"Efirdə azadlıqla anarxiyanı, səmimiyyətlə özbaşınalığı qarışdırmaq olmaz

 

 

Bu gün hər layihəsində tamaşaçısını düşünüb, səviyyəli formada onların qarşısına çıxmağı əsas meyar götürən və izləyicisinə hörmət edən azsaylı aparıcılar var. Müsahibimiz onlardan biri - "Mədəniyyət" kanalının direktor müavini, tanınmış aparıcı Bəhruz Niftəliyevdir.

 

- Uzun müddətdir, televiziya sahəsindəsiniz və işin içində olan biri kimi ən yaxşı tənqidi də, tərifi də edə bilərsiniz. Sizcə, hazırda ümumən telekanallarımızda vəziyyət necədir?

 

- Mən Azərbaycan televiziyası ilə bağlı 2014-cü ildən araşdırmalar edirəm və elmi iş üzərində işləyirəm. Keçən 6-7 ili müqayisə etsək, həqiqətən bütöv Azərbaycan teleməkanında inkişaf var. Çünki elə nöqsanlar var idi ki, bu sahənin adamı deyil, bir tamaşaçı kimi onlara baxdıca dəhşətə gəlirdim. Araşdırdıqca, öyrəndikcə, müqayisələr apardıqca dəhşətə gəlirdim ki, 1956-cı ildən yaranan, böyük ənənəsi olan Azərbaycan televiziyasının vəziyyəti acınacaqlıdır. Bu gün nəzər yetirəndə isə müəyyən mənada dəyişiklik, irəliləyiş, inkişaf görürəm. İndi istər mövzu, istər məzmun baxımından televiziyamızda tamaşaçının baxa bildiyi verilişlər var. Desək ki, problemlər tamamilə həll olunub, xeyr. Ümumiyyətlə, iş olan yerdə qüsur olur. Televiziya yeganə sahədir ki, nəinki cəmiyyətdəki eybəcərlikləri, çatımazlıqları, həm də özündə olan nüansları da özü ifşa edib göstərir. Televiziya özü özünün aynasıdır. Bu fikirlə də razı deyiləm ki, bütövlükdə televiziya cəmiyyətin arxasınca düşməli, nəyi istəyirsə, onunla ayaqlaşmalıdır. Xeyr, əksinə, mənim aləmimdə televiziya maarifləndirmə, informasiya və əyləndirmə funksiyalarını özündə biləşdirərək insanları inkişaf etdirməlidir. Telekanallar həmin bu üç vəzifəsini yerinə yetirməklə yanaşı, şəxslərin və cəmiyyətin inkişafına nail olmalıdır.

İndi də müəyyən qüsurları göstərmək olar, demirəm ki, göstərməyək, ancaq gözəlliklərdən də danışaq. Amma cəmiyyət təkcə dağılmış ailələr, cinayətlər, təhsildən qaçan, elmə dırnaqarası yanaşan insanlardan ibarət deyil. Bunları müəyyən qədər göstərib, sən belə olma deyə bilərik, lakin təbliğ etməməliyik. Təəssüf ki, bəzi telekanallarımızda özləri də bilmədən bu nüansları təbliğ edirlər. Acınacaqlı vəziyyət budur. Düşünürəm ki, zamanla bu da keçəcək.

 

- Sosial şəbəkələrdə insanların telekanallara qarşı kütləvi bir qınağının şahidi oluruq. Necə düşünürsünüz, bu tənqidlərin telekanallara təsiri və nəticəsi olurmu?

 

- Ümumiyyətlə? sosial şəbəkələr təkcə telekanallara yox, bütün proseslərə öz təsirini göstərir. Hansısa bir sahədə, strukturda nə isə çatışmazlıq varsa və bunu xalq olaraq dilə gətiririksə, nəticə hər zaman olur. Çünki tənqid olunan sahə diqqət çəkir və həmin yerdə iş aparılır. Bu sevindirici haldır. Bəli, televiziyaların da inkişafında bu iradların, yazılan statusların həqiqətən də rolu var. Nə gözəl, demək ki, sadə vətəndaşların sözü eşidilir və meyar kimi dəyərləndirilir.

 

- Hesab edirəm, Əməkdar jurnalist Flora xanım Xəlilzadə ismi peşə seçimi və təcrübə baxımından yararlanmağınıza təsir edə bilib. Bir ana-övlad bağlarından savayı, Flora xanım sizin üçün daha çox hansı obrazdır?

 

- O, bir meyar, etalon, şəxsiyyət, jurnalist, xanım, ana, nənə, vətəndaş - bütün bu sözləri deyə biləcəyim insandır. Biz artıq ana-övlad münasibətindən daha çox dost, sirdaşıq. Biz bir-birimizi anlayır, duyuruq. Flora xanım mənim üçün bir möcüzədir. İnsan nə qədər yaxşı, bağışlayan, fədəkar ola bilər? O, mənim üçün həyat və peşə məktəbimdir. Bəzən özünə də sual edirəm. Onun haqqında danışmaq Azərbaycan qadını haqda söz deməkdir. Mən anama baxaraq anlayıram ki, qadın kimdir, necə olmalıdır. Qadın evinin xanımı, işinin ağası olmalıdır. Bütün çətinliklərə baxmayaraq, övladlarına zaman ayırıb, sevgisini bildirməlidir. Deyim ki, atam və anam hər ikisi çox yaxşı, lakin bir-birinə zidd insanlardır. Onları mənəvi keyfiyyətlər birləşdirib. Ümumiyyələ deyim ki, bizə valideynimiz hansı peşəni seçəcəksən deyə məcbur etmirdilər. Əksinə, hansı peşədə olursansa ol, doğru insan ol deyirdilər. Mən ADMİU-nun televiziya rejissorluğunu bitirdim. Çünki özümü bu sahədə görürdüm və heç vaxt mən jurnalist olacam demirdim. Deyirdim mən televiziyaçı olacağam. Bizim evdə elə ab-hava vardı ki, o mühit özü məni yetişdirib, hazır kadr kimi televiziyaya verdi. Mən univesitetə daxil olanda çox şeydən xəbərdar idim, sadəcə orda daha sərbəst olmağı öyrəndim, səhnəni hiss etdim. Lakin sözü anlamaq, onunla işləməyi anama borcluyam. Ailəm mənim üçün Allahın hədiyyəsi, şansıdır. Atacağım hər addımın kandarında onlar dayanır. Onların övladı olmaq mənim üçün qürur və xoş məsuliyyətdir.

 

- Loru dillə desək, medianı mətbəxindən tutmuş, görünən tərəfinə qədər hərtərəfli bilirsiniz. Bir ümumiləşdirmə etsək, bu sahənin əsas meyarı nədir?

 

- Bu, biraz geniş sualdır. Baxır siz medianın hansı sahəsini seçirsiniz. Ümumiləşdirsək, zəhmətkeşlik əsas meyardı. Bu, səndə özünəinam yaradır və uğur sənin ovucunun içinə gəlir. Zəhmətkeşliyin daxilində də inkişaf, öyrənmək, yorulmaqdan yorulmamaq, əziyyət çəkməkdən zövq almaq var. Bütün bu çətinliyi edə bilmək üçün seçdiyin sahəni sevməlisən. Sevməsən, heç nəyə nail ola bilməyəcəksən. Bu sahədə hansısa bir imzaya sahib olmaq istəyirsənsə, sözünün və özünün qədrini bilməlisən, sözü sevib dəyər verdikcə o, səni cilalayır. Jurnalistika belədir ki, sən yazdıqca inkişaf edirsən. Sən ideyalar aləmində var-gəl etməlisən. Onları gerçəkləşdirmək arzuna və məqsədinə çevrilməlidir. Burada son mərtəbə yoxdur, zirvələr çoxluğu var. Sən də zirvələri qət etməlisən. Dayandınsa, inkişaf etməyəcək, bu zaman da lazımsız olacaqsan. Media daim dəyişir.

 

- Fərqli layihələrlə izləyicilərinizin qarşısına çıxırsınız. Bu dəfə "O" gəldi. Bəs "O" necə yarandı?

 

- "O" əslində, çoxdan var idi və mənim daxili dünyam idi. Özümü anlayandan mən elə "o"yam. Biz sadəcə "O"nun ekran həllin gətirdik. İdeya olaraq, bəlkə də mənlə yaşıddı. Anladım ki, vaxt yetişib və mən onu ekrana çıxarmalıyam. "O"nu hamı tanımalı, bilməlidir. Layihənin əsas məqsədi insanlara "Biz hamımız eyni səmanın altında, eyni günəşin şəfəqlərinə oyanıb, qızınırıq. Hamımız eyni dünyanın insanlarıyıq. Fərqli düşüncələrə malik olsaq da, dinimiz, irsimiz, irqimiz ayrı olsa da, biz əslində, eyni evin sakinləriyik", mesajını aşılamaqdır. Mənim qonaqlarımın içində aktyor, xalq artisti, qazi, fiziki məhdudiyyətli şəxslər və b. var. Hamısı mənim üçün bir "o"dur və hekayələri ilə biz cəmiyyətə sosial mesajlar ötürürük. Bütün çətinliklərə baxmayaraq, həyat davam edir. Hər bir parlaqlığın pərdə arxasında əziyyət var. Sənin özünə güvənin, təmiz vicdanın və olmaq istədiyin yerə sevgin varsa, sən qalib gələcəksən. Qaliblərinsə yaraları tez sağalır.

 

- Yəqin ki, gənclərlə işləmə imkanınız olur. Onlarda nə müşahidə edirsiniz?

 

- Onlarda həvəs və iradə var. Biraz da səbr olsa, inanın ki hər gələn yeni nəsil digərini ötə bilər. Yəqin hər birimiz bizdən əvvəlki nəsillərə nisbətən daha səbirsiz olub, hər şeyə tez çatmaq istəmişik. Bu, həyatın qanunudur. Mən həmişə deyirəm, insan addım-addım nələrisə əldə edəndə onun dəyərini daha yaxşı bilir və peşəkar olur. Televiziyada işıqçılıqdan başlayıb, baş rejissorluğa doğru yol qət edirsənsə, müxbirlikdən başlayıb baş redaktorluğa çatırsansa, bu mərhələlərin hər anından xəbərdar olursan. Bu, peşəkarlıqdır. Çünki peşəkarlıq tək savadla ölçülmür, təcrübə də öz sözünü deyir. İnsanda analitik düşüncə formalaşmalıdır. Bu düşüncənin də yaranmasını özəyində o mərhələləri keçmək durur. Çox istedadlı, həvəsli, maraqlı, televiziyaya can atan, özgüvənli gənclər var. İnsan özünə güvənməyəndə qarşısındakılardan qorxur. Fərqi yoxdur, yaşın neçədir.

 

- Bir tamaşaçısı kimi teleməkanda nə axtarırsınız?

 

- Bir tamaşaçı kimi istər xəbərlərə, istər digər proqramlara baxanda mən yalnız səmimiyyət axtarışındayam. Bütün ekran işlərində, digər yaradıcı sahələrdə də belədir. Əgər səmimiyyət yoxdursa, 70-ci illərin pafosu, yaxud sünilik varsa, o, tamaşaçını itələyəcək. Eləcə də efirdə azadlıqla anarxiyanı, səmimiyyətlə özbaşınalığı qarışdırmaq olmaz. Bəzi aparıcılarda bunlar var, hamımız onları görürük. Amma tamaşaçıların geri dönüşlərindəki fərqlərə baxın. Tanınmaqla sevilmək və qəbul olunmaq fərqli şeylərdir. Hamı tanına bilər, ancaq bir də var ki, səni sevsinlər, qəbul etsinlər, sözünə dəyər versinlər. İnsan qəbul olunmağı məqsəd qoymalıdır qarşısına. Sən televiziyaçısansa, sən izləyicilərin daxili səsinə çevrilməyi bacarmalısan. Çünki sən izləyicilərin verdiyi dəyər qədər dəyərlisən. Onların baxdığı, anladığı qədərsən. Sən efirdə onlar üçün varsan, onlara aidsən. Lakin bir nünası da qeyd edim ki, bir aparıcını hamı sevə bilməz. Bu, normal haldır, baxır səni kim sevir və necə qəbul edir. Qeyd etdiyim ki, son 5-6 ildə telekanallarımız kifayət qədər inkişaf yolu keçib. Mən indi səbirsizliklə Qarabağ televiziyasının açılışı xəbərini gözləyirəm. Şuşadan canlı "stand-up"lar edəcəyim günləri həsrətlə gözləyirəm. Tanrıya təşəkkür edirəm ki, bu tarixin şahidləriyik.

 

- 8 may doğum gününüzdür. Bildiyim qədərilə Şuşanın işğal tarixinə düşdüyü üçün 28 ildir qeyd etmirdiniz. Ancaq şükürlər olsun ki, bu il hadisələr fərqlidir. Şuşa azaddır! Necə hiss edirsiniz və ən əsası bu il doğum gününüzü keçirdinizmi?

 

- 8 may 1987-ci il dünyaya göz açdığım tarixdir. Mənə görə doğum günü hər bir insanın qalibiyyət tarixidir. Amma bu illər mənim üçün 5 yaşına qədər gözəl və şən keçdi. Xatirimdədir, 1992-ci ilin 8 mayı - doğum günümə bir qaranlıq çökdü, yarıda qaldı. Evimizdəki şadlıq elə bir ab-hava ilə əvəz edildi ki, 28 il davam etdi. Mən bu illərdə heç vaxt ürəklə sevinə, rəqs edə, şadlana bilmədim. Doğrudur, heç vaxt ailəm, sevdiklərim, dostlarım məni tək buraxmırdı. Amma həmişə içimdə bir qırıqlıq var idi ki, o yarımçıq qalmış ad günümü mən nə zaman tamamlayacağam?! Şükür Tanrıya ki, bu il 5 yaşlı Bəhruz öz ad gününü tamamlaya bildi. İlk dəfə rəqs etdi, şadlandı, ürəy açıqlığı ilə 34 deyil, 5 yaşını qeyd etdi. O gün dünən kimi yadımdadır. Ailəm, qohumlarım ilə masa arxasındayıdıq və bir anda hər şeyin necə dəyişdiyini, kədərlə, üsyanla əvəzləndiyini xatırlayıram. Lakin bu gün Ali Baş Komandana, Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirəm ki, azad və bütöv Azərbaycanın qalib vətəndaşıyıq.

 

Afaq RZA

525-ci qəzet.- 2021.- 9 may.- S.13