"Bizdən kim usanası..."

 

                              Yunus Əmrə üçün

 

Dilində min irmağın mini min dürlü axar,

Ərmiş dediyin kimsə minində yuyunası.

 

Qayalardan süd sağar, dağlardan bal süzərsən,

Nə südün kəsiləsi, nə balın tükənəsi.

 

Göy mavi isə - səndən, yer əsmər isə - səndən,

Rənginə hər baharda çiçəklər bürünəsi.

 

Sözün insan oğlunun dilindən düşməyəsi,

Sularca, rüzgarlarca, quşlarca oxunası.

 

Könlündəki otağı qapısı açıq durar,

Tütünün həp tütəsi, ocağın həp yanası.

 

Mehmet Aycı

Tərcümə: Aygün ƏLƏKBƏRZADƏ

525-ci qəzet.- 2021.- 22 may. S. 10.