Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız!

 

 

DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ

 

 

 

Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58"23" şm. e. 47°03"08" ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm dünyaya açılan bir pəncərə olub.

 

Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim "dünyanın ən gənc alimi" kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış "Azərbaycan" adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə "Marallarım"la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, "Karvan yolu" ilə qəlbimə yol tapıb, "Cıdır düzü" ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan... Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə "Azərbaycan" adlı dünya bəxş etmiş, onu öz qələmi şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs var Səməd Vurğun... Azərbaycanı bizə dünyaya tanıdan bu şəxsi bizlərə cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi var... O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.

 

May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə demişdim ki, Allah qoysa, "hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin..." Bu məqsədlə "Yazarlar" jurnalının may-2021 sayında rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi. Ancaq elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız "Vurğun poeziyası", sonra isə "Lirik qəhrəman zaman" kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə itəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər... Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası... Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında "vız duran" təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən... Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır... Allahın sevimli bəndəsidir... Yaz... Oxu...

 

Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən "Vurğun poeziyası" (1976), "Lirik qəhrəman zaman" (1986) kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, "Google" ola bilər) kitabların müəllifin adını yazaraq axtarış vermək kifayətdir.

 

Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov "Vurğun poeziyası" adlı kitabının işıq üzü görməsi münasibəti ilə "Yazarlar" jurnalı tərəfindən "Ziyadar" Mükafatına layiq görülüb.

 

Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız... Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin... Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:

 

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara...

 

Ruhu şad olsun böyük şairimizin...

 

Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir... Bu şad gününüzə sevinir... 80 illikdə yazmağı söz vermişəm, o, öz yerində...

 

Allah Sizə uzun sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz oxuyub öyrənək...

 

Zaur USTAC

"Yazarlar" jurnalının baş redaktoru

 

525-ci qəzet.- 2021.- 27 may.- S.13.