Elbrus əfsanəsi
Mən onu tanımırdım, üzünü
də görməmişdim. İgidliyini eşidib,
nağılını duyub
sevdim onu. Bir qardaş kimi, bir oğul kimi,
bir azərbaycanlı kimi.
Biri
varmış, biri yoxmuş...
Bütün nağıllar, əfsanələr
belə başlayır. Babalarımızın, nənələrimizin, böyüklərimizin
bizə danışdıqları
nağıllar, əfsanələr.
Uşaq hafizəmizdə tutub, özümüzlə bərabər
böyütdüyümüz qəhramanlarımızı, igidlərimizi
unutmadıq. Yaradanın
içimizə qoyduğu
gözəllik, yaxşılıq,
mərhəmət, vətənpərvərlik
toxumlarını o qəhramanlar
üstə, xislətdə cücərdik,
böyütdük. Uca Allahın bizlərə bəxş elədiyi gözəllikləri, təmiz
və əvəzolunmaz
hissləri qəlbində
özüylə böyüdənlərdən
biri də Elbrus qədər vüqarlı,
qeyrətli, əzəmətli olan
Elbrus oldu. Özünə bu dünyada
bir nağıl yazdı. Heç kimin düşünə bilmədiyi, uydura bilmədiyi, gecə -gündüz başını
sındıraraq yaza bilmədiyi
bir əfsanə, bir nağıl qoydu getdi.
Biri dekabr
1986-cı ildə Beyləqan
rayonunun Milabad kəndində doğuldu.
Orta məktəbi bitirdikdən
sonra hərbçi olmağı qarşısına
məqsəd qoydu.
Və dediyini elədi. Azərbaycan respublikasının Quru qoşunlarında hərbi
fəaliyyətə başladı.
Bütün igidlər kimi
onu da ən
çox düşündürən
Cənnət Qarabağın
yağı düşmənlərdən
təmizlənməsiydi. Harda olursa-olsun, fikrində götür-qoy edirdi.
Xəyallarında erməni
vəhşilərini torpaqlarımızdan
təmizləyirdi. Planlar qururdu.
Aprel döyüşlərində
iştirak edəndə
özünü göyün
yeddinci qatında hiss edirdi. Orda döyüş yoldaşlarıyla
göstərdiyi igidlikərdən
zabit yoldaşları fərəhlə danışırlar.
Həmişə irəlidə olmağı
sevən, düşmənə
göz açdırmayan
Elbrus Bayramovun çoxdankı
arzusuydu İkinci Qarabağ müharibəsində
iştirak etmək. Oğlu
Ömərlə, Xəyyamla
son dəfə vidalaşanda
da fikirləşirdi ki, bəlkə də qayıtmadı. Bu vətən sevdasıdı
dedi öz-özünə.
Kim bilir, yeri
gəlsə, baş qoyaram yolunda. İgidlər heç zaman
belə düşünməkdən
belə qorxmurlar. Bilirlər ki söhbət
yağının pəncəsində
olan yerdən-yurddan gedir.
Torpağı, vətəni varvarlardan qurtarmaq söhbəti başqalarına bənzəməz. Burda sən-mən
yoxdu. Burda Vətən yolunda baş qoymaqdı əsas
məsələ. Düşünmək, başqa xəyallara düşmək olmaz.
Uf demədən yeri gəlsə, yolunda canından keçəcəksən. Öz bölüyüylə
döyüşə Füzuli
rayonundan başladı.
Həmən də birbaşa
irəli atıldı
Elburus. Əsgərlərinə əmr verməzdi
mayor. Özü irəlidə olardı,
düşünmədən.
Elə buna görə də Qaraxanbəyli kəndinin alınmasında öz əsgərləriylə düşmənin mövqeyini yarıb keçdilər elə həmin gün. 27 sentyabrda qazandıqları ilk qələbə düşmənin gözünün odunu aldı. Ermənilərin zirehli texnika kalonunu və canlı qüvvəsini məhv etdilər. Yağı düşmən ilk gündən anladı ki, Azərbaycanın igidləri bunların düşündükləri əli silahsız gördükləri camaat deyil. Bu ölkənin əsgərləri ən müasir silahlarla silahlanıblar. Ürəkləri də ki Vətən sevgisiylə aşıb-daşır. Bunu başa düşməkləri də onlara kömək edə bilməzdi. Artıq ayağa qalxmış bütün Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. Sentyabrın 28-də Qaraxanbəyli kəndinin ətrafındakı düşmən mövqeləri ələ keçirildi.
Elə həmin gün idarə etdiyi tankda minaya düşüb yaralanmasına baxmayaraq, geri çəkilmədi. Döyüş zamandı dedi ki, bizə ancaq irəliləmək lazımdır. Elbrus Bayramov idarə etdiyi zirehli tankla ermənilərin silah dolu maşınını və otuzdan çox canlı qüvvəsini məhv etdi. Nə qədər cəhd etsələr də, düşmən hucumları dəf olunurdu. Ermənilərin cəhdlərinə baxmayaraq, onların mövqeləri fəth edildi. Bir gün sonra - oktyabrın 1-də düşmənin bütün döyüş, rabitə və tibb heyəti darmadağın oldu. Strateji yüksəkliklər Azərbaycan döyüşçülərinin əlinə keçdi. Öz döyüşçüləriylə canları və qanları bahasına qazandıqları mövqeləri əldən vermədilər. Yaralı-yaralı vuruşan mayorun ağrıları, acıları yadına belə düşmürdü. Onun və döyüş dostlarının məqsədi tezliklə Qarabağ torpaqlarını yağılardan geri almaq, haqq müharibəsini qələbəylə başa vurmaq idi. Oktyabrın 2-də Füzuli ətrafında düşmən bunkerinə hücum əmri verildi. Ermənilərin canlı qüvvəsi orada birləşirdi.
Həmin gün mühasirədən çıxa bilməyən taborun köməyinə gəldi heyətiylə. Arxadan özlərini döyüş yoldaşlarına yetirib onları çətin mövqedən çıxara bildilər. Oktyabrın 2-də şəxsi bölüyü ilə hücuma keçən mayor Elbrus Bayramov tarixə öz adını yazdı. Əsgərlərlə bərabər, düşmənin xeyli canlı və zirehli qüvvəsi məhv edildi. Necə deyərlər, yarılmaz sədləri yardılar qəhrəmanlarımız.
Elə həmin anda qanlı döyüş gedərkən əfsanəvi qəhrəmanlıq göstərən mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini gördü. Bildi ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu canlı itki verəcəklər. Çünki zirehli silahlardan durmadan mövqelərimizə atəş açılırdı. Zabit dostunu əsgərlərin yanına göndərdi. Sağ cinahdakılara təhlükəni xəbər verdi. Götürdüyü əl qumbarasıyla onların üzərinə gələn tankın qarşısına yeridi. Tanka çatana qədər snayperlə ayağından vurulsa da, özündə güc toplayıb igidcəsinə özünü irəli atdı. Tankın lüləsindən qumbaranı içəri tulladı. Bütün heyəti və tankı məhv etdi. Və beləliklə, yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtardı. Onların irəliləməsinə şərait yaratdı. Şəhidlik zirvəsinə yüksələn Elbrus özünün dastanını belə yazdı tarixə.
Nağıllar, əfsanələr diyarına çevrildi cənnət Qarabağ. Orda özünə dastan yazanlar cənnətlik oldular. Nağıllaşdılar. əfsanələşdilər. Belə nağılların, dastanların arasında Elbrusun da əfsanəsi var...
Mən onu tanımırdım, üzünü də görməmişdim. İgidliyini eşidib, nağılını duyub sevdim onu. Bir qardaş kimi, bir oğul kimi, bir azərbaycanlı kimi. Fəxr etdim ki, vətənimin belə qəhrəman oğulları var. Onun torpaqlarını, yerini, yurdunu düşmənin qəddar pəncəsindən qurtarmaq üçün canını uf demədən qurban verir. Qurban verir ki, başımız əyilməsin, düşmən gözünü və nəfsini yığsın əbədi olaraq torpaqlarımızdan, Ömərlə Xəyyam vüqarla, qururla addımlasın gələcəyə. Onlar və bütün uşaqlar Vətənin və onu qorumağın nə qədər önəmli olduğunu bilsinlər. Bilsinlər ki, Azərbaycanın bir qarış torpağını belə düşmənə vermək olmaz. Şəhidlər ölməz, Vətən bölünməz...
Ulduz QASIM
525-ci qəzet.- 2021.- 5 noyabr.- S.15.