Nigar Axundova: "Azərbaycan-Rusiya mədəni əlaqələri üçün yeni imkanlar açılır"

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti cənab nazir Anar Kərimovun xüsusi tapşırığı ilə Rusiya Federasiyasına səfər edib. Mədəniyyətin müxtəlif sahələrini əhatə edən səfər çərçivəsində nümayəndə heyətimiz Rusiyanın bir sıra önəmli mədəniyyət təşkilatları, qurumları, universitetlərinin rəhbərləriylə görüşlər keçirib, faydalı fikir mübadilələri aparıblar. Səfəri boyunca nümayəndə heyətimizin yanında olan və görüşlərdə iştirak edən Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova ilə əlaqə saxlayıb səfərin əsas məqsədi, keçirilən görüşlərin əhəmiyyəti, məzmunu və perspektivləriylə bağlı həmsöhbət olduq. Bu gün (27 may - Ş.M.) ad gününü qeyd edən Nigar xanım həm qəzetimiz adından təbriklərimizi qəbul etdi, həm də gərgin iş qrafikinə baxmayaraq, suallarımızı ətraflı şəkildə cavablandırdı:

- Nigar xanım, sizinçün bu səfər hansı önəmli anları və gələcəyə yönəlmiş əhəmiyyətli addımları və ya planlarıyla yadda qaldı?

- Bildirim ki, görüşlərimiz üç istiqamət üzrə formalaşmışdı. Ona görə ki, nümayəndə heyətinə nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli daxil idi. Onların hamısı üçün ayrıca proqramlar, görüşlər hazırlanmışdı. Səfərin məqsədi mədəniyyət, incəsənət təhsili və digər sənət sahələrində Rusiya təcrübəsini öyrənməkdən ibarət idi. Amma belə qərara gəldik ki, ilk görüşümüz ümumi görüş olsun. Öncə biz Moskvada yaşayan, teatr, kino, musiqi və təsviri incəsənət sahəsində fəaliyyət göstərən təxminən 40-a yaxın Rusiyada yaşayan azərbaycanlı mədəniyyət xadimlərimizlə görüşdük, onların ürək sözlərini eşitdik. Çünki Bakıdan gələn nümayəndələr ilk növbədə bununla maraqlanırdılar ki, burda azərbaycanlılardan kimlər var, onlara nə kimi kömək lazımdır və onlar özləri Azərbaycan mədəniyyətinin inkişafına necə kömək edə bilərlər. Bütün bu məsələlər ətrafında çox gözəl fikir mübadiləmiz və müzakirələrimiz oldu.

Ümumi görüşdən sonra biz konkret istiqamətlər üzrə görüşlərə başladıq. Məsələn, Rusiyanın ən məşhur universitetlərindən biri olan Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavskiylə görüşdük, əməkdaşlıq problemlərini müzakirə etdik. Onu da qeyd edim ki, GİTİS Universitetindəki kafedralardan birinin müdiri həmyerlimiz Elşən Məmmədovdur. O, çox böyük nüfuza malik insandır, burda özünün fərdi teatrı var, bir sıra önəmli dərsliklərin müəllifidir. Onun belə bir universitetdə kafedra müdiri vəzifəsində çalışmağı bizimçün çox önəmli hadisə və dəstəkdir.

Sonra biz "Roskonsert" təşkilatıyla görüşdük. Bu, nazirlik kimi bir təşkilatdır. Nazirlikdə siyasi məsələlərlə məşğul olurlarsa, "Roskonsert" bilavasitə, praktiki məsələlərlə məşğuldur. Müsabiqələr, dövlət tədbirləri, qastrollar onlarda daha çox inkişaf edib. Biz də məhz bu istiqamətlər üzrə onlarla əməkdaşlıq məsələlərini müzakirə etdik. Məsələn, belə bir təklif irəli sürüldü ki, bizim Akademik Rus Dram Teatrımız Rusiyaya qastrollara dəvət olunsun. Eləcə də, onların məşhur teatrları bizə qastrola gəlsinlər. Beləcə, gözəl mədəni münasibətlər yaransın.

Qalina Vişnevskaya adına vokal mərkəzinin başçısıyla Fərəh xanımın əhəmiyyətli görüşü baş tutdu. Hazırda oranın rəhbəri V.Rastropoviçin qızıdır. Onunla da gələcəkdə Rastropoviç festivalı necə təşkil olunacaq və necə davam edəcək kimi mövzular müzakirə olundu.

Fərəh xanım, həmçinin, Moskva Dövlət Filarmoniyasının direktorlarıyla görüşdü. Onlarda tək rəhbərdən başqa bir neçə sahələr üzrə (inkişaf, konsert, repertuar siyasəti və sair) direktorlar var. Bu görüşdə də həmin komanda iştirak edirdi. Bu görüşdə abonement sistemini müzakirə etdik. Onlarda abonement sistemi çox vacib və faydalıdır. Belə ki, insanlar öncədən abonement alırlar və il boyu bunun sayəsində keçiriləcək konsert və tədbirlərin cədvəllərini izləyə bilirlər. Həm tamaşaçılar nə vaxt hansı konsert olacağını bilir, həm də ifaçılar. Bu proqrama görə də işlərini tənzimləyirlər. Abonement almaq insanlar üçün daha sərfəlidir, çünki ayrı-ayrı konsertlərə kassadan bilet almaqdan daha ucuz başa gəlir. Abonementlər ayrı-ayrı sahələr üzrə qurulub. Məsələn, caz həvəskarı ayrıca caz üçün abonement alır və bütün il boyu keçiriləcək caz konsertləri üçün biletləri var. Yaxud, klassik musiqi, uşaq musiqi və sair. Bu, çox gözəl sistemdir və Azərbaycanda da tətbiqi çox yaxşı olardı deyə müzakirələr apardıq.

Eləcə də, Əziz müəllim öz sahəsi üzrə ali təhsil ocaqlarının rektorları, kafedra müdirləri, müəllimləriylə görüşdü. Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru xanım Leonovayla, GİTİS Universitetinin xoreoqrafiya kafedrasının müdiri Vitali Axundov və başqa müəllimlərlə, mütəxəssislərlə olan görüşlərdə önəmli məsələlər müzakirə edildi.

Səfərdə sonuncu görüş "Bolşoy teatrın direktoru Viladimir Georgiyeviç Urinlə oldu. Fikrimcə, bu görüşün özü də Əziz müəllim üçün çox böyük şans oldu. Belə bir böyük və önəmli teatrın direktoruyla görüşmək, həmsöhbət olmaq və təcrübə mübadiləsində iştirak etmək əhəmiyyətli hadisədir. O da bizi çox gözəl, səmimi qəbul etdi. Bu görüşün nəticəsi kimi, gələcəkdə bizim Xoreoqrafiya Akademiyasından təcrübəyə tələbələr göndərilə və ya ordan bizə dərslər keçməsi üçün müəllimlər dəvət oluna bilər. Biz bu məsələləri birbaşa Urinlə müzakirə etdik və o da bizimlə belə bir əməkdaşlığa hazır olduğunu dedi.

Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov da çox önəmli görüşlərə qatıldı. Öncə VGİK-in rektoru Viladimir Malışevlə görüşdü. Rüfət Həsənov özü illərlə Moskvada və Amerikada yaşayıb, oxuduğuna görə, Moskvanın mühitinə yaxşı bələddir. O, Malışevlə görüşündə ilk medalını lap gənc yaşlarında məhz burda - VGİK-də aldığını dedi. Malışev də ona VGİK-in 100 illiyi ilə əlaqədar bir medal təqdim etdi.

Rüfət Həsənov "Roskino" Fondunda arxiv materiallarıyla əlaqədar görüş də keçirdi. Onun növbəti görüşlərinin birində Rusiya tərəfindən belə bir təklif gəldi ki, gələcəkdə Azərbaycan kinosunun retrospektivasını keçirək. Bildiyiniz kimi, Azərbaycanın müəyyən filmləri "Roskino" Fondunda saxlanılır, qorunur. Təbii ki, biz də, burda yaşayan insanlar da onları görmək istəyirik.

Onu da qeyd edim ki, bu işgüzar səfərin sonda çox gözəl dramaturgiyası da alındı. Biz bu səfərə, dediyim kimi, soydaşlarımızla olan görüşlə başlamışdıq. Nəhayət, sonda proqramımızı elə soydaşımızın, fəxrimiz olan Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin nümayişi ilə bitirdik. "Bolşoy" teatrda nümayəndə heyətinin üzvləriylə birgə bu baleti izlədik. Dediyim kimi, son görüşümüz də "Bolşoy" teatrın direktoru Viladimir Urinlə oldu. Maraqlıdır ki, bu, planla deyil, öz-özünə yaranan bir gedişat oldu. Beləcə, mövzu Azərbaycanın yaradıcı insanlarıyla həm başladı, həm də tamamlandı.

Moskvadakı bütün görüşlərimizdən sonra isə Mədəniyyət Nazirliyinin nümayəndə heyətini Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlu qəbul etdi.

- Yəqin ki, bu qədər önəmli şəxslərlə görüşlərin təşkili asan başa gəlməyib? Səfərin kifayət qədər uğurlu və önəmli proqramı olub.

- Bilirsiniz, birinci şəxslərlə görüşmək heç vaxt asan olmur. Müəyyən proseslər, müzakirələr tələb edir. Gərək onlar görüşün istiqamətini bilsinlər. Təbii ki, bu cür səlis proqram düzəltmək üçün müəyyən işlər görmək lazım idi və şükür ki, baş tutdu, öhdəsindən gələ bildik və çox faydalı görüşlərə imza atdıq. Əsas odur ki, Bakıdan gələn hər nümayəndəmizin öz istiqamətinə uyğun mütəxəssislərlə görüşlər keçirildi.

- Sizcə, bu səfər Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişafında nə kimi əhəmiyyət kəsb edəcək?

- Buraya gələn nümayəndə heyəti Mədəniyyət Nazirliyinin yeni komandasıdır. Onların hər biri bu sahədə yenidir. Ona görə də səfərin əsas məqsədi tanışlıq və təcrübənin öyrənilməsi idi. Amma söhbət əsnasında önəmli planlar quruldu, əməkdaşlıqla bağlı yeni ideyalar ortaya çıxdı. Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan-Rusiya mədəni əlaqələri üçün yeni imkanlar açılır. İnanıram ki, bu səfərin gələcəkdə çox əhəmiyyətli nəticələri olacaq. Hər halda, Rusiya kimi belə bir böyük ölkəylə, Moskva kimi dünyanın mədəniyyət mərkəzlərindən biri olan şəhərlə biz həmişə sıx təmasda olmalıyıq. Çünki burada bizim üçün çox böyük şanslar var. Biz bunlardan yetərincə istifadə etməliyik.

 

Nigar Axundova

Müsahibəni apardı: Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 28 may. S. 11.