Ləyaqətli və qürurlu qələm adamı

 

Jurnalist Nazim Ağamirovun vəfatından qırx gün ötür

 

Qismətinə düşən ömür payını şərəflə yaşamaq, insanların hörmətini, rəğbətini, sevgisini qazanmaqdünyadan köçdükdən sonra ehtiramla anılmaq hər kəsə nəsib olmur. Həyatın qanunudur - insan doğulur, yaşayır və nəhayət, dünyadan köçür. Kimisi unudulur, kimisiöz əməlləri ilə damia yaddaşlarda qalır, həyatdan köçəndən sonra da xatırlanır, hörmətlə yad edilir. Nazim Ağamirov da elə insanlardandır. Ömrünün son günlərinə qədər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan Nazim Ağamirov uzun sürən xəstəlikdən sonra bu ilin oktyabrında dünyasını dəyişib. Nazim Ağamirov müxtəlif illərdə Azərbaycanın Yəməndəki səfirliyində fəaliyyət göstərib, "Ədalət" qəzetində baş redaktorun birinci müavini vəzifəsində işləyib.

 

Həmkarımızın dünyasının dəyişməsindən 40 gün ötür. Bu anım günündə jurnalist həmkarlarımızdan onunla bağlı fikirlərini öyrəndik. Yaxından tanıyanlar, dostları, yoldaşları Nazim müəllim haqqında böyük məhəbbət, dərin hörmət və yoxluğundan kədər hissi ilə danışdılar.

 

Tanınmış yazıçı-publisist, millət vəkili, "Ədalət" qəzetinin yaradıcısı Aqil Abbas Nazim Ağamirovla bağlı saysız-hesabsız xatirələrinin olduğunu bildirib: "1990-cı il, 26 iyul. Məmməd Arazın evinin yaxınlığındakı "Gülnarə" kafesində demək olar ki, qəzetin bütün kollektivi ilk nömrəni gözləyir. Gecə saat 10-11 radələrində Babək Abıyev qəzetin ilk nömrəsi əlində kafeyə daxil oldu. İlahi, butoy-büsat idi? İlk sözüNazim Ağamirov söylədi. Nazim "Ədalət" qəzeti yaranan gündən düz 25 il  baş redaktorun  birinci müavini olub. Çox vaxt mən cəbhə bölgəsində, rayonlarda olurdum, qəzetə o, rəhbərlik edirdi. Nazim ağır seyid nəslindən idi. Deyirdim ki, cəddi həmişə bizə kömək olur. Nazimin anası Adilə xanım Ağdamda uşaq həkimi olub. Mən başda olmaqla beş bacının və üç qardaşın həkimi olmuşdu.  Nazim rəhmətlik atasının sənətini, yəni jurnalistikanı, böyük qardaşı Namiq anasının sənətini, yəni  həkimliyi, balaca qardaşı Natiq  hüququ seçdibu gün o, Rusiyada sayılan kişilərdən biridir. Nazim Ağamirov uzun illər ərəb ölkələrində tərcüməçi işləyib. Amma onun ruhunda jurnalistlik vardı. Bu da Nazimi 1990-cı ildə "Ədalət" qəzetinə gətirdi. Biz bir-birimizə "xalaoğlu" deyə müraciət edirdik. Düzdür, xalaoğlu deyildik, amma bir nəsildənik. Nazim Ağamirov təvazökar, yaxşı  idarəçilik qabiliyyətinə malik insan idi. Mən həmişə Yasamal  qəbiristanlığından keçərkən Nazimin anası Adilə xanımın məzarını ziyarət edib dua edirdim. Mənim üçün ən ağırı isə odur ki, bundan sonra Nazim üçün "Fatihə" oxuyacam. Allah ona rəhmət etsin. Nazim gözəl övladlar böyüdüb, nəvələri var. Allah Nazimin qalan  ömrünü övladlarına və nəvələrinə  bağışlasın".

 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Nazim Ağamirovu ötən əsrin 90-cı illərində "Ədalət" qəzeti yeni fəaliyyətə başlayarkən bir yerdə çalışdıqları dövrdən tanıdığını deyib: "Nazim Ağamirov məsuliyyətli, ciddi, təmkinli, eyni zamanda, çox həssas insan idi. Onu yaxından tanıdıqca fikirləşirdim ki, Nazimdəki bu  ağıryanalıq, təmkin ona genlərdən gələn əlamətdir. Sonralar öyrəndim ki, onun atası da Ağdamda çox tanınan və rayonun hörmətli adamlarından biri olub. Nazimin qardaşı Natiq Ağamirov Moskvada yaşayır və hüquqşünasdır. Sonralar onunla Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərinin birində tanış olandan sonra bir daha əmin oldum ki, hər iki qardaşda bu sadəlik və kübarlıq ailədən, nəsildən gəlir. Hər iki qardaşda bir bənzərlik də var idi. Mən daima Nazim Ağamirovun "Ədalət" qəzetində çıxan yazılarını oxuyurdum. Hər zaman onun hadisələrə təmkinli, soyuqqanlı münasibətlərlə dolu təhlil yazılarına, ictimai-siyasi proseslərə soyuqqanlı münasibətinə hörmətlə yanaşmışam.

 

Nazim Ağamirov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışarkən də tez-tez əlaqə saxlayırdıq. Hər vacib hadisəyə münasibət bildirirdionun münasibətləri emosional tonda yox, sakit, ağıllı, soyuqqanlı olurdu. Sosial şəbəkələrdə də Nazim Ağamirovun bir çox proseslərlə bağlı ağıllı mülahizələrinin, statuslarının şahidi olurdum. Onun maraqlı söhbətləri həmişə adamın diqqətini cəlb edirdi. O, gözəl dost idi. Nazim Ağamirovun qəfil vəfatı bizim hamımızı sarsıtdı, onunla bir yerdə çalışmış jurnalist dostlarına böyük kədər hissi yaşatdı. Mən özümNazimin ölümündən çox sarsıldım. Əminəm ki, Nazimin xatirəsi onu tanıyanların yaddaşında həmişə yaşayacaqbiz onu hər zaman xoş duyğularla yad edəcəyik".

 

Nazim Ağamirov yerini, səviyyəsini, əxlaqını, dünyaya baxışını, insanlara yanaşmağı və bütövlükdə insanlığın parametrlərini mükəmməl bilən bir şəxsiyyət idi - deyir tanınmış şair, publisist, "Ədalət" qəzetinin  baş redaktorunun müavini Əbülfət Mədətoğlu. Onun sözlərinə görə, Nazim Ağamirovla həmsöhbət, yol yoldaşı olmaq sanki hansısa bir kitabı oxumaq, səyahətə çıxmaq idi: "Nazimin həyat yolu Sovet dönəminin böyük sınaqlarından keçmişdi. Xaricdə işləmişdi, dünya mədəniyyətinə, eləcə də diplomatların xüsusiyyətlərinə bələd olduğundan insan onunla həmsöhbət olmaqdan böyük zövq alırdı. Nazim Ağamirovun ədəbiyyata, mətbuata olan sevgisi, çox oxumaq həvəsi məni heyran edirdi. O, çox qeyri-adi insan idi. Bəzən olurdu ki, nəyinsə üstündə mübahisə edirdik. Amma Nazim elə nüansda, elə nöqtədə öz böyüklüyünü göstərirdi ki, o söhbət, mübahisə mənim yadımdan çıxırdı. "Ədalət" qəzetində işlədiyimiz müddətdə biz Nazim Ağamirovla birlikdə çörək kəsmişik, həmsöhbət olmuşuq. O, nəvəsinin dünyaya gəlişini mənimlə birlikdə qeyd edib. Nazim Ağamirov qəribə dünyanın adamı idi. Həm çox qabaqda, həm də yanımızda idi. Allah Nazimə rəhmət eləsin. Yeri daim görünəcək". 

 

Əməkdar jurnalist, "Ədalət" qəzetinin əməkdaşı Faiq Qismətoğlu isə bildirib ki, Nazim Ağamirov diplomat, şərqşünas, jurnalist, ən başlıcası isə böyük insan idi. Onun ən böyük var-dövləti ləyaqəti və qüruru idi. Nazim Ağamirov jurnalistikanın da şərəfini, ləyaqətini özünün şərəf və ləyaqəti qədər qoruyan yazar idi: "Onun qeyri-adi bir xasiyyəti vardı. Hamının sevincini öz sevinci bilərdi və bir kimsənin dalınca danışmazdı. Sözüolanda, gedib adamın üzünə deyərdi. Onda olan səliqə-səhman, onda olan yüksək mədəniyyət və onda olan qüruru mən hər adamda görməmişəm. Süfrə arxasında oturanda o qədər səliqəli, o qədər diqqətli olurdu ki, hiss edirdin ki, bu adam görüb-götürmüş bir nəslin övladıdır. Sözü, əməli və atdığı addım həmişə ona hörmət qazandırırdı.

 

Nazim müəllim "Ədalət" qəzetində baş redaktorun birinci müavini işləmişdi. Sonra da getmişdi Respublika Həmkarlar İttifaqı Konfederasiyasında məsul vəzifəyə. Harda olurdusa, bizimlə əlaqə saxlayırdı. Biz 1990-cı ildən Nazim müəllimi necə tanıyırdıqsa, eləcə də qalmışdı, heç dəyişməmişdi, əvvəlki səmimi, alicənab, insanlara doğma münasibət göstərən Nazim Ağamirov kimi qalmışdı. Biz qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının sevincinionunla bir yerdə bölüşmüşdük. İndiyə kimi yaxşı yadımdadır, Nazim müəllim o qədər sevinirdi ki, yerə-göyə sığmırdı. Mənim oğlum Emil onu qartala bənzədirdi. Və həmişə deyir ki, Nazim əmi qartala oxşayır. Bəli, o, həqiqətən də zirvədə olan bir qartala bənzəyirdi. Qartal öz qürurunu və ləyaqətini necə qoruyurdusa, o da şərəfini yaşadığı bu 67 ildə eləcə qorudu. İndiki zamanda hər kişinin işi deyil ki, ömrünün sonuna qədər şərəflə yaşasın və ləyaqətini qorusun. Amma Nazim İsmayıl oğlu Ağamirov bunu bacardı.

 

Elə bir ay olmazdı ki, Nazim mənə zəng eləməsin və qəzetimizdə gedən yazılarla bağlı fikirlərini söyləməsin. Hər nömrəmizi izləyirdi və oxuyub qurtarandan sonra ya mənə, ya da Əbülfət Mədətoğluna zəng edərdi. Xüsusən də, yoldaşlarımızdan Lətif Süleymanlı və Məhəmmədəli Mustafa ilə bağlı yazımızı oxuyandan sonra zəng edər və kövrələ-kövrələ danışardı. Deyərdi ki, heyif onlardan, sən də çox sağ ol ki, o yazını qələmə almısan.

 

Bir ay bundan əvvəl mən Nazim müəllimə zəng eləmişdim. Hal-əhval tutduq, sonra da dedi ki, ayağımdan əməliyyat olunmuşam. Allah qoysa, bu yaxınlarda ayağa qalxacam və sizinlə görüşüb bir stəkan çay içəcəyik. Təəssüf ki, qismət olmadı. Oturuşu, duruşuqeyri-adi xarakteri ilə fərqlənən yaxşı kişilərdən birinin oğlu olan Nazim Ağamirov böyük yazar, böyük insan idi. Böyük yazarlarböyük insanlar həmişə yaşayırlar. Və övladları bu qürurlu kişiyə görə həmişə fəxr edəcəklər, alnıaçıq, üzüağ olacaqlar. Mən Nazimin əzizlərinə və doğmalarına Allahdan səbir və dözüm arzulayıram. Nazim Ağamirov unikal bir insan idi. Nazim müəllim kimi kişilərin yeri cənnətdir. Allah ona rəhmət eləsin".

 

"Ədalət" qəzetinin əməkdaşı Nicat Novruzoğlu hələ gənc yaşlarından "Ədalət" qəzetində Nazim Ağamirovla bir yerdə işlədiyini bildirib: "Nazim müəllim haqqında mənim dünyam xoş xatirələrlə zəngindir. Nazim müəllimin ən gözəl xüsusiyyətlərindən biri o idi ki, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edərdi. Hər kəslə öz dilində ünsiyyət qurmağı bacaran insan idi. Hər zaman gənclərə xüsusi diqqət ayırardı. Nazim müəllim sözün həqiqi mənasında əsl şəxsiyyət idi. Hər zaman bizi diqqətdə saxlayırdı. "Ədalət" qəzetindən ayrılıb başqa işə gedəndən sonra da yazılarımızla bağlı əlaqə saxlayıb öz fikirlərini həmişə bildirərdi. Bir dəfə məni təriflədi. Yazımı oxumuşdu və yazı üslubum ona xoş gəlmişdi. Redaksiyada kim qarşıma çıxırdı deyirdim ki, Nazim müəllim mənə zəng vurmuşdu, yazımı bəyənib. Biz onun bizə verdiyi qiymət ilə öyünürdük. Çünki o, bizim üçün bir məktəb idi".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.11.