Nəğmə ölümünə inanmıram

 

Dünya elə bil acıq çıxır bəndədən... Səksəkə içində saxlayır, diksindirir, qorxudur, vahimə ilə yaşamağa alışdırır. Ovcumuzdakı şeytan əməli - telefon bəd xəbər carçısına çevrilib. Kütlə də pis vərdişdən xilas ola bilmir - neqativ ab-hava vampirlərinin sayı-hesabı yoxdu. Ölüm, itim başlıqlarını ildırım sürəti ilə tirajlamaq çağdaş medianın ən böyük hərisliyinə çevrilib. Ona görə səhər açılanda telefonumdan qorxuram, sanki bir düyməni sıxmaqla uçqun altında qalacağam, nəfəsim kəsiləcək... Bu gün də eyni vahimə içində mətbuata nəzər saldım.

 

Xalq şairi Fikrət Qoca dünyasını dəyişib - başlıqlı xəbərlər hər yerdədi, sosial şəbəkələrdə şairin vəfatı ilə bağlı statusların sayı bilinmir. Xalqın sevimli şairi, şeirləri, nəğmələri dillər əzbəri olan insan əbədiyyətə qovuşub. Fikrət müəllimi az-çox tanıyan hamı onun özünə necə yumorla yanaşdığını bilirdi. Uzun illər xəstəlikdən əziyyət çəkən, bir neçə dəfə ölümün astanasından qayıdan şairin bu mövzularda da zarafat etdiyinin şahidi olmuşdum. Ağ ciyərləri ilə bağlı mücadiləsini də üzündə təbəssümlə danışırdı hər zaman. Ona görə bu xəbəri oxuyan kimi Fikrət müəllimin işıqlı, təbəssüm dolu siması gözümün önünə gəldi. Sanki təsəlli verirdi baxışları ilə... Elə bil indicə bir zarafat edəcəkdi bu mövzuda. Amma indi zarafat yeri deyil, şairim! Haqqın dərgahına qovuşmaq özü də yaşamaq qədər ciddi və qaçılmazdı.

 

Və indi ölüm xəbərindən bir neçə dəqiqə sonra gözümün yaşını saxlaya bilməməyimi də Fikrət müəllimin o hər zaman mehriban, işıqlı, xoş davranışına, təmkinli xasiyyətinə yaraşdırmıram. Bir dəfə müsahibəsində zarafatla Bir az da yaşasam, ağlayanım olmayacaq - demişdi... Var amma, var! Bir də ona görə ki, istedadlı insan, qeyri-adi şəxsiyyət, millətini sevən sənətkar vətən göylərində parlayan minlərlə, milyonlarla ulduzdan biridi... Yolumuzu aydınladır. Bu gün o işıqlardan biri söndü. Özü sənətkar ölümünü bir vaxt belə şərh etmişdi:

 

Ölüm də qanundur yaşamaq kimi,

Odur ki, artıqdır göz yaşları, qəm.

Deyib qurtarmamış hələ fikrini

Şair necə ölər, başa düşmürəm.

 

Hələ yaranmamış yer kürəsi,

Küləklər min nəğmə bəstələmişdi.

Çoxdan yaranmışdı şeirin nəfəsi,

Hər ulduz şirin bir layla demişdi.

 

Ölüm də, olum da bunlar bir yana,

Bu adi qanunu mən də danmıram.

Şair nəğmə kimi gəldi cahana,

Nəğmə ölümünə mən inanmıram!

 

Səməd Vurğunun vəfatından sonra yazılmış bu şeir sanki bu gün üçün qələmə alınıb. Hər misrasında şairin yoxluğuna üsyan və ölümdən sonrakı həyatın mümkünlüyünə, insanın yaratdıqları ilə var olmasına inam... Və elə bu ovqatla şeirlərini ardıcıl oxuyanda xəstəliklə mübarizəyə alışmış insanın həyata da, ölümə də necə ağayana yanaşdığını görürük:

 

Bir də bunlar mənim üçün

Təkrar olan deyil daha.

Nə qədər dost itirmişəm,

Nə qədər düşmənim gedib.

Burda mənim kölgəm qalıb,

Onlar ilə canım gedib.

Bundan belə yolum yoxuş,

Yüküm yüngül, mənzil yaxın.

Ömür bir göz qırpımıdır,

Gəldim, gördüm, gedim, baxım.

 

Bunların hamısını bilə-bilə, yenə də ağrıyırıq, acıyırıq ölümə. Bəlkə sadəcə itirdiyimiz adamın yoxluğu, onu görmək, söhbət etməyin mümkünsüzlüyü deyil, həm də xatirələrimiz incidir. Azərbaycan Yazıçılar Birliyinə gəldiyim ilk günlərdən Fikrət müəllimi pozitiv, qayğıkeş, təvazökar bir insan kimi tanıdım. Sonralar müxtəlif tərdbirlərdə, səfərlərdə, görüşlərdə onu bir az da yaxından müşahidə etmək imkanım oldu. Və indi sevimli şairin ölümü ilə sanki o xatirələr rəngsizləşdi, işığı azaldı.

 

Şöhrətin, oxucu sevgisinin ən yüksək səviyyəsini tanıyan şairin təvazökarlığına həmişə heyrətlənirdim. Yadımdadı, Gəncədə Nizami Gəncəvi yubiley tədbirlərində axşam ziyafətində bir masa arxasında əyləşmişdik. Mən fürsətdən istifadə edib Fikrət müəllimdən şeirləri haqqında soruşur, bildiyim əsərlərindən misralar deyirdim, o isə sakitcə gülümsəyir, təşəkkür edirdi. Birdən Rəşad Məcid - Fikrət müəllim, deyəsən, bu şeirlər heç öz yadınızda deyil... - deyəndə Fikrət müəllimin necə gülməsi, sonralar da bunu tez-tez yada salması xatirimdə qalıb. Sonralar bu xasiyyətini, özü haqda təriflərə də, uğursuzların yersiz tənqidləri və atmacalarına da necə sakit yanaşdığını çox gördüm və indi düşünürəm, bəlkə elə bu qədər işıqlı olmasının sirri bunda idi?! Nə tərifi ürəyinə salırdı, nə də haqsızlıqdan, yalandan, böhtandan qaraldırdı qanını. O gözlər kimi hər tərəf qara - deyən şairi elə gözəl ifadə edir ki, bu nəğmə; qaradısa, elə gözlərin bəbəyi kimi qaradı, yəni tam işıqsız, zil-zülmət deyil.

 

Fikrət müəllimin dostlarına münasibəti də, sədaqəti də bir başqa örnək idi məndən ötrü. Gənclik illərindən özünə aid bir çox məsələlərə soyuqqanlı yanaşa bilən şair dostlarıyla bağlı işlərdə heç zaman biganəlik göstərməyib. Anar müəllimin Qırğızıstanda, Bişkekdə keçirilən yubiley mərasimində necə ürəkdən çıxış etməsini, sevinməsini, Vaqif və Yusif Səmədoğlu haqqında yazılarıma böyük minnətdarlıqla reaksiya verməsini unutmuram. Yubileyinə, oncildliyinə yazdığım məqalələrə görə isə üzrxahlıq edirdi Fikrət müəllim. Heç kəsə, heç bir şəkildə əziyyət vermək istəmirdi... Seçilmiş əsərləri Dövlət mükafatına təqdim olunanda Cildlərə sığmayan şair adlı geniş bir araşdırma məqaləsi yazmışdım. Onda şairin oncildliyini ardıcıl oxuyanda necə fərqli hisslər keçirməyim, bəzən bir şeirdən saatlarla danışmaq arzum, bəzən də sadəcə susmaq istəyim indiki kimi yadımdadı. Bir də Fikrət müəllimin oğlu Yalçın dünyasını dəyişəndə necə sükuta dalmasını da, təsəlli üçün söz tapa bilməməsini də unutmuram. O vaxt qətlə yetirilən oğlu haqqında mətbuat haray-həşirinə heç bir reaksiya verməmişdi şair, sadəcə elə Fikrət Qoca kimi danışmışdı:

 

Mən səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca

Demirəm izlədim, gəzdim dalınca...

Bu sözü atalar deyib əzəldən:

Ac qarın özünü verər qılınca.

Bəlkə yaxşı ata ola bilmədim

Səni öz əlindən ala bilmədim.

Sən öldün, amma mən ölə bilmədim.

İndi yaşayıram qalan vaxtımı.

Yaşamaq... Yəni bu yaşamaqdımı?..

 

Oğluma sonuncu layla adlandırdığı bu şeirin hər misrasından, hər sözündən çıxılmazlıq, kədər, dərd yağır. Amma yəqin heç kəs Fikrət müəllimi üsyan edən, dərdini ən sərt sözlərlə dilə gətirən görməyib. Əksinə, o, həmişə, hər yerdə xoş ab-hava yaratmağa çalışıb. İndiyə kimi tələbələrim bir məqamı gülərək xatırlayırlar.

 

Yazıçılar Birliyinin Natəvan klubunda gənclərlə görüşü idi Fikrət Qocanın. Tələbələrim şeirlərindən kompozisiyalar hazırlamışdılar, maraqlı suallar verirdilər. Birdən hər kəs üçün gözlənilməz söz dedi Fikrət müəllim:

 

Səhv etməkdən qorxmayın, lap deyək ki, yanlış addım atıb zamanını alçağın biri ilə bağladın, nolar, bir alçağı da tanımış oldun, həyatına davam elə... Hələ öz yolunu axtaran, nə istədiyini tam da dəqiqləşdirə bilməyən gənclərdən ötrü bu sözlər ən böyük motivasiya idi. Həm də zəngin ömür yaşamış insanın ən dəqiq, ən səmimi yaşama resepti idi. İndi bütün o anları yada saldıqca bir anlıq dərk edirəm ki, Firkət Qoca vəfat edib. Mənim xoş üzə ehtiyacım var, sənin xoş sözə... Götür kitabımı oturaq üz-üzə - deyən şair indən sonra yalnız şeirləri, nəğmələri ilə yol göstərəcək oxucusuna, ancaq sözü ilə təsəlli olacaq, xoş söz deyəcək.

 

Amma bu günün, bu anın, ədəbiyyatımızın, mədəniyyətimizin böyük itki yaşadığı indiki zamanın tək bir təsəllisi var. Fikrət Qoca Şuşanın azad olunmasını, Qarabağ zəfərini görə bildi. Hər il avqust ayında doğum gününü qeyd edən şair pasportunda bu tarixin yanlış yazıldığını bilirdi. Bir neçə dəfə bu haqda soruşmuşdum da... O, dəqiq bilirdi ki, 8 mayda dünyaya gəlib. Amma Şuşanın işğal günü olduğu üçün elə şəxsiyyət vəsiqəsindəki yanlışlıqla barışmışdı, gerçək ad gününü qeyd etmirdi heç vaxt. Üç gündən sonra ilk dəfə Fikrət Qoca ürək, könül rahatlığı ilə əsl ad gününü keçirə, qeyd edə bilərdi... Amma nə etməli, ömür vəfa etmədi.

 

Allah sizə rəhmət eləsin, əziz Fikrət müəllim! Bundan sonrakı həyatınız, taleyiniz kitablarda, əsərlərinizdə, mahnılarınızda davam edəcək. İndi o da yadıma düşdü ki, yazmışdız - ağlamaq üçün ən gizlin yer leysan yağışın altıdı. Bu gün Bakı qaş-qabaqlıdı, havasından kədər yağır, yağış da yağacaqmı, görən?!

 

 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2021.- 6 may.- S.7.