O TORPAQ

 

 

 

Azərbaycanın Xalq şairi Fikrət Qoca Qarabağımızın, işğal altındakı bütün torpaqlarımızın azad edilməsini illər boyu hərarətlə arzulamış, bu mövzuda neçə-neçə əsər yaratmışdı. Tale elə gətirdi ki, qələbəylə bitən 44 günlük Vətən müharibəmizi, torpaqlarımızın işğaldan qurtuluşunu görmək şairə qismət olduo, ömrünün son aylarında böyük zəfərimiz haqqında bir sıra şeirlər yazdı. Həmin ədəbi nümunələrdən bir neçəsini şanlı zəfərin ildönümü ərəfəsində oxuculara təqdim edir, mərhum şairi bir daha ehtiramla anırıq.

 

 ***

 

 

Torpaq acgözlüyü eyləyənlərin

Ruhunu zülmətlə örtər O Torpaq.

Vətən torpağını qoruyanların,

Alnından, gözündən öpər O Torpaq.

Dünyada Torpağa Anamsan deyən

Hər kəsə, hamıya yetər O Torpaq.

Torpağın üstündə kinlə yaşarsan,

Ayağı altından itər O Torpaq.

Qonşu torpağını zorla alanı

Kül eylər, üstündə bitər O Torpaq!

Yaşarsan, görərsən gələndə vaxtı...

Hər kəs O Torpaqdı - O Qarabağdı!

03.10.2020

 

ALİ BAŞ KOMANDANIM

 

Sən düşmənə göz dağı,

Paxıllara da görksən!

Ağlın - siyasətinlə

Yaşımdan çox böyüksən.

Nə qədər xalqımız var,

Şöhrətin var olacaq.

Səndən sonra da çoxlu,

Mərd oğullar olacaq.

Mütləq onlar olacaq.

Döyüş nağıllarının,

İlk canlı qəhrəmanı,

İlk şanlı qəhrəmanı,

Yənə sən olacaqsan.

44 günə bir zəfər,

Yənidən çalacaqsan!

Şeir deyil yazdığım,

Ürəyimin səsidi.

varağa çilənmiş,

Eşqimdi, həvəsimdi.

Ölkəm, qəhrəmanım var,

Bu da mənim bəsimdi.

03.12.2020

 

VƏTƏN MÜHARİBƏSİ

 

Vətən müharibəsidi...

Səksən beş yaşım var,

İşləyən əlim var,

Yeriyən ayağım var,

Düşünən başım var.

Balalarım, nəvələrim əsgərdi.

Başımın üstündə heyat

yoldaşım var!

Sanki canım xəstəlikdən

qorunmalı

Vacib sirdi.

Yazıq canım çöldə hökumətin,

Evdə övrətin

Əlində əsirdi.

Ömrümün ən gözəl vaxtıdı.

Qisas almağa,

Qəhrəman olmağa,

Ölməyə,

Yenidən doğulmağa.

Elə bil kimsə mənə qarğış eləyib:

"Vətən müharibəsi dövründə,

Koronavirusdan öləsən evində!"

Bundan alçaq ölüm olmaz.

Bundan ağır zülm olmaz.

Qoca bir çinar kimi,

Ayaqlarımla yerə əkilmişəm.

Elə bil yerlə göy arasında,

Çarmıxa çəkilmişəm.

Bu zaman zəfər fişəngləri,

Səmanı bəzədi.

Canım uşaq əlindən qaçmış

Şara bənzədi.

Uçdu asimana

Ulduz kimi yana-yana...

Şəhidlərimin ruhları idi,

Səmada sayrışan ulduzlar.

Qışqırırdılar: Ana! Ana! Ana!

Biz intiqam aldıq!

Zəfər çaldıq!

Qəhrəman olduq!

Alqış qazilərin, ordumuzun,

Dağ titrədən gur səsinə.

Alqış xalqımızın, yurdumun

Alov saçan

Nəğməsinə, nəfəsinə,

Alqış bu xalqın

İlham Sərkərdəsinə!

Böyük Azərbaycan

Qalxıb ilk pilləsinə,

Azərbaycan alqış sənə!

13.12.2020

 

BAYRAMINIZ MÜBARƏK

 

Qurban olum adına,

Alovuna, oduna.

Mənim odlar diyarım,

Ey müqəddəs cahanım!

Anam Azərbaycanım!

 

Şöhrətini günəş tək,

Parladıb asimanda,

Ölməz qəhrəmanlarım,

Qəhrəman oğlum, qızım.

Hər biri canım gözüm.

 

Ey Ali Baş Komandan,

Bu böyük qələbəni,

Qazanmaq çox çətindi...

Bu, sənin zəfərindi,

Bu, sənin zəhmətindi.

Bu, şərəfi qorumaq,

Xalqım, sənin işindi,

Bu sənin döyüşündü.

Hər bir kəsin zəhməti,

Zəfərdə görnüşündü

Heç zaman unutmayaq,

Biz ucalmış bir xalqıx.

Sözümüz əməlimiz,

Adımıza yaraşsın.

Zəfər bizə yaraşsın.

Bizə sevgi gərəkdi,

Bizə bayram gərəkdi,

Bayramımız mübarək.

Bayraq başdan ucadır,

Bayrağımız mübarək.

02.12.2020

 

 

 

***

Qələbə parlaq zəfər,

Ruh məst edən ətirdi.

Sevinən çox olacaq,

Soruşan çox olacaq,

Pərişan çox olacaq.

Bu dünya gör-götürdü

Öz sirrini, eşqini,

Çalış açma heç kimə,

De ki: baxtım gətirdi.

03.12.2020

 

QALMAYACAQ

 

Bilmirəm harda? Göyün hansı qatında?

Bilirəm hər kəsin bir sirri var,

Allahın əlinin altında...

Düşünür bəlkə görüb-götürdükləri

Qəlbinin gözünü açdı...

Haqsızlıqdan dönüb qaçdı.

Yaratdığım canlılardan,

İnsan ən gec yetişənidir;

Ən gec başa düşənidir.

Mənim cənnətimdə od olacaq!

Amma cəhənnəm olmayacaq!

Çünki qisas qiyamətə qalmayacaq!

23.03.2021

 

HƏR İNSAN BİRİNCİDİ

 

Hər insan bir məmləkətdi.

Həcdən gəldi, soldu getdi.

Dişi damaqdan incidi,

Dili dodaqdan incidi.

 

Baş uydu şöhrətə, vara,

Ürək atıldı odlara...

Baş saçda ağdan incidi,

Ürək yanmaqdan incidi...

 

Bədən deyir sağa gedək,

Gödən deyir sola gedək...

Bədən yoldan incidi,

Gödən yoldan incidi.

 

Hər kəs öz qədrini bilsə,

Özün görsə, gözü gülsə...

Görər özü bir incidir,

Birdənədi, birincidi.

 

Adəmlə Həvvadan belə,

İnsan kamil deyil hələ...

Görə-görə, bilə-bilə,

Gələn yoldan incidi,

Gedən yoldan incidi.

09.12.2020

 

HAMININ BİR ADI VAR: "İNSAN!"

 

Əvvəl döyüşlər

Meydanlarda düşərdi;

Xoruzlar, qoçlar döyüşərdi...

İndi ölkələr döyüşür,

Hər birinin arxasında

Bir sürü kölgələr döyüşür.

Şükür Allaha, insan inkişaf edib.

Uzaq səyyarələrə elçiləri gedib.

Kainatdan hansı səyyarəni istəsək

Dərə bilərik!

İstəsək yer kürəsini bir anda

Nəhəng külqabıya döndərə bilərik.

İnsan tələsmə, dayan!

Bəlkə yuxudasan, oyan!

Yer kürəsi özü canlıdı, yaşıyır.

O da fəzada səyyarələrdən biri kimi,

Öz canlılarını gələcəyə daşıyır.

Dayan insan, oturaq yanaşı.

İki düşmən kimi yox!

İki düşünən insan kimi

Oturaq yanaşı...

29.03.2021

 

ANAMIZ AZƏRBAYCAN

 

Keçdikcə aylar, illər,

Başlayır cücərməyə,

Dedi-qodulu dillər:

- Deyirlər ki... deyirlər.

Bu yeni ev tikənlər,

Bünövrəni yeyirlər!

İşdən qovulan nazir,

Deyirlər Həccə gedib,

Orda ibadət edib.

Ona "vergi" verilib!

- Orda da vergi yığıb?

Gör necə adət edib?

Dinc dayanmır ki dillər...

Deyirlər ki... deyirlər:

"Əliqulu"nu tutublar,

Pulları xaricdədi.

Pullar orda işdədi,

Özü burda küncdədi.

Bəli, bu var, doğrudu,

Bu bir gerçəkdi, gerçək!

Qanun işin görəcək!

Cəzasını verəcək!

Deməyin, biz adiyik,

Bu, Odlar Diyarıdı,

Biz odlar övladıyıq!

"Odlu diyar" deyilən,

Müqəddəs adımız var.

44 günlük döyüşlə,

Yer üzünü çaşdıran,

Müzəffər ordumuz var!

Biz lazım olan zaman,

Əl uzadıb hamımız,

Böyük bir can olarıq!

Hamımızın anamız,

- Azərbaycan olarıq!

21.02.2021

 

İNSAN YAŞAR,

DÜNYA YAŞAR!

 

(Mus: Ruhəngiz Qasımova)

 

Bilmirəm, hardan gəlmişik

Yaranmışıq, dirçəlmişik,

Yeri anamız bilmişik

Verdik anayla baş-başa

İnsan yaşar, həyat yaşar,

dünya yaşar!

 

Çox görmüşük qəza-qədər

Bəlalar da gələr-gedər

İnsan yaşamaq öyrədər

Yerə, göyə, dağa-daşa

İnsan yaşar, həyat yaşar,

dünya yaşar!

 

Hər acıya gülə-gülə

Hamımız versək əl-ələ

Yenilmərik bundan belə

Biz hazırıq hər savaşa

İnsan yaşar, həyat yaşar,

dünya yaşar!

 

Yer üzü - insan yuvası

Sevgidir suyu-havası

Hər cür virusla davası

Zəfər ilə çatıb başa

İnsan yaşar, həyat yaşar,

dünya yaşar!

09.07.2020

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.21.