsalında bədnam qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin bədii, tarixi salnaməsidir, Zəngəzurun bənzərsiz təbiətinin, coğrafiyasının, yer-yurd adlarının-toponomikasının mükəmməl ensiklopediyasıdır, bugünkü, gələcək nəsillər üçün yaddaş kitabıdır, müdrik ağsaqqal öyüdüdür, həm də ağır müsibətlər görüb yaşamış müəllifin daxili mənəvi zənginliyini, bənzərsiz ədəbi istedadını dəyərləndirmək baxımından unikal mənbə, ədəbi söz abidəsidir".

 

 

"Budağın xatirələri" haqqında ayrı-ayrılıqda bir çox yazı yazmaq olar. Təkcə elə folklorşünas olduğumu nəzərə alsaq, eşitmədiyim o qədər atalar sözləri və məsəl, bayatı, holavar, alqış və qarğış, əfsanə, qaravəlli, uşaq oyunları və digər xalq yaradıcılığı nümunələri var ki, onlar haqqında da bir gün geniş söhbət açmağı düşünürəm.

 

Məni daha çox həyəcanlandıran romanın məhz Şuşayla bağlı nəql olunduğu tərəfləridir. Yaxın keçmişdə baş vermiş hadisələrin fonunda 40 yaşlı biri üçün Şuşanı görmək qismət olmamışdı. Həsən babamın İsa bulağında çəkdirdiyi şəkildən başqa uşaqlıq yaddaşımda da Şuşa yox idi. Hər bir azərbaycanlı kimi milli hisslərlə öyrəndiyim, tanıdığım, təəssüf dolu ağrıyla yad etdiyim Şuşanı mən Əli Vəliyevin qələmiylə "Budağın xatirələri"ni oxuyarkən qarış-qarış gəzdim. Getməsəm də, indi bilirəm ki, Şuşaya yol hardan keçir. Qarqar çayını, Ağa körpüsünü, Xəlifəli meşələrini keçib Şuşanın dolaylarına çatırsan. Bilirəm ki, şuşalılar üçün Şuşanın adı Qaladır, özləri də qalalılardır. Bilirəm ki, Şuşanın məşhur həkimi kim olub, xanənədələri kimlərdir. Bilirəm ki, Gövhər Ağa məscidi Şuşanın hansı tərəfindədir, ordan Cıdır düzünə necə gedə bilərəm, İsa bulağının yolu hardan keçir. Bilirəm ki, Mamayı, Təzə məhəllə, Hacıyusifli, Köçərli məhəllələri Şuşanın hansı tərəfləridir, Bazar başındakı şirin su hamamı hansı məhəllədədir.

 

Əli Vəliyev mənə öyrətdi ki, Şuşanın günəşi necədir, havası nə cürdür - indi bilirəm ki, "Şuşanın payızı dumanlı, qışı sərt, yazı yağımlıq, yayı quraq keçir". İndi bilirəm ki, Şuşada qonaq qarşılama adəti necədir, at yarışları hansı həvəslə keçirilir. Xanəndəli, musiqili məclislərlə Şuşa başqa bir aləm olur. İndi Şuşanın adı çəkiləndə Zarıslı meşələri, Cabbar bəyin hamamı, Rüşdiyyə məktəbi, Şuşa Pedaqoji Texnikumu, Şuşa qazamatı, Şeytanbazar, bazarbaşı xəyalımda apaydın şəkil kimi canlanır.

 

İndi məndən soruşsalar - Daşaltı Şuşadan nə qədər aralıdadır, Turşsuya necə getmək olar, deyə bilərəm, Şuşa teatrının binasının həyətində nələr var, sadalayaram, Natəvanın ev muzeyi hansı küçədədir, bilərəm. Şeytanbazarın yuxarısındakı karvansara necədir, təsvir edərəm, qayaların ortasında İbrahim xanın tikdirdiyi bina, göstərərəm. Xanın əmri ilə Molla Pənah Vaqifin atıldığı hündür qaya, odur eeeey. Dişgöynədən Soyuqbulaq, yolun o yandandır. Dadlı quzu kababını, qəhvəni, ətirli çayı harda yemək olar, harda içmək olar, təbii ki, "Çanaqqala", "Cıdır düzü" yeməkxanalarında.

 

Bir qalalı kimi inadla dirəşərəm ki, Qalada 6 yaşlısından 80 yaşlısına kimi hamısının səsi bülbül avazlıdır. Bunların hamısının xəritəsini mənə Əli Vəliyev verib, hamısı haqqında "Budağın xatirələri" danışıb.

 

... Romanda nəql olunan ikinci hekayətin "Nizamlı addımlar" başlıqlı hissəsində 1922-ci ilin, təxminən elə 100 il əvvəlin tarixini Əli Vəliyev elə beləcə başlayır: "Noyabrın yeddisində Şuşa dağlarının üzərindəki buludlar yoxa çıxdı, duman şəhərin ətrafından çəkildi. Şuşanın sifəti Qarabağın gözəlləri kimi baxmalı oldu". 100 il əvvəl deyilən bu iki cümləni 100 il sonra yenidən təkrar və qürurla oxumaq istəyirsən. Sadəcə noyabrın "yeddisi" yerinə "səkkizi" sözünü qoyaraq.

 

Bu il Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyidir. Mənə Şuşanı poetik dillə, sözlərin gücü ilə gəzdirən, sevdirən söz adamı haqqında düşüncələrimi yazmağı özümə mənəvi borc bilirdim. Dəfələrlə yazmaq istəsəm də, nədənsə alınmırdı. İndi isə Budaq Dədəkişi oğlunun xatirələr axınına qoşulub bir vaxtlar ilk əmək fəaliyyətinə başladığım "Şərq qapısı" qəzetinin Baş redaktoru Əli Vəliyevi xatırladım, "Budağın xatirələri"ni yazan Xalq yazıçısını düşündüm.

 

İnanıram ki, tez bir zamanda Şuşaya səfər edəcəyəm. Olsun ki, müəyyən məhəllələr zamanla dəyişilib, yeni məhəllər salınıb, yeni binalar tikilib, yeni yollar çəkilib. Amma bir şeyə əminəm ki, Xalq yazıçısı Əli Vəliyevi hörmətlə anaraq Şuşanı bələdçisiz də çox rahat gəzəcəyəm.

 

 

525-ci qəzet.- 2021.- 30 mart.- S.14.

Elxan YURDOĞLU