Lirik ovqatdan sərt həqiqətə -

 

Rübailin poeziya aləmi haqqında qeydlər

 

 

Rübail çağdaş Azərbaycan poeziyasında poetik tutumu ilə diqqəti çəkən görkəmli şairlərimizdən biridir. Ötən əsrin 60-cı illərində ədəbiyyata gələn şair elə ilk kitabından "Sübhə yaxın" şeirlər toplusundan oxucuların diqqətini cəlb etmişdir.

 

Həmin illərdə ədəbiyyatda bir yenilik əhval-ruhiyyəsi, ənənəvi tərənnüm yeknəsəkliyindən xilas olmaq cəhdləri uğurlu bəhrə verirdi. İsa İsmayılzadə, Ələkbər Salahzadə, Musa Yaqub, Məmməd İsmayıl kimi şairlərimiz ilk poetik debütləri ilə ciddi poetik axtarışların yolunu müəyyən etdi. Onların sırasında özünəməxsus təmkini, poetik ifadə yeniliyi ilə Rübail şeirləri seçilirdi. Onun şeirlərində tədricən lirik ovqat ictimai tutumlu mənalarla dərinləşirdi. İlk poetik axtarışlarında fəlsəfi ümumiləşməyə, poetik ideyanın təzəliyinə daha çox diqqət yetirilirdi. Fikri yığcam söyləmək, ritorikadan qaçmaq, didaktik təhkiyəni yaxına qoymamaq onun yaradıcılığının ideya istiqamətini müəyyənləşdirirdi. Rübailin bir-birinin ardınca sanballı, bədii tutumu ilə seçilən kitabları çap olunurdu. "Bir işıqlı yol üstəyəm", "Gecələr yuxusu qaçar qızların", "Getmişdim günəşi yola salmağa", "Ömrün fəsilləri", "Altı bazar, üstü məzar", "Zamanla əlbəyaxa", "Dünya dəlilərin şənlik evidir" və başqa adlı kitabları ədəbiyyatımızın xeyli dərəcədə zənginləşməsinə xidmət edirdi.

 

Çox çəkmədi ki, halal zəhmət, yaradıcılıq uğurları ona halal şöhrət gətirdi. Rübail Gəncə Dövlət Aqrar Universitetinin professoru, Əməkdar müəllim, Beynəlxalq Rəsul Rza mükafatçısı idi. Həyat isə həmişə ayrılıqla yolumuzda dayanıb... İndi haqq dünyasında olan şairin əsərləri oxucu ilə, poeziya sevərlərlə üz-üzədir.

 

Həyat rəngarəng nağıllar aləmidir. Bu aləmin möcüzələri hər an insanı heyrətləndirir, onun dünyaya baxış bucağını dəyişir. Poeziya isə bu bənzərsizlik içində nəfəs alır.

 

Rübail o şairlərdəndir ki, onun mövzular aləmi həyatın özüdür. Ən kiçik həyat detalı belə şairin gözlərindən yayınmayıb. Ən adi bədii fakt bədii mənaya çevrilənə qədər şair ürəyində var-gəl edib. Diqqət edin: şüşəkəsən adi bir peşədir. Amma bu sənət adamının özünəməxsus dünyası var. Şüşə sınmasın, əyri kəsilməsin. Onun titrəyən əlinin havasında isə qəlbi döyünür.

 

Şüşəkəsən nəzir deyir,

Barmaqları əsəndə.

Almaz ölüb qara geyir,

Düzü əyri kəsəndə.

 

Düzün həqiqəti yalnız kəsilən şüşə deyil, bu, qəlb və mənəviyyat duyğusudur. Şair isə mətləbi poetik həqiqətə çevirir, özü də ustalıqla...

 

Zülmət və işıq... Bu iki qütbün-zülmətin və işığın mübarizəsi isə əbədidir. Amma darmacal dünyada canavar gözünü şam işığına çevirib zülmətə divan tutmaq məqamları poetik məqamlardır. Odur ki, işıqların özünü də ümid kimi bəsləmək gərəkdir. Nəhayət gecələr səhərlərə işıq kimi açılsın.

 

Ümidini işıq kimi bəsləsən,

Gecələrdə səhərləri səsləsən,

Qaranlıqda işıq tutmaq istəsən,

Ulduzlarda tap bürcünü zülmətin.

Rübail poeziyasının mövzular aləmi o qədər rəngarəngdir ki, onlara təsnifat vermək qeyri-mümkündür. Həyat bir ilğımdır. Şair ürəyi də, sözü də bu ilğımda dünyanın keçmişini və gələcəyini var-gəl etməkdən yorulmur.

 

Ən adi həqiqət, ən adi mövzu poetik mənaya çevrilə bilir. Əlbəttə, burada şairin zəngin həyat müşahidələri, elmi dünyagörüşü başlıca rol oynayır. Ölüm həyat arasındakı məsafələr sözün ruhundan keçir, meridianlar dəyişir. "Dünya" şeirinə dünyanın gözü ilə baxaq:

 

Şübhəlidi zülmətdədi əməli,

Bilinməyir bünövrəsi, təməli.

Yaratdımı öldürəcək, deməli,

Hər qərarı mütləq-qəti dünyadı,

Müvəqqəti, müvəqqəti dünyadı.

 

İnsan üçün əbədi olmayan dünyanın sevgiləri isə əbədidir, çünki dürlü-dürlü baharı, qışı olan dünyanın ayrılıq əzablarını da yaşamalıyıq. Ancaq bu əzablar əzabkeşi qorxutmur, əksinə, onu dünyanın odlu aləminə sinə gərməyə çağırır. Dünya insandır, insan dünyadır. Di gəl ki dünyanın gecə-gündüz başı qalmaqaldadır. Qiyamət günləri hələ qabaqdadır. Bu da şair qənaətidir, şair narahatlığıdır. Bu narahatlıqda isə milli dərdlərimiz, milli ağrılarımız özünü qabarıq göstərir:

 

Ürəyimdə arzu, gözümdə muraz,

Həsəd məqsədinə açır qolunu.

Kürlə qovuşmağa tələsən Araz,

Ayırır Bakıyla Təbriz yolunu.

 

Şair daxilən narahatdır. O, taleyin alın yazısı ilə barışmaq istəmir.

 

Çaylara kim verib belə ixtiyar,

Bölüb yataqları iki sahilə.

Torpağın üstündə qovuşan sular,

Yurdları nə üçün ayırır belə?

 

Savaş, mübarizə bu şeirin daxili ruhundadır. Ümumiyyətlə, Rübail poeziyasında dünya mütləq-aləm fəlsəfəsi bir obraz kimi daim diqqət mərkəzindədir. Hansı həyat həqiqətini şair poetik dillə yada salırsa mütləq dünyanın gedişatı saf-çürük olunur. Bədii obraza çevrilən dünya müxtəlif hadisələr fonunda ideya istiqamətini müəyyənləşdirir. Sevgi də, Nifrət də, Yuxu da, Daş da, Külək də, bir sözlə, varlığın möcüzəli görünən tərəfləri gah gerçəklikdən, gah da yoxluqdan keçir. Vahid məkanda isə sonsuz sayda hadisələr baş verir. Durnalar Bağdada niyə qayıda bilmir? Tüstülər, alovlar içində durna yuvası dağılır. Şair "İraqın göyləri qanlı-qadalı" deməklə dünyada baş verən ədalətsiz müharibələrə səfi pozulan durna kimi baxır.

 

Durnanın lələkli yuvası yanıb,

Öz evi, öz yurdu, obası yanıb.

Sönüb doğma ocaq, havası yanıb,

Hər tərəf qan-qada qayıda bilmir,

Durnalar Bağdada qayıda bilmir.

 

 

Gələcək insanın ədəbi arzusudur. Zamanla gələcək arasında isə savaş gedir. "Ağlatsa da zaman məni" deyən şair gələcək ümidlərini sözlərində qoruyur. Hətta gümanlarına belə açıq gözlə baxıb, "Gümanlar da aldadır məni" deyir.

 

Gözümdədi ağım-qaram,

Sözümdədi halal-haram.

Vətən üçün yaşayıram...

 

Bu aydınlığın yolu gələcəkdir. Şairin xəyalında gələcək mistik bir aləm deyil, duyğular, düşüncələr və gerçəklik aləmidir. Bu aləm, Yerlə Göyün sevgi məkanıdır.

 

Günəşlə yer elə bil,

Nazeləmə oynayır.

Yer dolanır dönür il...

Nə yer günəşdən doyur,

Nə günəş sevgisindən.

Nə günəş yaxın qoyur,

Yeri öz dövrəsindən.

 

Bu cazibədar hisslərin içərisində isə sevgi anları yaşanır.

 

Ay gecələr fırlanır,

Yerin başına xəlvət.

Yer naz edir nurlanır,

Bu da bir cür məhəbbət.

 

Bu lirik notlarda həyatın qəribəlikləri şair gözünə sevgi, məhəbbət kimi görünür. Nə yaxşı ki sözün gözü belə parlaq və işıqlıdır.

 

Şair ürəyində isə həyat sızıltıları qışdan, şaxtadan təzəcə çıxmış güllərin sızıltısıdır.

 

Bu güllər qışdan çıxıb,

Qardan yağışdan çıxıb.

Göyərib daşdan çıxıb,

Dəyməyin gül daşına.

 

Göyərib daşdan çıxan gül ömrünə sahib çıxmaq, ona qayğı göstərmək insanlığın vəzifəsidir. Yaşamaq üçün ağrılı-acılı imtahanlar isə sonsuzdur.

 

Qırovdan, şehdən çıxıb,

Rəngi ayaz dağlayıb.

Sevincindən ağlayıb,

Dəyməyin göz yaşına...

 

Göz yaşına məlhəm olmaq tale isidir. Qış yuxusunu yatmayan, əli gün işığına çatmayan gül əzabına biganə ola bilərmi? Şübhəsiz ki, şair şaxta, boran görən gülün timsalında insan taleyini önə çəkir. Sözün, poeziyanın ürəyi də bu sızıltılar içindədi.

 

Rübail poeziyasının özünəməxsusluq çalarları əlvan çeşidlərlə doludur. Burada fəlsəfi düşüncə, elmi dəyərlər bir məqsədə xidmət edir: O da sözə, müdrik sözə! Müdriklər isə həmişə aqil olur. Şair kimi, söz kimi...

 

İnsan ömrünün fəsilləri öz rənglərini tez-tez dəyişir. Bu, gah yaşın kədərinə, gah da dünyanın ağrılarına söykənir. Rübail bir şair kimi ən adi həyat hadisəsində poeziya üçün bədii detal tapa bilir. Onu sözü necə mənalandırır?

 

Siz indi bu həyat səhnəsinə tamaşa edin. Qocalar nərd oynayır. Sanki ömrü əriş-arğac elirlər. "Qocalar yığışıb nərd oynayır" şeirində ki kimi...

 

Qocalar yığışıb nərd oynayırlar,

Uduzan pərt olur, pərt oynayırlar.

Titrək əllərində zər də titrəyir,

Hey çırpıb daşdan sərt oynayırlar,

Səhərdən-axşama nərd oynayırlar.

 

Xana sayları... Qoca xəyallarında dünyanın var-gəl edən havası... Torlu gözlərdə ömrün bəlkə də son akkordlarına sayılı illər qalıb... Taleyin bu gərdişinə şair fəlsəfi düşüncə ilə yanaşıb. Həyatın sual-cavablarını qocaların alın qırışlarında tapır.

 

Xana sayanların ömrü az qalıb,

Neçə payız qalıb, neçə yaz qalıb.

Torlu gözlərində yüz muraz qalıb,

Qəlbində bir dünya dərd oynayırlar,

Qocalar yığışıb nərd oynayırlar.

 

Tale oyunları isə bitmir. Xanalar dəyişə-dəyişə ömür də dəyişir...

 

Poeziyada özünəməxsusluq, yeni mövzular aləmi obrazlı bədii düşüncəyə çevriləndə sənət uğurları artır. Bu mövzular şairə həyat həqiqətini sözün köynəyindən keçirmək fürsəti verir. Onun şeirlərində rəngarənglik sanki qaranlıq içində işıq axtarışıdır. Mövzuya diqqət edin: Məhbəsdə gözəllik müsabiqəsi keçirilir. Şair həyat faktına biganə qala bilmir. "Məhbəsdə gözəllik müsabiqəsi" adlı şeirini ərsəyə gətirir. Məhbəs həyatında gözəllik axtarır.

 

Çoxdu cinayətkar gözəl ölkədə,

Fəqət hər gözələ qəsd etmək olmur.

Gözəli həbs etmək olar, bəlkə də,

Ancaq gözəlliyi həbs etmək olmur.

 

Görünür, gözəllik qanunları heç vədə cani hesab edilmir. Sözün də ruhu gözəllikdir.

 

Gözəllik gizlədib öz mənasını,

Açmağa borcludur hələlik yüz əl.

Günahkar çəkəcək öz cəzasını,

Fəqət qəfəsdə də gözəldi gözəl!

 

Poetik sonluq çox düşündürücüdür. Bu düşüncələr aləminə oxucunu aparan isə şairdir. Onun gözəllik duyğusu hətta zindanda susmur. Şeirin bu məna çalarları poetik müvəffəqiyyəti qat-qat artırmaqla bərabər, həm də estetik duyğunu bədii mənaya çevirir.

 

Poeziyanın qəribəliyi də onun poetik ahəngində, məna tutumundadı. Sözlərin ritmik harmoniyası sözün cazibə gücünü artırır, diqqəti sətirdən-sətrə çəkir.

 

Gecə, gündüz bir-birindən küsübdü,

Küsülülər barışarmı? Barışmaz.

Axan ulduz özündən əl üzübdü,

Gördüyünü danışarmı? Danışmaz.

 

Ocaq yandı od isindi oduna,

Od ocaqda nə "sul" əkdi oduna.

Sönənlərin kül dedilər adına,

Kül təzədən alışarmı? Alışmaz.

 

Sular axır, zaman kimi ötüşür,

Nəyi varsa çay daşıyla bölüşür,

Hər sahil öz ləpəsiylə öpüşür,

Bu öpüşlər qarışarmı? Qarışmaz.

 

Bu lirik ovqatla müşahidə olunan poetik nümunələrdə hər bir bədii sualın ürəkdə öz cavabı var. Cavablar isə fəlsəfi məna qatında dalğa kimi qalxıb enir. Şairin lirik düşüncələri ritorik ahəngə deyil, daxili məna ritminə xidmət edir. Söz-söz, kəlmə-kəlmə...

 

Rübail poeziyasında lirik ovqatın zamanı həmişə öz ahəngini həyat hadisələrindən aldığı üçün bu ovqatın sərt üzünü də göstərməkdən çəkinmir. Zamanın ağrı-acıları tədricən sarkazm səviyyəsinə qalxır.

 

Vay halına düşsə işin cəllada,

Cəhd edəcəkdir ki, səni aldada.

Onda qalır bircə əlac fəryada,

Batdı gəmin, bəxtə ümid eyləmə.

 

"Üzü dönüklər" adlanan bu şeirdə ətalətə qarşı barışmaz olmaq təlqin olunur. Eyləmə əslində şairin çağrış nidasıdır, haqqa, ədalətə çağırış... Çünki üzüdönüklər əslində milli mənsubiyyəti bilinməyən manqurtlardır. Odur ki, müəllif belələrinə poetik dillə etiraz edir, onları ittiham kürsüsünə çıxarır.

 

"Zəhərsiz ilan" şeirində isə məqsədsiz, məramsız yaşayanlar ilan simvolunda tənqid hədəfinə çevrilir.

 

Şəfa üçün zəhəri yox,

Dost-düşməni bilinməyir.

Vəfa üçün kəsəri yox,

Qənimini öldürməyir...

 

Belələrinin taleyi gülüncdür, belələrinin taleyi gücsüzdür. Ona görə ki,

 

Silahsızdı, əsir düşüb,

Oynar zurna havasına.

 

Ovsunçu əlində alətə çevrilən zəhərsiz ilanın həyatı əslində çox zəhərlidir. Çünki məramsız, məqsədsiz həyat yaşayır. Şair isə oxucuya bu həqiqəti, alleqorik şəkildə təsirli vasitələrlə çatdırır. Oxucunu ciddi düşündürür.

 

Söz, poeziya bütün zamanlarda indiki zamandır. Rubail şeirinin ruhu da yaşadığımız həyatın özüdür. Ruhu göylərdə dolaşan görkəmli şairin sənət əsərləri isə oxunduqca oxunur. Ağlı-qaralı dünyamızı dərk etmək üçün söz ədalətli bələdçidir. Rübail poeziyası haqqında danışanda onun çoxcəhətli, zəngin yaradıcılığı imkan verir ki, sözü dərin saf-çürük edib məna qatını üzə çıxarasan. Çünki bu poeziyanın fikir və düşüncələr aləmi dərinliklərə baş vura-vura həmişə oxucu ilə gələcəkdədir. Həqiqətlər nə qədər sərt olsa belə, lirik ovqata, nikbin arzulara güvənmək gərəkdir. Sənətkar ruhu, şair ürəyi isə daim illəri adlaya-adlaya əsrlərə çiyindaş olur... Sözünə, həqiqətinə, ümidinə inana-inana...

 

İnqilab İSAQ

525-ci qəzet.- 2021.- 20 may.- S.16.