Uşaq dünyasından mənzərələr

 

MƏRDAN MÜƏLLİM VƏ ƏDƏBİYYAT DƏRSİ

 

9-cu sinifdə oxuyurdum. Mərdan adlı müəllimimiz bizə ədəbiyyatdan dərs deyirdi. Onun həzin səsi, təbii, gözəl danışığı, maraqlı fikirləri, hadisələrə komik münasibəti bu gün də yadımdadır. Ayağından əməliyyat olunduğu üçün yeriyəndə axsayırdı. Amma onu bütün müəllimlərimdən çox sevirdim. Görünür, bu, uşaqlıqdan ədəbiyyat dərsinə olan xüsusi marağımdan irəli gəlirdi. Mərdan müəllimin söylədiyi şeir parçaları onun xoş səsində könül oxşayırdı...

Bir gün məktəbimizə Təhsil Şöbəsindən nümayəndələr gəldilər. Onlar elə Mərdan müəllimin dərsində sinifimizə daxil oldular və bizə suallar verməyə başladılar. Mən bir neçə suala cavab verdim. Sualın biri ədəbiyyatın izahı ilə bağlı idi. Ədəbiyyatın tərifi, məqsədi və məramının nədən ibarət olduğu haqda danışdım. Müəllimlər cavablardan məmnun qalmışdılar. Onlar gülümsəyərək sinifdən çıxdılar. Mərdan müəllim sinifə göz gəzdirib dedi:

- Deməli, sinifdə bircə şagird varmış...

O gündən Mərdan müəllimin əziz şagirdi olduğumu hiss etdikcə fərəhləndim. Ədəbiyyatı bütün dərslərdən özümə daha doğma hesab edirdim.

İllər sonra özüm də müəllim oldum, həm də ədəbiyyat müəllimi.          

Mən də çalışırdım Mərdan müəllim kimi şagirdlərimə dərsləri daha maraqlı şəkildə izah edim. Ədəbiyyatın həyatı əks etdirən bəzi məqamlarından, elə həyatın özündən də, onlara danışım. Yəni şagird sadəcə şeiri əzbərləməsin, həm də onu anlasın, duysun...

Amma bəzən hiss edirsən ki, kimlərsə ədəbiyyat dərsinə bir az soyuq, adi bir dərs kimi yanaşır. Ədəbiyyatı elmdən uzaq sayanlar da olur. Düşünürəm, bəlkə günah müəllimlərdədir ki, ədəbiyyatı yetərincə uşaqlara çatdırmır. Bəlkə günah dərslik müəlliflərindədir ki, bəzi dərsliklərə yazılan "Giriş"dən belə nəinki uşaq, heç böyük də bir məna çıxara bilmir...

Ədəbiyyat məktəbyaşlı uşağı müəyyən mənada tərbiyələndirir, onun kiçik qəlbinə naxış salır, arzularına qanad taxır. Bütün bunlara görə ədəbiyyat dərsliyi mövzu rəngarəngliyi ilə zəngin olmalıdır. Bu dərslik o qədər maraqlı olmalıdır ki, kiçik oxucunu özünə cəlb edə bilsin. Uşaq ədəbiyyatı bir sütun, bünövrə kimi böyük əhəmiyyət daşıyır. Odur ki, dərslik üçün əsərlərin doğru seçimi olduqca vacibdir.

 

YAĞIŞ, GÜNƏŞ VƏ GÖYQURŞAĞI 

 

Narın yağış yağırdı. Birdən günəş parladı. Günəş elə bir biçimdə və elə rəngdə çıxmışdı ki, hələ ömründə onu bu qədər gözəl görməmişdi. Bu sarı rəngin başqa bir çaları idi. Günəş sanki sapsarı nur içində gülümsəyirdi. Sonra göy üzünün başqa bir tərəfində göyqurşağını gördü. Göyqurşağı da şəkillərdə gördüyü, filmlərdə seyr etdiyi kimi deyildi. Rənglər sanki bir-birinə işıq salaraq birləşib fərqli bir göyqurşağına çevrilmişdi... Gözlərini açdı, gördüklərinin yuxu olduğunu anladı. Ramazan ayında, cümə günü çox gözəl yuxu görmüşdü. Sevincdən gözləri yaşardı. Dünən dönə-dönə söylədiyi - "Biz Allaha məxsusuq və Ona dönəcəyik!" sözlərini təkrarladı.

Yuxusunu heç kəslə paylaşmaq istəmirdi. Elə bilirdi, sevinci azalar. Necə xoşbəxt idisə, indi ona dünyanı versəydin, yuxusunu dəyişməzdi... Dünənki gününü xatırladı. Dünən imkansız bir qadını sevindirmişdi. Sonra çörək, qoğal bişirib qonşu uşaqlarına paylamışdı. Həmişə özündən böyük paltarların içində itən balaca Yunusa da şalvar-köynək almışdı. Düşündü ki, dünən keçmişdə qaldı. Odur ki, bu gün nə edəcəyini götür-qoy etməyə başladı. Evlərindən xeyli uzaqda yaşayan xəstə, köməksiz qocanı yadına saldı. Bu gün ilk işi ona baş çəkmək olacaqdı. Sonra yenə özünə bir iş tapacaq yaxın-uzaq demədən kiminsə yardımına qoşacaqdı. O, belə doğulmuşdu, istəsə də, dəyişə bilməzdi. Çünki ona çox əziyyət vermişdilər. Bunların çoxunu unutsa da, ürək sındırmağın necə günah və bəd əməl olduğunu yaxşı bilirdi. Odur ki, ömrünün sonuna qədər xeyir işlər görməyi, könül sevindirməyi qarşısına məqsəd qoymuşdu...

 

ƏLLƏRİN NAĞILI

 

Biri vardı, biri yoxdu, Lalə adında qəşəng bir qız vardı. Lalə həmişə əllərini əzizləyərdi. Ona su verən, çörək kəsən, oyun oynayan, rəqs edən əllərinə bir möcüzə kimi baxırdı. Bir gün o, həmişə mehriban olan, birgə çalışan əllərinin mübahisəsini eşitdi. Lalə buna çox təəccübləndi. Düşündü ki, kimsə onları yoldan çıxarıb. Yoxsa əllər heç vaxt mübahisə etməzdilər.

Sağ əl sol ələ deyirdi:

- Sən çox zəifsən. Mənsiz bir işin öhdəsindən gələ bilməzsən. Mən səndən güclüyəm, güclü...

Sol əl incimiş halda ona cavab verdi:

- Sən də mənsiz bir işə yaramazsan. İstəyirsən Lalədən soruş...

Lalə o anda dilləndi:

- Mənim əziz əllərim, gözəl əllərim, deyin görüm sizə nə olub ki, mübahisə edirsiniz?

Sol əl dilləndi:

- O, məni bəyənmir, zəif olduğumu söyəyir...

- Sən ona inandınmı?

- İnanmasam da, incidim, axı mən onu çox sevirdim.

Sağ əl qızardı, o an özünü tənha hiss etməyə başladı. Barmaqlarını aşağı saldı. Lalə iki əlini birləşdirdi və onlara sığal çəkdi. Əllər kövrəldi və bir-birinə möhkəm sarıldı.

Lalə artıq söz deyib sağ əli incitmək istəmədi, onsuz da o, səhvini anlamışdı. İndi bu atalar sözünü ona xatırlatmaq qalırdı:

- Dostlar, bilin ki, tək əldən səs çıxmaz. Siz birlikdə daha güclüsünüz! 

 

ƏN GÖZƏL HƏDİYYƏ

 

Bu gün Hünərin doğum günü idi. Bütün doğmaları, qohumları və dostları onu təbrik etməyə gəlmişdilər. Evdə hədiyyədən, gül-çiçəkdən, bəzəkli konfet qutularından yer yox idi... Şənlikdən sonra Hünəri daha bir sürpriz gözləyirdi. Anası həmin gün, elə oğlunun ad günündə heç gözləmədiyi bir yerdən toplanı tapmışdı. Toplan Hünərin ən sevimli oyuncağı idi. Çoxdandı onu itirmiş, nə qədər axtarsa da, tapa bilməmişdi.

Budur, artıq sürpriz vaxtı gəlib çatdı. Ana toplanı gətirib stolun üstünə qoydu, sonra üzü o tərəfə olan oğlunu səslədi.

- Hünər, oğlum, bir bura bax,  gör sənin doğum gününə kim gəlib?

Hünər geri dönəndə gözlərinə inanmadı. Toplan onun əziz günündə geri qayıtmışdı. Onun vəfalı toplanı doğum gününə gəlmişdi...

O gün Hünərin ən unudulmaz doğum günü kimi yadında qaldı. Toplan ona bağışlanan hədiyyələrin ən yaxşısı idi...

 

Mina RƏŞİD

525-ci qəzet.- 2021.- 28 may. S. 24.