Vətən
müharibəsi şəhidi
Noyabrın 7-si Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin anım günüdür.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Elnur kimi igid, cəsur, qəhrəman oğulları Vətən müharibəsində böyük tarixi Qələbənin qazanılmasında misilsiz rol oynadılar.
Əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbi, 2016-cı ildə isə Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsini bitirib. BSU-da ali təhsil aldığı illərdə nümunəvi davranışı, elmə, təhsilə xüsusi maraq göstərməsi, universitetin ictimai-mədəni həyatında fəal iştirak etməsi, vətənpərvərliyi, milli təəssübkeşliyi, müasir dünyagörüşü, kreativliyi ilə seçilib və bu müsbət xüsusiyyətlərinə görə müəllimlərin və tələbələrin hörmətini qazanıb. 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olan Elnur Allahverdizadə hərbi xidmətdən qayıtdıqdan sonra səs rejissoru kimi fəaliyyət göstərib. İstedadlı və yaradıcı gənc olan Elnur Allahverdizadə “Barama”, “Atılmışlar” seriallarının, “Son iclas” bədii-sənədli filminin, bir çox reklam çarxlarının səs rejissoru olub, həmçinin “Pismus production”da çalışıb.
Vətən müharibəsində topçu kimi iştirak edən Elnur Allahverdizadə noyabrın 7-də Ağdam-Xocavənd istiqamətində gedən döyüşlər zamanı Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qəlpə yarası alaraq şəhid olub. Noyabrın 8-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş
əməliyyatlarına qatılan Elnur
Allahverdizadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyi üçün
dövlət başçımız İlham
Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən
"Vətən uğrunda" medalı
ilə təltif edilib.
525-ci qəzet.- 2021.- 6 noyabr.- S.19.