Vətən ona oğul deyir...
BÖYÜK
ZƏFƏRDƏ CƏSUR DÖYÜŞÇÜMÜZ
XALİQ SƏHLİYEVİN DƏ HÜNƏR VƏ
RƏŞADƏT PAYI VAR
Deyirlər, torpaq qanla qarışanda
Vətən olur. Bu deyimin mahiyyəti heç də həmişə insan ölümü, müharibə,
qan-qada deyil. Söhbət
torpağı qorumaq və onun uğrunda
mübarizədən gedir;
bura mənim evimdir, ocağımdır,
mən ocağımın
keşikçisiyəm. Bu mühafizəkarlıq bizim genimizdə, ruhumuzda var.
30 il düşmən
tapdağı altında
qalan Qarabağ neçə-neçə ərənlərin
qanı bahasına, döyüşçülərin sarsılmaz əzmi nəticəsində azad edildi. Uzun zaman torpaq itkisinin, müvəqqəti
məğlubiyyətin ağrı-acısını
yaşayan xalqımıza,
nəhayət, parlaq qalibiyyət nəsib oldu. Bu qalibiyyətdə,
bu Böyük Zəfərdə əziz şəhidlərimizin rolu
danılmazdır və
ömür boyu onlara borclu olacağıq.
ÖLÜMÜN
GÖZÜNƏ DİK BAXMAQ...
Bu, böyük ürək, hədsiz cəsarət tələb
edir. Amma yaddan çıxarmayaq
ki, qazilər, sağ-salamat geri dönən döyüşçülər
də Böyük Zəfər naminə böyük fədakarlıqlar
göstəriblər, ölüm-qalım
dilemması qarşısında
mücadilə aparıblar.
Şəhidlərin yarımçıq qalan arzularını məhz onlar həyata keçiriblər,
döyüşçü yoldaşlarının qanını
yerdə qoymayıblar.
Elə bu yazım da onlardan,
yəni haqq savaşımızda şücaət
göstərib geri qayıdan qəhrəmanlardan
biri haqqındadır...
Avtobusdan enib köhnə məhləmizə sarı
boylandım. Olub-keçənlər yadıma düşdü.
Azərbaycanın Milli qəhrəmanı
Famil İsgəndərovun
adını daşıyan,
dayanacaqdan çox da aralı olmayan,
yazmağı-oxumağı öyrəndiyim 157 saylı
məktəbi xatırladım.
Biz ilk dəfə vətən,
qəhrəmanlıq, mübarizə,
şəhidlik anlayışlarını
Famil İsgəndərovun
adına istinadən öyrənmişik.
İndi
haqqında söz açacağım igidimiz
də məhz Milli Qəhrəmanımızın
qurban getdiyi torpaqlar uğrunda mübarizəyə qoşulmuşdu
44 günlük Vətən
müharibəmizdə... Xaliq
İlham oğlu Səhliyev 2002-ci il
aprelin 18-də Beyləqan
rayonunda anadan olsa da, ailəsi
əslən Ağdamın
Mərzili kəndindəndir.
Qarabağ işğal olunanda
məcburi köçkün
kimi Beyləqanda məskunlaşıblar. Sonra tale elə
gətirib ki, Xaliq Bakıda boya-başa çatıb,
məktəbə burada
qədəm qoyub.
Elə uşaq yaşlarından onun özünə məxsus xarakteri olub, əsl azərbaycanlı oğul kimi böyüyüb.
Sözsüz ki, ailədən
gələn tərbiyə
də onun formalaşmasında böyük
rol oynayıb. Xaliqin anası danışır
ki, o, uşaq vaxtından çöldəki
söz-söhbəti evdə
danışmayıb, evin-ailənin
sirrini də bayırda açmayıb,
özünə aid olmayan
məsələlərlə maraqlanmayıb. Ən
əsası,
ÜRƏYİNDƏ
HƏMİŞƏ YURD NİSGİLİ OLUB...
Görmədiyi Ağdamın, dədə-baba
yurdu Mərzilinin həsrətini çəkib
uzaqdan-uzağa. O yerlər
barədə xoş hissləri, dadlı duyğuları ən çox atası aşılayıb ona: şəhid qardaşı
olan İlham kişi. Beləcə, Xaliq söhbətlərlə,
xatirələrlə, fotoşəkillərlə
qiyabi tanıyıb, sevib o doğma yurd yerlərini. Onun taleyini müharibəyə
bağlayan Vətən
sevgisi, el-oba həsrəti olub. Həyat yolunun müharibə ilə kəsişməsi
onu daxilindəki savaşdan, vicdani əzabdan xilas edib. Xaliq daim özünü
Vətənə borclu
sayıb. Müharibə
Vətənin borcundan
çıxmaq üçün
ona şans vermişdi...
2020-ci ildə orta məktbi bitirən Xaliq may ayında Gəncəyə hərbi
xidmətə gedir. Karantin bitdikdən sonra onu Göygölə yollayırlar. Əks-hücum
tədbirlərinin başlanmağına
az qalmış,
ermənilərin təxribatları
geniş vüsət aldıqca müqavimət üçün ordumuzda lazımi hazırlıqlar
görülürdü. Xaliq də
Murov istiqamətinə
yollanan əsgərlər
arasında idi. Hələ
3-4 ayın əsgəri
olan Xaliq böyük ruh yüksəkliyi ilə o torpaqlara yollanırdı.
Valideynləri həmin günlərdə
Xaliqlə əlaqə
yarada bilmirmişlər.
Axır ki, atası onun yerini birtəhər öyrənir və böyük əks-hücumun
başlanmağına 2 gün
qalmış, Murova yollanır İlham kişi. Aşağı postların birində komandir onların görüşünə şərait
yaradır. İlham
kişi deyir ki, hələ
heç nədən xəbərimiz yox idi, amma ürəyimə
nəsə dammışdı.
Elə buna görə də oğlunu görmək üçün
israrlı imiş.
Xaliqgil sadədən
də sadə, darısqal bir evdə yaşayırlar. Evi nəzərdən
keçirdikcə görürsən
ki, burada heç nə asanlıqla əldə olunmayıb. Hər küncdə, hər əşyada böyük zəhmətin, halal ruzi üçün ocaqdan od
götürməyə hazır
əllərin izləri
görünür.
XALİQ
KİMİ BİR CƏNGAVƏR BU DARISQAL EVDƏ
BÖYÜYÜB
Geniş, sonsuz Vətən anlayışı onun üçün bu balaca evdən başlayıb. İlham kişi, həyat
yoldaşı bu evdə Vətənə dörd oğul yetişdirib. Xaliq bu gün o balaca evi böyük
qalaya çevirib.
Bu gün bu
evin ən gözəl bər-bəzəyi
igid oğuldur. Onun evə sağ-salamat qayıtmağı bütün
maddi-mənəvi nemətlərdən
daha qiymətlidir ailə üçün.
Xaliqin döyüş
yolu barədə danışılanları eşitdikcə
belə bir qəhrəmanla həmsöhbət
olduğum üçün
fəxarət hissi keçirirdim. Hər şeyi xırda
detalına qədər
qələmə alıram
ki, siz də
onun şərəfli
döyüş yolundan
xəbərdar olasınız.
Sentyabrın 27-də böyük əks-hücum
başlanan ilk andan etibarən Xaliq döyüş meydanında
olub. O və qəhrəman
döyüş dostları
bir neçə düşmən postunu azad etdikdən sonra daha da
irəliləyiblər, əhəmiyyətli
nöqtələri ələ
keçiriblər. Murovun düşmən
tapdağından azad olunması həm də Xaliqin və digər cəsur vətən oğullarının rəşadətinin
bəhrəsidir.
Xaliq danışdıqca hiss edirəm
ki, ağrıları
təzələnir, qaysaq
bağlamayan yaraları
göynəyir. Taqım komandirinin
onun lap yaxınında
şəhid olmasını
böyük həyəcanla,
kədərlə nəql
edir. Həmin vaxt özü
də yaralanıb, diz qapağı ağır zədə alıb və onu hospitala aparıblar.
Həkimlərin təkidinə
baxmayaraq, ağrıları
bir az
kəsən kimi geri - cəbhəyə qayıdıb. Deyir ki, mən döyüş yoldaşlarımı
orada tək qoya bilməzdim.
Döyüşlər gedən zaman, Xaliq də daxil
olmaqla, 6 nəfər igidimiz 6 saat boyunca ağır şəraitdə bir mövqeyi qoruyub. Bu, onlar üçün həyatda və savaşda ən ağır sınaqlardan olub.
Xaliq və yoldaşları Murov azad olunandan sonra Zəfər gününə qədər
həmin postlarda möhkəm dayanıb, oraların keşiyini çəkiblər.
Xaliqlə söhbətimin ən
həssas məqamı
əmisi ilə bağlı düşüncələri
idi: "Əmim Mobil Səhliyev 1994-cü ildə
Kəlbəcər ərazisində,
Murovdağda gedən döyüşlərdə şəhid
olub. Mən onun üzünü
görməmişəm. Amma həmişə arzulayırdım
ki, əmimin qanı yerdə qalmasın. Mən qürur duyuram
ki, əmim şəhid olan əraziləri azad edən döyüşçülərimizin
sırasında mən
də var idim. Oraları dolanarkən içimdə
qəribə hisslər
baş qaldırırdı.
Əmimin fotoşəkilləri
gözümün önünə
gəlirdi..."
ŞƏHİD ƏMİNİN QAZİ DAVAMÇISI
Xaliqi böyüdüb Vətən üçün müsəlləh əsgər kimi formalaşdıran amillərdən biri də əmisinin şəhidlik məqamına ucalmağı olub. Damarlarında axan qanın təsirindən belə məğrur, cəsur, iradəli yetişib.
Vaxtilə əmisinin uğrunda şəhid olduğu Kəlbəcərin adını Xaliq Səhliyev bu gün öz adı ilə qoşa gəzdirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Xaliq İlham oğlu Səhliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Xaliqlə görüş zamanı bu təltiflə bağlı bir söz demədi. Medal məsələsindən söhbət düşəndə də bu nüansı nəzərimə çatdırmadı. Bu yazını redaktora yollamamış, internetdə Xaliqin adını, soyadını yazanda medal alanlar siyahısında ismini gördüm. Tez özünə zəng elədim:
- Xaliq, niyə bu barədə mənə nəsə deməmişdin?
- Yəqin unutmuşam. Əsas mükafat Qarabağın azadlığıdı. Medal-mükafat sonrakı məsələdi, olmasa da, deyilməsə də olar...
Əsl mərdanəlik bir az da bu məsələyə sığınır - təmənnasız Vətən sevgisi, mənafe güdmədən sinəni sipər eləmək...
Xaliq sevinclidir. Əmisinin və şəhid olan döyüş yoldaşlarının qanını aldığına, Qarabağın, doğma Ağdam, Mərzili kəndi düşməndən azad edildiyinə, bu parlaq Zəfərdə şəxsən payı olduğuna görə xoşbəxtdir.
Elə Xaliq kimi
igidlərin bu haqlı xoşbəxtliyindən,
qəhrəmanlığından güc
alıb ayaqda durur
xalqımız. Bizim də borcumuz
odur ki, onların
sevincinə sevinc qataq,
bundan sonrakı həyatlarının rəvan
keçməsi üçün
hamılıqla əlimizdən gələni əsirgəməyək.
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.16.