Acı taleli qız

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Hüseyn müəllimlə görüş ərəfəsi və onunla söhbət

 

Ruhiyyə Yusif müəllimin sözündən ruhlanmışdı və bu, onu fəal hərəkət etməyə sövq etmişdi. O, qət etdi ki, hökmən Hüseyn müəllimlə görüşsün və ona arvadının vəsiyyətini çatdırsın. Öyrəndi ki, qırx mərasimi Təzəpir məscidində keçiriləcək və ora yollandı. Qadın məscidində hamı bahalı paltarda, bər-bəzəkdə idi, onların arasında Ruhiyyə tovuz quşlarının yanındakı qara qarğa kimi görünürdü, sadə paltarı ilə hamıdan fərqlənirdi. Universitet müəllimləri olan xanımlar bərkdən danışırdılar, bəzi sözlərə gülənlər də olurdu. Onun yanındakılar Ruhiyyəyə yuxarıdan aşağı baxırdılar və ondan soruşdular ki, tələbəsən, yoxsa müəlliməsən? Hər iki suala başını silkələməklə cavab verdi. Süfrəyə plov gələndə isə, xanımlar elə səs-küylə yeyirdilər ki, elə bil barama qurdu öz yuvasını sarımaq ərəfəsində tut yarpağını sürətlə udur və bərk xışıltı salır. Bəzi dəbdəbəli paltar geyinmiş, sinələrini, qollarını qızıl bəzək-düzəklə bəzəmiş arvadlar isə səhrada uzun müddət ac qalmış, leş üstünə düşmüş kaftarları yada salırdılar. Ruhiyyə məclisə baxıb heyifsilənirdi. Çünki Südabə xanım belə matəmə layiq insan deyildi. Elə bil ki, heç kəs onun ölümünə heyifsilənmirdi, buraya da çoxu mərhum xanımı yad etmək üçün yox, özünü göstərmək və yağlı-üzlü xörəyə qonaq olmaq üçün gəlmişdi. Ona görə də bir-iki qaşıq plov yedikdən sonra yanındakılarla xudahafizləşib, tələsdiyini bildirərək, məclisi tərk etdi.

 

O, dəhlizə çıxdıqda təsadüfən məclisdə iştirak etmiş məşhur professor qonağını yola salan Hüseyn müəllimlə görüşdü. Bu adamın vaxtilə Südabə xanımın ağır xəstəlikdən xilasına böyük kömək göstərməsini onun öz dilindən eşitmişdi.  Arvadının  ölümünə görə ərinə başsağlığı verdi və gözlərindən axan yaşı saxlaya bilmədi. Sonra vaxtı olanda onunla görüşmək istədiyini bildirdikdə, Hüseyn müəllim dedi ki, iki-üç gündən sonra zəng edərsən, görüşərik.

 

Bir həftə sonra Ruhiyyə zəng etdi və Hüseyn müəllim dedi ki, həmişə olduğu kimi, bazar günü bizə gəl, söhbət edərik. Qız onun zənginə belə cavab verdiyinə görə sevindi. Özünə bir qədər səliqə-sahman verdi, fiqurası da qaydasında idi, hamiləliyindən əsər-əlamət qalmamışdı. Ucuz mağazadan aldığı donunu və koftasını geyindi, yəqin ki, Hüseyn müəllim onu xoş sifətlə qarşılayacaqdır.

 

Belə ümidlə o, Südabə xanımgilin qapısının zəngini basdı. Qapını açan ev yiyəsi onu "xoş gəldin" deyə salamladı və qonaq otağına dəvət etdi. Ruhiyyəyə yer göstərib, özü də qarşı tərəfdəki kətildə əyləşdi. İlk sözü bu oldu:

 

- Sözlü adama oxşayırsan. Səni eşidirəm.

 

Ruhiyyə belə müqəddimədən tutuldu, çünki bu ona işarə idi ki, özün xahiş etmisən, mən də görüşə razılıq verdim. İndi görüşün məqsədini ayırd etmək lazımdır.

 

Hüseyn müəllim dedi ki, yəqin, hamiləliklə üzülüşmüsən, uşağı doğub, icarə götürənlərə təhvil vermisən. Görkəmin də bir qədər dəyişilmişdir, elə bil ki, cavanlaşmısan.

 

O, bu sözləri deyəndə yadına saldı ki, ilk dəfə Ruhiyyəni görəndə onun gözlərinə vurulmuşdu. Bu gözləri təsvir etmək də çətin idi, qız sevinən kimi onlar parıldamağa başlayırdı. Lakin bu gözlərdə həm də anlaşılmayan bir hüzn, bir məchulluq var idi. Hüseyn müəllim qədim Roma şairi Vergilinin sözlərini yada saldı: "Dərddən yaralanan, bu ölümcül yaranı daim özü ilə daşıyır". Ruhiyyə də köhnə dərdlərini unuda bilmirdi. Lakin birdən qəmgin baxış dəyişilirdi, bəbəklər alov şiddəti ilə parlamağa başlayırdı. Bu vaxt qızın yanaqlarına da gur qan gəlirdi, zərif üz cizgilərinə ehtiras şehi hopurdu. Qəmgin görünən bu qız şimşəkvari gülüşlə canlanmağa başlayırdı. Lakin ani sevinc az sonra yox olurdu, əvvəlki gözəllik geriyə dönməz şəkildə solurdu. İlk müşahidəsindən Hüseyn müəllim bu qıza heç də laqeyd deyildi, lakin öz hisslərini gizlətməyi də bacarırdı.

 

Lakin ev yiyəsi yenə də onun sifətində donmuş gərginliyi, qəmginlik nişanələrini gördü. Görən, o, niyə belə qəm-qüssə dəryasına qərq olmuşdur? Yəqin ki, Südabənin ölümü ona ağır təsir etmişdir, axı onlar qısa müddətdə bir yerdə olsalar da, bir-birlərinə çox bağlı idilər. Bir qədər düşündükdən sonra güman etdi ki, yəqin, başqa səbəblər də vardır.

 

Ruhiyyə söhbətə müqəddimə ilə başlamağı bacarmırdı, ona görə də birbaşa mətləbə keçdi.

 

- Südabə xanımın ölümündan əvvəl mənə verdiyi tapşırığa və sonralar mənə ünvanladığı məktuba görə sizinlə görüşmək istədim. Mən hər şeyi açıq danışacağam, xahiş edirəm, bunu mənim nəzakətə əməl etməməyimin nümunəsi kimi qəbul etməyəsiniz. Südabə xanım son aylarda ürək ağrısından əziyyət çəkirdi, bunu sizə demək artıqdır, yəqin ki, siz bunu görür, müşahidə edirdiniz. O, özünün yaxınlaşan ölümünü hiss edirdi, axı çox müdrik bir insan idi. O, öləndə sizin tək yaşaya bilməyəcəyinizə görə təşviş hissləri keçirirdi. Mənim taleyimə də biganə deyildi. Hər ikimizin gələcəyini nəzərə alaraq məndən xahiş etdi ki, Hüseyn müəllimlə ailə qurmaq barədə fikirləş və mən öləndən sonra bu ideyanı ona hökmən çatdır. Bu, mənim sənə vəsiyyətimdir, əməl etməsən, ruhumu incidəcəksən. Məktubunda da həmin fikirlər yer alır və məni cəsarətli olmağa, sizinlə açıq danışmağa səsləyirdi.

 

Hüseyn müəllim qonağını dinlədikdən sonra dedi ki, bu səhnəyə Çarlz Dikkensin "Devid Kopperfild" romanında rast gəlmişəm. Devidin çox sevdiyi, gənc olduğu kimi, büllur kimi zərif olan arvadı Dara öləndə, o, heç də Südabə xanım kimi yaşlı deyildi, Devidin uşaqlıq dostu, özünün də mehriban rəfiqəsinə çevrilən Aqnesi yanına çağırıb xahiş etdi ki, Devidi tək qoyma, ona ərə get, siz xoşbəxt olacaqsınız. Aqnes bunu etdi və onların gözəl ailəsi yarandı.

 

Mən Südabəni də başa düşürəm, sənin də səmimiyyətinə şübhəm yoxdur. Ancaq bu təklif də sadə məsələ deyil. Mən yaşlı adamam, sən isə çox cavansan. Evlənmək həyatdakı ən ciddi addımlardan biridir. İkinci dəfə evlənmək, ailə qurmaq isə daha məsuliyyətli olduğundan bir andaca qərar vermək yaramaz. Hərtərəfli düşünüb, məsələnin həllinə yaxınlaşmalısan. Düşünürəm ki, sən də məni tələsdirməməlisən. Mən ciddi fikirləşməliyəm, bu yaşımda səhvə yol verməməliyəm, səhv etsəm, sənə də pislik etmiş olaram. Çünki söhbət hər ikimizin gələcək taleyindən gedir. Bu, teatr tamaşası deyil ki, səhnədəkilərin təsiri altında hissə qapılasan, "katarsis" prosesindən keçməyinlə öyünəsən. Könülün saflaşmasına biz həyatda nail olmalıyıq, buna hazırıqmı, bax əsas məsələ də bundadır.

 

Ruhiyyə əvvəldən rədd cavabı almağa da özünü hazırlamışdı, lakin Hüseyn müəllimin sözləri ona soyuq duş təsiri bağışladı. Bu cavab onu olduğu quyunun lap dərinliyinə salmışdı. Düşünürdü ki, gərək mən də Tatyananın Oneginə yazdığı kimi, onu qabaqlamaq üçün məktub yazıb özümün təklifə "yox" cavabımı həmin məktubda göstərəydim. Onda mən Yusif müəllimə verdiyim sözü pozardım, məsələni bünövrədən həll yolundan sapdırardım. Axı niyə o, başa düşmür ki, mən cavan qız olduğum halda, özü kimi yaşlı bir adama ərə getməyə razılıq verirəmsə, deməli, ona güzəştə gedirəm. Onu da başa düşürdü ki, bir təcrübəli insan kimi onun keçmişinə bələddir, bu maneəni keçməyə isə böyük cəsarət lazımdır. Belə cəsarət sahibi deyildirsə, onunla qurulan ailənin də ömrü uzun olmaz. Peşman olub, sonradan mənə özü izdivac barədə təklif etsə, mən ona intiqam şəklində rədd cavabını verəcəyəm. Digər tərəfdən, onun mənim məhəbbətimə ehtiyacı yoxdursa, özü də sevgidən uzaqdırsa, mən onunla necə ailə qura bilərəm. Bu ailənin aqibəti nə olacaqdır? Mən güman edirdim ki, o, mənə az-çox vurulmuşdur, söhbətimizdən isə mən buna yaxın olan heç bir işarə duymadım. Heç yaxşı olmadı ki, o, mənə elçi düşmək əvəzinə, mən ona elçi düşdüm. Bəlkə o, Konqoda, ya Ruandada almaz axtarmaq istəyir. Bəlkə Çexovun qoca rus məmuru kimi, bağındakı ləklərə manna yarması səpmək istəyir ki, hansısa bir sürpriz göstərsin. Onun özü Otello kimi "yaşın ötdüyü illərin vadisinə düşmüşdür", ancaq mənə hələ minnət qoymaq istəyir. Sonradan peşman olsa, mən də ehtirasımı susdurmağı bacaracağam.

 

Ruhiyyə suallar içində qalmışdı, niyə bu təcrübəli adam ona qəti cavab vermədi, ümid odunu söndürməyə yaxın olan közərmədə qoydu. Axı hərənin öz dünyası, öz marağı vardır, bəlkə də, o, varlı bir qadınla evlənmək istəyir ki, heç olmasa əvvəlki həyat tərzini saxlaya bilsin. Yoxsa mənim kimi kasıb qızı niyə almalıdır ki, maaşla dolanan bir adamın evində yeyən bir ağız da artsın. Yaponların "Narayyama əfsanəsi"ndə deyilirdi ki, uzaq keçmişdə evdə yeyən ağız artıq olanda oğlu qoca anasını belinə alıb, qarlı dağa çıxarıb, oraya qoydu ki, tənhalıqda soyuqdan, aclıqdan ölsün. Ümumiyyətlə, fikirləşsək, çoxlu səbəblər tapmaq, ya uydurmaq olar. Ona görə də Ruhiyyə özünü təhqir olunmuş hesab edirdi, bu ziyalı kişi gərək onunla ehtiramla danışaydı, lap arvadının təklifini rədd etsə də. Çünki axı Ruhiyyə öz təşəbbüsü ilə bu təkliflə onun yanına gəlməmişdi, qızın ləyaqətinə hörmət əlaməti olaraq həmin təklifə qeyri-müsbət münasibətini də bir qədər yüngül qaydada ifadə edə bilərdi.

 

Ruhiyyə özünü məğlub edilmiş əsgər, qalası alınmış bir sərkərdə kimi hesab edirdi. Ağlının kəsdiyi qədər götür-qoy edir, Hüseyn müəllimi kobudluqda, onunla qaba davranmaqda ittiham edirdi. Başqa cür də hərəkət edə bilərdi, adi taktı gözləməli idi, axı bu fağır qız ondan ənam diləmirdi ki? Fikirlər onu üzsə də, qəti bir qərara gələ bilmirdi, yenəmi onun oxu daşa dəydi, yoxsa tunelin qurtaracağında işığın görünməsi şansı hələ qalır?

 

Yenə Yusif müəllimə zəng vurmaq qərarına gəldi, o, yeganə adam idi ki, ona düzgün yol göstərəcəkdi. O, zəngə cavab vermədi, bir saat sonra özü zəng etdi. Bildirdi ki, kafedranın iclasını keçirirdi, ona görə gec zəng etməli oldu. Ruhiyyə Hüseyn müəllimlə görüşdüyünü və söhbətin məğzini ona çatdırdı. O güldü və dedi:

 

- Sən ikinci nüsxəsi olmayan skeptiksən, düşündüyün baş verməyən kimi pəjmürdə olursan, elə güman edirsən ki, hamı, hətta sənin xətrini istəyənlər də sənə düşmən kəsilmişdir. Ərə getmək, ailə qurmaq şahmat oyununa bənzəyir, bir-iki gedişdən sonra özünü qalib, ya məğlub hesab etmək bu oyundan xəbəri olmamaq deməkdir. Sən ilk e2-e4 gedişini etmisən, bu, hələ heç nədən xəbər vermir. Səbirli ol, hələ debütə başlamısan, qarşıda mittelşpil, endşpil durur. Tələssən, tez mat olarsan. Sənə isə partiyanı udmaq lazımdır və sənin udacağına şübhəm yoxdur. Çünki rəqib hələ cavab gedişini də etməyib. Elə bilirsən ki, artıq sənə "şah" adlanan gediş edildi və sən öz şahını təslim etməlisən. Belə tez qaydada ruhdan düşmə, sən hələ çox partiyaları udacaqsan. Elə bilirəm ki, mənim Hüseyn müəllimlə danışmağıma da ehtiyac yoxdur, mən bu vaxt onun öz nikahı kimi ali bir işinə qarışmış olaram. Bu məsələyə hətta ən yaxın adamların da müdaxiləsi məqbul hesab olunmur. İlk gedişini etdiyinə görə səni təbrik edirəm, gələcək gedişlərində daha ehtiyatlı və diqqətli hərəkət etməyi arzulayıram. Sən böyük bir turnirdən qalib çıxmalısan, lap başlanğıcdan qrossmeyster olmaq istəyirsənsə, bu, heç də mümkün deyildir. Tələsmə, həyat oyunları sənə çox təcrübələr verəcəkdir.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 1 may.- S.22.