Teatr Xadimləri İttifaqı "Sənsiz" bədii qiraət müsabiqəsi keçirib

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 29-30 apreldə "Sənsiz" adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

 

Giriş sözü ilə tədbiri açan İttifaqın sədr müavini, Xalq artisti Hacı İsmayılov müsabiqə ilə bağlı ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb. Sonra iştirakçıların çıxışları təqdim olunub. Münsiflər tərəfindən seçilən iştirakçılar aprelin 30-da mükafatlandırılıb.

 

Qərara əsasən birinci yerin qalibi müəyyənləşməyib. II yerin qalibləri Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov, III yerin qalibləri Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyeva olub.

 

Bundan başqa "Münsiflər heyətinin xüsusi diplomu ilə" "Müsabiqədə iştiraka görə" təltif edilənlər var.

 

Münsiflər heyətinin xüsusi diplomu ilə Şirinova Naibə Həmdulla qızı (Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri), Məmmədzadə Nəsimi Əyyub oğlu (Naxçıvan Dövlət Musiqili Dram Teatrı), Kərimova Gülər Rövşən qızı (Lənkəran Dövlət Dram Teatrı), Muradov Elçin Əkrəm oğlu (Bakı Bələdiyyə Teatrı), Nəzərova Dilarə Vaqif qızı (ADMİU-nun tələbəsi) təltif edilib. Müsabiqədə iştiraka görə təltif olunanlar isə Fətullayeva Aygün Bəhruz qızı (Dövlət Gənc Tamaşaçılar Teatrı), Hümbətov Elmir Uğurlu oğlu (Ağdam Dövlət Dram Teatrı), Muradlı Kamran Əhməd oğlu (Sumqayıt Dövlət Dram Teatrı), Qarayev Qaçaq Məhərrəm oğlu (Füzuli Dövlət Dram Teatrı), Zəmanə Dərviş (Qazax Dövlət Dram Teatrı), Hacızadə Vəfa Nadir qızı (Lənkəran Dövlət Dram Teatrı), Səfərova Kəmalə Mazanovna (Qusar Dövlət Ləzgi Dram Teatrı), Qasımova Fatimə Bəxtiyar qızı (ADMİU-nun tələbəsi), Zeynalova Aytac Rizvan qızıdır (ADMİU-nun tələbəsi).

 

Tədbirdə Nizami Gəncəviyə həsr olunan videoçarx da nümayiş olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov müsabiqədə iştirak edən teatr xadimlərinə təşəkkürünü bildirib, onların Nizami Gəncəvi yaradıcılığına münasibətini yüksək qiymətləndirib. Azər Paşa Nemətov deyib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı bundan sonra da müxtəlif yaddaqalan tədbirlər keçirəcək, ədəbiyyat mədəniyyət xadimlərinin yaradıcılığının təbliğinə, milli mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək.

 

Qeyd edək ki, münsiflər heyətində Teatr Xadimləri İttifaqının "Dramaturgiya" laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, "Gənc rejissorların yaradıcılıq laboratoriyası"nın rəhbəri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, "Aktyorluq laboratoriyası"nın rəhbəri Məhəmməd Verdiyev, ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Teatr Xadimləri İttifaqının sədri müavini, Xalq artisti Hacı İsmayılov təmsil olunub.

 

 

525-ci qəzet.- 2021.- 4 may.- S.9.