Gec olar, güc
olar
2004-cü illin əvvəlləri
idi, Vaşinqtonda Corctaun Universitetində çalışırdım. Bu universitet Amerika paytaxtında siyasi ideyalar istehsal edən mərkəzlərdən
sayılır.
Bir gün e-mail poçtuma mühüm bir konfransda iştirakım üçün rəsmi dəvət gəldi. Dəvətdə konfransın ABŞ Dövlət Departamentinin maliyyəsi ilə keçirildiyi, Zaqafqaziya ölkələrinin problemlərinə
həsr olunduğu bildirilir, məndən xahiş edilirdi Azərbaycanda dini durumla bağlı məruzə ilə çıxış və
sessiyaların birinə
rəhbərlik edim.
Konfrans Virciniya
ştatının səfalı
bir guşəsində
keçiriləcəkdi, iştirakçılar
üçün koteclərdə
istirahət də nəzərdə tutulurdu. Oraya yola
düşməzdən öncə
bizdən ötrü Vaşinqtonun bir restoranında ziyafət verilirdi.
Sayı 15-20 nəfərdən artıq
olmayan iştirakçıların
siyahısında bir də baxıram 7-8 nəfər erməni millətindən olanlardır. Əksəriyyəti də gənclər.
Amerikanın müxtəlif universitetlərini
təmsil edirlər.
Siyahıda ahıl çağını
yaşayan Jirayr Libaridyan da var. Tanımayanlar üçün
bildirim, əslən Livan ermənisi olan Libaridyan tarixçi və siyasətşünas kimi Amerikanın siyasi dairələrində yaxşı
tanınır. Vaxtilə Ermənistan
prezidenti Levon Ter-Petrosyanın xarici məsələlər üzrə
müşaviri olub, Qarabağ danışıqlarında
fəal iştirak edib.
Başa düşürəm ki, ermənilərin bu vacib konfransda sayca çoxluğunu təmin edən odur. Ziyafətdə ABŞ Dövlət Departamenti rəhbərlərindən biri
(populyar siyasətçilərdən
idi, adını unutmuşam) və Ermənistan səfiri də var. Hələ ki, masalar arxasına
keçməmişik, "tusovka"dır, necə deyərlər, iştirakçılar
tanışlıq üçün
özlərini bir-birinə
təqdim edirlər.
Libaridyanın mənə marağı xüsusidir, özümü
təqdim etməyim ona bəs etmir,
kimliyimin ayrıntılarını
öyrənmək üçün
ədəb-ərkanla məni
suala tutur, araşdırmalarımla maraqlanır. Sonra məndən
ayrılıb ikilikdə
söhbətləşən həmin o ABŞ rəsmisi
və erməni səfirinə qoşulur.
Mən isə lap yaxında dayanıb amerikalılardan
biri ilə kəlmə kəsməyimdəyəm.
Fikrim də onların yanındadır ki, görəsən, Azərbaycan
əleyhinə nə danışırlar. Birdən
Libaridyan işarə ilə məni öz yanlarına dəvət edir, üzünü onlara tutub:
- İcazə verin
sizə Azərbaycanın
tanınmış bir
ziyalısını təqdim
edim, - deyir.
Ardınca da haqqımda xoş sözlər. Əlbəttə, onun bu davranışını
"erməni bicliyi"
kimi deyil, sadəcə Amerikada akademik və siyasi mühitin tələblərinə uyğun
nəzakət jesti kimi qəbul edirəm. Həm də məlumatım
var ki, Qarabağ
məsələsinin həllində
o zamankı Köçəryan
hakimiyyətindən fərqli
olaraq Azərbaycana güzəştli mövqeyin
tərəfdarıdır.
Hər biri ilə salamlaşıb üzümü Amerika rəsmisinə tutub onun siyasi fəaliyyətindən
məlumatlı olduğumu,
TV-lərdə çıxışlarına
baxdığımı deyirəm. O da Corctaun universitetində
nə ilə məşğul olduğumun
ayrıntıları ilə
maraqlanır. Qısaca
məlumat verib söhbətin səmtini dəyişirəm:
- Siz söhbət edərkən kənarda olsam da, qulağıma
"UN" (Birləşmiş Millətlər Təşkilatı)
sözü dəydi. Maraqlıdır, öz aranızda (yəni erməni səfiri və Libaridyanla) bunumu müzakirə edirdiniz ki, Qarabağ
məsələsi BMT TŞ-nın müvafiq
qətnamələri əsasında
həll edilməlidir?
Səmimi deyiləm, əlbəttə. Bilirəm ki,
"BMT" sözünü o kontestdə işlətməyiblər.
Sadəcə boyunlarına qoymaq
istəyirəm, necə
deyərlər. Haşiyə
çıxaraq qeyd edim ki, indi
bu sətirləri yaza-yaza Qarabağın azadlığı üçün
hüquqi baza yaratmış həmin qətnamələri və
digər beynəlxalq sənədləri Azərbaycan
Prezidentindən tutmuş
bütün vətənpərvər
gənclərimizə qədər
düşmənlə davamızın
qanuni sənədləri
kimi dünyanın
"kor" gözlərinə,
"kar" qulaqlarına
hamılıqla necə
haqlı bir inadla təpməyimizin diplomatik nəticələrindən
də sevincliyik...
Amerika rəsmisi gözlədiyim
cavabı verir:
- Xeyr, BMT qətnamələri
məsələni həll
edə bilmir, reallıqlar başqadır...
- Aydındır. Söhbətinizə davam edin, - deyib aralanıram.
Virciniyadakı konfransda çıxışımı
"Qafqazda islam:
yeni təmayüllər"
adlandırmışam. Diqqətlə dinləyirlər. Çeçenistanda
vahabiliyin necə yayıldığı, Rusiyanın
bundan və ümumiyyətlə dini separatizm təmayüllərindən
necə bəhrələndiyinin
mexanizminə aid təhllilərimi,
eləcə də Azərbaycanda o zamankı dini duruma dair
bəzi detalları açıqlayıram, bizdəki
müəyyən problemləri
ərazilərimizin 20 faizinin
Ermənistan tərəfindən
işğal edilməsi
faktı ilə əlaqələndirirəm. Elə
bu zaman Libaridyan yerindən replika verir:
- 20 faiz yox, 16 faiz.
- Faiz məsələsi bir yana,
söhbət işğaldan
gedir, belə başa düşürəm
ki, siz bu
işğal faktını
təsdiq edirsiniz.
- Əlbəttə.
- Təşəkkür edirəm.
Erməni siyasətçisinin bu tövrü xoşuma gəlir, Yerevandakı həmkarlarının "oralar
erməni əraziləridir,
siz işğal etmişdiniz, biz azad etmişik", yaxud "ərazilərin əksəriyyəti
təhlükəsizlik zolağına
daxildir, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin
edir" kimi iddialarından fərqli olaraq Ermənistanın haqsız mövqedə olduğunu iştirakçılar
qarşısında təsdiqləyir.
Mənim aparıcılığımla keçən
növbəti sessiyadan
sonra onunla bir yerdə nahar edirik. Ter-Petrosyan
hakimiyyətdən gedəndən
sonra vaxtilə Heydər Əliyevin onu Bakıya dəvət etməsindən
söz salır, ancaq hiss edirəm bizdəki görüşünün
ayrıntılarına varmaq
istəmir.
- Hər halda faydalı oldu, ya yox? - soruşuram.
- Nə deyim... Heydər Əliyev məndən soruşdu ki, Ter-Petrosyan hakimiyyətə
nə zaman qayıdır, necə edək qayıtsın?
Bir də zaratcıldı, deyəsən. Mənə
söylədi, istəyirsən
qal burada bizimlə işlə, - deyib bic-bic gülür.
Arada mənə
xoş gəlmək üçün türkcə
də bəzi ifadələr işlədir. Ümumilikdə söhbətcil birisidir.
Növbəti gün fasilədə bir də görürəm
üzündə təbəssümlə
Amerikalı həmkarlarımızdan
bir neçəsini çənəsinin altına
salıb, məhəllə
uşaqlarımızın dili
ilə desəm, "söhbət xırdalayır".
Yaxınlaşıram. Dinlədikcə ürəyimdən qara qanlar axır.
Deməli, Azərbaycanın 1994-cü ildə Kəlbəcər əməliyyatının pərdəarxası məqamlarından danışır. Azərbaycan ordusunun qəfil hücumundan, telefonla o zamankı xarici işlər nazirimiz Həsən Həsənova zəng edib "hərbi əməliyyatları dayandırmaq barədə sazişi axı niyə pozursunuz" deməyindən, nazirin də ona telefonla bağırtılı səslə "çıxın torpaqlarımızdan" tələbindən əyləncəli bir tərzdə söhbət edir. Başı elə qarışıb ki, yanlarında olduğumun fərqində də deyil. Amerikalıların marağı təbiidir, mən isə təsəvvür etmək olar nə haldayam. Dözməyib qəfil müdaxilə edirəm:
- Özün də işğal faktını etiraf etdin. Torpaqlarımızdan nə vaxt rədd olursunuz?
Bu "rədd olursunuz" ifadəsi bu yazıda elə də kobud səslənmir. İngiliscə daha kobud variantda səsləndirdiyimi burada hərfən yaza bilmirəm. Hollivud filmlərində gen-bol işlənən ifadədir…
Vəziyyətdən çıxmaq üçün guya ağıllı-ağıllı:
- Bilirsən, sovet hökuməti bizi evləndirmişdi. İndi boşanırıq. Nə problemdir ki? Boşanmaq qadağandır? İstəmirik də bir yerdə yaşayaq, - deyir.
- Bizdə evliliyin sonu belədir ki, gəlin gəldiyi ocağa xəyanət edirsə, boşanır gedir atası evinə, ocağı özü ilə daşıya bilməz öz belində, gücü çatmaz.
Hiss edirəm əhvalı pozulub. Pərtlik yaranıb arada. Amerikalı həmkarlarım da sezir halımı, üzlərindəki təbəssüm dərhal yox olur...
Aradan xeyli vaxt keçib. "Gec olar, güc
olar" deyib atalarımız. Deyimin "güc"ə
aid hissəsi bu günümüzlə necə
də gözəl səsləşir. Bu,
Azərbaycan ordusunun gücüdür.
Tanrı yarımız, yardımçımız!
Nəriman QASIMOĞLU
525-ci qəzet.- 2021.- 6 noyabr.- S.18.