Başının dumanı çəkildi, Şuşa...

 

 

Od oldu dərdinə, sərinə Günəş,

Şahsan, müntəzirdir əmrinə Günəş,

Əbədi nur saçır ömrünə Günəş,

Başının dumanı çəkildi, Şuşa.

 

Qaytardıq ömrünün ilk baharını,

Sildik göz yaşını, qəm-qubarını,

Yolduq həsrətini, intizarını,

Köksünə qələbə əkildi, Şuşa.

 

Adam qəribsəyər, cana yığılar,

Yadlar arasında yanar, boğular,

Üstünə daraşan quldur yağılar

Bir əmrə tut kimi töküldü, Şuşa.

 

Ordum Yaradandan güc aldı, şükür,

Qələbə qazandı, öc aldı, şükür,

Zəfər bayraqları ucaldı, şükür,

Əsarət sədləri söküldü, Şuşa.

 

Dözməyib, nadanla vuruşdun axır,

Bu dərddən biryolluq sovuşdun axır,

Şanlı bayrağıma qovuşdun axır,

Bayrağa şəhidlər büküldü, Şuşa.

 

Elvinəm, ümidim həsrəti yendi,

Mənim "Şuşa" adlı nisgilim səndin,

Ey qala şəhərim, köksündə indi

Bir zəfər qalası tikildi - Şuşa!

Başının dumanı çəkildi, Şuşa...

 

İRƏVANA DÖNƏN GÜNÜM OLACAQ!

 

Səni xilas eyləməyə gəlirəm,

Nədir tarix, nədir gerçək, bilirəm,

Qarabağa döndüyümtək, bilirəm,

İrəvana dönən günüm olacaq!

 

Yaman yaxır bu həsrətin odu, bil,

Zəhər olub ağzımızın dadı, bil,

Yerəvan yox, İrəvandır adı, bil,

İrəvana dönən günüm olacaq!

 

Gül açacaq Zəngəzurun qucağı,

İtəcəkdir Göyçəmizin sazağı,

Sönəcəkdir orda hayın ocağı,

İrəvana dönən günüm olacaq!

 

Türk torpağı haya bəxşiş verilməz,

Bütöv ömür yad qapıda sürülməz,

Vətəndən pay heç bir yerdə görünməz,

İrəvana dönən günüm olacaq!

 

Qəmli-qəmli baxma, Aşıq Ələsgər,

Bu könlümü yaxma, Aşıq Ələsgər,

Ürəyini sıxma, Aşıq Ələsgər,

İrəvana dönən günüm olacaq!

 

Əsir düşmüş, fəryad edir torpağım,

Əzab çəkir hər çəmənim, hər dağım,

Sancılacaq İrəvanda bayrağım,

İrəvana dönən günüm olacaq!

 

Aman Rəbbim, bu nə ağır sınaqdır?!

Məhəmməd xan, qəbrin yanır, ocaqdır,

Mirmehdi xan yol gözləyir nə vaxtdır...

İrəvana dönən günüm olacaq!

 

İnanıram, güvənirəm orduma,

Çağırdımı, gedəcəyəm yardıma,

Xalqımızın dədə-baba yurduna -

İrəvana dönən günüm olacaq!

 

Göyçə gölün sahilinə səfər var,

Elvin, orda çalınası zəfər var,

Hər gecənin axırında səhər var,

Mənim olan yenə mənə qalacaq -

İrəvana dönən günüm olacaq!!!

 

QƏLƏBƏ PARADINDA

 

Salam Azərbaycana,

Əkiz övlad, bir ana,

İki qardaş yan-yana

Qələbə paradında.

 

Torpağa məhəbbət var,

Bir vüqar, əzəmət var,

Düşməndən qənimət var

Qələbə paradında.

 

Məğlubun bağrı qandı,

İllərin dərdi sındı,

Düşmən od tutub yandı

Qələbə paradında.

 

Hər köz ocağa döndü,

Damla bulağa döndü,

Ürəklər dağa döndü

Qələbə paradında.

 

Azaddır torpağımız,

Gülümsər hər çağımız,

Ucaldı bayrağımız

Qələbə paradında.

 

Bizdə mərdlik candadır,

İlikdədir, qandadır,

Aslanlar meydandadır

Qələbə paradında.

 

İki qardaş - mərdlərik,

Dərdə, sevincə şərik,

Bir olduq, yenə birik

Qələbə paradında.

 

Düşmən bağrı alışır,

Sevincdən ağıl çaşır,

Xaqanımız danışır

Qələbə paradında.

 

Xalqa dəyməsin nəzər,

Bu birlik dillər gəzər,

Çağlayır, coşur Xəzər

Qələbə paradında.

 

Nəğmə söyləyir Vətən,

"Bütövəm" deyir Vətən,

Bayram eyləyir Vətən

Qələbə paradında.

 

Elvin NURİ

525-ci qəzet.- 2021.- 28 may. S. 31.