Acı taleli qız

 

(Əvvəli var)

 

Axşam isə bir bahalı restoranda toy məclisi keçirildi, bəylə gəlindən savayı, iştirakçıların sayı iyirmidən artıq idi. Hüseyn yeni qaynanasını və Ruhiyyənin məktəbli bacısını mehribanlıqla qarşıladı və onları Yusif müəllimin yanında oturtdu. Yusif müəllimin oğlu və qızı da onun gəlini və kürəkəni ilə birlikdə toyda iştirak edirdilər. Hüseyn ona toydan bir gün əvvəl zəng edib, dəvəti təkrar etməklə tam rəsmiləşdirmişdi. Onlar məclisdən əvvəl yaxınlaşıb Ruhiyyəni səmimi təbrik etdilər, qızı və gəlini isə Ruhiyyəni görəndə heyranlıqlarını gizlədə bilməyib, onu öpdulər. Hüseyn müəllim bahalı boz kostyumda idi, onun ağaran saçlarına bu rəng tam uyğun gəlirdi. Paltarı onu xeyli cavanlaşdırmışdı, sifətindən sevinci aydın hiss olunurdu, bunu gizlətməyə çalışsa da, daxildən gələn şadlanmasıını ört-basdır edə bilmirdi. Ruhiyyə qorxurdu ki, adamlar bunu başqa cür izah edə bilər. Güman edərlər ki, onlar çoxdan bir-birinə vurulubmuşlar və yəqin ki, hər ikisi Südabə xanımın ölümünü səbirsizliklə gözləyirmişlər ki, arzuladıqları birlik baş tutsun. Ruhiyyə təlaş keçirirdi, düşünəcəklər ki, bu ifritə Hüseyn müəllimi yoldan çıxartdığına görə toy belə tez baş tutmuşdur, axı hələ bir il, ən azı altı ay gözləmək olardı. Südabə xanımın vəfatından isə vur-tut üç ay keçmişdi. Hüseyn müəllim özünə haqq qazandırırdı ki, nikahı sürətləndirən Südabənin özü, onun yalvarış şəklindəki vəsiyyəti olmuşdu. Ərinə qarşı daim qısqanc olan bu qadın, onun başqasına meyl etməsindən, onu seçməsindən qorxu keçirdiyinə görə, öz protejesi Ruhiyyəni ortaya atmışdı. Fransada kral XIII Lui öləndə, arvadı Anna Avstraliyalı ucadan ağlayanda onu sakitləşdirmişdilər ki, bizdə kral ölmür, "kral ölmüşdür, yaşasın yeni kral" sədaları hər tərəfi bürüyür. O da bir sevimli arvadını itirdisə, ondan heç də geri qalmayan bir qıza evlənir, bu qız həm də mərhumun sədaqətli varisi, əsl printsessa olacaqdır.

Toy iştirakçıları Ruhiyyənin toy paltarını, buna görə onun zövqünü də yüksək qiymətləndirirdilər. Hüseyn isə təzə gəlininin üzünün ifadəsini, təbəssümünü ən bahalı paltardan da daha qiymətli sayırdı, onun valeh olduğu bu mənzərəni heç nə əvəz edə bilməzdi. Qonaqlar isə qızın gözəlliyni qeyd etməklə yanaşı, onun zövqünün necə olması ilə də maraqlanırdılar, bu da onların müşhidələrindən kənarda qalmırdı. Toy paltarı onun bədən cizgilərini olduqca yaxşı nümayiş etdirirdi, ancaq hamı hiss edirdi ki, bu qızın gözəlliyi elə bil ki, paltarın altında da gizlənmək istəmir, qızın bədəni ilə uzun ətəkli yubkanın vəhdəti günəşin ilk şüalarının səhər tezdən şehlə öpüşməsi təsəvvürünü yaradırdı. Ruhiyyə, həqiqətən də, ətrafa işıq, valehedici hərarət yayırdı. Bu gün ona şaftalı çiçəyi də qısqanclıq edə bilərdi. Qonaqların ona göstərdiyi diqqət bu qızın qəlbini daha böyük qürurla doldururdu. Axı o, yuxusunda da bu xoşbəxtlik zirvəsini görə bilməzdi. Toyun iştirakçılarına xoş gəlmək üçün daim gülümsünürdü, anlayırdı ki, Hüseyn həm də yeni nikahına görə dostları qarşısında imtahan verir.

Toy olduqca şən keçirdi, ən azı bu, Ruhiyyəyə belə gəlirdi, onun toylar barədəki təsəvvürü də məhdud idi, çünki bəzi kasıb rəfiqələrinin ucuz yeməkxanalarda keçən toyunda iştirak etmişdi. Burada isə iştirakçı az olsa da, səs-küy heç də şadlıq evlərindəkindən geri qalmırdı. Musiqiçilər restoranın zalından gəlib, çalıb oxuyurdular. Yaşlı kişilər və onların özünü cavan göstərməyə çalışan xanımları əl qaldırıb oynayırdılar, bir cütlük isə həm milli, həm də gürcü rəqsini böyük ustalıqla oynayırdı, elə bil ki, onlar buraya balet studiyasından gəlmişdilər.

Toyun şən keçməsi bəylə gəlini xüsusilə sevindirirdi. Hüseyn də özünü cavan bəyə oxşatmaq istəyirdi, tez-tez gəlini rəqsə dəvət edirdi. Ruhiyyə gürcü rəqqasələrini yamsılamaq qaydasında xırda addımlarını tez-tez atmaqla süzməyə çalışırdı və müşahidəçilərin rəyinə görə bu, onda alınırdı. Sağlıqlar bir-birini əvəz edirdi, bəziləri iki-üç dəfə sağlıq deyirdi. Hüseynin bir arxitektor kolleqası isə öz peşələrinin yüksək silkə mənsub olduğunu vurğulayıb, tarixi şəxsiyyətlərin bu yaradıcı işə böyük qiymət verdiklərini yada salırdı. O deyirdi ki, təsadüfi deyildir ki, Madam de Stal və Höte arxitekturanı "donmuş musiqi" adlandırmışdılar. Rabindranat Taqor isə memarlıq incisi sayılan Tac Mahalı "tarixin yanağında donmuş göz yaşı" kimi qiymətləndirmişdi. O, ilk şəhərsalma elminin banisi, qədim yunan Hippodamı, Renessans  Romasındakı Mikelancelo və Bernini kimi dahiləri, XIX əsrin məşhur arxitektoru fransız Şarl Qarnyeni, XX əsrin əvvəlindəki kataloniyalı Antonio Qaudini yada saldı. Möcüzələrdən Krit adasındakı Knossos sarayını, Afinadakı Parfenonu, Romadakı Kolizeyi, Panteonu və Müqəddəs Pyotr kilsəsini, İstanbuldakı Aya Sofiyanı, Kambocadakı Anqkor şəhərinin məbədlərini, İndoneziyadakı Yava adasında yerləşən Borobuduru, Moskvanın Kreml ansamblını, Səmərqənddəki Registanı, Parisdəki Qrand Opera binasını, Barselonadakı Saqrada Familia məbədini, onları yaradanların böyük istedadını və zəhmətini qeyd etdi. XX əsrin məşhur arxitektorları Le Korbyüze və Oskar Nimeyer müvafiq olaraq Hindistanda Çandiqarx və Braziliyanın yeni paytaxtına çevrilmiş Brazilia şəhərlərini salmışdılar. Pekindəki Bağlı şəhər və Göy məbədi, Bakının Qız qalası və Şirvanşahlar sarayı da memarlıq inciləri sırasına daxildir.

Ruhiyyə qonağın danışığından darıxırdı, bəzi adları heç tanımırdı da. Əri onun narazılığını hiss edib, yavaşca dedi ki, bu, bizim arxitektura tarixi ilə məşğul olan kolleqamızdır, yaxşı tədqiqatları var, kitabları çox ölkələrdə çap olunub. Ruhiyyə Südabə xanımı xatırladı, axı o da zəngin biliyə və geniş dünyagörüşə malik idi, söhbət etdikdə onunla mübahisə etmək də olmazdı.

Ruhiyyə hamıdan çox Yusif müəllimin çıxışını səbirsizliklə gözləyirdi. Nəhayət, ona söz verdilər və bəlkə də, onun tostu məclisdə ən səmimi çıxış idi. Həm də o, gəlin tərəfdən nitq söyləyən yeganə nümayəndə idi, başqa çoxluq isə bəy tərəfini təmsil edirdi. Ruhiyyəyə görə, onun bu şadlığın baş tutmasında xüsusi xidməti var idi, axı ilk addımdan, daha doğrusu, ilk görüşdən bu günədək ona olduqca ağıllı məsləhətlər vermiş, onu yandırıb udmağa qadir olan bir alovdan xilas etmişdi. Buna səbəb isə yalnız onun insansevərlik xüsusiyyəti olmuşdu və bu hiss indi də onun çıxışının leytmotivini təşkil etdi:

- Bu toya, bu şadlığa daha çox sevinən adamlardan birinin mənim olduğumu təsdiq etməyə müəyyən haqqım vardır. Bu gün öz övladlarımla birlikdə ikinci qızımın toyunda iştirak edirəm, çünki Ruhiyyəni doğma qızım hesab edirəm. Mən Hüseyn müəllimi ürəkdən təbrik edirəm ki, belə təmiz ürəyə malik olan bir qızla ailə həyatı qurur. Mən heykəltəraş olsaydım, Qalateyaya bərabər ona heykəl yonardım, lakin o canlananda onun Piqmalionu isə məhz Hüseyn müəllim olmalı idi. Bu izdivacla Hüseyn müəllim də Ruhiyyəyə yeni nəfəs, yeni həyat vermişdir. Belə bir intibaha mən ürəkdən şadam. Ancaq təkcə birinizi deyil, sizin hər ikinizi bu ittifaqa girməyinizə görə xoşbəxt hesab edirəm. Ən böyük fatehlik ürəyi fəth etməkdir, siz də bir-birinizin ürəyini fəth etməyi bacarmısınız. Qautama Budda öz ömrünü Bodhi ağacının altında keçirib işıqlandığı kimi, bu yeni ailəyə də mən məhəbbət ağacının kölgəsində rahat həyat sürməyi arzu edirəm. Qoy onların bir-birinə bəslədiyi hisslər oksigen kimi gözə görünməsə də, bol olsun. Onlar xoşbəxt həyat sürməyə layiqdirlər. Şit səslənsə də, toylarda reçitativə çevrilən bir sözü təkrar etmək istəyirəm, qoy bu gözəl cütlük həm də övlad sahibi olsun. Mən çox istərdim ki, onlar daim bir-birlərini düzgün və yaxşı anlasınlar, xırda məsələlərdə riqorizm nümayiş etdirməsinlər, qarşılıqlı güzəştə getməyə həmişə hazır olsunlar. Mən şübhə etmirəm ki, onlar həyatı yaxşı dərk edirlər, bilirlər ki, bu, heç də şəhərimizdəki Fəvvarələr meydanında gəzintiyə çıxmaq deyildir, enişi var, yoxuşu var, əziyyətə qatlaşmağı da tələb edir. Bəlkə də, mən aydın həqiqətləri yada salmaqla vaxt alıram, qeyd etmək istəyirəm ki, onların idrakının gücünü hər şeydən əvvəl ikisinin də uğurlu seçimində görürəm. Qoy bu ailə daim bədxah nəzərindən, diqqətindən uzaq olsun, bəy və gəlinin hər ikisi nəcib insanlar olduqlaruna görə onların xeyirxah adamların əhatəsində olacaqlarına mən qətiyyən şübhə etmirəm. Axı qızılgül kolu, çiçəklər daim özünə kəpənəkləri, günəşin bacısı sayılan işçi arıları cəlb edirlər. Qoy dostları da pərvanə timsalında, daim bu cütlüyün rəmzi sayılacaq şamın işığına toplaşsınlar. Sözümün reallığını sübut etmək üçün bal ayından sonra mən onları təşkil edəcəyim ziyafətə dəvət edirəm, bəyin dostlarından kimsə iştirak etmək istəsə, mən yalnız şad olaram. Bu gün tanış olduqlarımın hamısının iştirakı ziyafətimizi daha şən edərdi, çünki mən buradakıları, İisus Xristin təbirincə desəm, seçilmişlər hesab edirəm.

Çıxış məclis iştirakçılarına olduqca yaxşı təsir bağışladı. Hüseyn müəllim əlindəki dolu qədəhlə ona yaxınlaşıb, razılığını bildirdi. Ruhiyyə sevinc dənizində üzürdü, ağlına da gətirməzdi ki, bu alicənab insan onu öz qızı adlandıracaq, ərinə və özünə belə xoş arzular diləcəyəkdi. Hamı Yusif müəllimin tostunu bəyəndiyini ifadə etməyə tələsdi. Oğlu və qızı, gəlini və kürəkəni öz atalarına çıxışının uğurlu alınmasına görə təşəkkürlərini bildirdilər.

Nəhayət, toy məclisi sona çatdı, qonaqlar toy hədiyyələrini gəlinə hələ toy başlamamışdan vermişdilər. Yusif müəllim isə iri bir qızılgül səbəti gətirmişdi. Ruhiyyə ilk dəfə idi ki, belə məclisə düşürdü, qiymətli hədiyyələr qəbul edirdi, çünki Hüseynin dostlarından ona qızıl bəzək əşyaları da gətirən olmuşdu. Ömründə gümüş bəzəyin də nə olduğunu bilməyən, bijuteriyadan başqa heç nəyi tanımayan bir qız bahalı paltarlarına artıq qızıl boyunbağını və qolbağını da əlavə edəcəkdi. Çil-çil toyuq qızıl qırqovulun lələklərinə sahib olacaq, bu, onun təbii gözəlliyini, üzük dövrəsində olan qaş kimi daha artıq parlaq edəcəkdi.

Ruhiyyənin ilk gəlinlik anları

Məclis yekunlaşandan sonra Hüseyn müəllim yeni qayınanasını və gənc baldızını evlərinə yola saldı və tapşırdı ki, tez-tez bizi yoxlamağa gəlin. Bahalı bir maşında bəylə gəlin evlərinə tələsdi. Ruhiyyə çay hazırladı ki, ərində spirtli içkilərin təsiri azalsın. Çay süfrəsi arxasında onlar yenə də bir-birlərinə olan məhəbbətlərini izhar etdilər. Onların bu səmimi söhbətindəki ehtiras ifadələrini Eloiza ilə Abeltarın məktublarındakı  alovlu sevgi etirafları ilə müqayisə etmək olardı. Ehtiras isə öz təsdiqini ilk gecədə bir daha aydın büruzə verdi.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2021.- 22 may. S. 22.