Tahir Salahovun "Təmirçilər"i

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyevadır. Rəfiqə xanımla Azərbaycanın böyük rəssamı Tahir Salahovun "Təmirçilər" əsəri haqqında danışmışıq.

 

- Əsərin yaranma tarixçəsi barədə deyə bilərsiniz?

 

- Rəssamın özünün vurğuladığı kimi, hər sənət əsərin ilham qaynağı müxtəlifdir, bəzən gözlənilməz bir anda möhtəşəm sənət əsərinin ideyası ortaya çıxır.

 

Neft qəhrəmanları mövzusunda bədii novator axtarışları "Təmirçilər" əsərinin yaranması ilə tamamlanır. Tahir Salahov xatirələrində qeyd edir ki, neftçilərin qrup portretlərini yaratmaq üçün Neft Daşlarına yollanır. Lakin baş verən təsadüfi hadisə onu bu məramından daşındırır, kəşf etdiyi yeni qəhrəmanları - qəza yerinə tələsən təmirçiləri kətana köçürməyi qərara alır. Artıq buradan bizə məlum olur ki, Tahir Salahov əmək qəhrəmanlarını canlandırmazdan öncə neft mədənlərinə yol alır, obrazlarını gerçək qəhrəmanlar arasından seçir. Zəhmət insanın yaşamının, hiss həyacanın gerçək inikasıdır. O, kompozisiyalarındakı surətlərin prototipləri ilə şəxsən görüşür, tanış olur. Lakin sonradan naturadan yaratdığı obrazları eynilə kətana köçürmür, ümumiləşdirilmiş əmək qəhrəmanı obrazını yaratmağa çalışır. Beləliklə, 1960-cı ildə rəssamın Xəzər neftçilərinin, əmək cəngavərlərinin həyatını tərənnüm etdiyi yeni "Təmirçilər" tablosu ərsəyə gəlir.

 

"Təmirçilər"də biz artıq çətinliklərlə, həyatın sərt üzü ilə qarşılaşan peşəkar əməkçi obrazlarını görürük. Çoxfiqurlu kompozisiyada suları yarıb keçən motorlu katerdə yan-yana əyləşən obrazları daxili gərginlik, səssizlik, təmkinlilik ən əsası artıq onlar üçün adiləşən qəhrəmanlıq hissləri birləşdirir. Rəssam son dərəcə uğurlu kompozisiya həllindən istifadə edərək sanki tamaşaçını hadisənin iştirakçısına çevirir.

 

- Rəsmdə incə bir qızılgül detalı var. Çox güman Tahir Salahov bu təsviri boşuna çəkməyib.

 

- Qəhrəmanların sərt obrazlarına baxmayaraq, təmirçilərdən biri nəhəng, qaba əllərində kiçik qızılgül gizlədir. qızılgül simvolik məna daşıyır: neftçilərin gerçək ənənəsinə görə, onlar ev ailələrindən xatirə olaraq özləri ilə bu gülləri aparırlar.

 

- Rəsm əsəri sənət dünyasında necə qarşılandı? Əsər layiq olduğu qiyməti ala bildimi?

 

- Hələ zamanında da əsər tamaşaçılar mədəni ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Hətta alman sənətşünası Horst Yener Berlində nəşr edilən "Bildendə kunst" jurnalı üçün yazdığı məqalədə Tahir Salahovun əsərlərini təhlil edir. Məqalə müəllifi Tahir Salahovun başqa əsərləri ilə yanaşı, "Təmirçilər" kompozisiyasına da yüksək qiymət verir. Yener yazır: "Təmirçilər" tablosu rəssamın ən yaxşı əsərlərindəndir. Tablodakı hadisələri hər kəs aydın oxuya bilir: adi günü başlayır, təmirçilər mavi dənizdə katerlə irəliləyirlər. Təmirçilər fikirlidirlər - onları gözləyən haqda, bəlkə , öz ailələri barədə düşünürlər. Bu, bizə bəlli deyil. Ancaq tabloda onların bu halda verilməsi əsərin təsir qüvvəsini artırır". Bu kimi fikirlər Tahir Salahovun dünya şöhrətli rəssam olduğunun sübutudur.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Tahir Salahovun kompozisiyasının qəhrəmanları tablonun çərçivəsinə sığmır. Rəssam onların yenilməz fiqurlarını simalarındakı gizli gərginliyi bütün gerçəkliyi ilə tamaşaçıya ötürmək üçün məhz bu anı ölümsüzləşdirmişdi. Sanki qranitdən yonulmuş monolit qrup döyüşçü dəstəsi hər bir təhlükəyə hazırdırlar bu döyüşdən qalib çıxacaqlarına əmindirlər. Qəza yerinə yollanan qəhrəmanlar müxtəlif ovqatdadırlar, baxışlarında daxili dünyaları əks olunub. Ortada əyləşmiş təmirçi olduqca soyuqqanlıdır, gödəkçəsinə bürünüb küləyin həmləsindən qorunan sağdakı qəhrəmanımız dərin fikrə dalıb, soldakı isə ciddi baxışlarını tamaşaçıya zilləyib. Ustad sənətkar əsərin konsepsiyasını rənglərin dili ilə məharətlə vurğulayıb. Tablonun ümumi ahəngi yetərincə tutqundur. Parlaq rənglərin istifadə olunmamasına baxmayaraq, tablo daxili dinamika ilə doludur. İsti qırmızı işartı tablonun təmkinli, soyuq rəng ahəngini pozur, dəqiqliklə zərb edilmiş insan fiqurlarının silueti gərgin gününün ab-havasını bizə ötürür. Dolğun monoxrom rəng, ritmik akkordların düzülüşü, fəzanın dərinliyə dinamik hərəkəti, yüksək üfüq xətti üzərində tutqun sübh çağı, təlatümsüz dəniz - bütün bunlar "Təmirçilər"in əsas ideyasını açır.

 

 

Sərt cizgi, yığcamlıq tünd rənglər - budur Tahir Salahov yaradıcılığının bədii ifadə dili. Tünd rənglər aləmində bir qırmızı ləkə şairin dəftərçəsində, rəssamın fırçasında, neftçinin müştüyündə - sanki Tahir Salahovun imzası idi.

 

- Əsər hazırda harda saxlanılır?

 

- "Təmirçilər" hazırda Azərbaycanın ən aparıcı sənət məbədində - Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında yer alır. Əsər muzeyin Azərbaycan incəsənətinə həsr olunmuş daimi ekspozisiyasında rənglər dünyasının hökmdarının bədii irsinin təzahür olduğu zalda nümayiş olunur. Bu zalda biz böyük fırça ustasının "Təmirçilər"i ilə yanaşı, M.Ə.Sabirin, F.Əmirovun, R.Rzanın psixoloji portretləri, eləcə rəssamın doğulub boya-başa çatdığı, doğma, bənzərsiz sərt gözəlliyə sahib Abşeron torpağı, evlər, mavi Xəzərin, aydın səmanın, günəş işığının əks olduğu Abşeron silsiləsinə daxil olan "Abşeronda günorta", "Günəşli səhər", "Bilgəh" əsərləri sərgilənməkdədir. Muzeyin daimi ekspozisiyasındakı ən kiçik bir hissə Tahir Salahov istedadının qüdrətini təqdim etməyə qadirdir...

 

- Bu rəsm bizə deyir?

 

- Məkan, mövzular, qəhrəmanlar, Tahir Salahovun rəngkarlıq manerası - gerçək həyatdır, o həyat ki, rəssamın öz duyğu, hiss həyəcan süzgəcindən keçib. Mübaliğəsiz həyat... Məşhur sərt üslub öz təbiiliyi ilə gözəldir.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 27 may.- S.23.