Sənə səni yazıram

 

Sənə səni yazıram ürəyimin qanıyla,

Sənə səni yazıram qəlbimin fərmanıyla.

Misra-misra düzülür, fikir-fikir uçuram,

Səsim çatmır sənə, xəyalını qucuram.

 

Səni yazıram sənə, göyün yeddi qatında,

Duyğularım dil açır ruhumun qanadında.

Qətrə-qətrə qəlbimə, varlığıma hopursan

Sənə səni yazandan ruhum uçubdu candan.

 

Yollar yoluna çıxmır, ucu itib kələfin

Söz Tanrı dərgahında, ona yetməksə çətin.

Sənə səni yazmağa söz arayıb gəzirəm,

Söz qəlbimdə gül açır, sənin üçün üzürəm.

 

Canım candan aralı can qalmayıb canımda,

Əski dəyirman kimi hey dönüb fırlanım da.

Ruhum rahatlıq tapır təkcə sənin yanında

Sənə səni yazmaqdır dinim , imanım da.

 

Sənli dünya

 

Tək səni görməkçün gəlmiş olsaydım,

Yenə sanardım gözəldi dünya.

Gülən gözlərində sevgi duysaydım,

Onda inanardım düzəldi dünya.

 

Ürkək baxışların könül haləsi,

Allanmış  yanağın bahar laləsi,

İçimdə kükrəyir dağ şəlaləsi.

Sən varsan deyə, gözəldi dünya.

 

Hüsnünü öyməyə söz aciz qalıb,

Yoluna dikilən göz aciz qalıb,

Yaşıl çəmənlərdə iz aciz qalıb,

Hələ yazılmamış qəzəldi dünya.

 

Qınama, yaşın da kövrək vaxtıdı,

Son baharda açan çiçək vaxtıdı,

Taleyə deyim, sevmək vaxtıdı?

Əl-əldən üzülsə, sozaldı dünya.

 

Bu bahar

 

Bu bahar gecikdi qaranquşlar da

Yuvasın qurmağa budaq tapmadı.

Həsrət puçurladı baxışlarımda,

Bircə yolluq muradına çatmadı.

 

Kolun bənövşəsi, çölün laləsi,

Dağın bulaq suyu, gur şəlaləsi,

Sübhdən havalanan kəkliyin səsi

Yal-yamacı yuxudan oyatmadı.

 

Qartalsız qayanın özü qıy çəkir,

Vətən sarı baxan gözüm yol çəkir.

Dağlarsız ömrümə min bir dərd çökür,

Dünya cənnət olsa qəlbə yatmadı.

 

Sənə bu ürəyi necə qaytarım

 

Sənə bu ürəyi necə qaytarım,

Onu zaman yorub, illər yıpradıb.

Gənclik qaynarlığım ayazıyıbdı,

Başımdan sevdanı yellər aparıb.

 

İllər həsrət qoydu o doğma yurda,

Vətən nalə çəkdi qalanda darda.

Ruhum çarmıxdadı bu çal-çağırda

Dərdim gözlərimdən sellər aparıb.

 

Lətif ŞÜKÜROĞLU

 

 

525-ci qəzet.- 2021.- 8 may.- S. 15.