"Sil gözün yaşın, Qaragilə..."

 

 

 

...Hava o qədər bürkü idi ki, avtobusun nəfəslikləri açıq da olsa, içəri sərinləmək bilmirdi...

 

Maestro gözucu salona nəzər saldı: orkestrin demək olar ki, bütün üzvləri başlarını söykənəcəklərə "yapışdırıb" mürgüləyirdilər.

 

Əslinə qalsa, onun özü də yorulmuşdu - Tbilisidə festivalda 3 gün ərzində etdikləri çıxışlardan, bu çıxışlardan əvvəlki gərgin məşqlərdən sonra elə burada - Bakıya şütüyən avtobusun salonunda bir az dincəlmək pis olmazdı, amma nəyə görəsə narahat idi, ağır nəfəs alırdı - elə bil, hava gedib ciyərlərinə çatmırdı.

 

"Ciyərlərinə?" - bu sualı özü-özünə verib acı-acı güldü. Axı onun bir ciyəri vardı, o birini hələ neçə il əvvəl sağalmaz xəstəliyə tutulanda kəsib götürmüşdülər.

 

Gözlərini yumub gənclik illərində sevimli Həcərlə yaşadıqları nəm, rütubətli mənzilləri, toya da, vaya da geyindiyi yeganə kostyumu, vərəmə tutulduğunun aşkar olduğu o müdhiş anları, ciyərinin bir tayını itirdiyi günün səhərini xatırladı, yenə də gülümsədi, amma bu dəfə acı-acı yox, həmişə sərt sifətində hərdən sayrışan o sirli uşaq təbəssümü ilə.

 

Gözlərini açıb pəncərədən çölə baxdı - hər tərəf ucu-bucağı görünməyən pambıq tarlası idi. Kolların üstündəki pambıq lopaları zanbaqlar kimi adamın üzünə gülürdü.

 

Tarlanın ortasında pambıq yığan bir dəstə qız-gəlini görəndə karıxdı: "Bu nədir? Bu istidə belə vacibdir? Niyə özlərinə rəhm eləmirlər? Pambıq yığmaq elə bunların alnına yazılıb?"

 

Qəfildən üzünü sürücüyə tutub lap məşqdəki kimi amiranə səslə dedi:

 

- Stop! Saxla görüm!

 

Sürücü sürəti azaldıb əyləci basdı və avtobus "ləhləyə-ləhləyə" bir az gedib dayandı.

 

- Gözlə, siqaret çəkib gəlirəm.

 

Yerə düşən kimi günün istisi bədəninə mismar kimi sancılsa da, buna fikir vermədi, siqaretini odlayıb asta addımlarla pambıq sahəsinə yaxınlaşdı.

 

Qız-gəlinlər onlara yaxınlaşan bu alçaqboylu, arıq, nazik qara bığlı kişinin təhər-tövüründən şəhərli olduğunu dərhal bildilər.

 

Maestro sahəyə daxil olub onlara lap yaxınlaşdı:

 

- Salam, qızlar. Necəsiniz? İşlər necə gedir?

 

Sifəti mis rənginə çalan, qapqara gözləri üzüm gilələrinin yada salan, burnunun üstünə kağız yapışdırılmış  bir qız başını qaldırıb ona baxdı. Sonra yenə kola tərəf əyilib pambıq yığa-yığa:

 

- Necə olasıdır ki? - dedi. - Gördüyünüz kimi. Bizi yada salan var ki?

 

"Bu qızın günün altında yanmaqdan sifəti də gözləri kimi qara üzüm giləsinə dönüb" - maestro ani olaraq fikirləşdi - "Elə bu da Qaragilədir ki. Qoy bu da olsun 2-ci Qaragilə".  "Qaragilə" mahnısı maestronun ən xoşladığı xalq mahnılarından idi.

 

Ümumiyyətlə, maestronun xalq musiqisinə böyük sevgisi vardı, muğamları, el mahnılarını eşidəndə uşaq kimi kövrəlirdi. "Rast" simfonik muğamını yazanda "Əlində sazın qurbanım", "Xumar oldum", "Görmüşəm, sevmişəm" xalq mahnılarının, "Vağzalı", "Mirzəyi" rəqs havalarının melodiyalarının orkestr işləmələrini partituraya daxil edib simfoniyanı ruhumuzun səs obrazları ilə süsləndirmişdi. "Qaragilə"nin isə simfonik orkestrlə vokal partiyasını yaratmış, konsertlərin birində mahnını ifa edən Şövkət Ələkbərovaya qoşulub özü də bir-iki ağız demişdi.

 

İndi bu istinin altında gözləri bir cüt üzüm giləsini xatırladan bu dilli-dilavər qıza baxa-baxa nəyə görəsə 5 il əvvəl baş verən bir hadisəni xatırladı...

 

Maestro Niyazi engaged in weightlifting in young days | Report.az

 

Onda maestro Fransada qastrol səfərində idi. Parisin göbəyində - ən məşhur konsert salonunda "Rast"ı ifa edəndən sonra səhnənin arxasında bir fransız musiqişünas xanım ona yaxınlaşıb tərcüməçinin köməyi ilə soruşdu:

 

- Müsyö Niyazi, əsəri maraqla dinlədim. Bilmək olarmı ki, onu kim bəstələyib?

 

"Görünür, bu xanım o qədər də diqqətli adam deyil" - maestro fikirləşdi, sonra da çox ötkəm bir cavab verdi:

 

- Mənim xalqım və mən!

 

Xanım çaşıb qaldı:

 

- Bu, necə ola bilər axı? Xalq nə bilir simfonik dil, polifoniya nədir?

 

"Baho... Gəl indi buna mühazirə oxu da". Maestro öz izahına başlamaq istəyəndə xanım:

 

- Ümumiyyətlə, simfonik muğam nə deməkdir? - deyə soruşdu. - Niyə bu simfoniya "Rast" adlanır?

 

Bu dəfə maestro kəsə, bir az da eyhamlı cavab verdi:

 

- Bu janrı bizim bir bəstəkar kəşf edib. O, 26 yaşında "Şur" muğamının ladında eyni adlı simfoniya bəstələyib və bütün Avropanı mat vəziyyətində qoyub. Sübut edib ki, polifonik dil Şərqin, o cümlədən, onun bir parçası olan Azərbaycanın da musiqi düşüncəsi üçün xarakterikdir.

 

Təəccübdən xanımın gözləri böyüdü:

 

- 26 yaşında? O ki dahidir!

 

- Yoxsa elə bilirsiniz ki, dahilər ancaq Avropada doğulur? Bizim torpaq çox belə dahilərin vətənidir.

 

O vaxt bu xanımdan fərqli olaraq maestro Fikrət Əmirovun simfonik muğamlarının dünyanın bir çox mötəbət konsert salonlarında səslənməsindən, o cümlədən, L.Stakovskinin dirijorluğu ilə Boston Simfonik Orkestrinin ifasında Amerikanı fəth etməsindən xəbərdar idi. Amma indi nə maestronun, nə də bu xanımın ağlına da gəlməzdi ki, illər keçəcək, bir gün İtaliyada Silvio Bobeto adlı tanınmış bir dirijor təsadüfən "Şur" simfonik muğamının partirurasını vərəqləyəndə yeni bir şey kəşf edibmiş kimi heyrətdən donub qalacaq, "Necə olub ki, mən bu əsəri çalmamışam" - deyə təəccüblənəcək və elə ertəsi gün Bakıya uçaraq, qısa məşqlərdən sonra Dövlət Simfonik Orkestri ilə bu əsəri ifa edib lentə yazdıracaq, "Mən dünya simfonik musiqisinin incilərindən birini ifa etdim" - deyə özünə təskinlik verəcək...

 

...Tərcüməçi əsəbi tərzdə boğazını arıtladı - bu, maestroya işarə idi: "Deyəsən, söhbət öz məcrasından çıxır axı".

 

- Belə dahiləri bütün dünyanın tanımaması sizin qüsurunuzdur.

 

"Düz deyirsən, xanım. Bu məsələdə sizinlə mübahisə etməyəcəm" - maestro ürəyində dedi...

 

Gözləri qarşısından keçən lentin son kadrları da çəkilib getdi, maestro o möhtəşəm salondan bura - pambıq tarlasına, qızların yanına qayıtdı. Onların kobudlaşmış, cızıq-cızıq olmuş əllərinə baxıb heç kəsin sezmədiyi bir ah çəkdi: "İşə bax, burada zəhər uda-uda, günün altında bişə-bişə pambıq yığan bu Qaragilələr doğacaq bizə yeni dahiləri? Bunlarda nə qadınlıq qaldı ki?

 

Vəziyyətdən çıxmaq üçün yan tərəfdə üstü şiferlə örtülmüş talvara oxşayan yeri göstərib soruşdu:

 

- Bu nədir belə?

 

- Buna stan deyirik. Guya tarla düşərgəsidir. Çörəyimizi orda yeyir, çayımızı orda içirik.

 

Maestro fikrə getdi: "Bu nə gündür, ilahi! Bəs bu qadınların kişiləri hanı?"

 

Başını qaldırıb adını Qaragilə qoyduğu qızdan soruşdu:

 

- Kişilər pambıq yığmır bəyəm?

 

Qızlar gülüşdülər. İstehzalı bir səs eşidildi:

 

- Siz elə bil Aydan gəlmisiniz. Bəs çayxanada nərd, dominonu kim oynasın?

 

Maestro tutuldu, başa düşdü ki, bu qızların könlünü almaq üçün nə isə deməli, nə isə etməlidir. Amma nə?

 

Qəfildən geri çevrilib iti addımlarla avtobusa tərəf getdi, salona qalxıb yenə də həmin o amiranə səslə, ucadan:

 

- Hamı qalxsın! - dedi. - Alətlərinizi götürüb avtobusdan düşün!

 

Musiqiçilər karıxsalar da, hərəkətə gəldilər, çünki belə anlarda maestro ilə zarafat etmək olmazdı.

 

...Cəmi 5 dəqiqədən sonra bütün musiqiçilər talvarın altında idi, ayaq üstə, amma orkestrdəki qaydada düzülmüşdülər. Maestro dirijor çubuğunu əlinə alıb qızları səslədi:

 

- Bura gəlin. Sizin üçün konsert verəcəyik.

 

Qaragilə:

 

- Axı nahara hələ var - dedi. - Necə gələk?

 

- Narahat olmayın. Deyərsiniz, bizi deputat Niyazi məcbur etdi.

 

"Qaragilə" ilə bərabər arxadakı qızlardan da içini çəkən oldu - deyəsən, axır ki, maestronu tanımışdılar.

 

Orkestr təbii ki, həmin gün Qərb bəstəkarlarının simfonik əsərlərini yox, Azərbaycanın xalq melodiyalarını - maestronun özünün işlədiyi "Qaragilə", "Əlində sazın, qurbanım",  F.Əmirovun işlədiyi "Qoy gülüm gəlsin" mahnılarını, "Qaytağı" rəqsini, "Koroğlu" uvertürasını, bir neçə oyun havasını ifa etdi, maestro hətta arada dirijorluğu dayandırıb Qaragilə ilə rəqs etməyə də macal tapdı...

 

Dünyanın bütün qitələrində əllərinin sehri ilə insanları heyrətə salan, dünyanın ən yaxşı dirijorlarından biri hesab edilən SSRİ Xalq artisti Niyazi həyatında ən döşünəyatan konsertlərdən birini belə verdi...

 

Bakıya gələn kimi kabinetinə girib Mərkəzi Komitəyə pambıqçı qızların ağır əməyinin lazımınca qiymətləndirilməsinin vacibliyi barədə yazdığı məktub isə bu cümlə ilə tamamlanırdı: "Təklif edirəm, bütün rayonların Mədəniyyət evlərində səyyar konsert briqadaları yaradılsın və onlar hər gün ağır iş günündən sonra pambıqçı qızlara pulsuz konsert versinlər".

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 20 may.- S.11.