Nizaminin sehrli sənət güzgüsü və ya Sirlər xəzinəsinin xəzinədarı

 

Kainat sirlərlə doludur və insanlar zamanın ayrı-ayrı dönəmlərində bu sirləri araşdırmağa, öyrənməyə, ondan nəticə çıxarmağa çalışıblar.

 

Dünyanın dərki bütün dövrlərdə həm fəlsəfənin, həm elmin digər sahələrinin, həm də ədəbiyyat və incəsənətin tədqiqat predmeti olub. Dünyanın dərki insanın özünün özünü tanımasından sonra mümkündür. "Dilim sirlər xəzinəsinin açarıdır" söyləyən Xaqani də, qəflətdən ayılma üçün "Özünü və Allahı tanıyıb ucalma" tezisini irəli sürən Nizami də, "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir" deyən, "Mən kiməm?" sualına cavab axtaran Füzuli də, onlardan əvvəl və sonra gələn digər elm və sənət korifeyləri də yekunda bu qənaətə gəlmişlər ki, bütün hikmətlərin, qanunauyğunluqların, səbəblərin, nəticələrin "Sirlər xəzinələri"nin açarı onu yaradan Tanrının əlindədir. Allahın Peyğəmbər vasitəsilə nazil etdiyi "Quran" onu sidq ürəklə oxuyub anlayan bəndələr üçün axtarış istiqaməti verir, dünyanın dərkində onlara yardımçı olur.

 

Oxuyub öyrəndiklərini iman nuruyla yoğuran mütəfəkkirlər dünyanın, təbiət hadisələrinin, canlıların, insanın dərki ilə bağlı araşdırmalar aparmış, düşünüb daşınmış, tam olmasa da, bəndə düşüncəsi səviyyəsində müəyyən məsələləri dərk etməyə çalışmışlar. Belə görkəmli mütəfəkkirlərdən biri də Nizami Gəncəvidir. Onun biliyinin, dünya və kainat haqqında zəngin informasiyasının iman və istedad nuruyla yoğrulması bədii düşüncəsinə qol-qanad verib, bu görkəmli şairin, mütəfəkkirin sətiraltı mənalarla zəngin kamil əsərlər yaratmasına zəmin yaradıb. Nizaminin əsərlərində təbiət, cəmiyyət hadisələrinin mükəmməl, bənzərsiz bədii əksi onun yaradıcılıq nümunələrinə bir ölməzlik bəxş edib.

 

Nizaminin əsərlərinə müxtəlif rakurslardan baxış onun ilahi nuruyla yoğrulan hikmətlərinin mənasını daha dərindən açmağa, anlamağa yardımçı olur. Dövrünün tarixi hadisələrini öz sənət aynasında bədii şəkildə əks etdirən sənətkarın güzgü haqqında fikir və mülahizələri çox maraqlıdır. Özü də bu, ötəri səciyyəli deyil. Nizami öz əsərlərində güzgünü mükəmməl bir bədii obraz səviyyəsinə qaldıra bilir.

 

"İsgəndərnamə" əsərində güzgünün ilk dəfə yaradılmasını böyük fatehin adı ilə bağlayan Nizami yazır:

 

Həndəsi yol ilə qara dəmirdən

Güzgünü İsgəndər parlatdı birdən.

Sən də bu güzgüyə baxdığın zaman

İsgəndər dövründən xəbər alarsan.

Gördüyü seyqəldən rəngini atdı,

Qapqara bir dəmir şəfəq yaratdı.

İlk dəfə güzgüyə baxdı İsgəndər

Bir əlamət aldı gövhərdən gövhər.

Güzgüdə görüncə qeysər özünü,

Güzgünün şadlıqdan öpdü üzünü.

Gəlinlər bu rəsmə ehtiram üçün

Güzgünü öpərlər baxarkən hər gün.

 

İsgəndəri heyrətləndirən bu əşya sonradan mifik, sehrli bir qüvvə kəsb edən, gələcəkdən xəbər verən, qələbələrin rəhninə, məğlubedilməzlik rəmzinə çevrilən, düşmənləri lərzəyə salan bir silaha çevrilir. Həndəsi yolla yaradılan bu güzgü "Ayineyi-İsgəndər" adı ilə məşhurdur və böyük sərkərdənin bəxt, tale güzgüsü kimi səciyyələndirilir.

 

"İsgəndərnamə" əsərinin "Rum və Çin nəqqaşlarının yarışı" adlı hissəsində güzgü ilə bağlı bir məsələdən söhbət açılması da maraqlıdır. Eyni otağın ortasından pərdə çəkilir. Yarışan rəssamların - nəqqaşların biri bu divarda, o birisi o divarda yaradıcılıqla məşğul olur. Pərdə açılanda hər iki divarda çəkilən rəsmlərin eyniyyəti hamını heyrətə salır. Sən demə, rəssamlardan biri mənzərə çəkəndə, o birisi üzbəüz divarda güzgü düzəldirmiş.

 

Axıra yetincə müəyyən zaman,

Örtüyü çəkdilər iki naxışdan.

Hər iki Ərjəngin birdi peykəri,

Vurduğu naxışı, rəngi, zivəri.

Onlara baxınca heyrətlə qaldı,

Hər iki surətdən bir ibrət aldı.

 

Buradan belə aydın olur ki, güzgü hələ qədim zamanlardan mifoloji dünyagörüşünü əks etdirən bir vasitə olmuşdur. Güzgünün sirləridi dünyagörmüş, filosoflardan dərs almış sərkərdəni düşünməyə, ibrət dərsi almağa vadar edən. Bu dünyada görülən hər bir işin gözəgörünməz əməl aynasında öz əksini tapması ideyası dünyanı dərk etməyə çalışan insanın mifoloji düşüncə tərzinin formalaşmasına zəmin yaradır.

 

Fikrimizcə, bu da doğru elmi qənaətdir ki, dünyanın əvvəli və axırının, başlanğıc və sonunun simmetriyası Azərbaycan xalqının adət-ənənələrində bu günədək yaşamaqdadır. Belə ki, gəlin köçürülərkən qabaqda güzgü aparılması (həyatın, yaranışın başlanğıcı) və insan ölən zaman üzərinə güzgü qoyulması (həyatın sonu) qədim dünyagörüşü ilə bağlıdır. Çox qədim qəbirlərdən güzgü aşkar edilməsi faktı arxeoloqlara yaxşı məlimdur. Bu da həmin inamın ifadəsidir.

 

Məlumdur ki, güzgü əslində, insanın özünü görmək ehtiyacından yaranıb. Gölün, suyun səthində ətrafdakı əşyaların, ağacların, dağın, hətta özünün əksini görən insan çox düşünüb, daşınıb, bunun səbəbini açmağa çalışıb və nəticədə güzgü yaranıb. Güzgü fikrimizcə, "göz" sözü ilə əlaqəlidir. "Gözgü" - göz görən. Mənim ehtimalıma görə, "güz" göz, "gü" isə "gör" sözünün izidir. Göz görən. Maraqlıdır ki, Ərəb mənşəli ayna sözünün də kökündə göz (eyn) dayanır. Rus dilində güzgüyə "zerkalo" deyilir və bunun da kökündə "görmə" mənası var: "zreniye".

 

"Ərəb və fars sözləri lüğəti"ndə "Ayinə - güzgü" fars mənşəli sözü kimi təqdim edilsə də, burada nə ayna, nə də güzgü sözünün etimoloji şərhi var. Burada "Ayineyi İsgəndər" (İsgəndərin güzgüsü), "Ayineyi-gitinüma" (dünyanı göstərən güzgü) ifadələri və əsatirə görə, bunların ehtiva etdiyi məna xatırlanır.

 

Xaqaninin "Mədain xərabələri" əsərlərində "Ayineyi-ibrət" sözünün işlədilmsi də maraqlı faktdır.

 

"Azərbaycan dilinin izahlı lüğəti"ndə güzgü sözünün etimologiyası açılmır, "güzgü qarşısındakı şeyləri, şəkilləri əks etdirən xüsusi surətdə pardaqlanmış şüşə lövhə" və məcazi mənada "hər hansı hadisəni, prosesi özündə əks etdirən şey" kimi təqdim olunur.

 

Güzgü insanların gözündə adi məişət əşyası deyil, o, sirli, sehrli bir dünyanın simvoludur. Güzgü təsiredici gücə və enerjiyə malikdir. Hər kəsin öz tale, bəxt güzgüsü olur. Ona görə güzgünün sınması pis əlamət sayılır.

 

Böyük alim Arximedin günəşin şüasını güzgülər vasitəsi ilə düşmən gəmilərinin üstünə salıb onları yandırması bu möcüzəli əşya ilə bağlı ən maraqlı faktlar sırasındadır. Sonralar da bu "Arximed möcüzəsi"ndən istifadə edənlər az olmamışdır.

 

 

 

Əlbəttə, bu xatıtlatmalar tədqiqat səciyyəli deyil, sadəcə düşündük ki, bu informasiyalar Nizami əsərlərindəki güzgü obrazını daha yaxşı anlamağa yardımçı ola bilər.

 

Əsərlərini oxuyanda aydın olur ki, Nizaminin əsərlərində təsvir edilən güzgü də adi bir məişət əşyası deyil, özündə daha geniş mənanı ehtiva edir. "Sirlər xəzinəsi" əsərindəki "Birinci xəlvətin səmərəsi" adlı hissəsində belə bir beyt var:

 

Hər kimin ki, xaslığa mənsubdur gözəl üzü,

İxlas surəsinin tək odur parlaq güzgüsü.

 

Güzgünün "Qurani-Kərim"dəki ixlas surəsi ilə əlaqələndirməsi şairin güzgü haqda mülahizələrinin hardan qaynaqlandığının göstəricisidir.

 

Əsəri oxuduqca ayrı-ayrı məqamlarda güzgüdən tez-tez söhbət açılması göstərir ki, bu, təsadüfi, gəlişigözəl söz deyildir, şairin fikirlərini açmaq üçün istifadə elədiyi bədii detaldır. Səhifələr çevrildikcə ayrı-ayrı məqamlarda güzgünün təsviri onun obrazlaşmasına zəmin yaradır. "İnsanın yaranması" haqqında bölməsində də güzgüdən söhbət açılır. Burada istər-istəməz xalqın "hərənin bir bəxt güzgüsü olması" ilə bağlı fikirləri yada düşür. Doğum günündən qəbir evinə kimi güzgünün təkcə məişət əşyası kimi yox, inanc predmeti kimi dəyərləndirilməsi də maraqlıdır. İlk bəşər övladından, Adəmdən söhbət açılarkən deyilən bu fikirlər də insanı istər-istəməz düşündürür:

 

Gövhər tək rəngi tutqun, həm də ki, çox saf idi,

Həm qızıl, məhək daşı, həm də bir sərraf idi.

Fələk əhlinin yeni fitnəli gözəliydi,

Məxluqat güzgüsünün gənciydi, əzəliydi.

 

Adəmdən, onun dünyaya gəlməsindən, qadağaları pozduğu üçün cəzalandırılmasından söhbət açan şair daha sonra yazır:

 

Dünya güzgülü evdir, hər yana düşür üzün,

Ona görə hər zaman sənə tərəfdir gözün.

Bir sözlə, hər bir həddi qəbul etdinsə də sən,

Bir heç kimi mücərrəd, çılpaq qaldın hər şeydən.

Surətpərəstlər kimi olub özünə aşıq,

Öz əlində göy kimi güzgü tutursan, yazıq.

 

Bu dünyada - "güzgülü ev"də yaşamaq o qədər də asan deyil. Güzgü özünə vurulanları yoldan çıxarırsa, nəticə çıxarmağı bacaranları düşündürür, onları mənəvi-əxlaqi kamilləşmə yoluna səsləyir.

 

Nizaminin poeziyasında güzgü insanın nəzarətçisi kimi təqdim olunur. Özünə güzgüdə baxıb əyər-əskiyini görmək, onu düzəltməyə çalışmaq insanın kamilləşmə prosesinin başlanğıcı, çıxış nöqtəsidir. "Ədalət gözləmək üçün padşaha nəsihət" hissəsindəki bu misralar şair məramının ifadəçisidir:

 

Səhər sənin qarşına çıxarır güzgüsünü,

Bəlkə sən o güzgüdə görəsən öz üzünü.

 

Nizaminin əsərlərində güzgü özünü görmək və nəticə çıxarmaq vasitəsi kimi təqdim olunur. Güzgü həm də insanın özünü özünə göstərsə də, gözəgörünməz hikmət dünyasının qapısıdır. Nizaminin əsərləri bir güzgü kimi insanlığın keşməkeşli həyat yolunu əks etdirir. Onun sehrli sənət güzgüsündə bəşəryyətin keçdiyi yol, tarixin qaranlıq məqamları, insanların daxili dünyası, onların hiss və həyəcanları, sevinc və iztirabları, duyğu və düşüncələri yüksək bədii vüsətlə öz əksini tapmışdır. Nədir bu məqamdakı bədii əks? Elə bil ki, Nizaminin əsərlərində, onun təsvir etdiyi hadisələrin, rəmzlərin, misraların alt qatında gizlədilən hikmət xəzinəsinin qapısıdır onun bədii obraz səviyyəsinə qaldırdığı güzgü... Bu güzgünün mahiyyəti anlaşılmasa, o sirlərlə dolu xəzinəyə sahib olmaq da mümkün deyil. Güzgünün o biri üzündəki axirət dünyasıdır. Bu dünyada görülən bütün işlər güzgünün biz tərəfdə olan üzündədi, natamamdı. Güzgünün o biri üzü axirətdədi. Yarımçıq əksin qarşısına qoyulan güzgü onu tamamladığı kimi, bu dünyadakı təkcə surət güzgüsü yox, o dünyadakı əməl güzgüsü ilə üz-üzə qoyulanda portret, ömür yolunun mənzərəsi tamamlanır və qiyamət günündə kimin cənnətə, kimin cəhənnəmə düşməsi də məhz bu əməl güzgüsü vasitəsilə müəyyənləşir.

 

"Nuşirəvan və bayquşların söhbəti"ndə şahın hakimiyyəti dövründə xaraba qalan şəhərlər və kəndlər onun gördüyü işin əksi, surəti kimi təqdim olunur. Şah dərk eləyir ki, qiyamət günündə bunun haqq-hesabı mütləq soruşulacaqdır. Başqa sözlə desək, mələklərin insanın ömür yoluna tutduğu tale güzgüsündə insanın təkcə zahiri görünüşü deyil, onun yaxşı və pis əməlləri də öz əksini tapır. Güzgünün bu üzündə bu dünyada gördüyün işlərin əksi var, o biri dünyadakı axirət güzgüsü isə bu dünyadakı işlərini tamamlayır.

 

Başqa sözlə desək, müvəqqəti olan bu dünyadakı bütün işlərin əksi hikmət güzgüsündən silinmir. Təkcə zahiri görkəm yox, əməllər əks olunur o güzgüdə. Güzgünün o biri üzündə axirət dünyasının tələblərinə uyğun mükafatlandırma və cəza var: cənnət, cəhənnəm...

 

Yaxşılıqla çatdırsa hər kəs işini sona,

Yaxşı üz göstərəcək öz yaxşılığı ona.

Bu qayda ilə daim dövr edən bu asiman

Yaxşıya və yamana düz qiymət verər hər an...

 

Buradakı asiman da elə güzgüdür, kainatın güzgüsü. Bu güzgüdə bütün günahlar və savablar öz əksini tapır. Güzgünün bu üzündəkilər silinsə də, adi gözlə görünməsə də, güzgünün o biri üzündə hər şey necə varsa, elə də qalır. Bu güzgüdə əks olunanlar bir növ cənnət və cəhənnəmə buraxılış vəsiqəsi kimi bir şeydir.

 

 

Güzgüyə elə güzgü kimi, adi məişət əşyası kimi baxanlar, ayna qabağında özlərini sğallamaqla, tumarlamaqla keçirənlər Nizaminin qınaq hədəfidir:

 

Gözəl qadınlar kimi alıb güzgü, darağı,

Saça sığal verirsən, gözləyirsən növrağı.

 

Elə adi güzgü bu dünyanın özü kimi vəfasızdır. Önündən çəkilən kimi hər şey tərtəmiz silinir. Əməl güzgüsünün üstündən isə heç nə pozulmur.

 

Kim ki, xalqı bir gecə ədli ilə şad etdi,

O, demək öz sabahkı evini abad etdi.

 

Dünyanın bütün naqisliklərinə, yaramazlıqlarına "güzgü tutmaq"la onu təmizləməyin mümkünlüyü Nizami əsərlərindən bir qırmızı xətt kimi keçir. Elə şairin bütün əsərlərinin poetik aynasında bu və ya digər şəkildə Xeyirlə Şərin əbədi-əzəli mübarizəsi öz əksini tapmışdır. "Sirlər xəzinəsi"inin "Xilqət haqqında" adlı bölməsində şair naxələf insanların öz bəd əməlləri, nəfslərinin qulu olmaqla dünyanı necə ləkələdiklərini söyləyir, onları xeyirxah əməllərə, axirət dünyasını fikirləşməyə səsləyir:

 

Ləkəsiz bir güzgüyə bənzərdi əzəl dünya,

Ləkələndi bir neçə nəfəslə gözəl dünya.

 

Nizamiyə görə, müvəqqəti sınaq dünyası əbədi axirət dünyası üçün hazırlıqdır. Bu dünyanı "eyiblərlə dolu bir ev" adlandıran mütəfəkkir bəşəriyyətin gələcək taleyindən çox narahatdır:

 

Bu dünya eyiblərlə dolu bir evkən, nədən

Onun eyiblərinə salmayırsan nəzər sən?

Görməyib öz gözündə tiri, yaxşı nəzər qıl,

Nədəndir axtarırsan özgənin gözündə qıl?

Ayna kimi hər eybi yetər, göstərmə əbəs,

Yoxsa ləkələr səni öz eybiylə bir nəfəs.

Ya hünəri yerə tök, öz batilindən çıxart,

Ya da ki, öz eybinin güzgüsünü qırıb at.

Özgələrin eybinə baxma, qldır gözünü,

Yetir nəzər özünə, eyibli say özünü...

 

Özünü görmə, özünü dərk isə güzgü vasitəsi ilə reallaşır. Burada güzgü təkcə surət göstərmə yox, daha geniş mənanı əhatə edir. Güzgü insanın daxili dünyasını göstərən bir vasitə kimi dəyərləndirilir. Zahir batinə gedən yolun başlanğıcı kimi təqdim olunur.

 

Ancaq düşün əlinə güzgü alan zaman sən,

Özünü sındır, olma öz-özünü bəyənən.

 

"Zalım padşahla zahidin dastanı"nda təsvir olunan hadisələrin mahiyyəti güzgü vasitəsilə reallaşdırılır. Padşahı zalım adlandıran zahidi ağır dünyəvi cəza gözləyir. Lakin dünyanı dərk edən bu mömin insan bəndə cəzasından qorxmur. Boynuna öz kəfənini dolayıb şahın hüzuruna gedir və deyir ki, mən sənin eyiblərini göstərən güzgüyəm. Kişiliyin, mərdliyin şatıtsa, üzündəki ləkəni sil, güzgünü sındırma:

 

Sənin gördüyün işi və eybini sayarkən,

Yaxşına, yamanına ancaq güzgü tutdum mən.

Güzgü sənin naxşını düz göstərirsə, ancaq

Özünü qır, güzgünü yaxşı deyildir qırmaq.

Mənə yaxşı diqqət et, məndədir doğru ürək,

Əgər belə deyilsə, buyur məni dara çək.

 

Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, Ən mükəmməl güzgü, adi bir məişət əşyası deyil, xalqın "tərəzi" hesab edilən gözüdür.

 

Nizaminin əsərlərini oxuya-oxuya düşünürəm ki, güzgü sirlər xəzinəsinin qırxıncı qapısıdır, onun açarı isə bəsirət gözü və əməldir.

 

Nizaminin sənət güzgüsü çox möhtəşəm və sehrlidir. Bu güzgünün üstündəkiləri görməyi bacaranlar, Nizaminin hikmət və nəsihətlərindən faydalana bilənlər xoşbəxtdir. Güzgü təzahürdür, mahiyyət isə onun arxasındakı gözəgörünməz axirət dünyasındadır.

 

Rafiq YUSİFOĞLU

525-ci qəzet.- 2021.- 9 may.- S.20.