"Şəhərin göz yaşları"

 

 

Ülvi Ələkbərzadə 1999-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasını bitirib. "Əfsun" elmi-ədəbi, bədii-publisistik jurnalında çalışır. "Bir fincan limonlu çay (povest şeirlər)" kitabının müəllifidir.

 

Şəhərin göz yaşları

 

Bu şəhərin göz yaşları

isladır Xəzər dənizini.

 

Çıxıb bir buluda

qışqırmaq istəyir

küçələrin yuxusu - arzularını,

xəyallarını.

 

Şəhərin boyu qısadır,

çatmır gecələrin qulağına

pıçıldasın həqiqətləri.

 

Gecənin boynuna çıxıb,

öpür bu şəhərin alnından

tanrının mələkləri

şəklini çəkərək dünyanın.

 

Bu şəhərsə, hələ

yorğun baxışlarıyla gözləyir

tikiləcək göydələnləri.

 

Bu gecənin

 

Darmadağın çarpayı,

eləcə bir küncə atılmış

boş şərab butulkası.

Masa - üzərində aylar öncə

söndürülmüş siqaret kötükləri.

Saralmış kağız, bir qələm.

Kağıza düzülmüş

misra-misra göz yaşları.

Qələmin mürəkkəbindən intihar edən

sükutun hayqırtısı.

yerdə qan ləkəsi kimi

bir ümid işığı.

Asıldı bu gecənin

lənət qoxuyan yaxasından.

 

 

Bir misra əzab müjdəsi

 

Bir saralmış məktub

sətirləri göz yaşından.

 

Varağa düzülmüş,

həsrətdən öləzimiş şeirlər.

 

Bir əlçim yalnızlıq

əlləri üşümüş həsrətdən..

Bir ümidsiz yol

sonunda ayrılıq nəğməsi oxunur.

Qara buludlardan

intizar ətirli ruhuma

ümidsizlik toxunur.

 

Pərən-pərən bir ürək

içində kədər qoxulu kirpik izləri

Qılınc kimi dəlib-deşmiş ürəyi.

 

Üfüqü yarıb keçən baxışlar,

Üfüqdə günəşin sapsarı tellərindən

boylanan arzular.

Ovcumda bəslədiyim

sərçədən yadigar qalan

quru çörək ovuntuları.

, bir

dimdiyində gətirdiyi

bir misra əzab müjdəsi...

Paramparça etdi

məni,

sabahımı,

yuxularımı...

Bir "sənsizlik" qoxuyan

gələcək ömrümü.

 

Səs-küy, sükut!

 

Sağım səs-küy, bağırtı, hənirti.

Solum - səssizlik, sükut..

Sükutun səssizliyindən qulaq batır.

Mən ortada qalmışam,

səs-küyəm, sükut...

sağam, sol...

Özüm sükutdan yaranmışam,

səsdən yoğrulmuşam.

Yırtmışam sükutun yaxasını,

udmuşam səs-küyün havasını

Mən sağımdakı səs-küyəm

solumdakı sükut...

Özüm elə sükutam..

Özüm elə səs-küyəm.

O sükutun, səssizliyin içində.

 

Sonda

 

Bir yağış yağacaq

pozacaq səssizliyi.

Bir külək əsəcək

uçuracaq kədəri.

Bir mahnı oxunacaq

bitirəcək bu həsrəti..

Sonda..?

Sonda... bir göy qurşağı parlayacaq

güldürəcək bütün üzləri.

 

Gecə miniatürü

 

Gecədir,

içimdə lal bir sükut hayqırır.

Ulduzlar gecənin yanağından

dağılır saçlarıma.

Gözlərim ayla söhbət edir.

Pəncərəmə düşən şeh

ayın baxışlarıdı.

 

Dözməz ürəyim

 

Ey eşq-məhəbbət

Bu dəfə qəlbimə gələndə

ayaqyalın gəl.

Soyun qəlbin qapısında

həsrət qoxuyan ayaqqabıları.

Könlümə gətirmə

kədərin, ayrılığın ayaq izlərin.

Daha dözməz, dözməz ürəyim.

 

Səndən əvvəl

 

Səndən əvvəl

dadmamışdım ayrılığın dadını.

Bilməzdim həsrətin

ağrısını, acısını.

Səndən əvvəl yox idi

lügətimdə

"Göz yaşı", "intizar"

"kədər" ... sözləri.

Sən gəldin ömrümə

tez getdin..

Ömürlük qaldı

sinəm üstə

eşqimizin şikəst

izləri...

 

Gedirəm

 

Gedirəm buralardan.

Gedirəm.

Bir ovuc torpaq aldım,

bir parça bulud.

Bir misra-misra yalnızlıq.

Bu şəhərin sən ətirli küçələrindən

keçib gedirəm.

Üstünə basa-basa xatirələrin.

Qəlbimin sən adlı qapısını bağladım

girməsin içəriyə,

sənsizlik həsrət tozuna bulaşmış ayaqlarıyla.

Gedirəm.

Birdəfəlik gedirəm.

Geridə qoydum?

Kiçicik bir ev. Pilləkənsiz.

Bizdən sonra nəyə lazım,

o ev, o pilləkənlər.

, unutmadan...

Bir ayrılıq qoxuyan

bayquşun titrəyişini.

 

Ülvi ƏLƏKBƏRZADƏ

 

 525-ci qəzet.- 2021.- 18 may.- S.15