Özü Qoca, Sözü uca şairimiz

Nadir RZALI

 

Hava dünən gecədən tamam çönmüşdü. Pəncərədən baharın çiskininə tamaşa eləyirdim. Yaz yağışının yaratdığı ovqat tamam başqa olur, heç özün bilmirsən ki, nəyə darıxırsan. Amma bu səhər nəyə darıxdığımı bilirdim. Fikrət Qocanın "Üfüqlər tutulsa, gülərsən göy gülər" misrası xatirimdə dolaşırdı. Fikirləşirdim ki, görəsən, Fikrət Qoca bu gün səhər dünyasını dəyişməsəydi, təbiət belə boz rəngə bürünərdimi?!.

 

Tez-tez saata baxırdım, dəfn 4-ə planlaşıdırılmışdı. Elə bilirdim ki, ora getsəm, həm yaşıdım, həm qocaman qələm adamlarını görsəm, üzüntümüzü baxışlarımızla bölüşə bilsək, bir az rahatlıq taparam. Çünki bir qələm adamının, ələlxüsus bir şairin vəfatını bütün çalarları ilə yalnız söz adamları anlaya bilərdi. Neçə duyğu, neçə xatirə, neçə deyilməmiş misralar - şeirimizin qocası, qocamızın şeiri mayın 5-i, saat 16:00-da, I Fəxri xiyabanda dəfn ediləcəkdi.

 

Saat 15:10 idi, 77 nömrəli avtobusa minib xiyabana yollandım. Beynimin içində sanki maqnitofon işləyirdi. Gülağa Məmmədovun ifasında "Qatarı yola salmaq" mahnısı qulağımda cingildəyirdi. Fikrət Qocanın həmin şeirdəki "Gedənlərin dalınca, gözlərin qaralınca baxmaq yaman ağırdır..." misraları hansı ab-havadadırsa, mən həmin əhval-ruhiyyədə idim. 20 nömrəli məktəbin qarşısında avtobusdan düşərək Fəxri xiyabana qədər irəlilədim. Beş addımlıq bu yol mənə elə uzaq gəldi ki... Sanki yol məni yox, mən yolu aparırdım. Bayaqdan gəlmək üçün hövsələsizlik edən mən, indi qapıdan içəri girmək üçün özümdə mənəvi güc axtarırdım.

 

Təkəmseyrək insanlar üç-üç, dörd-dörd dayanıb söhbət edirdilər. Simalarda bir susqunluq, hüzn var idi. Qələm dostlarımla salamlaşıb bir az söhbət elədik. Fikrət Qoca üçün son mənzil Məmməd Səid Ordubadinin yanında qazılmışdı, Məmməd Arazdan bir az aralı. Arxa sıradan İsa Muğannanın nəzərləri sanki prosesi müşayiət edirdi. Yəqin, onlara da əyan olmuşdu. Əyan olmuşdu ki, bu bahar səhəri bir şair dünyadan köç edib. Yavaş-yavaş məzar yerinə yaxınlaşdıq. Bu zaman gözüm bir tanışa sataşdı. Tərəddüd içində baxıb salam verəndə təəccübümü başa düşdü. " əcəb burdadır" -  fikirləşdim. Fikrət Qocanın vaxtilə ona bir məsələdə yardım etdiyini dedi, son vəfa borcunu yerinə yetirməyə gəlmişdi: "Həmişə atasına rəhmət oxuyurdum, təəssüf ki, bu gün özünə rəhmət oxuyuram..." Bu söz mənə bərk təsir elədi, qəhərlənməmək mümkün deyildi.

 

Nəhayət, vaxt yetişmişdi, şairin nəşini gətirirdilər. Matəm karvanı yaxınlaşdıqca, hər addım atılanda yağış daha da şiddətlənirdi. Təbiət Fikrət Qocaya ağlayırdı, küləyin vıyıltısı ağı deyirdi. Amma yaxşı ki, yağış yağırdı. Gözlərdəki nəm nəzərə çarpmırdı, adam asta-asta ürəyini boşalda bilirdi. Mənim isə gözlərim Rəşad Məcidi axtarırdı...

 

 

 

Səhər xəbəri eşidən kimi Rəşad müəllimə mesaj yazıb başsağlığı verdim. Fikrət müəllimlə çox yaxın dost idilər. Rəşad müəllimin necə kövrək olduğunu bilirəm. Təxmin edirdim ki, bu itkiyə necə reaksiya verib. Elə dəfnin vaxtını da o mənə dedi. Dəfndə kövrəlmişdi, gözləri qıpqırmızı idi, hiss olunurdu ki, özünü ələ almağa çalışırdı. Rəşad müəllim Fikrət Qoca haqqında qısa bir çıxış elədi, aralarındakı dostluqdan, birgə xarici səfərlərindən danışdı, şairin "Cəsarət" şeirini səsləndirdi.

 

Dəfndə Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Xalq şairi Sabir Rüstəmxanlı, İlqar Fəhmi, Azər Turan, Səlim Babullaoğlu, Dayandur Sevgin, Sayman Aruz başqa ədiblərimiz iştirak edirdilər. Qələm adamları tutduğu mövqedən asılı olmayaraq, bir məqamda ortaqlaşırlar: ədəbiyyat. Ona görə , insanlar ailə üzvlərindən başqa, yazarlara da  başsağlığı verirdilər. Anar müəllim Fikrət Qocanın sədaqətli, xeyirxah insan olmasından danışdı. Amma cümləsini tam yekunlaşdıra bilmədi, qəhər boğdu, hiss olunurdu ki, bərk kövrəlib. Sabir Rüstəmxanlının isə bir cümləsi eynilə yadımdadır: "Biz meydana çıxanda Fikrət Qoca meydanı masasına çəkirdi..." Bu cümlədə dərin məna var. Fikrət Qoca od-alovun çınqısını sözdən çıxaran şairdi...

 

Ağalar Bayramov Fikrət Qocanın şeirlərini ən çox səsləndirən qiraətçidir. Şairin məzarı başında o da var idi. Qüssəsi səsinə sirayət eləmişdi. Onun gur, emosional səsi bir andaca insanları kədərdən yayındırıb Fikrət Qoca misraları ilə əfsunladı, sözün sehrinə saldı. Sonda isə Ağalar müəllim şairin mənəvi hüzurunda bir söz verdi: " qədər ki mən sağam, sənin şeirlərin mənim dilimin əzbəri olacaq". Ağalar müəllim demiş, Fikrət Qoca sözün başına pərvanə kimi dolanan insanlardan idi. Şair Adil Babayevin belə bir misraları var: "Bircə sözüm, bircə kəlməm ürəklərdə qalaydı kaş, mən dünyada olmayanda". Mənə elə gəlir ki, bu bütün qələm adamlarının ən ümdə arzusudur. Fikrət Qoca ona görə xoşbəxt şair idi ki, bundan sonra da onun misraları dodaqlarda səslənəcək, avazlarda yüksələcək.

 

Fikrət Qocanın qızları, Sabir Rüstəmxanlının qızı atam paytaxtın mərkəzindəki məşhur 132 nömrəli məktəbdə eyni sinifdə təhsil alıblar. Nənəm həmişə onun xanımından ağızdolusu danışırdı. Hələ uşaq vaxtından bu ailənin portreti gözümün qabağında canlanmışdı. Nənəm daima bu barədə söhbət edirdi. Fikrət Qoca imzası ilə o zaman tanış olmuşdum. Sonralar dərsliklərdə bu imza qarşıma çıxdı. Sözlərinə yazılmış mahnılardan ilk yadımda qalanı "Bahar çiçəyi" olub. "Bu mənzildə bir qız yaşar, qardaşından aman-aman" misralarını xüsusi zarafatla yaşıdlarımın yanında deyirdim, həmin şeir tamam əzbərimdədir. İllər keçdikcə əslində çox məşhur olan mahnıların mətn müəllifinin məhz Fikrət Qoca olduğunu öyrəndim. "Bir xumar baxışla", "Gəl, ey səhər", "Əziz anam", "Anacan, dostum evlənir", "Küsüb məndən", "Dön geri", "Bayram axşamlarında", "Töhfə" s. bu cür yüzlərlə şedevr mahnının mətni Fikrət Qocanındır. Dövrünün ən məşhur bəstəkarları onunla işləyib. Ağabacı Rzayeva, Tofiq Quliyev, Ramiz Mirişli, Vasif Adıgözəlov, Telman Hacıyev, Adil Bəbirov, Rühəngiz Qasımova, Faiq Sücəddinov başqa neçə-neçə ustad bəstəkarlar Fikrət Qocanın şeirlərinə musiqi bəstələyiblər. Fikrət Qocanı Azərbaycan ədəbiyyatından çıxarsaq, həmin yeri heç doldura bilməz, yüzlərlə nəğmə yetim qalar.  Fikrət Qoca "nəğməkar şair" ifadəsinə sanbal gətirən yaradıcı şəxsiyyətdi.

 

Fikrət Qocanın elə şeirləri var ki, insanları saatlarla düşündürə bilir. Məna yükü qədər ağır olsa da, öz sadəliyini qoruyub saxlaya bilirdi. Özünə məxsus üslubu olan Fikrət Qoca bütün dövrlərdə şeirin tələbləri ilə ayaqlaşa bilib, ana dilimizin saflığının qorunub saxlanılmasına xidmət edib. XX əsr poeziyamızın damarını tutub, eynilə postmodern şeirdə sözünü deyə bilib. Fikrət Qocanı hamı şair kimi tanıyıb, bu cür sevib. Amma həm nasir idi o. "Ölüm ayrılıq deyil" povestini xatırladım. Fikrət Qoca, ölüm ayırılıq deyil, bu xalq yaşayırsa, siz yaşayacaqsınız...

 

Fikrət Qocanın yaradıcılığı barədə vurğuladığım məqamlar Fəxri xiyabanda lent kimi beynimdən keçirdi. Filoloji təhsil alan biri kimi deyil, sadəcə bir oxucu olaraq onunla bağlı hər şey gözlərimin önündə dayanmışdı.  Qəbri torpaqladıqca şairin cismi gözdən itirdi, amma yaradıcılığı üzdə qalmışdı, göz qabağında. Yazarların ölümü çox mistikdir, "bir yandan da bu yağış..."

 

Səhər bu acı xəbəri eşidəndə Fikrət Qocaya ithaf olaraq bu şeiri qələmə aldım. Rahat uyu, özü Qoca, Sözü uca şairimiz...

 

Eh, Qoca şairim, qoca şairim,

Yaşı bilinməyən uca şairim.

Savalanla yaşıd, Qoşqar vüqarlı,

Tabuta sığışdın necə, şairim?!

 

Yayın nübarını bahar apardı,

Nəğmənin özünü Tanrı qopardı,

Əcəl sözə baxmır, ömür çapardı,

Şeirlər hönkürür gecə, şairim.

 

Asta-asta, usta-usta yaşadın,

Taleyin yükünü təkcə daşıdın,

İndi bir əbədi ömür başladın,

Sən ömrü vermədin becə, şairim.

Söz, misra şairim, heca şairim,

Səsi bəmdə, özü uca şairim...

 

Nadir RZALI

 

525-ci qəzet.- 2021.-  7 may.- S.15.