1999-cu il yanvarın 1- Yevlax şəhərində anadan olub. Tam orta təhsilini Mingəçevir şəhər 1 -li məktəbində bitirib. Eyni zamanda, Mingəçevir şəhər "Üzeyir Hacıbəyov adına musiqi məktəbində" fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib.

 

Keçmişin şüşə qırıqları

kəsir bugünün ayaqlarını.

Bütün tör-töküntü ümidlər

sənin bircə əlvidanın əlində öldü...

Elə bil içi boş buludlar asıldı divardan.

Əlim çatmır gülüşlərə,

hərşey əskikdir, elə sən də...

xatirədir dodaq izlərin qalan

fincan,

saçın ilişən daraq.

 

xatirədir əllərinin ikiyə böldüyü elə mən də..

Sənin ağız dolusu "yanındayam"dan

Geriyə bir küçə dolusu yalnızlıq qaldı...

Yalnızlıq... gözlərin islatdığı yastıqlarda

Hıçqırıq dadıdır

yalnızlıq hər gözlənilənin adıdır.

 

Bil ki, keçmir gözlərimdən itirməklər.

Bir qadının unudulmuş yalnızlığısan

sənin ən sevdiyin köynəyimdə

ilişib qalıb təklik.

sənsiz kiçik bir vidaya sığışıram,

eşitdiyim sonuncu ayaq səsindən sonra...

Kimisə

pəncərə kənarında qurudacaq qədər sevmək,

Özünü unudacaq qədər ölmək imiş...

 

 

Payız həsrət

 

İndi üşüyür əlin

söndürdün ocağımı

Orda hava soyuqdur

al, geyin qucağımı

 

Səndən sonra pis oldum

ölməyimin sayı yox

Sənsizlikdən asıldım

bu payız həsrətinin

ili, nə ayı yox

 

Hər kiçik əlvidanın

ümidlərdə gözü var

Təkliyin "sən" adında

bilinməyən üzü var

 

Elə indi anladım

mən sənsiz bir heçmişəm

Bir sənə çatmaq üçün

min özümdən keçmişəm

sənə tələsdikdə

özümə gecikmişəm!

 

Qısılırsan gecələr

Tənhalığın küncündə

Ümidlərin kəsilir

Zamanın ülgücündə

 

Səpələnib otağın

Dörd bir yanına dərdlər

Həsrətin yenə gəlib

Pəncərədən gülümsər

 

Qanad açır hər səhər

Neçə-neçə xatirə

Üzündəki təbəssüm

Məndən sənə xatirə

 

Görürsən addımbaşı

Sənsizlik hökm sürür

Yalnızlıq da qapıda

Yenə it kimi hürür

 

Dönsən də, bil, mən çətin

Qürurumdan əyiləm

Nə sən o sən kimisən

Nə mən o mən deyiləm

 

Əl açıb yollarına

Tanrı dua oxuyur

Qucağını geyindim

Üst-başım sən qoxuyur

 

 

On ikisi

 

''Tanrı niyə təkdir axı

bəs hardadır bizdən alıb

apardığı adamlar?''

 

On ikisi... gecə... saatsa üçdür

Meh əsir gecədən təklik yellənir

Şəhərsə gizlənib bir niqab altda

Gözüm bu qaranlıq evə zillənir.

 

Qocalır bu evin eyvanındakı

Kimsəsiz gülüşlər və gözləməklər

Sındırıb ayrılıq ayaqlarını,

Bir arzu vüsala sarı iməklər.

 

Elə sarılmısan ayaqlarıma

Əllərim əzabı əynimə geyir

Tanrının baxışı ömrümü didir

Zaman saçlarımın qarasın yeyir

 

Son sətrin qalıbdır tozlu rəflərdə

Köhnə pianoda son ümid rəqsi

Divardan asılıb öpüşlərin və

Ən acı günlərin xoş xatirəsi...

 

Əqrəblər zəhərin bugünə sancır

Bütün dünənlərdə sənli iz qalıb

Biləyi kəsilib ümidlərimin

Bütün çarələrim çarəsiz qalıb..

 

Ruhumun əlini-qolunu qapır

Ölmüş məhəbbətin canlı şahidi

Həsrətə sarılan darıxmaq imiş

Zamanın ən uzun ölçü vahidi...

 

Ayşən RƏHİM

525-ci qəzet.- 2021.- 28 may. S. 31.