Ağıl necə formalaşır?
XX yüzilliyi ağıl əsri adlandırırlar. İG testlərinin
yaradılması da bu əsrə təsadüf etdi. Intellekt psixologiyasının problemləri bu gün
aktual səslənir. İG testləri
intellekti ölçməyə hesablanıb.
Amma çoxumuz bəlkə də heç
düşünməmişik ki, ağlı ölçmək
olar və ya ağlı ölçürlər. Hərçənd
ki, bütün dövrlərdə ağlın
ölçülməsinin özünəməxsus yolları
olub. Bütün ölkələrdə
insanların uğurlarının və faciələrinin səbəblərindən
biri (bəlkə də birincisi) onun ağlı (İG) ilə
bağlı olub.
Cəmiyyətdə insanlar gündəlik ünsiyyətdə
olduğu, obrazlı desək, oturub-durduğu adamlar tərəfindən
qiymətləndirilirlər. İnsanın əsl
qiyməti onun yanında yox, o olmayanda haqqında deyilən
sözlərlə ölçülür. Əlbəttə,
bu zaman qiymətləndirmənin adekvat olub-olmanası qiymətləndirən
adamın hansı meyardan (hər bir kəsin öz ağıl
səviyyəsinə uyğun ağıl meyarı var) və həmin
adama münasibətindən asılıdır. İnsanın adekvat qiymətləndirilməsi
çətin prosedurdur. Hər halda insanlar
çox vaxt ağıllı adamı xüsusi olaraq fərqləndirirlər,
onunla daha yaxın ünsiyyət qurmağa
çalışırlar.
Xalqın
ağıllı insan yetişdirməyə istiqamətlənən
məktəbi
İnsanların fərqləndirilməsi bütün
dövrlərdə olub, fərqləndirə-fərqləndirə
təxəyyüllərinin köməyi ilə əsrlərin
yaddaşına hopmuş Molla Nəsrəddin kimi
ağıllı insan obrazları yaradıblar və onları
insanlara real obraz kimi təqdim ediblər. Hər xalqın öz
"Molla Nəsrəddin"i var.
Xalqımız Molla Nəsrəddinlə bağlı
ağıllı davranışları özündə ehtiva
edən lətifələr yaradıb. Belə lətifələr
hər bir xalqda var, onlar bir gün ərzində yaranmayıb,
bir adamın fəaliyyəti ilə bağlı olmayıb.
Bəlkə də əsrlər ərzində insanlar
ağıllı adamın ibrətamiz,
düşünülmüş, qeyri-adi hərəkətlərini
təqdir edə-edə, onun kimi ola bilmədiyi
üçün qibtə edə-edə, onun kimi olmaq istədiyi
üçün təqlid edə-edə bu obrazı
yaratmışlar.
Yox, onu sadəcə lətifə kimi yaratmayıblar, ona
görə yaradıblar ki, həm də insanlara yaxşı
nümunə göstərə bilsinlər, ağıllı
insanlar yetişdirə bilsinlər. Xalq həmişə
ağıllı insan yetişdirmək istəyib. Xalq öz müdrik nəzərləri ilə
ağıllı insanın cəmiyyətə xeyir verdiyini,
ağılsız insanın ziyan verdiyini müşahidə
edib, buna görə insanların ağıllı olmasına
kömək etmək istəyib.
Fikir
verin: insanların bu lətifələri oxuyub və ya bir-birinə
danışıb bolluca güldüklərinin hamımız
şahidi olmuşuq. Gülə-gülə düşünənlər
az olmayıb, onlar bu lətifələrin fəlsəfəsindən
faydalanıb, nümunə götürüb və öz həyat
kredosuna çevirə biliblər. Xalqın tərbiyə
metodikası bu yolla reallaşıb.
Ağıllı insan yetişdirmək üçün
xalq lətifələrlə bahəm nağıllar, dastanlar,
atalar sözləri və sair fikirləşib tapıb. Bütün
nağılların, dastanların qəhrəmanları
ağıllı olması ilə fərqlənib. Xalq göstərib ki, öz qəhrəmanının
ağlı ilə fəxr edir. Cırtdan
obrazını da, Məlikməmməd obrazını da,
Keçəl obrazını da....yaradanda bu meyara əsaslanıblar.
Ağıllı adam fərasətli olur,
situasiyanı adekvat qiymətləndirir, baş verənləri
analiz və sintez edir, ən düzgün qərar qəbul edir
və sonda qalib gəlir. Xalqın öz təxəyyülü
ilə
yaratdığı qəhrəmanlar bütün
çətinliklərə baxmayaraq, ağlının
hökmü ilə həmişə qalib gəlib. Ağıllı adamı xalq həmişə ona
görə qalib edib ki, ondan nümunə götürmək
üçün insanlarda motivasiya yaransın. Həyatda
heç də həmişə ağıllı adam qalib gəlmir. Elə buna
görə də "ağıllı fikirləşincə
dəli vurdu keçdi" deyiblər. Amma
ağıllı adam cəmiyyətə
xeyir verib, onun inkişafı uğrunda
çalışıb. Buna görə də
inkişaf edən xalq güzəran psixologiyasında
situasiyanı düzgün qiymətləndirməyi, baş verənləri
analiz və sintez etməyi, düzgün qərar qəbul etməyi
ağıl əlaməti kimi qiymətləndirib və bu yolla
böyük tərbiyəçi kimi insanları
ağıllı olmağa səsləyib, ağıllı
olmağın yolunu göstərib.
Xalq tək
ağıllı qəhrəman obrazı yaratmayıb, həmçinin,
dayaz ağla malik obraz da yaradıb. Bu obraz
həmişə pis vəziyyətə düşməsi ilə
fərqlənib, vəziyyəti düzgün qiymətləndirməyib,
adekvat qərar qəbul etməyib. Həyatdan
fərqli olaraq, belə insanlar xalq
yaradıcılığında həmişə gülməli
vəziyyətə düşüb, məğlub olub. Xalq dayaz ağla malik olan obrazı ona görə
yaradıb ki, onu ağıllı adamla müqayisə edib,
düzgün nəticə əldə edə bilək.
Göründüyü kimi, xalqın pedaqoji və
psixoloji görüşlərində ağlın fərdi-psixoloji
xarakteristikasına daha çox diqqət yetirilib. Nağıllardakı
(Cırtdan, Məlikməmməd, Keçəl və s.),
dastanlardakı (məsələn, Kitabi-Dədə Qorqud və
s.) qəhrəmanların, Molla Nəsrəddinin, Bəhluli-Danəndənin
və s. ağlının möcüzələri bu kontekstdə
vəsf olunub, onlar öz
ağıllarının qeyri-adi keyfiyyətləri ilə xalq
rəğbəti qazanmışlar. Əslində,
bu obrazlar xalqın düşüncə tərzini və dəyərlər
aləmini əks etdirir.
Şərq
ölkələrində ağıllı insan tərbiyəsi
haqqında düşüncələr
İslam dininin yaranması ilə Şərq ölkələrində
ağıllı insanın formalaşması daha böyük əhəmiyyət
kəsb edib və önəmli tərbiyə konsepsiyasına
çevrilib.
F.Rüstəmovun qeyd etdiyi kimi, "İslamda tərbiyə
fərdin təfəkkür qabiliyyətini inkişaf etdirmək,
xasiyyət və davranışını islam dəyərləri
əsasında tənzimləmək yolu ilə öz taleyindən
razı, xoşbəxt həyat tərzi sürməyə qadir
şəxsiyyət yetişdirmək kimi səciyyələndirilir".
İslam bunun yolunu təhsildə -
"Beşikdən məzarədək elm öyrənmək"də
görüb. Bu konteksdə islam ilk
gündən məktəblər yaratmağa, insanlara təhsil
verməyə başlayıb. Yaratdığı
məktəblərdə böyük mütəfəkkirlər
yetişib. Onlar da ağıllı insan
yetişdirməyin yolunu axtarıblar. Əl
Kindi intellekt probleminə diqqəti cəlb edib, intellektin
növlərini (aktual, potensial, qazanılmış və
aşkara çıxarılmış) ayırd edib.
Əl-Fərabi təlim prosesində şagirdin intellektinin
inkişafı üçün təhlil-tərkib,
induksiya-deduksiya, çalışmalar və başqa
metodları təklif edib. Əbu Reyhan Biruni bunun
üçün inteqrativ dərslik, İbn Sina təlimdə
nəticə çıxarma metodu hazırlayıb. Nəsrəddin Tusi müstəqil təlim fəaliyyətinə,
İbn Xəldun tədricilik prinsipinə, Əbdürrəhman
Cami biliyin təcrübə ilə əlaqələndirilməsinə
üstünlük veriblər və s. Ağıllı insan
yetişdirmək kontekstində Şərqin dahi mütəfəkkirlərinin
ideyaları əzəmətlidir.
Lakin onlar tək ideyaları ilə fərqlənsəydilər
bu qədər möhtəşəmlik əldə edə bilməzdilər. Onların möhtəşəmliyi
əsərlərindəki dərin fəlsəfi ideyalarla bahəm insanları
(oxu: xalqı) inkişaf etdirmək üçün öz məktəblərini
yaratması ilə daha əlamətdar olmuşdu. Hamının hələ tam təhsil
almadığı və kitabın məhdud olduğu bir
dövrdə öz ətraflarına ağıllı
uşaqları toplayıb, onlara tək savad öyrətməyib,
həm də onların ağlını inkişaf etdirməyə
çalışıblar. Bu məktəblərdə
təhsil almaq üçün obrazlı desək,
"gündüz vaxtı əllərində
çıraq" istedadlı uşaq axtarıblar. Həm
ağıllı insanların sayını artırmaq
üçün, həm də ideyalarının
davamçısını (oxu: varislərini) yetişdirməyə
çalışıblar.
Dəmirçidən
od istəyən oğlanın həyat
hekayəsinin bir anı
Deyilənə görə, bir gün İbn Sina Həmədan
şəhərində dəmirçi dostunun yanında oturub
söhbət edirdi. Təsadüfən bu vaxt bir uşaq dəmirçixanaya
daxil olur və dəmirçiyə xitabən deyir: - Əmi
anam xahiş etdi ki, bizə od verəsən.
Dəmirçi
oğlana baxdı və dedi: - Bala, bir qab gətir, mən odu
onun içinə qoyum, apar.
Oğlan sağına-soluna baxdı. Sonra dəmirçixanadan
çıxıb, kənarda yerdən ovcunun içinə
torpaq yığdı və dəmirçiyə
yaxınlaşıb dedi: - Əmi, odu bu torpağın
üstünə qoy, aparım.
Uşaq məsələni
sürətlə həll etmişdi, düzgün qərar qəbul
etmişdi, torpaq odun istisini keçirmir, torpağın
üstünə qoyulan od uşağın
əlini yandırmaz. Fikir verin, bəlkə də
təhsil almayan bu uşaq öz empirik təcrübəsi ilə
bu fiziki hadisənin mahiyyətini başa düşmüşdü.
Onun müşahidə, dərketmə, əqli nəticə
çıxarma qabiliyyəti var idi. Belə
uşaqları "gündüz vaxtı çıraqla
axtaran" İbn Sina bu fürsəti əldən vermədi,
onun bu ağıllı hərəkətini yüksək qiymətləndirdi
və yanına şagird kimi götürdü. Bu uşaq Azərbaycanın böyük filosofu
olmuş Bəhmənyar idi. İbn Sina təsadüfi
bir hadisə nəticəsində onu "kəşf" edə
bildi.
Ağıl anlama faciəsi kimi
XX yüzilliyin əvvəllərində ağıl faciəni anlama dərdi kimi mənalandırıldı. Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" əsərini "əslində ağıllılar dəli, dəlilər isə ağıllıdır" qənaəti üzərində qurdu. Molla Abbas zavallı övrəti Pırpız Sonanı yad əllərdən, azarlı-bezarlı baxışlardan qorumaq üçün özünü dəliliyə vuranda anlama dərdinin əzab-əziyyəti ilə yaşayırdı. "Ölülər" əsərində də müəllif bu məsələdən yan ötməmişdi. Ayıq vaxtlarında Kefli İsgəndər məşəqqətli anlar yaşayırdı. Amma Molla Abbas çıxış yolunu tapmışdı, özünü dəliliyə vurmasını müəllif onun vəziyyətdən çıxış yolu kimi göstərmişdi, İsgəndər isə çıxış yolu tapa bilməməmişdi, içki içməyə üstünlük verməsi onun düzgün qərarı kimi dəyərləndirilməməlidir.
Haşiyə: Bəlkə də "Ağıllı olub dəlilərin dərdini çəkincə, dəli olum qoy ağıllılar mənim dərdimi çəksin" atalar sözü anlama dərdinin fonunda yaranıb
Psixologiyada ağlın keyfiyyətləri
Psixologiyada ağıl iki istiqamətdə dəyərləndirilir. Geniş mənada ağıl insanın idrak imkanlarının ümumi xarakteristikası kimi, dar mənada ağıl insanın fikri qabiliyyətlərinin fərdi psixoloji xarakteristikası kimi açıqlanır.
Ağlın müxtəlif keyfiyyətlərini fərqləndirirlər: ağlın dərinliyi, ge-nişliyi, çevikliyi, sürəti, səbatlığı, qənaətcilliyi, müstəqilliyi, tənqidiliyi, məntiqiliyi və s. Maraqlıdır ki, psixoloqlar bu keyfiyyətləri dixotomik ölçülərlə açıqlayırlar: ağlın dərinliyi-səthiliyi, çevikliyi-ətaləti, səbatlığı-səbatsızlığı, müstəqilliyi-təqlidçiliyi və s. Öz-özlüyündə bu keyfiyyətlərdən hər birinin müxtəlif inkişaf səviyyələrini ayırd etmək olar. İnsanları bir-birindən fərqləndirən onların əqli keyfiyyətlərinin inkişaf səviyyəsidir.
XX əsrdə ağlın qiymətləndirilməsi təfəkkürün tənqidiliyi və müstəqilliyi müstəvisində həyata keçirildi. Bu istiqamətdə M.Blekin, D.Xalperinin, S.Aşın və Ə.Bayramovun tədqiqatları mühüm rol oynadı. Bu tədqiqatların nəticəsində keçən əsrin 60-70-ci illərindən başlayaraq məktəblərdə əqli keyfiyyətlərin inkişaf etdirilməsi pedaqoji problem kimi aktuallaşdı.
Drujinanın rəhbərliyi ilə Humanitar ali məktəblər üçün yazılmış "Psixologiya" dərsliyində təfəkkürlə intellektin nisbəti təsnif olunur. Müəlliflər qeyd edirlər ki, təfəkkür obyektiv reallığın vasitəli və ümumiləşmiş dərk olunmasıdır. Başqa sözlə, müəlliflər təfəkkürü intellektin realizasiyası prosesi kimi dəyərləndirirlər. Onlar bu məsələni belə dəqiqləşdirirlər: intellekt anlamına ağıl anlamı uyğun gəlir. Biz ağıllı adam dedikdə, intellektin fərdi xüsusiyyətlərini ifadə edirik. Təfəkkür anlamı isə "fikirləşmək" anlamına uyğun gəlir.
Ağıl anlamı xassəni, qabiliyyəti ifadə edir, "fikirləşmək" isə prosesi göstərir. Beləliklə, iki anlam - təfəkkür və intellekt anlamı eyni hadisənin iki tərəfini əks etdirir. İntellekt təfəkkürə (fikirləşməyə) olan qabiliyyətdir, təfəkkür isə intellektin realizasiyası (həyata keçirilməsi) prosesidir.
Cəmiyyətin ağıl meyarları məktəb təcrübəsində
Hər dövrün öz ağıl meyarı olub. Keçən əsrin 30-40-cı illəri repressiya dövrü kimi tarixin yaddaşında qalıb. Həmin dövrdə "susmaq" və ya "pıçıltı ilə danışmaq" ağıl meyarı olub. Məktəb bu dövrü yaşayıb. Təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan Dövlət Universitetinin demokratik düşüncələri ilə fərqlənən dörd rektoru öz fəaliyyətində bu meyarlara üstünlük vermədiyi üçün repressiya qurbanı olub.
İkinci Dünya müharibəsi dövründə isə "hər şey müharibə üçün" ağıl meyarına çevrildi. Məktəb də müharibənin acıları ilə yaşadı. "Hər şey müharibə üçün meyarı" vətənpərvərlik hissləri ilə "yoğruldu" və elə bir təsiredici qüvvəyə çevrildi ki, məktəblərdə hazırlanan gənc nəsil məktəbi bitirər-bitirməz müharibəyə, Vətəni qorumağa getdilər.
50-ci illərindən sonra isə cəmiyyətdə bərqərar olmuş bədnam inzibati-amirlik dövründə "saxtakarlıq" yeni ağıl meyarına çevrildi. Diplomu olan insanlar müxtəlif yollar ilə cəmiyyətdə yüksək mövqe tutmağa başladılar. Bu dövrdə məktəbdə tənqidi və müstəqil düşünən şagirdlər-lə rastlaşanda, necə deyərlər, ağız büzən müəllimlər əzbərçi şagird-ləri az qala hamıya nümunə göstərirdilər. Müəllimlər saxta "əla" qiymətlərlə oxuyan yetirmələri ilə fəxr edir, öyünürdülər. Valideynlər "əla" qiymətin cəmiyyətdə böyük rol oynadığını görüb, yüksək status əldə etməyin və vəzifə iyerarxiyası ilə sürətlə irəliləməsini görüb uşaqlarının saxta əla qiymətlər alması üçün obrazlı desək, dəridən-qabıqdan çıxırdılar. Yüksək qiymət alanlar çoxaldı, ağıllı adamlar azaldı.
Keçən əsrin 60-70-ci illərindən etibarən dünya təhsil məkanında təlim konsepsiyaları təfəkkürün inkişafına istiqamətləndi, ağıllı insan yetişdirmək aktuallaşdı. Bunu pedaqoji və psixoloji tədqiqatların böyük uğuru kimi qiymətləndirmək lazımdı. Bu proses məktəblərimizdə ölkəmiz müstəqillik əldə edildikdən sonra daha da sürətləndi.
Təlim konsepsiyaları dəyişdi, bəs şagirdin dəyərləndirilməsi necə, dəyişibmi? Əlbəttə, dəyişib, qabaqcıl müəllimlər şagirdləri ağıl parametrləri ilə qiymətləndirirlər. Bunun nəticəsidir ki, belə şagirdlər beynəlxalq olimpiadalarda qalib gəlir, yüksək göstəricilərlə nəinki ölkəmizin, eləcə də nüfuzlu xarici ölkə universitetlərinə qəbul olur, ali məktəbdə təhsil alarkən yeniliklərə imza atırlar və s. Bu yaxşı meyldir və müəllimin nailiyyətinin cəmiyyətin qazancına çevrilməsini özündə ehtiva edir. Ağıllı insan həm işdə, həm həyatda uğur qazanır, nadir hallarda səhvə yol verir.
Bu gün cəmiyyətimizdə ölkəmizə başucalığı gətirənlərlə yanaşı, köklü nöqsanlara yol verən çoxlu insanlara da təsadüf edirik. Bunlar məktəbdə adi müəllimlərin yetirmələridir, o müəllimlərin ki, onların pedaqoji fəaliyyəti ağlı deyil, hafizənin inkişaf etdirməyə istiqamətlənib, o müəllimlərin ki, onlar öz fəaliyyətlərini yeni təlim konsepsiyalarına uyğunlaşdıra bilməmişlər. Onlar hələ də hafizə gücünə (oxu: əzbərləmə hesabına) 5 qiymətlər alan şagirdlərlə fəxr edirlər.
Bu gün ağıl əsridir. Məktəb hafizəni deyil, ağlı inkişaf etdirməlidir. İstənilən bir ixtisas üzrə (istər dülgər, dəmirçi, bənna və s., istər güc strukturlarında, istər pedaqoji fəaliyyətdə, istərsə də idarəçilik sistemində və s.) işləyib uğur qazanmaq üçün ağıl tələb olunur.
Haşiyə: İstedadsız uşaq yoxdur, istedadı üzə çıxmayan uşaq (uşaqlar) var - bu fikir bu gün aksioma kimi səslənir. Ağlı inkişaf etdirəndə istedad üzə çıxır, uşaq cəmiyyətə, xalqa, dövlətə fayda verməyə başlayır. Müəllimin qüdrəti cəmiyyət üçün ağıllı insanlar yetişdirəndə üzə çıxır. Müəllimləri bir-birlərindən fərqləndirən elə onun qüdrətidir. Təəssüf ki, hələ təhsil müəssisələrinin rəhbərləri müəllimdən qüdrətli görünürlər.
Ağlı inkişaf etdirən məktəb yaratmağın yolları
Ağlı inkişaf etdirmək üçün yeni məktəb yaratmaq lazım deyil. Sadəcə olaraq, təhsilin fəlsəfəsini dəyişmək, təlim prosesində fikri əməliyyatları inkişaf etdirmək lazımdır. Ağıllı adamlar, ilk növbədə, fikri əməliyyatların inkişaf səviyyəsi ilə fərqlənirlər. Fikri əməliyyatlar isə əqli keyfiyyətlərlə bağlıdır. Mahiyyətcə, fikri əməliyyatların fərdi - tipoloji xüsusiyyətləri, bir tərəfdən, əqli keyfiyyətlərin əsasında formalaşır, digər tərəfdən isə onların vasitəsi ilə ifadə olunur. Əqli keyfiyyətləri formalaşmaşdırmağın yolları çoxdur. Bunun üçün, Üzeyir Hacıbəyov "kəşf yolu ilə öyrənmə" konsepsiyasını irəli sürüb, C.Bruner bu konsepsiyanın şagirdlərin əqli inkişafındakı rolunu açıqlayıb. Jan Piaje əqli inkişaf üçün məntiqi modellərdən istifadə edib, Azad Mirzəcanzadə, Əkbər Bayramov tənqidi təfəkkürü inkişaf etdirməklə, Əbdül Əlizadə şagirdlərdə təxəyyül yolu ilə öyrənmə konsepsiyasını irəli sürməklə bu problemin yollarını göstərib. Əqli keyfiyyətləri formalaşdırmağın və inkişaf etdirməyin yolları çoxdur. Hər bir müəllim öz təhsil fəlsəfəsinə uyğun yol tapmalıdır. Bu yollardan bəzilərinə diqqət edək:
I yol - insana fikirləşməyi öyrətmək. İnsanlar fikirləşəndə nələr tapmırlar. Amma təəssüf ki, heç də həmişə qarşılaşdığımız hadisəni fikirləşərək həll etmirik. Bunun üçün, insana təlim prosesində öyrəndiyi şeyin mahiyyətini dərk etməsi üçün niyə sualına cavab verməyi öyrətmək lazımdır.
Haşiyə: Abdulla Şaiqin "Tıq-Tıq xanım" nağılı ibtidai sinifdə keçirilir. Bu nağılda "Tıq-Tıq xanım" onunla dost olmaq istəyənlərdən soruşur: "Hə, yaxşı başa sal məni, Sən nəylə döyərsən, Acıqlandırsam səni?" Müəllim nağılı əzbər öyrədəndə yaddaşı inkişaf etdirir, Tıq-tıq xanımın bu sualı niyə verdiyinin səbəblərini axtarmağı şagirdlərə tapşıranda onların ağlının inkişafına təkan verir. İbtidai sinifdə öyrədilməli olan bu sadə məsələni dərk etməyən insanlar həyatda hansı əziyyətlərlə üzləşirlər...
Bütün fənlər üzrə keçirilən dərslərdə şagirdi "Niyə" sualına cavab axtarmağa sövq etdirmək lazımdır. Niyə sualına cavabın axtarılması ağlın inkişafına təkan verir.
Haşiyə: Rusiya telekanallarının birində uzun illər ərzində "Niyəciklər" (poçemuçka) adlı uşaq verilişi var idi. Bu verilişdə televiziya vasitəsi ilə uşaqların qarşısında problem yaradılır, onlara fikirləşməyə istiqamətləndirilirdilər. Verilişin özəlliyi isə ondan ibarət idi ki, burada iştirak etmək üçün Rusiyanın ən elitar aktyorları dəvət olunurdu.
II yol - insana qarşısındakını dinləməyi və onunla fikir mübadiləsi etməyi öyrətmək: Vaxtilə insanlar monoloji mədəniyyət dövründə yaşayırdılar, indi dialoji mədəniyyət dövrüdür. Monoloji mədəniyyət dövründə bir nəfər deyirdi, hamı qulaq asırdı. Dioloji mədəniyyət isə hamıya qulaq asmağı, deyilənləri analiz və sintez etməyi, ümumiləşdirməyi və nəticə çıxarmağı tələb edir. Bu yol əqli inkişafa aparır. Müəllimin sinifdə bu yoldan istifadə etməsi, şagirdlərə mövzu haqqında ideyalar irəli sürməsinə imkan verməsi, bu ideyaların müzakirə edilməsi və nəhayət düzgün nəticənin əldə edilməsi şagirdlərin əqli inkişafına təkan verir. Bunun ən yaxşı yolu dərsdə dialoq və müzakirədən istifadə etməkdir. Dialoq və müzakirə zamanı insan öz düşüncələrini ortaya qoyur, öz fikirlərinə ətrafdakıların münasibətini öyrənir, həmin məsələ haqqında müxtəlif adamların fikirlərini eşidir, onları analiz və sintez edir, reallığı daha dərindən anlayır.
III yol - insanı layihələrə cəlb etmək, onun qarşısına problemlər qoyaraq, həmin problemləri həll etməyin yollarını öyrətmək: Layihə qrupla həyata keçirildikdə daha yaxşı nəticə əldə olunur. Müəllim müəyyən bir mövzu üzərində işləməyi şagirdlərə təklif edir. Məsələn, müəllim şagirdlərə belə bir layihə verir: şeh necə əmələ gəlir? Sonra şagirdlərə təklif edir ki, müvafiq praktik müşahidələr aparsınlar və faktlar toplasınlar. Bir müddət sonra şagirdlər onların müşahidələrinə söykənən intellektual ehtimallar (və ya fərziyyələr) irəli sürürlər ( şeh gündən yaranır, şeh havadan əmələ gəlir, şeh obyektlərin özlərindən əmələ gəlir). Müəllim şagirdlərə zəruri müşahidələr aparmaqda kömək edərək istiqamət verir. Şagirdlər müşahidələrini davam etdirir və nəhayət belə bir nəticəyə gəlirlər ki, havada nəmişlik olanda su dənələri əmələ gəlir və onlar obyektin səthində toplaşırlar. Bundan sonra şagirdlər bu nəticənin doğru olmasını yoxlamaq üçün müxtəlif eksperimentlər fikirləşirlər.
Əlbəttə, ağlı inkişaf etdirməyin başqa yolları da var.
Son söz əvəzi
Müəllim böyük qüvvədir. Onun şagirdə yanaşması cəmiyyətin taleyüklü məsələlərinin həllinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Bu, bizim hamımıza bəllidir. Deməli, bir tərəfdən müəllimlərin maariflənməsinə xüsusi diqqət yetirməliyik, digər tərəfdən müəllim hazırlığını daha da yaxşılaşdırmalıyıq.
Biz "qabaqcıl müəllim" və "adi müəllim" anlayışlarını işlətdik. Bu anlayışlar üzərində düşünmək lazımdır. "Adi" sözü müəllim sözünə yaraşmır, müəllim də adi olar? Müəllim qabaqcıl olmalıdır. Adi müəllim adi insanlar, qabaqcıl müəllim isə dünyanın inkişafına səs verə bilən ağıllı insanlar yetişdirə bilər.
Qənaətim: Qabaqcıl müəllimlər
təhsil müəssisəsinin qabaqcıl və səriştəli
rəhbərinin münasibəti, qayğısı və dəyəri
əsasında yetişirlər. Bu, həmişə belə
olub. Təhsil müəssisəsinin rəhbəri qabaqcıl
şagirdi ilə deyil, qabaqcıl müəllimi ilə fəxr
edib. Məntiq aydındır, qabaqcıl şagirdlər
qabaqcıl müəllimlərin dərsində yetişirlər.
Hikmət
ƏLİZADƏ
Pedaqoji
elmlər doktoru, professor
525-ci qəzet.- 2021.- 13 noyabr.- S.20-21.