Can axır qan tərəfə, meydana son can tələsir!

 

1.PORTRET

Ehtiyac ucbatından ağaran saç olmasın!..

 

Vətənə, Xalqa, özümə dair

 

Arı gül qoxlamada, dolmaq üçün şan tələsir,

Nar qızarmır vədəsiz, çox da ki, bağban tələsir!

 

Ovlağa aşiq olub dağ-dərədə ahu güdən,

Oxu yaydan asılı gör neçə oğlan tələsir?!

 

Qırdırır şamı şama, kim bilər ki, yağ işini,

Nuru zülmət törədir, günbatana dan tələsir...

 

Quşca dərrakəsi yox, boş qafalar daşdı, durur,

Sabahın şövqü vurur, quş uçur, heyvan tələsir.

 

Kordu dördəlli tutan faniliyin qulpundan,

Çünki görmür əcələ Təxti-Süleyman tələsir!

 

Qəssabın məst yuxusu - şır-şır axan qan qoxusu,

Bıçağın ağzı susur, dərgaha qurban tələsir.

 

Təbrizi qan bürüyür, bağrı yanır Zəngəzurun,

Qarabağ zəlzələdə, imdada Şirvan tələsir.

 

Həndəvərlər tələdi, şəksiz, əcəmlər qurmuş,

Guya məhkumdu gora, küllü-müsəlman tələsir?!

 

Yükü vaxtında gərək qaldıra ər dağ başına,

Zaman az, iş nə qədər: mətləbə dördyan tələsir.

 

Olanım bir quru can, yurduma qurbandı o da,

Can axır qan tərəfə meydana son can tələsir.

 

Xalqıma tuşlanan ox Vaqifi dəlsin, ola ki,

Şühəda türbəsinə Azərbaycan tələsir!

 

2020

 

Yaxşı qarğış

 

Hökm et, Tanrım, kimsəyə kimsə möhtac olmasın,

Acgözün gözü doysun, gözütox ac olmasın!

 

Varlı toxundan doysun, kasıb yoxundan doysun,

Ehtiyac ucbatından ağaran saç olmasın!

 

Vurğun vursun fəqirin qismətini yeyəni,

Külli-təbib yığılsın dərdə əlac olmasın!

 

Namərdin buşqağında yığılsın un ton ilə,

Bir kömbə qızartmağa evində sac olmasın!

 

Qovuşsun həsrətlilər, sevgi doyumluq olsun,

Məcnun tellər çiyində qulac-qulac olmasın!

 

Vaqifin qarğışına alqış deyən kəslərin

Bərəkəti çoxalsın, taxtı tarac olmasın!

 

2019

 

2. PEYZAJ

Siz nahaq seçdiniz qürbəti, quşlar!

 

Cənubda qış peyzajı

Birinci peyzaj

 

Qar üstündə qarğaların

muncuq-muncuq göz yaşı,

Ağsaqqal sırsıralar

bürüyüb qara daşı,

Çovğun qılıncıyla,  qar -

pambıqla kəsir başı,

Cənublu da tanıyır

axır ki, cəllad qışı!

 

Axır ki, cəllad qışı

gördük əlibaltalı-

Bilinmir çöldə donan

itdir, yoxsa xaltadır...

Sətəlcəm dünya geyib

sanki həkim xalatı,

Sərçələrin cəsədi

qarlıq boyu xal atıb...

 

Qarlıq boyu xal atıb

qorxaq addım izləri,

Qarışıb bir-birinə

pişik, adam izləri...

Kiminin özü çöldə,

kiminin əzizləri;

Salamat çıxart, Allah,

bu çovğundan bizləri!..

 

İkinci peyzaj

 

Siz nahaq seçdiniz bizim şəhəri,

a qara qarğalar, qışlamaq üçün.

Bizdə şərait yox, açıb səhəri,

həyatı təzədən başlamaq üçün.

 

Siz nahaq seçdiniz, köçəri quşlar,

hazırca kəfəndi buranın qarı;

Toxunsa, ovulub qum olur daşlar,

havada dondurur uçan quşları.

 

Buradı sürgünün ən bəd guşəsi-

qarı küləklidi, nə sirdi bura?

Hündür binaları - tayqa meşəsi,

qar yağdı... hesab et, Sibirdi bura!

 

Yalın budaqların ayağı altda

yalın qarğaların yalın ayağı,

yatan üstdə ölür, oyağı altda;

burda qar taleyə, alına yağır...

 

... önümdə kip bağlı, qarlı pəncərə,

qırılan qarğalar qaralır qarda...

Yer göyə birləşib, göy enib yerə,

belə ərəsətdə, bu vurhavurda

Allah daldalanıb görəsən harda?

 

2017

 

Kötük

 

Aşdım bağın bərəsindən,

düz talanı batıq gördüm.

Göy otluğun arasında

qaralan bir kötük gördüm,

 

sarmaşıqlar hana qoyub,

ilmə tutub dörd yanını,

gül əlindən cana doyub,

yer tapmır qoysun canını.

 

Yaş torpağa batır kötük,

nəmi çəkir dəri kimi.

Ot içində itir kötük

köhnə yara yeri kimi...

 

2017

 

Sona sarı

 

Allah məni gül yaradıb,

tel salıb başdan... soluram.

Gecənin üzü qaradı

sübhdən, obaşdan soluram!

 

Bazar axşam bazarıdı -

var üzümü yox qızardır,

dik başımı çən bozardır

çatılan qaşdan soluram.

 

Qoca başdan yüngül olur,

Payı dəngül-düngül olur...

Gün var bir anda kül olur,

gün var yavaşdan soluram!

 

Təvəllüdüm, adım handa?

Allah verən adam handa?

Un olur sümüyüm, sonda;

bir yastı daşdan soluram...

 

2019

 

Xatırlamaq

 

Heç nə unudulmur,

heç zad çıxmır yaddan;

qohumdan, yaddan

xəbər gəlirsə dürlü adda,

demək, diridi adam,

demək, xatırlayır adam -

qoy olsun lap adda-budda...

Adam yoxsa, xatirə yox,

adam varsa, xatirə var!

Allah da xatirə quludu

Allah yolu xatirənin

gedər-gəlməz qul yoludu!

Cənnət Allahın evidi,

Cəhənnəmdə Allah varmı?

Yəqin ki, var...

iki varlıq yoxluğunu

Allah olan unudarmı?

Görəsən, ölülərin Allahı varmı?

görəsən, onlar xatırlayırmı

yaradan və öldürən Allahı?

 

2017

 

3. ŞTRİX

Allahın lütfüdür unuda bilmək...

 

Ehtimal

 

Bu deyim bəllidi hər kəsə -

ana əmcəyi kəsəndən kişi olmaz!

Allah məsləhət bilməsə

qatilin şairlə işi olmaz...

 

2018

 

Unutmaq xoşbəxtliyi

 

Ayrılıq; içimdə dibsiz bir dərə-

Ora yıxılıram gündə min kərə...

Allahın lütfüdür unuda bilmək,

Hayıf, qismət olmur hər bəxtəvərə!

 

2018

 

Rübai

 

Gəlim var, keçim var, sınaq seçim var,

Hər yaşın özünə uyğun biçim var.

Külək də batmırdı bir vaxt saçıma,

İndi saçım yoxdu, saçlı içim var!

 

2019

 

Dev evlər

 

Heç olmasa Xəzəri görürdüm aralıdan;

indi də hörgü tutub, evlər kəsib aranı.

Xəzər uzaqdakı ev;

Cırtdan can atır ora,

evlər deyil, pəzəvəng devlər kəsib aranı...

 

2020

 

Bənd

 

Qürbət zəhərini bala verək gəl,

Beçə arılarıq, bala verək gəl...

Məndən Qərib çıxmaz,

  səndən Şahsənəm

Biri-birimizi yola verək gəl!

 

2019

 

Cütcü nəğməsi

 

Tumlar şişib şum istəyir -

duanı çəkin başına.

Kotanlar hücum istəyir -

el gəlsin əkin başına.

 

İşi verək yola gərək,

torpaq  tumla dola gərək,

hamı əlbir ola gərək,

kül qoyum təkin başına!

                                 2017

Peşə

 

Biri soruşdu məndən:

 - Nədir ocaq üstündə,

alta od basıb nədən

göz tökürsən tüstüdə?

Dedim: - Candan bezəndə

kösövü sərt çəkirəm,

Qəm qızardıb qazanda

üstünə dərd çəkirəm...

                                2017

 

4. AKVAREL

Hanı o qoşa könül,

səndən soruşuram, kül?!

 

Sən qorxma

 

Özünü çox üzüb dərd etmə, canım,

daşlaşan kilidə düşən açaram.

Dizinə endirrəm göydə uçanı,

müşkülü dırnaqla didib açaram -

  sən qorxma!

Dünyada nə qədər cinayət varsa,

qətlə yetiriblər kimisə Marsda...

boynuma alaram,

  əgər sən varsan,

qatil yanındasan,

  nə bəxtiyarsan? -

   sən qorxma!

Heç nədən, heç nədən sən qorxma, canım;

kəsik baş kisədə;

  dürr ikimizdə.

Boş yerə tökürlər cahillər qanı,

axirətə gedən sirr ikimizdə -

   sən qorxma!

 

Gözün gözlərimə baxmasa olar,

dəyməsə də, olar əlin əlimə.

Boynuma zəncir sal,

  zindana apar,

yetər yiyə dursan yolsuz dəlinə -

   sən qorxma!

 

Sən qorxma,

 nə var ki, Allahdan uca -

buynuzun sirrini bilən qamışdı...

Bizdən də dünyaya nəsə qalacaq,

necə ki, Məryəmdən İsa qalmışdı -

   sən qorxma!..

 

2019

 

Qocafəndi gəzinti

 

Açıq saxlasam da, yaxamı ələ

Yolları ölçürəm it döyə-döyə.

Nədən baxar kordu oğlanlar belə,

gözəllər bu qədər qəddardı niyə?

 

Bir şahlıq taxtıdı hər ata çiyni,

Hər ana ürəyi imperatordu.

Qızların bu qədər zalımkən əyni,

Nədən oğlanların gözləri kordu?

 

Yandırır içimi hirs ütü kimi,

Fikir qalaqlanıb ehsanda aştək.

Qızlar uçağandı quş tükü kimi,

Nədən tərpənməzdi oğlanlar daştək?

 

Qorxuram gic fələk mənə də qıya,

Bu nəmərd oğlanlar, bu qəddar qızlar

eşqin varlığını heçə sayalar.

Gözümun min yaşı ola-olmaya -

qorxuram məni də qoca sayalar...

 

2018

 

Sevgi

 

Göz.

Gözlər.

Gözlərdə közlər.

Gözlər gözləri gözlər.

Közlər közləri közlər.

Təzədən də təzətər.

Həyalı alında tər.

Bənövşə, Lalə, Nilufər.

Adı dillərdə əzbər.

Ayrı-ayrı atılıb

qoşa düşən zər.

Qəsr-qala bürcündə

bərq vuran simuzər.

Qala meydanından keçib

qızılgülləri daşan eyvana

boylanan bir nəfər.

İki bülbül - bir gül

İki bülbüldən birinə qismət olan

tək bir gül.

Sonda, lap sonda

ağlayıb tükənən şam-

Səməndər qanadı sonda.

Və ortalıqda

yanmış sümük qoxusu

və bir topa soyumuş kül.

Və sonda -

hanı gözlər? Hanı közlər? Hanı zər?

Hanı şah eyvanı? Hanı o bir nəfər?

Hanı bülbül? Hanı gül?

Hanı o qoşa könül?

Səndən soruşuram, kül!

 

2020

 

Rusca kino

Yarımçıq zarafat

 

Hanı gözü Gündən qamaşan yaşım,

Eh, gör hara qalxdı eşqin kilosu?!

Keçdi səhnə yaşım, tamaşa yaşım

başladı ömrümün rusca kinosu.

 

Dilimdən qopardı sözü kəlbətin -

Getdi "poka" deyən gülüm, dönmədi.

"Doroqaya" dedim, töküldü ətim,

"Lyublyu" deməyə dilim dönmədi.

 

O vaxtlar mən külbaş "da"da çaşırdım

Kəlmə anlamırdım "net"dən savayı.

Allahdan aşağı söz yox eşidim

"Paşol"dan savayı, "get"dən savayı.

 

Gəzdim rus elini diyarbadiyar

Görən "çelovek" yox, yol bildi məni.

"Çto sluçilos, paren?" - sordular;

Dinmədim, gözəllər lal bildi məni!

 

Gülmə bu şeirimə cənublu tülkü,

Bu halət sənə də şəksiz tanışdı.

Yad eşqin dilini dadmadım, çünki

O, mənnən əcnəbi dildə danışdı...

 

2019

 

5. ŞƏKİLALTI SÖZ

Atamdı, anamdı, oğlumdu şeir!

 

Ədəbiyyat

 

Yaman tələbkaram ədəbiyyata -

elə bil, o, mənim belimdən gəlib,

guya söz kür uşaq, mən müdrik ata,

yalnız üz danlamaq əlimdən gəlir...

 

Pusuram ilmüdam söz tarlasını -

barlı bostanımdı, bağımdı şeir.

O, bir din yağışı, Quran ayəsi,

Atamdı, anamdı, oğlumdu şeir.

 

Həm də sevgilimdi söz, ədəbiyyat;

onu qısqanıram başqalarına,

Sözə yanaşırsa birisi babat

dərhal onu tutub daş qalağına

tənqidi çırpıram qaşqalığına!

... Sonra da cırıram düz yazdığımı -

Havalı halımı görənlər gülür.

Heç vaxt bəyənmirəm öz yazdığımı

alıb oxuyuram, ətim tökülür...

Yaman tələbkaram ədəbiyyata -

Mən fərsiz uşağam, o, ciddi ata!

 

2020

 

Söz adam - sözlü adam

 

Baxma aləm unudub, çox da sümük-dəri mən,

Sözüm sözsə,  Göy udub,tərpədərəm Yeri mən.

 

Öpüb oraq ucunu yollanıram biçinə,

Söz xırmanı içinə yığaram dərd-səri mən.

 

Ay işığı bularam, qurd oluban ularam...

Sözüm qalsa, qalaram qiyamətə diri mən!

 

Səbr baş, qardaş, dayan, alqışda, qarğışdayam...

Məclisində  başdayam; sözün xeyri, şəri mən!

 

Odur tanrının andı - qüssədi, həyəcandı,

Söz ilikdi, söz qandı sözə kisə, dəri mən.

 

Söz işi dərin... dərin...siz də bir dua verin!

Nakam ölən sözlərin and içilən goru... mən.

 

Çox xoşbəxt var dünyada

biri sözdü, biri mən,

çox bədbəxt var dünyada - biri sözdü, biri mən!

 

2019

 

Uğursuzun etirafı

 

Atamdan, anamdan inciyəm, düzü

məni törədiblər maraq xətrinə.

Eşib üfləyiblər qaralan közü

yurda işıq salan çıraq xətrinə.

 

Qoruyub əcdadın andını onlar

tifili qurbanlıq sandımı onlar?

Nahaq yaratdılar indimi onlar

keçmişdən sabaha soraq xətrinə.

 

Guya ki, şah olub yüksəldim taxta -

varlıqla yoxluğum düşdü bir vaxta...

qarğıdan at mindim, qılıncım taxta,

divana qul oldum yaraq xətrinə!

 

Törətmək ayrı eşq -   mən elə mənəm,

Məcnunun dörd yanı nə olsun sənəm?

Qız üstə savaşda gərilməz çənəm

büt başım qaşınmaz daraq xətrinə.

 

Dünya, dəyərdimi bu gəl-get üçün,

Bəlkə yaranmışam internet üçün?

Aləmi yıxaram siqaret üçün

adam öldürərəm araq xətrinə!

 

Ərzdən Vaqif adlı çox isim keçib -

gah dönüb tufana,  gah nəsim keçib...

Həyat məndən iraq,  həvəsim keçib

yazımı yazıram varaq xətrinə.

 

2019

 

Vaqif BƏHMƏNLİ

525-ci qəzet.- 2021.- 22 may. S. 20-21.