"Ariflərdən sordum dünya əhvalın..."

 

Güneyli el şairi Hacı Əbdülrəhman Təyyar Katiblə gğrüşümün unudulmaz tarixçəsi.

 

 

 

Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi

Qüdrətli şairlərin məna dolu, hikmətlə zəngin şeirləri barədə xalqımız, haqlı olaraq, "Söz sərhəd tanımır" deyib və belə söz sahiblərini hər zaman uca tutub.

 

İranın Xoy mahalından olan, Qarapapaq türklərinin məskunlaşdıqları Sulduz diyarını da əhatə edən aşıqların repertuarında möhtəşəm sözləri ilə hələ sağlığında geniş yer tutan, xalqın hüsn-rəğbətini qazanmış bu kimi azman ustadlardan biri də Qədim Urum elinin Qulunçu köyündə yaşayıb. İranın sazlı-sözlü bin-bərəkətli Qərbi Azərbaycan diyarından Hacı Əbdülrəhman Təyyar Katib kimi pərvazlanıb və beləcə də tanınıb o sənətkar. Bu pirani-nurani şairin adını ilk dəfə 1993-cü ilin mart ayında Urmiya aşıq məktəbinin nəhəng ustadı Məhəmmədhüseyn Dehqanın dilindən eşitdim. O günlər yaxşı xatirimdədir. Aşıq Dehqanın Azərbaycanın başkəndində müsafir olduğu vaxt, Bakıda Şəhriyar günləri keçirilirdi. Bu münasibətlə də İrandan çoxsayda rəsmi hökumət nümayəndələri təşrif gətirmişdi. Bu tədbirlərin biri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşmişdi. Mən fürsəti qaçırmayıb Aşıq Dehqanın bu əlamətdar günə sazımla (Aşıq Dehqan Bakıya sazsız gəldiyi üçün mən öz sazımı müvəqqəti olaraq çalıb söyləməsi üçün ustadın ixtiyarına vermişdim) rəng qatması üçün törənin təşkilatçılarından izn aldım. Sonucda ustad aşıq Dehqan öz çıxışı ilə mərasimi daha da şərəfləndirdi. Səhnədəki çıxışı bitdikdən sonra ustad sənətkar səhnənin arxasına gəlib mənə belə dedi: "İranda Məhəmmədhüseyn Şəhriyar kimi elə qüdrətli şairlər var ki, hələ də onların adını kimsə duymamış, məna yüklü, müdrik ruhlu sözlərini bəlkə də çox az insan eşitmişdir". Bu sözdən heyrətləndiyim üçün Aşıq Dehqana belə dedim: "Ay ustad, dediyin şairlərin adlarını siz söyləyin, biz də bilək". Bu sözün cavabında Şair Məhəmmədəli Purazərin və Hacı Əbdülrəhman Katibin isimlərini ilk dəfə Aşıq Dehqanın dilindən eşitdim. Bu şairlərdən ilki ilə olan tanışlığım 1999-cu ildə Təbrizdə ikən Urmiyaya Aşıq Dehqanla görüşməyə getdiyim zaman gerçəkləşdi. Ustadın vasitəçiliyi ilə şair Məhəmmədəli Purazərlə görüşüb həyatı və yaradıcılığı barədə bəzi məlumatlar aldım. Sonra ədəbiyyatçı alim professor Əli Qafqaziyalı bu şair haqda məlumata Ərzurumda Atatürk Universitetinin yayınlatmış olduğu altı cildlik "İran-Türk ədəbiyyatı antalojisi" adlı qiymətli kitabında da yer ayırdı.

 

Aşıq Dehqanla Urmiyada görüşdüyüm zaman Sulduz mahalının Fərruxzad köyünə bir toya dəvət aldı.

 

Görüşümüzdən istifadə edib məni də özüylə həmin düyünə bir müsafir olaraq apardı. Gecənin bir məqamında ustad Dehqan bu günədək heç kimdən eşitmədiyim bir şeirlə məni heyrətə saldı. Qələm çıxarıb cəld iki misranı dəftərçəmə qeyd etdim ki, ağlımdan çıxmasın: "Haram maldan ehsan olmaz səxavət də yalandır, Gər könüldə rəhm olmasa, ibadət də yalandır". Bu misraların kimə aid olduğunu toy şənliyinin sabahı aşıq Dehqandan sorduğum zaman Əbdülrəhman Təyyar Dədə Katibə aid olduğunu öyrəndim. Divani olaraq yazılmış bu şeiri, Aşıq Dehqanı yormamaq üçün, onun istedadlı çırağı (şagirdi) Əli Qarağacıdan tam halında yazıb götürdüm.

 

Könül nəfsi öldürməmiş

riyazət də yalandır,

Haram maldan ehsan olmaz,

səxavət də yalandır.

Bir insanın ki,

zatında gər ləyaqət olmasa,

Dədə, baba sultan ola,

nəcabət də yalandır.

 

Bir ay oruc, beş vaxt namaz,

əldə təsbeh, səccadə,

Gecə-gündüz zikr edəsən,

Həccə getsən piyadə.

Şeytana yüz daş atasan,

qurban kəssən Minada,

Gər könüldə rəhm olmasa,

ibadət də yalandır.

 

Cavanlara təlim eylə,

böyüklərə ehtiram,

Yoxsulların halın yoxla, düşkünlərə (qocalara) ver salam,

Yaradana qulluq eylə,

xalqa xidmət vəssalam,

Əgər qəsdin şöhrət olsa,

o xidmət də yalandır.

 

Dədə Katib, işlə,

çalış nə qədər var ixtiyar,

İşləyərsən el içində olar sənə iftixar,

Gərçi ruzi müqərrərdi,

amma hərfi aşikar,

İşləməsən ruzi yetməz,

o qismət də yalandır.

2004-cü ildə Xoy mahalının aşıqları ilə görüşmək həvəsilə avqust ayında İrana getdim. Çox sayda aşıqlarla görüşüb söhbət etdim, çalıb oxumalarını dinlədim. Mənə məlum oldu ki, bu diyarın da aşıqları repertuarlarında Dədə Katibin sözlərinə geniş yer ayırmışlar. Ustadnamə ruhlu qiymətli şerlərini dinlədikcə Dədə Katiblə görüşmək istəyim daha da artırdı. Nəhayət ürəyimdəki bu arzmu əslən Səlmaslı olan Aşıq Mənəf Mahmudoğluna söylədim.

 

Nəhayət, 11 illik arzuma Aşıq Mənəfin yardımı ilə çatmış oldum. Aşıq Mənəf öz şəxsi avtomobili ilə məni Xoydan Urmiyanın Qulunçu köyünə, 85 yaşlı, nurani çöhrəli Dədə Katib ocağına apardı. Əlamətdar olan həmin gün Dədə Katiblə görüşmək şərəfi mənə Ərzurumlu Cimşid Erol oğlu Gürlə birgə nəsib oldu.

 

 

 

Görüş zamanı çox suallarıma aydınlıq gətirdim. Söhbət sırasında məndən göyçəli Aşıq Ələsgər haqda sorduğunda anladım ki, uzun məsafə olmasına rəğmən, Dədə Katib də Dədə Ələsgər yaradıcılığına, şeirinə bələddi. Sualına belə cavab verdim: "Ay ustad, 1986-cı ilin iyul ayında Göyçə mahalında Türk dünyasının böyük saz-söz ustadı Aşıq Ələsgərin məzarını ziyarət edib, ocağında qonaq olmağı, şükürlər olsun ki, Allahım mənə nəsib edib".

 

Hər zaman özümü bəxtəvər sanıram ki, Dədə adında Dədə Qorqudun adını duymuş olmaqla, aşıqlar arasında Dədə Ələsgərin məzarını ziyarət etmişəm. Eləcə də canlı olaraq yaxından Dədə Şəmşiri Cəmil Əkbər ocağında müsafir olduğu zaman evimizdə görmüşəm.

 

 

Dədə Şəmşir, İlqar İmamverdiyev, Cəmil Əkbər. 1970-ci il. Gəncə

 

Bu uca adı almağa haqq qazanmış Dədə Katibi isə Qulunçu kəndində öz ocağında ziyarət edib səsini, nəfəsini duymuş varlığını görmüş oldum.

 

Ömrümə yazılan bu görüşümüzdən öyrəndim ki, hafizi-Quran olan, "İncili sədəf" şeir kitabının müəllifi, qaynar təbli bu şəxs müxtəlif dillərdə şeirlər yaradıb. Bu müdrik insanın ərəb və kürd dillərinin iki ləhcəsini, farscanı, osmanlıcanı, o cümlədən, ana dilimiz Azərbaycan türkcəsini mükəmməl bilməsi onun həm də alim olmasından xəbər verirdi. Bu unudulmaz görüşümüzü fürsət bilib Dədə Katibin bir neçə şeirini xalqımıza çatdırmaq məqsədilə maqnitofona yazdım. Bu mübarək Ramazan ayında dəyərli oxucularımızın marağına səbəb olacağını nəzərə alıb, Hacı Əbdülrəhman Təyyar Dədə Katibin ruhuna fatihə verməklə, bizlərə əmanət olan dörd şeirini, "525-ci qəzet"in oxucularının timsalında, bütün xalqımıza ərməğan edirəm.

 

DEDİLƏR

 

Ariflərdən sordum dünya əhvalın,

Azad quşa bir qəfəsdi, dedilər.

Ömrün etibarın sual eylədim,

Getdi, gəlməz, bir nəfəsdi, dedilər.

 

Dedim, bir sərmayə, bir də səadət,

Dedilər, xoş əxlaq, bir də qənaət.

Dedim, şöhrət üçün olsa ibadət,

Abid deyil, pulhəvəsdi, dedilər.

 

Dedim, dünya malı? Dedilər, ibrət,

Dedim, bəs cavanlıq? Dedilər, fürsət.

Dedim ki, qocalıq? Dedilər, həsrət,

Ömrün payız yeli əsdi, dedilər.

 

Dədə Katib, qəmli halın qəm əkə,

Qəm xırmanın qəm anbara, qəm tökə.

Ömrün süfrəsindən bir neçə tikə,

Yedim, doymamışdım, bəsdi, dedilər.

 

VƏSSALAM

 

Dəli könül, məndən sənə vəsiyyət,

Ədəbsizdən insan olmaz, vəssalam.

Qırtlaqsız boğazda, bir hərzə dildə,

Həyasızda iman olmaz, vəssalam.

 

Çalışıb tər tökən ər, olmaz möhtac,

Haqqına qane ol, nəfsə vermə bac.

Bir sınıq könül yap, eylə sən merac,

Könül qıran xəndan olmaz, vəssalam.

 

Neçə sözüm vardır, deyim qanasan,

Qorxaq ilə yoldaş olma, yanasan,

Şoran yerdə heç vaxt əkmə danə sən,

Şor torpaqda bostan olmaz, vəssalam.

 

Dədə Katib, heç vaxt haqqı buraxma,

Doğru get izini, yolundan çıxma,

Batil piruz (qalib) olmaz, ürəyin sıxma,

Haqq aydındır, pünhan olmaz, vəssalam.

 

DANIŞMAZ

 

Haram nütfələrdən vücud olanlar,

Dili doğru dönməz, düz söz danışmaz.

Bir insanın şübhə olsa zatında,

Üç-dörd üzlü olar, bir üz danışmaz.

 

Xalqın ehsanını bilməyən insan,

Xalqın yaxşılığın heç bilməz, inan.

Söz gəzdirib, ara qatıb, iş pozan

Fəsad salar sülhə, dürüst danışmaz.

 

Hərzə dillər hər nə deyər, utanmaz,

Həya getsə, iman qərar tutammaz,

Pul-məqam keflisi xeyir-şər qanmaz,

Puldan deyər, ayrı bir söz danışmaz.

 

Dədə Katib, könlün nasaza bənzər,

Nə qışım bəllidi, nə yaza bənzər,

Nanəcib insanlar o saza bənzər,

Qulağın burmasan, o, düz danışmaz.

 

TAMAŞA

 

Beş gün yaz-bahara aldanan insan,

Yazın getsə, qışındadı tamaşa.

Məğrur olub quruluqda at qovan,

Bataqlara düşəndədi tamaşa.

 

Zaman dönər, hər vaxt bu gün olammaz,

Qocalığa loğman çarə bulammaz,

Sinnin keçər, qan damarda dolanmaz,

Ayaqların şişəndədi tamaşa.

 

Güvənmə gücünə, bükülər belin,

Tükənər ayların, qurtarar ilin,

Tökülər dişlərin, düz deməz dilin,

Pəltək vurub çaşandadı tamaşa.

 

Dədə Katib, gülüstanın solanda,

Haqq sahibi əmanətin alanda,

Cansız cəsəd torpaq altda qalanda,

Yerqurdları deşəndədi, tamaşa.

 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV

 

525-ci qəzet.- 2021.- 8 may.- S.14;15.