YAŞA, ŞUŞA

 

Otuz illik həsrətimiz

Qırx dörd gündə çatdı başa,

Azad edildi Qarabağ

Azad oldu gözəl Şuşa,

Doğma vətənin qoynunda

Şuşa, sonsuzadək yaşa!

 

Cıdır düzü, Qırx pilləkan,

"Ərim gəldi" bir tamaşa,

Natəvanlı, Üzeyirli,

Nəvvablı, Bülbüllü Şuşa,

Xarı-bülbül güllü Şuşa!

 

Bulaqların buztək soyuq,

Yazı, yayı sərin Şuşa,

Dağların ucadan uca,

Dərələrin dərin, Şuşa.

 

 

 

Düşmənə ismarış etdik:

Dinc yolla rədd olub getsin.

Çağırdıq sülhə, barışa.

Hikkəsindən, lovğalıqdan

Sözümüzü eşitmədi,

İş qaldı hərbə, savaşa.

Şəhid verdik, zəfər çaldıq,

Sahib çıxdıq yurdumuzun

torpağında hər qarışa,

Sən bu gün azadsan, Şuşa!

 

Məscidlərin ucalıbdır

Minarələr qoşa-qoşa,

Öz dininlə, öz dilinlə,

öz xalqınla azad yaşa.

 

Cıdır düzümüzdə yenə

Köhlənlər çıxsın yarışa,

Yenə muğamlar səslənsin

hər tərəfdə, doğma Şuşa.

Daşaltı da fərəhlənsin,

axıb getsin köpüklənib

sevincindən daşa-daşa,

Canımızsan, gözümüzsən,

özümüzsən, əziz Şuşa.

 

Pənahəli xan dövründən

Düşmənlərin hər həmləsi,

hər hiyləsi

axırda çıxıbdır boşa,

sən bunu bilirsən, Şuşa.

 

İbrahim xan nəslinin

faciəli taleyini

Qarabağnamələr diliylə

bizə danışa-danışa

günümüzə gəldin, Şuşa

 

Dolayları aşa-aşa,

Bir gün sivri yamaclarla

Qaya dırmaşa-dırmaşa,

Düşmənlərlə əlbəyaxa,

Mərdcə vuruşa-vuruşa,

Ölüm-dirim məqamında

bəxtlə dalaşa-dalaşa

neçə əsgər qazi oldu,

neçə cavan şəhid oldu

qocalıb dolmadan yaşa

Sənin yolunda şəhərim,

Şəhərlər şəhəri Şuşa

 

Getsin o günlər gəlməsin,

Yağı özün qalib bildi,

Araq içib gəldi cuşa,

Cıdır düzündə rəqs etdi

Sevincindən coşa-coşa,

Əl qol atdı çaşa-çaşa

Boş-boşuna danışdı hey

Dili topuq çala-çala,

Dili dolaşa-dolaşa.

Belə səfeh əbləhlərə

Ürəyində güldün, Şuşa

 

 

 

Zəfər çalan ordumuz da,

Haqlı vətən davasından

Dəmir yumruqtək birləşib,

Qalib çıxan yurdumuz da

Layiqdir min-min alqışa.

Mətanət qalası Şuşa,

Həmişə, hər vaxt, hər zaman

Qeyrətin qalası Şuşa

 

Qarabağ bizimdir deyən,

İradəsiylə, əzmiylə

Sözünü yerə yetirən,

Cəsur Prezidentim, yaşa!

 

Əbədi var olsun Şuşa,

azad Şuşa, abad Şuşa,

gözüm Şuşa, bizim Şuşa!

Yaşa, yaşa, yaşa, yaşa!

 

Anar

525-ci qəzet.- 2021.- 17 may.- S.8.