"... Şeirin yaşı qədərdir Şairin yaşı..."

Xalq şairi Fikrət Qoca və Musa Yaqubun əziz xatirəsinə

 

 

Mayın 5-də Fikrət Qoca, ondan iki gün sonra - mayın 7-də Musa Yaqub dünyasını dəyişdi...

 

Fikrət Qocanın mütəmadi olaraq, ömrünün son günlərinə qədər "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də həyat dolu yeni şeirləri çap olunurdu. Şeirlərini oxuyandan sonra bəzən ona zəng edirdim, təəssüratlarımı bölüşürdüm. Razılığını bildirirdi. Söhbət əsnasında səhhəti ilə maraqlanırdım. Təbii ki, səhhətində problemlər olmamış deyildi. Amma bir dəfə olsun, səhhətindən şikayət etdiyini eşitmədim... Musa Yaqub isə neçə illər idi ki, "Parkinson" xəstəliyindən əziyyət çəkirdi... Ölümlərin adiləşdiyi bu itkilər bolluğunda hər iki Xalq şairimizin vəfatı gözlənilməz oldu. Hər iki şairin vəfatı bütün Azərbaycanda böyük hüznlə qarşılandı. Müasir ədəbiyyatımızın iki qızıl səhifəsinə son nöqtə qoyuldu...

 

Fikrət Qoca şeirlərinin birində:

 

Şairlər ölmür,

Qara qələm kimi yazılır qurtarır

 

- deyir.

 

Hər iki şair uzun, mənalı ömür yaşadı. Əsl şair ömrü, əsl vətəndaş, əsl kişi ömrü... 80-i keçən ömürdə, mənə belə gəlir ki, bütün yazmaq istədiklərini yazdılar. Bu, hər şairə nəsib olmur. Fikrət Qocanın dediyi həmin "qara qələm"lə, artıq klassikaya çevrilmiş əsərlərini yaratdılar. həmin "qara qələm"ə sədaqətləri, onlara əbədiyyət qazandırdı.

 

Onların xarakterlərində, yaradıcılıqlarında təbii ki, fərqli cəhətlər var idi. Amma oxşar cəhətləri daha çox idi: Ədəbiyyata sədaqət, insanlara sevgi, vətənə məhəbbət, təbiətə vurğunluq... Hər ikisi təbiətin dilini bilirdi. Musa Yaqub ağacların, yarpaqların... dilini necə bilirdisə, Fikrət Qoca da dənizin, balıqların... dilini elə bilirdi:

 

Ürəyim darıxanda,

abırlı bir yerə getmək istəyəndə,

abırlı bir söhbət etmək istəyəndə

çıxıram sahilə,

altıma qoyuram daşı,

atıram qarmağı,

Dənizdən yaxşı yer,

Balıqdan yaxşı söhbət yoldaşı?!

Fikrət Qoca

 

Bu payızın dərdi götürüb məni

Çox mətləb üstünə gətirib məni -

Görəsən, bir daha açılmayacaq

Gedəri ağaclar sonuncu kərə

Yarpaq tökümünə necə dözəcək?..

Taleyin hökmünə necə dözəcək?..

İlk yarpaq tökümlü o üryan budaq,

Soyusa havalar necə dözəcək?

Bir daha leyləyi qayıtmayacaq

O tənha yuvalar necə dözəcək? -

Bu payızın dərdi götürüb məni.

Musa Yaqub

...Eyni zamanda, tanıdıqları, yaxud ömürdə bircə dəfə qarşılaşmadıqları insanların arzularından, istəklərindən, çətinliklərindən, dərdlərindən xəbərdar idilər. Öz əsərləri ilə onlarin sevinclərinə necə ortaq olurdularsa, dərdlərinə öz dərdləri kimi şərik çıxırdılar. Cəmiyyətdəki hər hansı neqativ hadisələrə biganə qala bilmirdilər:

 

Qara kölgəsidir bütün bəşərin,

Adı üstündədir fitnə-fəsadın,

Adı üstündədir şeytanın, şərin-

Şeytan barmağında fırlanğıc olan

Fırfıra adamlar, qıra adamlar.

Bu calaq adamlar yandırır məni.

Bu alaq adamlar, yalaq adamlar

Bu salaq adamlar yandırır məni.

Musa Yaqub

Babalarım

Kasıb olub, mərd olub!

Qoçaq olub, mərd olub

Bəy olub, mərd olub

Qaçaq olub, mərd olub

Bəs bu namərdlər hardandı?

Bax bu, mənə dərd olub.

Fikrət Qoca

 

Əsrarəngiz Buynuz kəndi deyiləndə, ilkin yada düşən Musa Yaqub olur. Təbiət Buynuzdan heç bir gözəlliyini əsirgəməyib. Bu böyük şairimizin doğulduğu, boya-başa çatdığı yaşadığı Buynuz kəndinin hər hansı məkanından, hansı tərəfə baxsan, gözlərin önündə əsrarəngiz təbiət mənzərəsi canlanır. Amma bu cənnət misallı kəndin ən böyük təbiət hadisəsi Musa Yaqubun özü idi. Mənə həmişə elə gəlirdi ki, bu kəndin nağılvari ecazkarlığının bir səbəbi Musa Yaqubun bu kənddə yaşamasıdır. Buynuz meşələrindəki qədim qayın ağaclar, Buynuzu qoynuna almış dağlar, öz əzəmətlərini Musa Yaqubdan alırlar.

 

Ədəbiyyat hər iki böyük şairimizin tale yazısı idi. Fikrət Qoca keçən əsrin 60-cı illərinin ortalarından bütün Azərbaycanda sevilən bir şair idi. Onun şeirləri insanlara ən həzin, ən kövrək, ən şux, ruh oxşayan musiqi təsiri bağışlayırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən məşhur bəstəkarları (Tofiq Quliyev, Arif Məlikov, Emin Sabitoğlu, Polad Bülbüloğlu...) bu böyük şairin şeirlərinə musiqilər bəstələyiblər. Onun şeirlərinə 500-dən çox (!) musiqi bəstələnib bu mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova... kimi azman sənətkarlaımız ifa ediblər. Azərbaycanda (təkcə Azərbaycandamı?) sözlərinə bu qədər musiqi bəstələnən ikinci şair yoxdur. Artıq 50 ilə yaxındır ki, bu mahnılar sevilərək dinlənilir, dinləyicilərinə zövq verir. Babaların zövq aldığı mahnılar, nəvələrin könlünü oxşayırsa, bu, şairin xoşbəxtliyidir.

 

Musa Yaquba təbiət şairi deyirlər. Amma bu böyük şairi təkcə təbiət şairi kimi qiyaslandırmaq, ən azı insafsızlıqdır. Onun ictimai məzmunlu şeirləri, qədər insana təsəlli yeri, fikir həmdəmi olub. Bir çox insanlar, axtardıqları bir çox müşkül sualların cavabını Musa Yaqubun şeirlərində tapıblar... O, həm gözəl sevgi şairi idi. 80 yaşında yazdığı sevgi şeirləri, oxucuya şeirdən çox, möcüzə təsiri bağışlayırdı:

 

yaxşı bilmisən xəstə halımı,

Həqiqət eylədin xoş xəyalımı.

Sənin nəfəsindir, sənin əllərin

Oxşayır ruhumu, ovur alnımı -

Kövrəltdi əlimi isti yaşların...

Var ol bu istəyə, təmasa görə,

Mənimçin Allaha yalvarışların,

deyim bu nəzir-niyaza görə,

Mən indi bildim ki, sən mənimkisən...

 

Fikrət Qoca da onun kimi. "Qoca" təxəllüsünü çox gənc yaşlarından götürsə , heç vaxt qocalmadı. Ruhu saf, təmiz, pak insanlar yaş hesabı ilə qocalırlar. Ruhən isə həmişə gənc qalırlar. Əsas olan da ruhdur:

 

Məni oda tullasalar,

Od olaram, yaşaram.

Məni suya tullasalar,

balıq olub üzərəm.

Məni didərgin salsalar,

dağlar-düzlər aşaram.

Küləklərə qoşularam

bu dünyanı gəzərəm.

Məni yerə basdırsalar,

Cücərərəm lalətək,

Öz rəngimlə bu dünyaya

Boylanaram, gülərəm.

 

Onların hər ikisi böyük mənəviyyat sahibi idi. Onların əsərlərindəki cəsarət, həqiqət, humanizm bu mənəviyyatın bəhrəsidir. Onların kitablarını oxuyursan... Bu kitablardakı sətirlərlərdə onların ürəklərinin döyüntüsü eşidilir. Yalnız ürəklərinin onlara hökm etdiklərini yazdılar. Yad fikir, Xalqın arzusundan, istəyindən uzaq olan bir misra belə, onların əsərlərində yer almadı. Buna görə insanlar tərəfindən bu qədər sevildilər, belə böyük bir nüfuz sahibi oldular.

 

Onların hər ikisinin poeziyasında insanları nəcibləşdirən xüsusiyyətlər var. qədər böyük nüfuza, şöhrətə sahib olsalar da, bir o qədər sadə idilər. Onlar yaddaşlarda elə, belə qalacaqlar: Böyük Sadə.

 

Yazımın sonunda onlarla bağlı bir təskinliyimi qeyd etmək istəyirəm: yaxşı ki, cəmi 44 gün çəkən sonu zəfərlə bitən möhtəşəm qələbəmizi gördülər onlar. Dünyadan nisgilli getmədilər.

 

Fikrət Qoca Fəxri Xiyabanda dəfn edildi.

 

Musa Yaqub da Fəxri Xiyabanda dəfn olunmalı idi. Amma öz vəsiyyətinə görə onu doğulduğu, ruhən bağlı oldugu Buynuzda, öz həyat yoldaşının yanında torpağa tapşırdılar... Bu, bir qanunauyğunluq idi. Heç şübhəsiz ki, bütün yaradıcılığı boyu gözəlliyini vəsf etdiyi ana təbiət özü belə olmasını istərdi...

 

Etibar ƏBİLOV

 

525-ci qəzet.- 2021.- 21 may.- S.12.