Tahir Salahov son mənzilə yola salındı

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov dəfn olunub.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Qeyd edək ki, Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 19451950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 19511957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Tahir Salahov 19631974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərib və 19841992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb.

Tahir Salahov 19791983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olub, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü idi.

Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olub və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazıb. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. Sərt üslub adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb. Eyni zamanda, Tahir Salahov teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərib, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar verib.

Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olub. Dünya şöhrətli fırça ustasının uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Görkəmli sənətkar Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

 

525-ci qəzet.- 2021.- 25 may. S. 9.