Əhsən Dadaşov günü

 

İstənilən musiqi əsəri ilk növbədə monoloqdur - yəni əvvəlcə, əlbəttə ki, onu yaradanın səsidir, nitqidir, melodiya və səs obrazları ilə dedikləridir..

 

Amma o, həm də yaradıcının səslərlə, dinləyicilərlə dialoqudur...

 

Bu deyilənlər eyni dərəcədə musiqinin ifaçılarına da aiddir - ifa zamanı onlar da musiqi ilə, bu musiqini yaradanlarla dialoqa girirlər və əsərin uğuru demək olar ki, sözün tam mənasında bu dialoqun baş tutub-tutmamasından asılıdır...

 

Arif Babayevlə Əhsən Dadaşovun səslər, sözlər və bir-birləri ilə dialoqları əsasında yaratdıqları şedevr - "Yar bizə qonaq gələcək" mahnısı dediklərimə parlaq nümunə ola bilər.

 

Bu iki sənətkar məhz bu dialoq sayəsində həmin mahnının özlərinə qədərki bütün variantlarını sözün yaxşı mənasında "öldürüb" təzədən - tamam yeni bir simada dirildərək mahnı ifaçılığı sahəsində bənzərsiz və təkrarsız bir nümunə yarada biliblər...

 

Dialoqa ustad Əhsən Dadaşovun başladığı həzin bir monoloqla giriş verilir - tarzən yalnız özünə xas olan tərzdə "Segah" çalır, qeyri-adi gəzişmələrlə min illərin həsrət, nisgil obrazını yaradır, sonra "ayaq" verib ifaçını - Arif Babayevi dialoqa dəvət edir. Və Arif müəllim bu dialoqa Əhsən müəllimin monoloquna cavab olaraq öz monoloqunu izhar etməklə - bu mahnının ifası zamanı indiyədək oxunan ən təsirli "Segah"lardan birini oxumaqla başlayır, özü də Vahidin mahnının ruhuna, fəlsəfəsinə tam uyğun bir qəzəlinin mətni ilə:

 

Sənsiz, ey şux,

mənim xoş güzaranım yoxdur,

Sən ki yoxsan,

elə bil cismimdə canım yoxdur...

Eşq pərvanəsiyəm,

qəm oduna tabım var,

Xəstə bülbül kimi

hər ləhzə fəqanım yoxdur...

 

Gəlin razılaşaq ki, belə bir başlanğıcdan sonra melodiya ilə mətnin bu sayaq sintezinin sehrində "trans" vəziyyətə düşməmək mümkün deyil...

 

Az sonra Əhsən müəllim ürəyinin hökmü, barmaqlarının sehri ilə monoloqu daha gərgin bir müstəviyə çəkir, xanəndəni bir növ daha təsirli, ürəkdən oxumağa, necə deyərlər, neçə-neçə ürəyə batmış tikanları o ürəklərdən birdən və birlikdə çıxarmağa çağırır, xanəndə isə bir növ bu çağırışın sehrinə qeyri-şüuri təslim olub öz monoloqunun zirvə məqamına çatır, nitqinin cövhərini ortaya qoyur və 1-ci hissəsini bitirərək 2-ci hissəyə - mahnının özünə keçir...

 

Mahnı isə sanki muğamın bətnindən qopub, azad olub dünyaya göz açır...

 

Əhsən müəllimlə Arif müəllimin bir yerdə yaratdıqları mahnı - mahnının muğamdan doğuluşu, sonra isə muğamla - onu dünyaya gətirənlə birləşərək bütövləşməsi anının himnidir.

 

Muğam frazaları ilə mahnını bir-birinə bu sayaq hörmək, muğamda mahnını, mahnıda isə muğamı görmək, duymaq, yaşatmaq elə də asan deyil və A.Babayev bu mənada adının R.Muradova, Q.Rüstəmov, Y.Məmmədov kimi korifeylərlə bir sırada çəkilməsinə haqqı çatdığını məhz bu ifa ilə təsdiqləyir.

 

Sözügedən ifada dialoq musiqi və söz, tar və səs, muğam mahnı, ifaçılar və dinləyicilər arasında gedən dialoq səviyyəsində - bütün parametrlərdə baş tutur.

 

... Musiqiçilər arasında belə bir deyim var - "Filankəsi musiqinin gözəlliyi oxutdurdu". Məncə, bu ifanın da bədii- estetik dəyərini şərtləndirən amillər Əhsən müəllimin öz sehrli barmaqları ilə yaratdığı aura və bu auraya dalıb tarzənlə dialoqa girən Arif müəllimin monoloq- izharıdır.

 

Bu dialoqun başqa bir fərqli cəhəti də var. O, bu klassik ifa nümunəsində müşayiətçi ilə vokalçının bir-birini tamamlamasının belə bir fəlsəfəsini də ortaya qoyur ki, Əhsən müəllimin o cür çalğısı müqabilində uğursuz bir tərzdə oxumaq günah olduğu kimi, Arif Babayevin də oxumasını uğursuz çalğı ilə korlamaq "kişilikdən" olmazdı...

 

Buna görə də gəlin Əhsən müəllimə rəhmət diləyək, Arif müəllimə isə cansağlığı arzulayaq.

 

ƏHSƏN DADAŞOV, "ŞİKƏSTEYİ-FARS" VƏ BÜLBÜL ƏHVALATI...

 

Əhsən Dadaşov özünəməxsus ifa texnikası olan məşhur tarzənlərimizdən biri idi. O, Azərbaycan tar ifaçılığı sənətinə ağır, ləngərli musiqi frazalarının düzümündən ibarət yeni bir sintaksis gətirmişdi. Zahirən adama elə gəlirdi ki, onun vurduğu xallar, işlətdiyi barmaqlar sadədir. Amma elə ki, tarı götürüb o xalları, barmaqları təkrarlamaq istəyirdin, görürdün ki, yox, Əhsən müəllimi təqlid etmək o qədər də asan deyilmiş.

 

Fayl:Əhsən Dadaşov.jpg Vikipediya

 

Son dərəcə səmimi, xeyirxah insan kimi də Əhsən müəllimin adı zaman- zaman bir çox qeyri-adi, maraqlı əhvalatlarda hallanıb. Birini sizə nəql eləyim.

 

Ustad qonşu İrana qastrol səfəri zamanı "Rast" muğamını solo ifa edirmiş. Hamı dərin sükut içində, "Rast"ın sehrində lal-dinməz heykələ dönübmüş. Tarzən "Şiəsteyi-fars" şöbəsinə keçid edəndə zalda əyləşən tamaşaçılardan biri melodiyaya təslim olub özünü saxlaya bilmir, qeyri-ixtiyari başlayır elə yerindəncə öz dilində "Şikəsteyi-fars" oxumağa. Əhsən müəllim də reqlamentdənkənar bu qəfil olaya qeyri-adi bir jestlə cavab verir - tamaşaçıya kök tutub başlayır onu müşayiət etməyə...

 

Qeyri-adi duet başa çatanda zal o vaxta qədər görünməmiş alqış səslərinə qərq olur..

 

Bu, heç şübhəsiz ki, Azərbaycan muğamının, Azərbaycan tarının təntənəsi, Əhsən müəllimin barmaqlarının zəfər anları idi.

 

Həmin epizod lentə alınsaydı, yəqin ki, "dünyanın ən maraqlı musiqi duetlərindən biri" kimi musiqi tarixinə düşərdi.

 

Bu əhvalat həm Ə.Haqverdiyevin "Qoca tarzən" hekayəsini yada salır. O hekayədə də tarzən, səhv etmirəmsə, məhz "Şikəsteyi-fars"ı çalanda bülbül şığıyıb özünü tara çırpmışdı..

 

... İlahi, nə üçün yaratdığın bəndələrin içində şüursuz bülbülün heç olmasa yarısı qədər duyğusal olmayan məxluqlar da var???

 

P.S. "Şikəstə" sözünün məcazi mənası "qəlbi qırılmış", "qəlbi yaralı" deməkdir.

 

"SEVƏNLƏRİNDİR DÜNYA, ELƏ QƏMLİ DAYANMA..."

 

(Bu il Bakıda yağan ilk qarın acılı-şirinli ilk təəssüratı)

 

Bu gün səhər tezdən əllərim dona-dona, başıma qar döyə-döyə artıq vərdişə çevrilmiş köhnə hərbçi intizamı ilə dayanacaqda gözləyirdim. Təbii ki, avtobus-filan yox idi. Başqa vaxtlar 1 manata yalvara-yalvara, bir-biri ilə dalaşa-dalaşa müştəri yığan "xalturşiklər" isə bircə gecənin içində dəyişdirdikləri yeni "tarifləri" uca səslə, qürurla (?) bəyan edirdilər: "5 manata...", "8 manata...", 10 manata..."

 

Nəhayət, bir insaflısı tapıldı - 2 manata məni metronun "20 yanvar" stansiyasına qədər gətirdi, oradan isə piyada özümü işə çatdırdım.

 

Az sonra iş yerindən 2 dayanacaqlıq məsafədə yaşayan zabit dostum da özünü yetirdi və bir az giley-güzarla dedi ki, deyəsən, qar və şaxta bəzi sürücülərin vətənpərvərliyini də "dondurub". Səhərdən dayanacaqda gözləyirəm, bir sürücü avtomobilini saxlayıb soruşmur ki, ay qardaş, sənə nə kömək edə bilərəm?

 

Bu vaqeə mərhum jurnalist-yazıçı Asif Əliyevin 80-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "Elə qəmli dayanma..." adlı bir sənədli hekayəsini yadıma saldı. Bəzi detallarını unutduğum həmin hekayənin necə deyərlər, yaddaşımda qalan "sinopsisini" təqdim edirəm:

 

Küləkli, yağışlı soyuq bir qış günündə Asif müəllimin kiçik övladı (bəlkə də nəvəsi - dəqiq yadımda deyil - Ə.H.) xəstələnir, axşam saatlarında öskürək onu boğmağa başlayır, uşağın nəfəsi daralır. Çağırışla gələn həkim müayinədən sonra deyir ki, təcili qaynar südə "Borjomi" suyu qarışdırıb uşağa içirmək lazımdır ki, öskürək azalsın, onu üzməsin.

 

Asif müəllim həmin vaxtlar yalnız piştaxta altında, tanışlığa satılan "Borjomi" tapmaq ümidi ilə dayanacağa gəlir və yağışın altında gözləməyə başlayır. Qəfildən dayanacağa bir "Jiquli" yan alır, başlayır siqnal verməyə. Asif müəllim maşının qapısını açıb görür ki, tarzən Əhsən Dadaşovdur. "Bu tufanda, yağışda kimi, nəyi gözləyirsən?" - deyə Əhsən müəllim tanımadığı, heç adını da bilmədiyi gecə müsafirindən soruşur. Asif müəllim həyəcanla baş verənləri danışır. Əhsən Dadaşov "Əyləş" - deyib mühərriki işə salır və həmin o tufanlı Bakı gecəsində yağlı əppək olub göyə çəkilən bir butulka "Barjomi"ni tapıb Asif müəllimə verənə qədər - 1 saatdan da artıq müddətdə mağazaları dolaşır və sonda Asif müəllimi gətirib düz evinin qarşısında düşürür.

 

Məncə, əlavə şərhə ehtiyac yoxdur...

 

Allah Əhsən Dadaşova və bu əhvalatı qələmə alan Asif Əliyevə rəhmət eləsin.

 

ƏHSƏN DADAŞOVUN "SEGAH"I VƏ ŞÖVKƏT ƏLƏKBƏROVANIN CAVABI

 

(Tarzən Rövşən Zamanovun Xatirə dəftərindən 1 fraqment)

 

Ramiz Mirişlinin "Oxu tar" mahnısının lentə alınması ərəfəsində son məşqlərdən biri imiş. Əhsən Dadaşov ifaya giriş kimi "re" kökündə möhtəşəm bir "Segah" gəzişməsi edib, Şövkət xanıma "ayaq" verir, lakin Şövkət xanım nəyə görəsə susur...

 

Əhsən müəllim görür ki, Şövkət xanım özündə deyil, gözlərini bir nöqtəyə dikərək dərin fikrə dalıb. "Olan şeydir" - deyib həmin gəzişməni bir də təkrar edir...

 

Şövkət xanım yenə susur...

 

Əhsən Dadaşov təəccüblə soruşur:

 

- Şövkət, nə olub, niyə oxumursan?

 

Şövkət xanım sanki yuxudan ayılaraq titrək səslə deyir:

 

- Əhsən, ay zalım, ay insafsız, səhərdən qoyursan ki, oxuyum...

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2021.- 27 may.- S.11