Biz getmişdik Zəngilana...

 

 

27 İLDƏN SONRA AZAD NƏFƏS ALAN MÜQƏDDƏS YURD YERİMİZİ İNDİ DİRÇƏLİŞ HAVASI BÜRÜYÜB

 

Heç unutmadım: 2020-ci ilin dekabrın sonuna az qalırdı, Böyük Qələbəmizdən bir aydan çox zaman keçsə də, zəfər eyforiyası başımızdakı dumanları hələ də dipdiri saxlamışdı və o duman heç indi də çəkilməyib. Axı 30 ildən sonra işğal altındakı torpaqlarımızı azad etmiş, ən müasir dünyada heç bir ölkənin bacarmadığını bacarmışıq. Texnologiya, müasir silahlar, inkişaf etmiş ordu bu qalibiyyətin əsas meyarlarından biri idisə, təməlindəki güc birləşən xalq və onun qələbə əzmi idi.

 

Hər kəs kimi biz də sentyabr ayında müharibə başlar-başlamaz bir çox dostumuzu, qohumumuzu, əzizimizi cəbhəyə yola salmışdıq. Müharibə zamanı onlardan çox gec-gec xəbər alırdıq. Dediyim o soyuq dekabr ayında belə azad edilmiş torpaqlarda möhkəmlənmək və müdafiə səbəbindən hələ çoxu tərxis olunmamışdı. Bir gün müharibənin ilk çağlarından könüllü orduya qatılan və hələ də xidmətdə olan tanışlarımdan biri 26 saniyəlik bir video atdı. Video mənə müraciətlə başlayırdı. Davamında həmin o müqəddəs formadakı tanışım özünün Zəngilanda olduğunu deyirdi. Hər tərəf ağappaq qara bürünmüşdü. Uzaqdan görünən dağlar videodanca qürurla təbəssüm edirdi "biz daha azadıq" deyərcəsinə. Tanışım o videoda çox şey danışmışdı, amma mən "Şahanə" və "Zəngilan" sözlərinə ilişib qalmış, gözümü də o ağ donlu dağlardan çəkə bilməmişdim. İşğalı mənlə yaşıd olan, gözümü açandan adını eşidib üzünü görməyi xəyalımıza belə gətirməyə cəsarət etmədiyimiz o torpaqda bu gün mənim vətən yoldaşım addımlayır, səmasında ana dilim cövlan edir və havasına mənim adım qarışır. Möcüzə, yoxsa elə bu videonu mənə göndərən, adımı Zəngilanın havasıyla bəzəyən o tanışım başda olmaqla, Azərbaycan oğullarının şücaəti..? Üstündən düz 4 ay keçəndən sonra anlayacaqdım 2-cinin olduğunu...

 

 

 

Yollar Qarabağa aparır...

 

Qarabağa ilk səfərim 15 gün öncə gerçəkləşmişdi: Ağdama getmişdim, ay balam! Səfər təəssüratlarımı "525-ci qəzet"in səhifələrində oxuyan oxuyub, oxumayan saytımızı ziyarət etsə, asanlıqla tapa bilər. Bu gün isə Zəngilana gedirəm, ay balam!

 

"525-ci qəzet"ə Qarabağa səfər təklifi gələndə Zəngilana getməyi təkidlə istəyənlərdən biri mən oldum. Qarabağda ilk adım çəkilən torpaq idi Zəngilan. Buna görə mənimçün daha doğma, daha müqəddəs idi. Məndən öncə adım getmişdi o gözəlim yurda. İndi isə adımın və qəlbimdəki duyğuların iziylə özümün getmək vaxtım idi...

 

Mayın 1-nə açılan gecəni nələr hiss etdiyimi, hansı duyğularla səhəri açdığımı danışsam, gərək elə yazının birini təkcə buna həsr edəm. Ona görə üstündən adlayıb "Gəl, ey səhər!" deyərək, "gətirirəm" səhəri. Nağıl dili yüyrək olar, deyiblər. Mən də səhər 6-nın yarısında evdən çıxmağımı, taksidəki həyəcanımı və bizi Zəngilana aparan o gözəlim yola çıxarkənki hisslərimi sözsüz də anladığınıza inanaraq, keçirəm mətləb üzərinə...

 

"525-ci qəzet"in Zəngilan səfərinə çıxmış təmsilçiləri olaraq dörd əməkdaş düzəlmişik yola. Aramızda fotoqraf da var, "525-ci qəzet"in və saytımızın müxbirləri də, redaktor da. Yəni tam heyətlə Allahın adını çağırıb çıxmışıq bizi Qarabağa aparan yola. Çiynimizə Tanrının əli kimi qonan üçrəngli müqəddəsimizlə birgə...

 

 

Günlərdir, hətta həftələrdir, gərgin iş rejimimizə, dünən gecəni səhərə dipdiri gözlə açmağımıza, səhər o başdan yola çıxmağımıza baxmayaraq, hamımız dinc, hamımız enerji doluyuq. Fərqli mövzulu söhbətlərlə yola körpü atırıq. Adda-budda cümlələrlə hisslərimizi bölüşsək də, görünür, heç birimiz hələ ki, səfərin mahiyyətindən bəhs etməyə cəsarət göstərə bilmirik. İş yoldaşlarımın ailəsi yol boyunca tez-tez əlaqə saxlayırlar, hamısının bircə sözü var: minalardan ehtiyatlı olun. Gülümsəyirəm, ötən səfərdə mənim də ailəm bu cür narahat idi. Hətta anam "sən hər şeylə maraqlanansan, bax ha, orda nəyəsə baxacam deyib təhlükəli yerlərə girmə"-deyə dönə-dönə xəbərdarlıq etmişdi. Jurnalist marağımı bilir axı. Amma çox şükür, bələdçilərimizin, nəzarət edən polis və zabitlərimizin sayəsində səfərimiz yüksək səviyyədə, xətasız-bəlasız keçmişdi. Ona görə də ailəm artıq təcrübəli idi.

 

Yollar yolları, ağaclar ağacları, evlər evləri, rayonlar rayonları əvəzlədikcə bir az daha yaxınlaşırıq Qarabağa, Zəngilana. Yaxınlaşdıqca həyəcanımız artır, hisslərimiz qarışır. Duyğu selinin ən coşğununu isə Sabirabadda yaşayırıq...

 

"İndi yaşıllıq içindəki bu məkanda..."

 

 

Yolda fasilə vermək üçün Sabirabadda, çox gözəl bir məkanda dayanırıq. Adətən, istisiylə məşhur olan rayonda belə bir yaşıllıqlarla zəngin, çay qırağında qərarlaşmış, sərin və gözəl yer olduğunu bilmirdim. Varmış... Yol kənarında yerləşən bu "Dostluq" kafesini hamımız ilk addımdan sevdik. Neçə saatdır yolda olan bizim üçün bu məkan cənnət kimi idi. Sifariş verdiyimiz çayımız hazır olana qədər bir-birimizin şəkillərimizi çəkir, sərin və tərtəmiz havanın dadını çıxarırdıq. Dördlükdə çəkdiyimiz şəkillərimizdən birini "525-ci qəzet"in bütün əməkdaşlarını bir yerə toplayan vatsap qrupumuza göndəririk. Rəşad Məcid həmən tanıyır məkanı və vaxtilə sosial şəbəkədə ora haqqında status yazdığını deyir. Çox keçmir ki, status artıq telefonlarımızdadır. Zamanında Rəşad Məcid yazıbmış:

 

"Sabirabadın Bulaqlı kəndində, yol qırağında "Dostluq" kafesi var. Uzun illər rayona gedəndə burada dayanıb, çay içib, sonra yola davam etmişəm. İndi son məntəqə kimi "Horadiz" yazılan göstəricilərdə o vaxtlar "Laçın", "Şuşa" yazılırdı. Hadisələr başlayandan sonra bu yol daha işlək olmuşdu. İndi Cocuq Mərcanlıda dirənib dayanan yolla Araz qırağı kəndləri ötüb Cəbrayılın, Zəngilanın ərazisindən keçib Xanlıq kəndindən sağa dönür, Qubadlının, məşhur Güləbirt kəndinin, yeni tikilən "Qayğı" qəsəbəsinin yanıyla Laçına qalxırdım. Bəzən davam edib Minkənd yoluyla Zabuxu keçərək Ağoğlana, doğulduğum kəndə-nənəmə qonaq gedirdim. Bəzən də Qala dərəsindən, Turşsudan keçib Şuşaya qalxırdım. Ordan da Xankəndini, Əskəranı keçib Ağdama düşürdüm. İndi yaşıllıq içindəki bu məkanda hüznə qərq oldum, keçmişə daldım, acı çəkdim və..."

 

Düzünü desəm, statusun bu məzmununa heç də təəccüblənmədim. Axı illərdir qəlbində Ağdam, Laçın, Şuşa-Qarabağ həsrəti gəzdirən, hər sözü-söhbəti o torpaqlar olan insan bundan başqa nə yaza bilərdi ki? Qarabağa aparan yolun üstündə yerləşən bu kiçik kafe ona elə məhz Qarabağı, ona gedən yolları xatırlatmalı idi. Rəşad müəllimin "və..." deyib yarımçıq saxladığı cümləni biz tamamlayırıq: "Və...yenidən eyni marşrutla eyni yerləri ziyarət edəcəksiniz..." Nə mutlu ki, bu, artıq arzu deyil, təmənna deyil, ümid deyil. Bu, gerçəkliyin özüdür. Bu gün biz eyni marşrutla Zəngilana gediriksə, əlbət, sabah Rəşad müəllimin adını çəkdiyi və artıq ürəklə, canla "yenidən bizimdir" - deyə bildiyimiz, oğullarımızın işğaldan azad etdiyi o gözəlim torpaqlara da gedəcəyik. Nə qalıb ki?!

 

Horadiz... Cocuq Mərcanlı...

 

 

 

Növbəti dayanacaq yerimiz Horadiz şəhəridir. Burda bizi digər media nümayəndələri, həmkarlarımız və bələdçilərimiz gözləyirlər. Post yoxlanışından istifadə edib Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edirik. 2016-cı ilin aprelində baş verən və cəmi 4 gün davam edən müharibəylə bugünkü qələbənin təməlini qoyan qəhrəmanlarımızdır onlar. Cəmi 4 gün içində Cəbrayılın Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsiylə bu kənd də azadlığına qovuşdu. Həm Horadiz, həm də Cocuq Mərcanlı 1993-cü ildə düşmən tərəfindən işğal olunsalar da, 1994-cü ildə Azərbaycan Milli Ordusunun keçirdiyi "Horadiz əməliyyatı" nəticəsində azad olunublar. Horadizdə həyat öz axarıyla davam etsə də, Cocuq Mərcanlını əhatələyən bütün strateji məntəqələr, təpələr düşmənin əlində olduğundan orda illərlə cəmi bir nəfər - Oqtay Həziyevdən başqa kimsə yaşamayıb. Ta ki, 2016-cı ilin aprelinə - indi qarşısında durduğumuz o qəhrəman şəhidlərimizin Lələtəpə yüksəkliyini azad etməsinə qədər... Behiştlik şəhidlərimizin ruhuna dualar oxuyub, hüzurlarına baş endirib davam edirik yolumuza.

 

Rəşad Məcidin statusunda yazdığı kimi daha son dayanacaq, lövhələrdəki son ünvan nə Cocuq Mərcanlıdır, nə Horadiz. Yol boyunca qarşımıza yeni lövhələr çıxır: Cəbrayıla, Zəngilana, Qubadlıya və işğaldan azad olunmuş digər bölgələrimizə gedən yolun uzunluğunu və istiqamətini göstərən yollar. Kefin istəyir sür maşını özünçün, get Cəbrayıla, dön Qubadlıya, baş çək Şuşaya, əl eylə Laçına... Əlbəttə, bunların hamısı olacaq, özü də çox qısa zamanda. Düşmən vandalizminin, məkrinin o torpaqlardan birdəfəlik silinməsi, güllü-çiçəkli yurdlarımızın minalardan təmizlənməsiylə.

 

"Mən gedirəm Zəngilana..."

 

 

 

Görürsünüzmü, yazıya nə vaxtdı başlamışam, hələ gedib Zəngilana çata bilməmişik. Bax, Qarabağın yolları da beləcə maraqlı, sözlü-söhbətlidir. Cocuq Mərcanlını keçəndən sonra iki həftə öncə Ağdamda görüb gözümün öyrəşdiyi mənzərə burda da məni "salamladı"... Budur, başladı erməni vəhşiliyinin izləri. Yamyaşıl ağacların, başıdik dağların arasında yol boyunca xarabalıqlar mırıq diş kimi ağarır. Cəbrayılın ərazisiylə keçirik. Bu, o xarabalıqlardır ki, zamanında ev olublar, divarları bir ailənin yurd yeri, isti məskəni olub. Düz 28 il öncəyə kimi burda vətən yoldaşlarımız ömür sürüb, həyat yaşayıblar. Yanımızda həmin günlərin yadigarı soydaşımlarımızdan biri olsa, bəlkə də künc-bucağından, olduğu ərazidən, hansısa ağacından, daşından tanıyacaqdı öz evlərini, baxacaqdı keçmişindən geriyə qalan 3-4 daşın ovxalanmış halına. Hə, mənzərə çox miskindir, amma qəlbimdəki sevinci, qüruru silib atmağa gücü yetmir. Təsəllim baş ucumda, qəlb küncümdədir: bu yerlər bizimdir. Nə olsun, 28 il öncə biz yaşamışıq bu evlərdə, axı 28 ildə də erməni nəfəsi hopub bu daşa-divara. Elə bu cür olması yaxşıdır, bu xarabalıqlarla birgə onların nəfəsləri də birdəfəlik silinəcək yurd yerlərimizdən, yeni tikilən evlərlə yeni dövranı başlayacaq Qarabağın, qarabağlıların, Azərbaycanın!

 

Bu fikirlərlə maşının pəncərəsindən boylanıram yollara, açıq şüşədən dolan tərtəmiz, dumduru havanı acgözlüklə çəkirəm ciyərlərimə. Ruhum isə məşhur qarabağlı xanəndəmiz Zülfü Adıgözəlovun səsiylə cövlan edir:

 

Mən gedirəm Zəngilana,

Ay ana, ana, günləri sana,

Gedirəm axı, gedirəm axı...

Vurulmuşam bir ceyrana,

Ay ana, ana, günləri sana,

Gedirəm axı, gedirəm axı.

 

Atlarımız yəhərlidədir,

Qızıl, gümüş kəmərlidədir,

Ana, məndən arxayın ol,

Sənin oğlun hünərlidir,

Ay ana, ana, günləri sana,

Gedirəm axı, gedirəm axı.

 

Yenə gözümün qarşısına gəlir anaların Cəbrayılı, Zəngilanı, Qubadlını, Şuşanı, Ağdamı-Qarabağı düşmən işğalından azad edən hünərli oğulları. Şəhidlərimizin ruhuna ehtiram, döyüşçülərimizin əzminə sayğılarımızı göndərib üzümü səmaya tuturam, bu günü bizə yaşadan Allaha şükürlərimi göndərmək üçün. Bizdən solda Araz baş alıb gedir yolunu-yöndəfini itirmiş kimi. Arazdan o tərəfdəki yurd yerlərimizin ağrısı "Arazı ayırdılar" üsyanıyla keçib gedir ürəyimdən. Üzümü doğma səmtə tutub bir daha pıçıldayıram: "Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar..."

 

Əsir kənddən "Ağıllı kənd"ə...

 

Nəhayət, Zəngilandayıq! Şəhərin girəcəyində üçrəngli müqəddəsimizlə süslənmiş "Zəngilan" yazısını görər-görməz səs-küy ucalır maşının içində. Hamımız bu mənzərəni həm gözümüzün, həm də kameramızın yaddaşına köçürməyə tələsirik. Burdakı postda da bir az ləngiyəndən sonra düşürük yola. İstiqamət Birinci, İkinci və Üçüncü Ağalı kəndləri, orada bir neçə gün öncə prezidentimiz tərəfindən təməli qoyulan "Ağıllı kənd" layihəsidir.

 

 

 

Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqinə başlanıldı.

 

Budur, biz də artıq bu layihənin ilk ziyarətçilərindənik. Əraziylə, layihəylə tanış olandan sonra səlahiyyətli şəxslərlə, memarlarla söhbət edib, daha çox bilgi almağa çalışırıq.

 

Səfər çərçivəsində qəzetimizə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov Zəngilanın 3 kəndini əhatə edən bu layihənin hələlik ilk olduğunu vurğuladı və artıq dünyanın bir çox ölkəsindən şirkətlərin quruculuq işlərinə cəlb olunduğunu bildirdi: "Gördüyünüz kimi, bu gün Zəngilan rayonunda Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin ərazisində Pilot "Ağıllı kənd" ("Smart Village") layihəsi icra edilməkdədir. Layihəyə artıq başlanılıb, ilkin şirkətlər dəvət olunub, işlər bütün sürətiylə davam etməkdədir. Layihə çərçivəsində, ümumiyyətlə, "smart" ifadəsinə həm də bir abreviatura kimi baxırıq. Açılışı isə belədir:

 

S-səmərəli;

M-müasir;

A-ağıllı idarəetmə və kənd təsərrüfatı;

R-rahat;

T-təhlükəsizlik

 

Demək, "Ağıllı kənd" bütün bu məsələləri özündə ehtiva edən bir layihə olacaq. Belə ki, layihədə əsas konsepsiyanı əhatə edən beş istiqamət vardır. Bu, yaşayışın, istehsalın, sosial xidmətlərin, ağıllı kənd təsərrüfatının və alternativ enerji istifadəsinin təşkilidir. Layihə çərçivəsində ilkin olaraq 200 evin tikilməsi nəzərdə tutulub. Bunların 160-ı birmərtəbəli, 40-ı isə 2 mərtəbəli evlər olacaq.

 

Həmçinin, layihəyə bir çox xarici şirkətlər də icraçı qismində dəvət olunublar. Belə ki, Çinin "Huawei" şirkəti layihədə innovativ ağıllı infrastrukturun qurulmasında yaxından iştirak edir. Bundan başqa, kənd təsərrüfatı sahəsində smart tipli fermaların qurulmasında İsrail və İtaliya şirkətləri yaxından iştirak edir. Quruculuq və alternativ enerji istiqamətində isə qardaş Türkiyənin şirkətləri yaxından iştirak edirlər. Xüsusən, bir misal çəkim ki, burda alternativ enerjinin bir çox mənbələrindən, günəş enerjisi və suyun enerjisindən yararlanmaqla Azərbaycanda ilk dəfə Arximed qurğusundan istifadə olunacaq. Bu da qardaş Türkiyənin şirkətləri tərəfindən təmin olunur.

 

 

Adından da göründüyü kimi, bu, bir pilot layihəsidir. Layihənin daha sonra ölkənin digər işğaldan azad olunmuş rayonlarında tətbiqi nəzərdə tutulub".

 

"Basdığın yerləri "torpaq"

deyərək keçmə, tanı!"

 

Sonra minalardan təmizləndiyi üçün bizə gəzməyə icazə verilən məhdud ərazidə gəzməyə başlayırıq. Zəngilanın göz yaşı kimi dumduru havası hələ də heyrətimə səbəb olan nüansdır. Heç bir yerdə mən bu cür təmiz havanı görməmişdim, dadmamışdım. Sanki torpaq belə oksigen istehsal edir. Nisbətən hündür yerdən geniş ərazisini seyr etmək mümkündür. Yamyaşıl ağaclar, dizboyu otlar, yaşıl otların arasından boy göstərərək "mən də varam" deyən lalələr, bütün əzəmətiylə olduğu yerdən dünyaya meydan oxuyan dağlar, bir qaralıb, bir açılan buludlar, başımız üzərindən uçub gedən quşlar, yol boyunca o tərəf-bu tərəfə şütüyüb, içərilərə doğru tikinti materialları, ərzaq daşıyan böyük maşınlar, kamazlar Zəngilanda və ümumən, bütün Qarabağda başlanan yeni həyatın ilkin cücərtiləri kimi bizi muştuluğa çıxmışdılar sanki. Yadıma Zəngilandan torpaq istəyən dostlarım düşür. Əyilirəm torpağa doğru. Bakıdan çıxanda "torpağına təzimə gəlirik, Zəngilan" yazmışdım. Hələ toxunmadan şəhidlərimizin qanıyla suvarılmış torpağa təzim edirəm. Qəlbimdə böyük Türk şairi Mehmet Akif Ərsoyun o möhtəşəm misraları canlanır:

 

Bastığın yerleri "toprak"

diyerek geçme, tanı!

Düşün altındaki binlerce

kefensiz yatanı.

...Kim bu cennet vatanın

uğruna olmaz ki feda?

Şüheda fışkıracak toprağı sıksan,

şüheda!

 

Bəli, Qarabağ torpağının hər zərrəsi "şühəda fışqırır"... Sonra yavaşca toxunuram torpağa, bu bir parça torpaq üçün canından keçən minlərlə cavan canın yarasını sığallayırmış kimi sığal çəkirəm. Səni bir də yad əllərə versək, bu qanlar da, bu canlar da bizə haram olsun!

 

Müqəddəslik və qəddarlıq...

 

 

Ağalı kəndlərindən sonrakı ünvanımız Zəngilanın düşmən tərəfindən yerlə-yeksan edilmiş kəndlərindən biri olan Həkəri çayının sahilində yerləşən Məmmədbəyli kəndidir. Tarixi çox qədimə gedib dayanan kənd əvvəllər Tərəkəmə adlanıb. 19-cu əsrdə sahibinin adıyla Məhəmmədbəyli olaraq adlanmağa başlayıb. Ermənilərin tarixi abidələrimizə, mədəniyyət nümunələrimizə, dini məkanlarımıza etdiyi təcavüzü, vandalizmi dəfələrlə demiş, dəlillərlə sübut etmişik. Zəngilanda yerləşən Məhəmmədbəyli türbəsi də məhz həmin sübutlardan biridir. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Bələdçimizin "buralar minalardan təmizdir, yenə də ehtiyatlı olun" xəbərdarlığından sonra izin alıb yuxarıya-türbəyə çıxırıq. Gördüyümüz mənzərə damarımızda qanımızı dondurur. Üstündəki kitabədə ya qəsdən, ya da aşınmalar nəticəsində pozulan sətirlərdən başqa, türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyini oxumaq olur. Deməli, nə az, nə çox, düz 7 əsr öncəyə aid tariximizin ən gözəl nümunəsidir ki, durub Zəngilanın düz mərkəzində, xalqımızın tarixini silməyə çalışanların məkrli niyyətlərinə inad. Türbənin içi də çölü kimi xarabalığı xatırladır. Məzar yoxdur. Ya çıxarılıb (Ağdamda Pənahəli xanın məzarı kimi), ya da yerin altındadır. Türbənin arxa tərəfindəki böyük deşik isə bütün dünyaya düşmənimizin necə qəddar, nə vəhşi və insanlıqdan kənar məxluq olduğunun sübutu kimi durub. Ermənilərin atdığı top mərmisi nəticəsində yaranıb bu deşik Qarabağın bağrına düşən odlardan digərləri kimi. Türbənin solunda bir vaxtlar ikimərtəbəli tikili olduğunu təxmin etdiyimiz uçulub-sökülmüş divarlar var. Ortasındakı pilləkan heç yeri heç yerə bağlamır. Sanki arxasındakı divarla bağı itib o pilləkanın, ağzı havaya dayanıb 28 il öz kökündən bağı qoparılan Zəngilan kimi, Qarabağ kimi. Pilləkanın başına çıxıb yuxarıdan baxıram Zəngilana, nə gözəldir, nə munisdir, nə yaralıdır...

 

 

Beləcə, artıq qayıtmaq vaxtı çatmışdı. Bir gözümüz, bir ayağımız arxada, qəlbimizin bir tərəfini o gözəl torpaqlarda qoyub üzü Bakıya sarı yola düzəlirik. Havası ciyərlərimizə bayram yaşatdı, yağışı yudu, günəşi qurutdu, torpağı köksü altında gizlətdiyi yaralarını ruhumuza pıçıldadı, çiçəkləri alınlarına sürtdükləri şəhid qanlarının müqəddəsliyindən bəhs etdi, hər daşı, hər dağı xalqımızın əzmini, qəhrəman oğullarımızın şücaətini beynimizə qazıdı... Qəlbimizə, varlığımıza köçürtdük Zəngilanı... Geri qayıdanda fərqinə varırıq ki, sən demə, Bakıdan Zəngilanacan olan məsafə cəmi 350 kilometr, yəni 4-5 saatlıq yolmuş. Yəni 27 il gedə bilmədiyimiz, həsrətiylə yaşadığımız o yolun cəmi 4 saatlıq "ömrü" varmış... Biz qayıtdıq, özümüzsə buluda dönüb o dağların başı üstə hələ çox dövr edəcək... Yenidən görüşməyə ümid də, inam da çoxdur, Zəngilan!

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 2021.- 5 may.- S.-10-11.