"Xarıbülbül" musiqi festivalı Moldova mediasında

 

 

Moldovanın nüfuzlu "Ava.md" xəbər portallarında Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı barədə məqalə dərc edilib.

 

AZƏRTAC xəbər verir ki, moldovalı jurnalist Şokina Yekaterinanın müəllifi olduğu məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, uzun fasilədən sonra orada "Xarıbülbül" festivalının keçirilməsinə dair fikirləri yer alıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz Şuşanı işğaldan azad edib. "Azərbaycanın mirvarisi" hesab edilən Şuşa mədəniyyət paytaxtı elan edilib 30 ildən sonra orada "Xarıbülbül" festivalı keçirilib. "Xarıbülbül" festivalının tarixi haqqında geniş məlumat verən müəllif ilk festivalın 1989-cu ildə keçirildiyini qeyd edib. Lakin 1992-ci ildən ermənilərin işğalçılıq siyasəti nəticəsində "Xarıbülbül" festivalı keçirilmirdi. Nəhayət ki, 2021-ci ildən yenidən bu beynəlxalq musiqi festivalı keçirilməyə başlandı.

 

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi nömrələri dinlənilib. Konsertdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərini Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx təqdim edilib.

 

 525-ci qəzet.- 2021.- 20 may.- S.7.